Sözlərin arxasındakı miflər
525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Sabir ETİBARLI
Panik (panika) sözünün yunan tanrısı Panın adından gəldiyini bilirdinizmi? Pan qədim yunan mifologiyasının olduqca tanınan və populyar personajlarından biridir. Onun qurşaqdan aşağı hissəsi keçi, qurşaqdan yuxarı hissəsi isə insan formasındadır. Başında bir cüt buynuzu, əlində isə tütək və ya fleyta təsvir olunur. Meşələrin, eləcə də çobanların tanrısı və himayədarı olan Pan əyləncəyə marağı, şıltaqlığı və özünəməxsus zarafat anlayışı ilə fərqlənir. Amma onun zarafatları heç də hamıya gülməli gəlmirmiş. Pan xüsusilə insanları qəfil qorxutmağı sevirmiş. Otların arasında və ya əlverişli başqa bir yerdə gizlənər, yoldan keçənlərin yolunu gözləyər, çaydan su içən və ya öz işi ilə məşğul olan adamların üstünə qəfildən atılarmış. Təsəvvür edin, sakitcə yolunuzla gedirsiniz və ətrafda heç kimi görmürsünüz. Birdən kolluğun içindən keçi ayaqlı, buynuzlu bir məxluq çıxıb qarşınıza atılır! Belə vəziyyətdə insanın ürəyinin necə döyünəcəyini təsəvvür etmək çətin deyil. Bəs həmin insanlar belə qəfil hücum qarşısında nə hiss ediblər? Əlbəttə ki, həyəcan, təşviş, qorxu, başqa sözlə, panika.
Mifologiyanın gündəlik sözlərimizdə buraxdığı iz bununla bitmir. Bəzən min illər əvvəl danışılmış bir hekayənin izinə bu gün tez-tez işlətdiyimiz sözlərdə rast gəlirik. Məsələn, bu gün kiminsə kimdənsə xoşu gəlməyəndə onu narsist adlandırır. Bu söz xüsusilə gənclər arasında o qədər dəbdədir ki, yeri gəldi-gəlmədi hamını bu sözlə "damğalayırlar". Bəs həqiqətdə narsist kimdir və bu söz haradan gəlir? Bunun üçün yenə qədim yunan mifologiyasına qayıtmalı oluruq. Narsist olduqca yaraşıqlı, çox cazibədar gənc bir oğlan olub. Onu görən qızlar ondan ötrü dəli-divanə imiş. Amma bizim bu gənc dostumuzun bir problemi varmış: o, özündən başqa heç kimlə maraqlanmırmış. O qədər xudbin, o qədər eqoist imiş ki, gözü özündən başqasını görməzmiş. Bir gün Narsist əl-üzünü yuyarkən durğun suda öz əksini görür. Qarşısındakı gəncin kim olduğunu bilmədən onun gözəlliyinə valeh olur. Özünü o qədər bəyənir ki, demək olar, özünə aşiq olur. Amma məsələ burasındadır ki, tezliklə suda gördüyü öz "yarına" yaxınlaşmaq, onu qucaqlamaq arzusuna düşür. Lakin hər dəfə suya toxunanda həmin görüntü yox olur. Narsist öz əksindən ayrıla bilmir və sonda suya düşərək boğulur. Beləliklə, özünü həddindən artıq bəyənən, lovğa və xudbin insanlara bu gün "narsist" deyilməsi də məhz həmin qədim hekayə ilə əlaqələndirilir. Mifin başqa bir variantında isə Narsist öz əksinə aşiq olur, qarşılıqsız sevgidən tədricən gücdən düşür və ölür. Sonda isə nərgiz çiçəyinə çevrilir.
Narsistin həyat hekayəsində diqqət çəkən başqa bir obraz da var. Yunan mifologiyasını bilən insanlar Narsistdən danışan zaman mütləq Exonu xatırlayırlar. Amma bu haqda danışmazdan əvvəl bir şey soruşmaq istəyirəm. Bəzən dağda və ya boş bir yerdə ucadan səslənirsiniz və bir neçə saniyə sonra öz səsinizin yenidən sizə qayıtdığını eşidirsiniz. Bəs görəsən, qədim yunanlar bu hadisəni necə izah edirdilər? Onların bunun üçün maraqlı bir hekayəsi var idi. Exo adlı pəri çox danışmağı sevən və söhbətə həvəsli bir varlıq kimi tanınırdı. Amma onun bu xüsusiyyəti bir gün özünə bədbəxtlik gətirdi. Rəvayətə görə, Exo Hera tərəfindən cəzalandırılır və bundan sonra o, öz fikirlərini istədiyi kimi söyləyə bilmir. O, yalnız başqalarının dediyi sözlərin son hissəsini təkrarlaya bilir. Beləliklə, bir vaxtlar çox danışan Exo artıq özü söhbətə başlaya bilmir, yalnız eşitdiyi sözlərə cavab verə bilir. Amma Exonun hekayəsi bununla bitmir. O, gözəl, gənc Narsistə aşiq olur. Lakin Narsist onun sevgisinə qarşılıq vermir. Exo isə sevgisindən əl çəkə bilmir və getdikcə özünü hamıdan uzaqlaşdırır. Sonda onun bədənindən əsər-əlamət qalmır, yalnız səsi qalır. Artıq haradasa bir səs eşidəndə, Exo həmin səsi təkrarlayan görünməz bir varlıq kimi təsəvvür olunur. Elə buna görə də Exonun adı səsin əks olunaraq yenidən eşidilməsi mənasını verən qədim yunan sözü ilə əlaqələndirilir. Bu gün dağlarda, mağaralarda və boş böyük məkanlarda səsimizin geri qayıtmasına "exo" deyəndə min illər əvvəl öz bədənini və sözünü itirən, amma səsini dünyada əbədi saxlayan Exonun adını çəkirik.
Bəzən isə bir sözün arxasındakı hekayə faciəli sonluqla deyil, bir insanın kiməsə yol göstərməsi ilə yadda qalır. Bunun maraqlı nümunələrindən biri də "mentor" sözüdür. Rəvayətə görə, İtaka kralı Odisseyin oğlu Telemaxın da çoxları kimi uşaqlıqdan öyrənməyə və döyüşə hazırlaşmağa ehtiyacı var idi. Ona qılınc oynatmağı, döyüşməyi öyrədən və ya müxtəlif çətin məsələlərdə məsləhət verən müəllimin adı Mentor olub. Mentor sadəcə dərs deyən bir müəllim deyil, Telemaxa yol göstərən, ona müəyyən vəziyyətlərdə necə davranmağı öyrədən bir fiqur kimi xatırlanır. Bu gün isə kiməsə müəyyən sahədə yol göstərən, öz təcrübəsi ilə ona kömək edən və inkişafına istiqamət verən insana "mentor" deyirik. Yəni bir vaxtlar qədim yunan mifologiyasındakı Telemaxın müəlliminin adı olan söz indi gündəlik həyatımızda başqa bir formada yaşayır. Mübahisəli olsa da, "mental" və "mentalitet" sözlərinin mentor sözü ilə ortaq kökdən gəldiyi haqda bir iddia da mövcuddur.
Sözlərin arxasındakı mifoloji izlər təkcə insanların gündəlik həyatı ilə bağlı deyil. Bu mənada qədim yunan mifologiyasının başlanğıcı sayılan Xaos olduqca maraqlı nümunələrdən biridir. Bu hekayədə hər şeyin başlanğıcına getmək istəyiriksə, qarşımıza nizamlı, hazır bir dünya çıxmır. Əksinə, kosmosun yaradılışından da əvvəl xaos - nizamsız, müəyyən forması olmayan ilkin boşluq ilə qarşılaşırıq. Hərfi mənada bunu uçurum və ya geniş boşluq kimi qəbul etmək olar. Yəni hələ dünyanın bildiyimiz mənada quruluşu yoxdur, hər şey sanki başlanğıcını gözləyən böyük və qarışıq bir boşluqdan ibarətdir. Başqa sözlə, qədim yunanların təsəvvüründə dünyanın başlanğıcı əvvəlcə nizamdan deyil, xaosdan doğulur. Bu gün "xaos" deyəndə də gözümüzün qarşısına qarışıqlıq, nizamsızlıq, idarə olunmayan və oluna bilməyən vəziyyət gəlir. Bir sözlə, gündəlik həyatda "burada əməlli-başlı xaosdur" deyəndə istifadə etdiyimiz sözün arxasında da dünyanın necə yarandığını izah etməyə çalışan qədim bir mifoloji təsəvvür dayanır.
Kainatın başlanğıcından danışdıq, bəs ən azı ilkin yaradılış qədər mistik olan yuxular necə? Görünür, qədim yunanların bunun üçün də öz izahları var idi. Yatanda gördüyümüz yuxuların arxasında kim dayanır? Qədim yunan mifologiyasına görə, bununla Morfey məşğul olur. Morfey yuxu tanrısı Hipnosun oğullarından biri hesab olunur və xüsusilə yuxularda insan surətinə bürünməsi ilə tanınırdı. Yəni yuxuda qarşımıza çıxan insanları, onların görünüşünü və obrazlarını yaratmaq Morfeyin işi sayılırdı. Buna görə də onun adı sonralar yuxu və yuxuya getmə anlayışları ilə əlaqələndirildi. Hətta XIX əsrdə ağrıkəsici və yuxugətirici təsiri olan maddəyə morfin adı veriləndə də Morfeyin adı yada düşdü. Beləliklə, qədim mifologiyanın yuxularla bağlı obrazı müasir tibbi terminlərdən birində öz izini saxladı.
Bütün bunlardan aydın olur ki, gündəlik həyatımızda fərqinə varmadan işlətdiyimiz bir çox sözün arxasında min illər əvvəl danışılmış miflər, tanrıların və qəhrəmanların hekayələri dayanır. Bəzən bir söz sadəcə söz deyil, qədim dünyanın bu günə qədər gəlib çatmış kiçik bir parçasıdır. Bəlkə də bundan sonra "panika", "narsist", "exo", "mentor", "xaos" və ya "morfin" sözlərindən birini işlətdiyiniz zaman onun arxasında gizlənən qədim hekayəni də xatırlayacaqsınız.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 18 Sentyabr 2026 18:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















