Icma.az
close
up
RU
Sözü silah, silahı söz... Elxan Yurdoğlu yazır

Sözü silah, silahı söz... Elxan Yurdoğlu yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Elxan YURDOĞLU
Filologiya üzrə fəlsəfə doktoru, dosent, şair-publisist

Naxçıvan ədəbi mühiti ilə tanışlığım, həmçinin bu mühitin mətbəxinə daxil olmağım yeni eranın yeni əsrinin yeni ilinə təsadüf etmişdi. Həmin 2000-ci ildə yeni tanıdığım imzalardan biri də şair Səhlab Məmmədov idi. Qəribə səs tembri, alovlu nitqi, lap ürəkdən gələn danışıq tərzi və bunların içində ötkəm səs tonu bu adam haqqında ilk qarşılaşmadan məndə xoş iz buraxmışdı.

Muxtar respublikanın müxtəlif ədəbi-bədii tədbirlərində, görüşlərdə, ədəbi dərnəklərdə qarşılaşdığım Səhlab Məmmədov həm də ali təhsil aldığım Naxçıvan Dövlət Universitetinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq kafedrasında müəllim işlədiyindən universitetin tədbirlərində də tez-tez üz-üzə gəlirdik. Bu zaman ərzində böyüklüyünə görə də ona qarşı səmimi hörmət hissi yaranmışdı. Zaman keçdikcə bu hörmət sadəcə yaşına, başına görə yox, həm də Səhlab Məmmədovun bir şair kimi sözünün çəkisinə görə daha da artmışdı.

İndi bu yazını qələmə alarkən həmin 2000-ci ilə - 25 il əvvələ qayıtmalı oldum. Onda mənim 20, Səhlab Məmmədovun isə 55 yaşı var idi. Məndən 2 dəfədən də çox böyük şairlə aramızdakı yaş fərqini zaman 2 dəfədən aşağıya çəkib. Onun bu günlərdə 80 yaşı, mənim isə 45 yaşım tamam olur. Tanış olduğumuz müddətdən ötən zaman kəsiminin böyük bir qismini Səhlab müəllim səhhətindəki problemlərlə mübarizəyə həsr etdiyindən görüşməyimizin də boyu xeyli uzandı. Dəfələrlə razılaşsaq da, şair dostum Qafar Qəriblə zaman ayırıb Səhlab müəllimi ziyarətə gedə bilməmişik. Hər dəfə nəsə mane olub. Amma bu, özümüzə haqq qazandırmağa əsas vermir. Heç bu yazını da günahımı yumaq məqsədiylə yazmıram. Səhlab Məmmədovu yoluxmasam da, onun şeirlərinə yoluxmuş biri kimi yaradıcılığına olan sevgimi oxucularla bölüşmək keçdi içimdən.                                                            

Səhlab müəllimdən şair kimi bəhs eləsəm də, onun bir neçə nəsr və dram əsərləri də nəşr olunub. Belə ki, "Qızılbarmağın aqibəti" romanı, "Cəngavərin ölümü", "İtmiş kəndin faciəsi" kimi povestləri, "Əbədiyyət yolu", "Bir anın xətası ömürlük əzab", "Qanlı çayır əhvalatı" adlı pyesləri yaradıcılığın müxtəlif sahələrində eksperiment cəhdləri deyil, əksinə, peşəkar qələm təcrübələrindən doğan müxtəlif mövzuların digər janrlarda da uğurlu nəticələridir. Xüsusilə iki pərdəli on bir şəkilli "Əbədiyyət yolu" dram əsərində Səhlab Məmmədovun öz həyatının çətin dövrlərdəki müxtəlif fraqmentləri uğurla öz həllini tapıb.

Səhlab Məmmədov peşəkar hərbçi olub. Sovet ordusu sıralarında zabit kimi fəaliyyət göstərib. Ötən əsrin doxsanıncı illərində mənfur qonşularımızın torpaqlarımza qarşı təcavüzünü eşidən Səhlab müəllim öz xidmət yerindən ezamiyyət adı ilə vətənə gələrək bir daha geri qayıtmayıb. Öz biliklərini doğma torpaqda - Naxçıvanda gənclərin hərb biliklərinin artırılmasına, ən əsası isə torpaqlarımızın düşməndən qorunmasına sərf edib. Hətta Naxçıvan Muxtar Respublikasında xalqımızın Ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə peşəkar ordunun yaradılması zamanı Milli Müdafiə Komitəsinin ilk qərargah rəsi kimi xidmətini davam etdirməyə başlayıb. Düzdür, orduda vəzifə tutmasına baxmayaraq, o, kabinet hərbçisi olmayıb. Ön cəbhədə, muxtar respublikanın düşmənlərlə həmsərhəd bölgələrində mütəmadi olaraq döyüşlərdə iştirak edib. "Əbədiyyət yolu" pyesində də məhz hərbçi Səhlabın poetik obrazı ilə tanış olmaq mümkündür.

Nəsr və dramaturgiyadakı bu qələm təcrübələrinə baxmayaraq, Səhlab Məmmədov ruhuyla, varlığıyla, sözünün canıyla, özünün xarakteriylə şairdir. Döyüşən şair, coşğun sel misallı, fırtına qorparmağa köklənmiş dəli rüzgar səsli poeziya vurğunu, payızın qürubunda üfüqün sozaldığı rənglərə aşiq duyğulu ürək sahibi - söz sərrafı.

Ötən dövr ərzində Səhlab Məmmədovun müxtəlif illərdə qələmə aldığı şeirlərinin toplandığı "Məhəbbətin keçmiş zamanı yoxdur", "Payız nəğmələri", "Nifrətim, qəzəbim, həsrətim, sevgim", "Çalxanqala əfsanəsi", "Qönçənin nağılı", "Qızıldağdan gələn səslər" və digər kitabları nəşr olunub. Bu şeir kitablarında şairin maraqlı poemaları da oxucuların ixtiyarına verilib. 

Yuxarıda Səhlab müəllimin döyüşkən xarakterindən bəhs etmişdim. Heç də təsadüfi deyil ki, "Altıncı səs" şeirində oxuyuruq:

Şair ömrü vuruş dolu ər ömrü,

Ömür sayma bu dünyada hər ömrü.

Kişi kimi yaşamağa bir ömrü

Şümşad kimi hamar yollar az deyil.

Bu misralardakı fikirlərlə yanaşı, onun "Axtarma" şeirində o, barıt çəlləyində var olduğunu bildirir, aslan biləyində yerim var deyir, əmrə müntəzir sıyrılmış xəncərə bənzəyir, hətta onu həqiqət düzünün gözətçisi kimi müşahidə edirik.

Oxucularına: "Günah eləmişəm şair olmuşam?" - sualı ünvanlayan qələm dostumuzun həmin şeirin sonunda gəldiyi qənaət öz sualına özünün cavabıdır. Əslində isə, bəlkə də bütün şairlərin cavabıdır: Günah eləmişəm şair olmuşam...

Nə qədər coşub-daşan tərəfi olsa da, bir o qədər də həlim və yumşaq şair ürəyinə sahibdir Səhlab Məmmədov. Ona görədir ki, filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərov Səhlab Məmmədovun "Qönçənin nağılı" kitabına yazdığı ön sözdə bildirir ki, "Səhlab Məmmədovun yaradıcılığında coşğun məhəbbət də var, kəskin qəzəb də, sonsuz həsrət də var, məntiqli çağırış da. Onun şeirlərində "lirik qəhrəman və zaman" qızılı xətt üzərindədir. Zamanın çoxrəngli, çoxsəsli mənzərəsində insan faktoru, insan taleyi, insan mübarizəsi, insan münasibətləri qabarıqdır. Yazı mədəniyyəti, dil-üslub xüsusiyyəti forma və məzmun yetkinliyi istər nəzmdə, istərsə də, nəsrdə oxuculara şirin bir töhfə kimi təqdim olunur.

Hərbçi şairin ötən əsrin doxsanıncı illərində başımıza gətirilən müsibətlərə yanan ürəyindən təəssüf dolu misralar da boy göstərirdi. "Araz sahilində düşüncələr" şeirində bu hissləri anlamaq o qədər də çətin deyil:

Hər dərdi içimdə üyüdə bildim,

Soyuqluq dərdimi üyüdəmmədim.

Min şair oğul-qız böyüdə bildim,

Min nəfər komandan böyüdəmmədim.

Şeirlə bildirdim ehtiyacımı,

Döyüşə çıxmaqda bədgüman oldum.

Şeirlə söylədim ağrı-acımı,

Misra düzəltməkdə qəhrəman oldum.

Mənə elə gəlir ki, bu gün xəstə yatağında həyat mübarizəsi aparan şair torpaqlarımızın azad olunmasından, ərazi bütövlüyümüzün bərpasından, suverenliyimizin təmin olunmasından doğan duyğular içində coşub-daşır. Onları baxışlarıyla evinin divarlarına yazır, əlləriylə yorğanına naxışlayır, ürəyiylə Tanrıya pıçıldayır. O pıçıltıları bir gün biz də eşidəcəyik, oxuyacağıq. Mən olmazların olacağına inanan biriyəm. İskəndərin buynuzunu qamışa söylətdirən yaradan Səhlab Məmmədovun ürəyindən keçənləri də kiminsə diliylə, nəyinsə avazıyla bizə bəyan edəcək.

Onun nəzərində şair çox böyük məna daşıyan ömür yolçusudur. Belə olmasaydı, bu böyüklükdə yükün altına girməyə cəsarət eləməzdi Səhlab Məmmədov. "Bəşər ünvanına atılan güllə Şairin köksünü qanatsın gərək" deməyin özü böyük ürək istəyir. Əslində isə o, söz adamlarının bu dünya qarşısındakı vəzifələrini və məsuliyyət daşımalarını da öz timsalında təqdim edir. Həm də qətiyyətlə təqdim edir. "Şairlər dünyanın vətəndaşıdır" deyəndə də əslində dünyanı qorumağın şairlərin vəzifə borcu olduğunu bildirir.

Qələm dostumuzun şair kimliyi haqqında danışanda onun qibləsinin də söz olduğu aydınlaşır. "Söz qibləsi hər qiblədən dəyərli" deyən şair söz gülləsinin də gücünü oxuculara faş edir:

Vaxt var idi ölçülərdi zər ilə,

Vaxt var idi yarışardı nur ilə.

Sözə qiymət veriləndən var ilə

Söz gülləsi hər güllədən dəyərli.

Səhlab müəllimin sevgi şeirlərində də müqayisə vətən predmetiylə təqdim olunur. Qarşısındakı gözələ olan sevgisini bildirərkən bu hisslərin vətən sevgisi içində çox az yer tutduğu anlaşılır:

Sənli dünyam nəğmələrin çələngi,

Sənsiz dünyam Savalanın qübarı.

Sənli dünyam qəşənglərin qəşəngi,

Sənsiz dünyam Xan Arazın havarı.

Uzun illərdir Naxçıvan toylarında gəlin köçən qızlara üz tutub söylənən maraqlı bir şeir diqqətimi çəkirdi. Hər dəfə o şeirin bədii gücünə, didaktik dəyərinə heyrət edir, bir qız atası kimi bir az duyğulanırdım. İndi bu yazını yazarkən şeir kitablarını təzədən vərəqlədiyim şairin ürək yanğısıyla qələmə aldığı həmin şeirə də rast gələndə olduqca sevindim. Çünki belə bir şeiri məhz Səhlab Məmmədov kimi şair yaza bilərdi. Ona görə ki, nə qədər çılğın xarakterə, alovlu nitqə, döyüşkən ruha sahib olsa da onun da sinəsinin altında gəzdirdiyi bir parça ətdən ibarət olan ürəyi şair ürəyi idi. Şair ürəyi isə duyğular qarşısında həssasdır, kövrəkdir. Bu mənada Səhlab müəllimin "Qızıma nəsihət" şeiri bütün ataların dilindən söylənmiş misralardır:

Getdiyin ocağa ocaq daşı ol,

Getdiyin ocağın daş yaddaşı ol.

Ocaqda gəlin yox, dövlət quşu ol,

Bircə işarədən, qanan ol, qızım!

18 sentyabr 1945-ci ildə, İkinci Dünya müharibəsinin yenicə bitdiyi və yaralarının sarıldığı günlərdə indiki Babək rayonunun Cəhri qəsəbəsində (o vaxt kənd idi) bir ailəyə müharibə ağrılarından sonra oğul sevinci kimi dünyaya gəlib. Bu il 80 yaşı tamam olur Səhlab Məmmədovun. 20 il bundan əvvəl 60 yaşına üz tutub deyirdi ki:

Tozanaqlı yelə bənzər qasırğan,

Üzündəki hər bir qırış bir yarğan.

Can isitməz nə yun döşək, nə yorğan,

Yaş altmışa çatanda.

Görünür, ömrün sabahına etibar olmadığından Səhlab Məmmədov 60 yaşı son dayanacaqlardan biri kimi düşünərək bir az da nəsihət və vəsiyyət mahiyyətiylə yazmışdı o şeiri. Müdrik qoca görkəmində görünür bu şeirdə şair. Sən saydığını say, görə mən nə sayıram, - deyən fələk də var axı. O şeirin yazılmasından 20 il ötür. 80 yaşını qeyd edən şairin bu iki misrası onunmu qələmindən yazıma tökülür, yoxsa mənim içimdənmi gəlir, bilmirəm. Amma yazının bu yerinə ölçülü-biçili oturur bu iki misra:

Üzüdönük cavanlığım, əlvida,

Etibarlı qocalığım, xoş gəldin! 

Doğrudan da cavanlıq nə qədər üzüdönük olsa da, qocalıq bir o qədər etibarlı çıxır. Elə etibarlı dostuyla yol yoldaşlığı edən şair böyüyüm Səhlab Məmmədovu 80 illiyinin tamam olması münasibəti ilə təbrik edirəm. Eyni zamanda sözümüzü, şeirimizi, ədəbiyyatımızı təbrik etmək istəyirəm. Hələ də mənim və bir çoxlarının nəzərində döyüşkən şair kimi qalan, sözünü həmişə silaha çevirən, silahını həmişə sözü kimi daşıyan Səhlab Məmmədov yaradıcılığı bütün tərəfləriylə ədəbiyyatımızın sanbal yeridir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:28
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Aprel 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Coca Cola , yoxsa Pepsi ?

23 Aprel 2025 00:23see136

Lənkəranda sahilboyu ərazilər tullantılardan təmizlənib

23 Aprel 2025 14:44see124

Gecə səmasında gülümsəyən üz görünəcək: Bu nadir halı nə vaxt izləmək olar?

23 Aprel 2025 00:14see121

Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək FOTO

23 Aprel 2025 10:53see121

İlham Əliyev Cao Lıci ilə görüşüb Müzakirə + FOTOLAR

23 Aprel 2025 18:43see118

UEFA Polşa klubunu cəzalandırdı

22 Aprel 2025 23:01see117

Nazim Bəydəmirli səhətində problem yaranıb Ombudsmana MÜRACİƏT

24 Aprel 2025 15:01see117

Zelenski Vatikanda Trampla görüşə bilər

23 Aprel 2025 00:04see116

“Barselona” liderliyini davam etdirir

23 Aprel 2025 01:37see116

MDB Oyunlarının MƏKANLARI və TƏQVİMİ FOTO

23 Aprel 2025 12:07see116

ABŞ a qarşı sanksiya planı: Avropa geri çəkilmir

23 Aprel 2025 22:22see114

Reşford Çempionlar Liqasında çıxış edən komandada oynamaq istəyir Aston Villa qərarsızdır

23 Aprel 2025 23:49see114

Makronun məxfi Azərbaycan planı Parisdə hazırlanan ssenaridə ŞOK DETAL

23 Aprel 2025 07:04see114

Bu vəzifə ondan MDB üzvlərinə münasibətdə balansı pozmamağı diktə edir

23 Aprel 2025 20:43see113

Avstraliyada helikopterlərdən açılan atəşlə 700 dən çox koala məhv edildi

23 Aprel 2025 21:45see113

Zəlzələ zamanı Boğazdakı aktivlik kameralara əks olunub

23 Aprel 2025 23:53see113

Ağadadaş Salyanski “Neftçi”dən ayrılır yeni komandası bəlli oldu!

24 Aprel 2025 01:04see112

Minsk dəmir yolu vağzalında robot aptek quraşdırılıb...

23 Aprel 2025 21:55see111

Uzunömürlülük genləri: Kimlərin 100 yaşına qədər yaşamaq şansı var?

24 Aprel 2025 05:19see111

Naxçıvanda istedadlı şagirdlərlə görüş

23 Aprel 2025 01:49see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri