Icma.az
close
up
RU
Soyqırımı məntiqi: zombilərin zorladığı ədalət

Soyqırımı məntiqi: zombilərin zorladığı ədalət

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Dünyanın bəşəri cinayət baxışına sözardı

Qəribə vəziyyət yaranıb. Ermənistan hakimiyyəti qondarma “erməni soyqırımı” mövzusunda bir elə canfəşanlıq eləmir, ancaq dünya saxta iddianın 110-cu ildönümü ilə bağlı göz yaşı tökür. Açıqlamalar, bəyanatlar birbirini əvəzləyir. Hər kəs bir ağızla “erməni soyqırımı”nın bəşəriyyətin tarixində ən faciəli hadisə olduğunu bildirir. Ortada isə yalanın ayaq tutub yeriməsi ilə bağlı dəhşətli durum var. Ancaq məsələnin daha dəhşətli tərəfi də istisna deyil və bu qeydlərimizdə onun üzərində dayanacağıq.

Məlum olan, daha doğrusu, tam açıq formada özünü göstərən isə budur ki, ermənipərəst dairələr “erməni soyqırmı”nı antitürk, o cümlədən, antiAzərbaycan siyasətinin mühüm seqmenti kimi istifadə edir, dividend qazanmağa çalışırlar. Bu barədə sonda söz açacağıq. Hələlik isə.

***

Bəli, “erməni soyqırımı” ilə bağlı real faktlar açıqlanmır. Əslində, dünya da 1915-ci ildə nələrin baş verdiyinin fərqinə varmır. Məsələn, İkinci dünya müharibəsi illərində alman faşizminin yəhudilərə qarşı həyata keçirdiyi soyqırımına dair bütün təfərrüatlar məlumdur. Başqa sözlə desək, insanlığa qarşı cinayət faktlarla təsdiqini tapıb. Üstəlik, bu baxımdan nasistlər üzərində qurulmuş Nürnberq məhkəmə prosesinin də ciddi materialları var. Necə deyərlər, kor kor, gör gör. Görəsən, nə üçün eyni dəqiqlikdə yanaşma “erməni soyqırımı”na münasibətdə tətbiq edilmir?

Fikrimizi qüvvətləndirmək üçün daha bir nüansa diqqət yetirək. Ermənistan baş naziri Nikol Paşinyan bir müddət əvvəl bildirmişdi ki, soyqırımı məsələsini ortaya keçmiş SSRİ atıb. Nikolun nəyə eyham vurduğu məlumdur. Baş nazir demək istəmişdi ki, “erməni soyqırımı”, əslində, böyük güclərin oyunudur. Sovetlər Birliyinə bu “oyun” sərhədlərinə yaxın NATO Türkiyəsinin mövcudluğundan duyduğu əndişəni sakitləşdirmək üçün lazım idi.

Deməli, Türkiyənin Ermənistanla (sovet Ermənistanı) sərhədləri var. 1952-ci ildə Ankara Alyansa üzv qəbul olunan kimi, Sovet İttifaqının yadına “soyqırımı” düşdü. Məqsəd bəllidir: sovet insanı, yəni SSRİ vətəndaşı olan ermənilər ölkəsinin sərhədləri yaxınlığındakı Türkiyəni qəddar görməli simada idi. Paşinyanın da ötən əsrin 50-ci illərinə fokuslanması bunu vurğulamaq məqsədi daşıyırdı. Sözümüz ondadır ki, dünya, heç olmasa, Paşinyanın şübhə toxumları səpməsini nəzərə almalı, qondarma iddia ilə bağlı həqiqətlərə can atmalıdır. Amma...

***

Diqqət yetirək, “erməni soyqırımı” məsələsində beynəlxalq miqyasda səslənmiş, demək olar, bütün fikirlərdə başlıca olaraq bu məqam vurğulanır: Dünya soyqırımı cinayətlərinə münasibətdə səssiz qalmamalıdır ki, belə qorxunc hallar bir daha təkrarlanmasın. Çox gözəl! Həqiqətən, düzgün fikirdir. Ancaq məsələ ondadır ki, beynəlxalq birlik soyqırımı məsələsində özünü, obrazlı desək, çobanın qabağına düşən sürü kimi aparıb zombiləşir. Zombiləşir ki, Türkiyə dövlətinin dəfələrlə bildirdiklərinə həssas yanaşılmır. Qardaş ölkə rəsmilərinin mövqeyi budur ki, Ankara 1915-ci il hadisələri ilə bağlı arxivləri açmağa hazırdır.

Məsələ tarixçilər tərəfindən tədqiq edilməli, əsl həqiqətlər üzə çıxarılmalıdır. Türkiyənin bununla əlaqədar Ermənistana təklif göndərdiyi də məlumdur. O da məlumdur ki, ikincinin əvvəlki iqtidarı 1915-ci il hadisələrinin öyrənilməsi ilə bağlı müştərək ekspert komissiyasının yaradılmasından imtina etmişdi. “Erməni soyqırımı” mübahisə predmeti ola bilməzmiş. Niyə?

Beynəxalq aləm də Türkiyənin təklifinə laqeyd yanaşıb və yanaşmaqdadır. Bu laqeydlik, mahiyyətcə, bəşəriyyət əleyhinə cinayətlərə eyni tərzdə münasibətin nəticəsidir. Sual olunur: Bəlkə, doğrudan da, 1915-ci ildə ermənilərə qarşı soyqırımı həyata keçirilib? İndi deyilir ki, guya, 1915-ci ildə 1,5 milyon hay qətlə yetirilib. Bəlkə arxivlər açılsa, bu rəqəmin daha böyük olduğu aşkara çıxarılacaq? İnsan taleləri maraqlı deyilmi? Görünür deyilmiş! Olmazmı ki, ciddilik qorunsun? Əgər, həqiqətən, soyqırımı cinayət baş veribsə, təzminat məsələsi qalxmalıdır. Osmanlının varisi kimi Türkiyə də müəyyən məsuliyyət daşımalıdırsa, daşısın, təki ədalət təmin edilsin. Amma...

Dediyimiz kimi, dünya “erməni soyqırımı” ilə əlaqədar konkretlikdən qaçır, sadəcə, saxta göz yaşları tökür ki, onu həmişə görmüşük, yenə də gördük. Halbuki, bu, çıxış yolu sayıla bilməz. Cəfəngiyyata lobbiçilik isə heç olmaz. Belə yanaşma, istəristəməz, mənfi presedent yaradır. Mənfi presedent odur ki, kimlərsə, hansı dövlətlərsə düşmən saydıqları xalqlara qarşı bəşəri cinayət, yaxud cinayətlər törətməyi adi hala çevirəcəklər. Axı məntiq var – beynəlxalq aləm zombilikdən ayılmırsa, yalnız mənasız göz yaşları ilə kifayətlənirsə, hər cür oyunbazlıq mümkündür.

Bəli, soyqırımı faktlarına konkret yanaşılıb cəza tətbiq edilmədiyi, ümumən bəşəri cinayətlər siyasi təsir vasitəsi kimi nəzərdən keçirilmədiyi təqdirdə, kim təminat verə bilər ki, onu törədənlər arxayın düşməyəcəklər? Heç şübhəsiz, onlar siyasi güc amilinə söykənib onsuz da qorxunc əməlləri barədə layiqli hüquqi ölçü tədbirinin götürülməyəcəyini düşünəcək, daha da azğınlaşacaqlar. Cəlladların özlərini suda balıq kimi hiss etmələri nəticəsində insan öldürmək toyuq başı kəsmək qədər asanlaşacaq. Bəlkə dünyaya bu lazımdır?

Onu da bildirək ki, soyqırımı məsələsini siyasi manipulyasiya predmetinə çevirənlər insanlıq əleyhinə ən qorxunc cinayətləri törədənlər qədər təhlükəlidirlər. Beynəlxalq aləm isə bunun fərqinə varmır. Fərqinə varmır və qondarma “erməni soyqırımı”nın 110 illiyi ilə bağlı qaldırılan vaşşivən ritorikası dünya erməniliyinin və ermənipərəstlərin ənənəvi ittiham klişeləri ilə bəzədilir.

Təsəvvür edin, Azərbaycan ərazilərində çoxsaylı cinayətlər törətməkdə, o cümlədən, Xocalı soyqırımı kimi əsrin faciəsini həyata keçirməkdə təqsirli bilinənlər Bakıda məhkəmə qarşısına çıxarılır, vayşivənçilər durumu 1915-ci il hadisələrinin davamı kimi qələmə verirlər. Üstəlik, Azərbaycanın beynəlxalq hüquqla özünə aid ərazilərində hakimiyyətini bərpa etməsi Qarabağ ermənilərinə qarşı etnik təmizləmə kimi qiymətləndirilir. Dünyanın soyqırımı məsələsinə laqeyd münasibət tendensiyasından siyasi suiistifadə elə budur! Belə çıxır ki, Qarabağ caniləri məsuliyyətə cəlb edilməməli, onlar üzərində ədalət mühakiməsi qurulmamalıdır.

***

Sonda bildirək ki, İkinci dünya müharibəsindən sonra beynəlxalq aləmin antinasist köklənişini gördük. Durumun yaranmasına səbəb alman faşizminin bəşəriyyətin o vaxtadək qərarlaşmış dinc və birgəyaşam qaydalarını sıradan çıxarması, dəyərləri altüst etməsi idi. Haqqında söz açdığımız kökləniş isə insanlığın duruma qarşı barışmazlıq immunitetinin parlaq göstəricisi idi. “Erməni soyqırımı”nın timsalında soyqırımı cinayətlərinə baxış siyasi təsir vasitəsinə çevrilirsə, deməli, bəşəriyyətə qarşı təhdid qalmaqdadır. Deməli, dünyanın təhlükəsizliyi də sual altındadır. Beynəlxalq aləm bu barədə indi düşünməlidir. Çünki sabah gec olacaq. Nəzərə alaq ki, dəyərlərin itdiyi, ədalət anlayışının yoxa çıxdığı şəraitdə sabahlar heç açılmaya da bilər.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Aprel 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see294

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see262

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see175

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see174

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see160

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see155

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see143

Kürdəmirdə ağır qəza Yük maşını avtobusa çırpıldı FOTO

12 Dekabr 2025 23:16see138

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see136

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see134

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see131

“Sumqayıt” uduzdu, NTD dən qələbə

13 Dekabr 2025 01:20see130

“Mançester Yunayted” gənc oyunçular almaq üçün Fernandeşi 70 milyon funt sterlinqə satır

13 Dekabr 2025 04:13see128

Hindistanda Messinin 20 metrlik heykəli nümayiş olundu

13 Dekabr 2025 01:13see126

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see125

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see125

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see125

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see124

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see123

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri