Icma.az
close
up
RU
Sinif ağacının son yarpağı

Sinif ağacının son yarpağı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

(“İrəvanda bir sinif vardı...” silsiləsindən)

İrəvan… Uşaqlıq xatirələrimin ən gözəl şəhəri. Onu görməmişdən əvvəl sevmişdim. Təmiz havasını nəfəsimə çəkmiş, dağlardan gələn saf, buz kimi suyunu içmiş, ucsuz-bucaqsız bağlarını gəzmiş, şalaq əriyini, ətirli göyərtisini dadmışdım. Gedərçayın yazda daşaraq evləri yuyub aparmasının xofunu yaşamışdım.

Mənə İrəvanı sevdirən anamın xatirələri idi — canlı, səmimi, nisgilli. Nə idi onu danışdıran — Vətən sevgisimi,  jurnalist təxəyyülünün gücümü? Uşaqlıqda bunun fərqinə varmırdım. Amma yaş ötdükcə başa düşdüm ki, onu belə danışdıran Vətən sevgisi— hər daşı, hər kəsəyi, hər cığırı uşaqlıq xatirələri ilə bağlı doğma şəhəri idi.

Sirr deyil ki, insan yaşa dolduqca doğma torpaq onu daha çox özünə çəkir. Gözəgörünməz bağlar adamı geriyə — göz açdığı, xatirələrlə dolu yerlərə aparır. Ürəkdə qarışıq duyğular oyadır, bəzən dözülməz ağrılara çevrilir. Vətən həsrəti yaşamayan insan üçün belə hissləri anlamaq çətindir. Allah heç kəsi Vətənlə sınağa çəkməsin.

Artıq beş ilə yaxındır ki, anam həyatda yoxdur. Bu gün onunla yalnız yazılarında, yuxularımda, köhnə fotolarda və anamı tanıyan insanların xatirələrində görüşürəm.

Anamla bağlı xatirələrin ən canlı daşıyıcıları, sözsüz ki, onu lap uşaqlıq çağlarından tanıyan sinif yoldaşları idi. Deportasiya nəticəsində bir-birindən ayrı düşsələr, bu həsrətin bütün ağrı-acısını yaşasalar da, yenidən — uzun illərdən sonra Bakıda görüşdülər. Daha heç vaxt ayrılmayacaqlarına söz verdilər.

Hər il mayın 9-u görüş günləri — uşaqlığa qayıdışları, İrəvanlı günlərə dönüşləri oldu. Dedilər, güldülər, xatirələrə dalıb kövrəldilər…

Onları ayırmağa həyatın gücü çatmadı, ölüm  ayırdı…

Axundov məktəbinin 1953–1954-cü il məzunlarının əksəriyyəti bir-birinin ardınca dünyasını dəyişdi. Qəribədir, elə bil əvvəldən sözləşmişdilər. Onların sinif ağacı payızın soyuğuna, küləyinə dözə bilməyən çinar kimi yarpaqlarını tökdü. Hər  itki ürəyimdə ağır bir yükə, göynərtiyə çevrilirdi. Məni anamın keçmişinə aparan yollar bir-bir bağlandı... 

O dönəmdə mən qismətimə düşəcək açılmamış bir qapının varlığından xəbərsiz idim. 2025-ci ilin yazında təsadüf nəticəsində anamın sinif yoldaşlarından biri — Rəfiqə xanımın adını və həyatda olduğunu eşitdim. Anamla on il eyni parta arxasında oturduqlarını, hər ikisinin məktəbi medalla bitirdiyini biləndə isə içimdə saysız suallar baş qaldırdı.

Necə ola bilərdi ki, bu günə qədər onun adını eşitməmiş, şəxsən tanımamışam? Bəlkə səbəb ali təhsilini Bakıda deyil, doğma şəhərdə alması və uzun illər İrəvanda yaşaması idi? Bəlkə adını eşitmişəm, ancaq şəxsi tanışlığımız olmadığından unutmuşam? Bu suallara cavab tapmaq üçün Rəfiqə xanımla görüşmək qərarına gəldim. Zəngləşdik, danışdıq, vaxtı müəyyənləşdirdik.

Tanışlığımızın ilk dəqiqəsindən mənə göstərdiyi səmimiyyət, irəvanlılara məxsus şirin, yumşaq danışıq tərzi ruhumu oxşadı; hər kəlməsi məni uşaqlıq illərimə apardı. Gözümün önündə İrəvan həsrəti ilə bu dünyadan köçən əzizlərim canlandı.

Rəfiqə xalanın məhəbbət dolu baxışları mənə analı günlərimi xatırlatdı. Hər sözü, hər kəlməsi ürəyimə ilıqlıq, kövrəklik gətirdi. Onu dinlədikcə bir həqiqəti bütün aydınlığı ilə anladım: bu gün özüm nənə olsam da, içimdə hələ də ana nəvazişinə ehtiyacı olan balaca bir qızcığaz yaşayır.

İlk görüşümüz yeni görüşlərə yol açdı. Rəfiqə xalanı yaxından tanıdıqca daxilimdə bir əminlik yarandı: yəqin ki, tale bu görüşü qəsdən gecikdirib — ağır itkilərdən keçmiş bir insana təsəlli, mükafat kimi verib. Heç şübhəsiz ki, belədir.

Bəzən insanı keçmişinə qaytaran təkcə sözlər yox, illərlə unudulmuş dadlar və qoxular da ola bilər. Bunu mən Rəfiqə xala ilə ünsiyyətdə daha aydın başa düşdüm: çünki o mənə çoxdan itirdiyim və tapacağıma artıq ümidimi itirdiyim İrəvan balıqçörəyinin dadını qaytardı. Uşaqlıq illərimin ən möhtəşəm, yaddaşımdan heç zaman silinməyən, dadını - nənəmin balıqçörəyini... 

Deyirlər, insan əlində olanı itirəndə onun qədrini bilməyə başlayır. Paradoksal olsa da, itki ağrı ilə bərabər insana müdriklik, dünyanı dərk və anlama bacarığını da verir. Nənəm Məşədi Kubranın qəfil ölümü ailəmizi dərindən sarsıtdı. Bir qədər özümüzə gələndə anladıq ki, biz təkcə ən əziz adamımızı deyil, bizi İrəvanla, onun adət-ənənəsi, mətbəxi ilə bağlayan əsas dayağımızı itirdik. Nənəmlə bərabər süfrəmizin dadı-təmi də getdi.

Nənəmin evində Novruza bir ay qalmış qızğın iş başlayırdı. Bayram bazarlığı edilir, dadlı “qaqalilər” İrəvandan gəlmiş sandığın içinə doldurulur, ədviyyatın iyi bütün evi bürüyürdü. O günlərdə on iki nəvənin hər birinin gözü nənəmin sandığında olurdu. Səbirsizliklə onun mətbəxdə iş gördüyü vaxtları gözləyir, ehtiyatla sandığın qapağını qaldırır, dadlı çərəzləri “oğurlayıb” yeyirdik. Nənəm gəlib “pis əməllərimiz”in üstünə çıxanda, pərt olduğumuzu görüb gülə-gülə deyərdi: “götür, götür, utanma”. İndi də həmin anları xatırlayanda içimdən qəribə bir utanclıq keçir.

Nənəmin süfrəsində digər təamlarla yanaşı mütləq İrəvan kətəsi, balıqçörəyi, zəncəfilli peçenye olardı. Bayram süfrəsinin bəzəyi isə, şübhəsiz ki, sucuq idi. Sapa düzülmüş qoz ləpələri xüsusi horraya salınıb-çıxarılır, qurumaq üçün qapı dalında nazik kəndirə düzülürdü.

Nənəm çox gözəl bilirdi ki, bu sucuqların heç yarısı bayram süfrəsinə gəlib çıxmayacaq. Çünki bu ərəfədə nənəyə daha tez-tez “dəyməyə” gələn nəvələr hər gedişdə bir sap sucuğu özü ilə aparırdı. Bəzən sucuğu elə qoparırdıq ki, sapdan çıxır, boş saplar havada sallana-sallana qalırdı. Nəvələrin hər gəlişi azalan sucuqlar, artan saplar demək idi. Yenə də nənəm heç nə demirdi, sadəcə gülürdü. Əvəzində sucuqların sayını artırır, elə edirdi ki, bayram süfrəsinə bir parası qalsın. Bax, belə nənəm vardı mənim — ürəyi sevgi ilə dolu, mərhəmətli, mehriban.

Rəfiqə xala uşaqlıq illərimin abu-havasını, dadını mənə qaytarmaqla illər boyu bağlı qalan yaddaşın qapısını açdı. Axı yaddaş təkcə xatırlamaq deyil; onu sevmək, qorumaq və gələcəyə ötürməkdir. İndi mənim borcum nənəmdən qalan dadları əzizlərimə çatdırmaq, Novruz süfrəsini İrəvan bişmişləri ilə bəzəmək və bu yaddaşı gələcək nəsillərə ötürməkdir.

Bu gün Rəfiqə xanım mənim üçün yuxularımda gördüyüm, doğmalarımın addım səslərini, gülüşlərini özündə yaşadan İrəvanımın canlı yadigarıdır — qan yaddaşımızın unudulmuş səhifələrini mənə qaytaran sevimli adamım, əziz Rəfiqə xalamdır.

Üzümü Tanrıya tutub pıçıldayıram: Ulu Tanrım, sinif ağacının bu son yarpağını qoparmağa tələsmə. Onu həyatın qarından, boranından qoru. Çünki o, İrəvanın ətrini və gözəlliyini özündə yaşadan, xatirələrini ürəyində daşıyan sonuncu yarpaqdır.

  Fəridə Səfiyeva                                       

  Professor, Qərbi Azərbaycan İcması İrəvan Şəhər İcmasının sədr

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Yanvar 2026 10:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see300

Sabah la Bakıdakı matçda yaxşı oyun göstərmək istəyirik

20 Avqust 2026 01:46see290

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see271

ABŞ nin dövlət borcu rekord həddə çatıb

20 Avqust 2026 03:24see251

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see239

92 yaşlı Hollivud əfsanəsi illər sonra kameralar qarşısına keçdi

20 Avqust 2026 02:24see233

Təmayül istəməyən şagirdin taleyi necə olacaq? Valideyn narazılığı VİDEO

19 Avqust 2026 22:28see189

Uşağınız bu sözləri tez tez deyirsə, DİQQƏTLİ OLUN

20 Avqust 2026 06:52see179

Valdas Dambrauskas: “Biz oyunu itirdik, rəqib yüksək səviyyəli komandadır” VİDEO

20 Avqust 2026 05:29see177

Bu ölkədə üz gizlətmək qadağan edildi cəriməsi 3000 avrodur...

20 Avqust 2026 00:39see177

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see166

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see165

“TikTok” şəxsi mesajlar vasitəsilə pul köçürmələrinə başlaya bilər

20 Avqust 2026 07:42see165

Robotlar artıq insan kimi işləməyə başlayır

20 Avqust 2026 03:32see165

Xətai rayonunda baş verən yanğın söndürülüb

20 Avqust 2026 01:21see164

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see163

Yair Rodriges “Noche UFC”nin əsas döyüşündən çıxarıldı

20 Avqust 2026 01:29see162

OpenAI 2027 ci ildə birjaya çıxmağı planlaşdırır

20 Avqust 2026 03:04see159

Sibel Canın son halı diqqət çəkdi (Video)

20 Avqust 2026 06:06see145

Bu tarixlərdə insanlar avtoqəzalarda daha çox ölür?

20 Avqust 2026 00:45see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri