Siyasi gərginlik və diplomatik axtarışlar
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Beynəlxalq münasibətlər sistemində maraqlı siyasi və diplomatik proseslər baş verir. Dünyanın müxtəlif regionlarında cərəyan edən hadisələr qlobal güc balansı, dövlətlərarası əlaqələr və təhlükəsizlik məsələlərinin aktuallığını bir daha ön plana çıxarıb. Dünya mediası bu proseslərin mümkün nəticələrini və beynəlxalq siyasətə təsirlərini diqqətlə izləyir.
“The New York Times”: Pentaqon NATO müttəfiqlərinin Rusiya ilə yumşalmasını istəyir
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri bir sıra NATO müttəfiqlərindən Rusiyaya münasibətdə sərt bəyanatların tonunu yumşaltmağı xahiş ediblər. Bu çağırış NATO-nun Baltikyanı ölkələr də daxil olmaqla bir neçə üzvünə ünvanlanıb. Vaşinqton hesab edir ki, Avropa liderlərinin və rəsmilərinin bəzi açıqlamaları qitənin təhlükəsizliyinə mənfi təsir göstərə bilər. Məsələdə ABŞ müdafiə siyasəti üzrə müşavir Elbric Kolbin əsas vasitəçilərdən biri olduğu bildirilir. Bəzi Avropa rəsmiləri bu tövsiyədən təəccübləniblər və öz bəyanatlarının onsuz da kifayət qədər ölçülü olduğunu düşünürlər.
“Reuters”: BƏƏ-nin BMT namizədi tənqid olunur
Birləşmiş Ərəb Əmirliklərinin diplomatı Lana Nuseybenin BMT-də yüksək vəzifəyə namizədliyi beynəlxalq müzakirələrə səbəb olub. “The Guardian” qəzetinin məlumatına görə, Sudan diasporunun nümayəndələri və insan hüquqları təşkilatları onun namizədliyini tənqid ediblər. Onlar BƏƏ-ni Sudanda davam edən müharibə zamanı Çevik Dəstək Qüvvələrinə dəstək verməkdə ittiham edirlər. Nuseybe isə bu ittihamları rədd edir. Namizədlik ətrafında yaranan mübahisə BMT-də yüksək vəzifələrə təyinat zamanı dövlətlərin siyasi və diplomatik məsuliyyəti ilə bağlı sualları da gündəmə gətirib.
“Axios”: Tehran Ağ Evin sülh planını rədd edib
ABŞ və İran arasında razılaşmanın əldə olunmasına dair səylər çərçivəsində qətərli vasitəçilər Tehrana qayıdıblar. Məlumata görə, danışıqlar Vaşinqtonla əlaqələndirilir. Bildirilib ki, Qətər İrana sülh planının layihəsini təqdim edib. Yüksək vəzifəli İran rəsmisi təklif olunan şərtləri qəbuledilməz adlandırıb və Tehranın nüvə proqramı üzrə mövqeyinin dəyişməz qaldığını bildirib. Vaşinqton əvvəldən nüvə məsələlərinin danışıqların gündəliyinə daxil edilməsində israr edir. Tehran isə ABŞ-dan İran limanlarının blokadasını dayandırmağı və neft ixracına qoyulan sanksiyaları ləğv etməyi tələb edir.
“The Associated Press”: Netanyahunun taleyi sual altındadır
İsraildə keçirilən parlament seçkilərinin ilkin yekun nəticələri Baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi siyasi blokun parlamentdə çoxluğu itirdiyini göstərir. Rəsmi nəticələrə əsasən, Netanyahu tərəfdarları ən çox mandatı qazansa da, hökuməti formalaşdırmaq üçün tələb olunan saydan 8 yer geri qalırlar. Bu vəziyyət hökumətin gələcək tərkibi ilə bağlı siyasi danışıqları daha da mürəkkəbləşdirir. Ərəb partiyalarının parlamentdəki mövqeyi yeni hökumətin formalaşmasında həlledici əhəmiyyət qazana bilər. Netanyahu və onun rəhbərlik etdiyi Likud partiyası seçkilərdə mümkün saxtakarlıq iddialarını gündəmə gətiriblər. Bununla belə, seçki prosesinə xarici müdaxilə ehtimalının araşdırılması ilə bağlı müraciətdə ərəb partiyalarının adı çəkilməyib.
“Al Jazeera”: Şimali Koreya 10 ballistik raket buraxıb
Şimali Koreya Yapon dənizi istiqamətində təxminən 10 qısamənzilli ballistik raket buraxıb. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin məlumatına görə, raketlər ölkənin şərq sahilində yerləşən Vonsan ərazisindən atılıb. Onların təxminən 250 kilometr məsafə qət etdiyi bildirilir. Yaponiya Müdafiə Nazirliyi də raket buraxılışını qeydə aldığını, mərmilərdən birinin ölkənin müstəsna iqtisadi zonasından kənara düşdüyünü açıqlayıb. Seul administrasiyası hadisəni BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə pozulması kimi qiymətləndirib. Bu, Şimali Koreyanın oktyabr ayında həyata keçirdiyi üçüncü raket sınağıdır və Koreya yarımadasında onsuz da gərgin olan təhlükəsizlik vəziyyətini daha da mürəkkəbləşdirir.
“The Guardian”: ÇKP-dən rekord sayda üzv xaric edilib
Çində hakim Kommunist Partiyasından xaric edilən şəxslərin sayı rekord həddə çatıb. Bu proses Çin lideri Si Cinpinin yüksək vəzifəli məmurlar və dövlət strukturlarında apardığı genişmiqyaslı təmizləmələrin tərkib hissəsi kimi qiymətləndirilir. Məlumata görə, partiyanın siyasi toplantısında müşahidə olunan boş yerlərin çoxluğu kadr dəyişikliklərinin miqyasını nümayiş etdirir. Son illər Pekin korrupsiya ilə mübarizə və dövlət idarəçiliyində intizamın gücləndirilməsi adı altında bir sıra yüksək vəzifəli şəxslərə qarşı tədbirlər görüb. Bununla yanaşı, müşahidəçilər bu prosesin hakimiyyət daxilində siyasi nəzarətin daha da mərkəzləşdirilməsi ilə əlaqəli olduğunu bildirirlər.
Hazırladı:
N.BEYDİYEVA
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 31 Oktyabr 2026 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















