“Sülh zəngulələri” gerçəkliyin hay küyü, barışın yamsılanmasıdır
Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan şərtlərimizi qəbul etməlidir!
Paşinyan–kilsəsavaşında yeni toqquşma Ermənistan Azərbaycanla sülh müqaviləsini indi imzalamağa hazırdır. Belə bir fikri Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Peterburq Beynəlxalq İqtisadi Forumundakı çıxışında deyib. Amma məsələ bunda deyil. Çünki oxşar tezisi indiyədək rəsmi İrəvanın digər təmsilçiləri, o cümlədən xarici işlər naziri Ararat Mirzoyan, ən əsası isə baş nazir Nikol Paşinyan dəfələrlə vurğulayıb. Yəni, boş sözlərə qarnımız toxdur. İndi isə bir qədər konkretləşdirək.
Əvvəla, Ermənistan rəsmilərinin ölkələrinin Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduqlarını nə üçün təkrarladıqlarından söz açaq. Əlbəttə, məlumdur ki, sözügedən barış sazişinin bütün bəndləri razılaşdırılıb və bu, müsbət məqamdır. Ancaq proses heç də rəvan keçməyib. Məsələn, 17 maddəlik sülh müqaviləsinin əvvəl 13, sonra 15 bəndi üzrə ortaq məxrəcə gəlinib. Hər dəfə də Paşinyan hakimiyyəti elə fon yaradıb ki, guya, sülh sazişi imzalanmağa tam hazırdır. Belə yanaşma reallıqların təhrifindən, sülhün imitasiyasından başqa bir şey olmayıb.
Azərbaycanın isə sülh müqaviləsinin imzalanması üçün irəli sürdüyü iki şərt var. Niyəsə rəsmi İrəvanın təmsilçiləri, böyük ölçüdə, həmin şərtlərin üzərindən keçirlər. Əslində, bunun səbəbi məlumdur. Nikol və komandası beynəlxalq gündəmə Ermənistanın mütərəqqiliyi və sülhpərvərliyi görüntüsünü sırımağa çalışır. Məsələnin birinci tərəfi budur.
Məsələnin ikinci tərəfinə gəldikdə, bir qədər düşünək. Ermənistan sülh müqaviləsi imzalamağa hazırdırsa və ölkə hakimiyyətinin nümayəndələri məramlarını dəfələrlə açıqlayırlarsa, deməli, istər-istəməz, sual yaranır: Barış istəməyən hansı tərəfdir. Belə qənaət hasil olur ki, Azərbaycan Ermənistanla sülhə gəlməkdən boyun qaçırır. Elə rəsmi İrəvanın da nail olmaq istədiyi məhz bu rəyin formalaşmasıdır.
Bəli, davamlı sülh zəngulələri vurmaq erməni tərəfinin qeyri-səmimiliyinin və anti-Azərbaycan ritorikaya sadiqliyinin göstəricisidir. Həm də ona görə ki, ortada barış sazişi ilə bağlı konkret şərtlər var və rəsmi İrəvan onları yerinə yetirmək istəmir. Söhbət, birincisi, Ermənistan konstitusiyasına dəyişiklikdən gedir. Daha doğrusu, ölkənin əsas qanununun 1991-ci ilin İstiqalaliyyət Bəyannaməsinə istinad məntiqinin aradan qaldırılmasından. Nəzərə alaq ki, bəyannamədə “Dağlıq Qarabağ Muxtar Vilayəti” sözü işlədilir. Ölkəmiz bunu ərazi iddiası kimi qiymətləndirir. Azərbaycan, həmçinin, bu iddianın təkcə Qarabağın deyil, onun ətrafındakı rayonlarımızın işğalını və işğalın otuz ilə yaxın müddətdə davam etdiyini əsas götürür. Ölkəmizə belə halların bir daha yaşanmayacağına, avantürist cəhdlərin təkrarlanmayacağına dair yüksək təminat lazımdır. Təminat nədir, bu barədə də söz açacağıq.
Ölkəmizin ikinci şərti də məntiqidir. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında Qarabağ danışıqları otuz ilə yaxın müddətdə davam etdi. Proseslə ATƏT-in Minsk qrupu məşğul oldu. Minsk qrupu çərçivəsində iki ölkə rəsmilərinin çoxsaylı görüşləri gerçəkləşdi. Eyni zamanda, bu təsisatın ABŞ-dan, Rusiyadan və Fransadan olan həmsədrləri regiona saysız-hesabsız səfərlər etdilər. Ancaq ATƏT-in Minsk qrupunun fəaliyyət(sizliy)i özündə Qarabağın mübahisəli ərazi məntiqini yaşatdı. Əslində, qrup işğalın leqallaşdırılması missiyasını həyata keçirdi, çalışdı ki, mənasız danışıqlar nəticəsində vaxt uzansın və nəsillərin dəyişməsi ilə Qarabağ Azərbaycan xalqının yaddaşından silinsin.
Yeri gəlmişkən, Ermənistan ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar zamanı irəli sürülmüş bir sıra həll variantlarını da qəbul etməmişdi. Azərbaycan 44 günlük müharibə ilə nəinki işğalı aradan qaldırdı, habelə, sözügedən təsisatın mənasız danışıqlar formatını və həmin format çərçivəsindəki variantları sıradan çıxardı, haqqı olana tam şəkildə sahibləndi.
Amma müharibədən sonra Ermənistan rəhbərliyinin Minsk qrupu formatına üstünlük verməsinə və beləliklə, Qarabağın yenə mübahisəli ərazi kimi saxlanılmasına yönələn cəhdini gördük. Ona görə Azərbaycan tələb edir ki, rəsmi İrəvan Bakı ilə birlikdə ATƏT-in Minsk qrupunun tamamilə ləğvi üçün birgə müraciət ünvanlasın. Göründüyü kimi, Ermənistanın baş nazirinin müavini Mher Qriqoryan bu haqda söz açmır. Ümumən, erməni rəsmiləri məsələnin üzərindən keçir, birbaşa “sülh göyərçinliyinə” fokuslanırlar.
Bir məqamı da vurğulayaq ki, baş nazir Nikol Paşinyan hərdən Azərbaycanın şərtlərinə toxunur. Ancaq bunu xüsusi həyasızlıqla edir. Məsələn, o deyir ki, Ermənistan konstitusiyasına dəyişiklik ölkənin daxili işidir, Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiaları var. Bu, aşkar manipulyasiyadır. ATƏT-in Minsk qrupunun ləğvi məsələsinə gəldikdə, Nikolun fikri odur ki, bu qrupun ləğvinə dair müraciət sülh müqaviləsinin imzalanması ilə eyni vaxtda gerçəkləşməlidir. Yəni, o, ölkəsinin yalnız belə bir varianta razılığını ifadə edir.
Ermənistana inam yoxdur. Sülh müqaviləsinin imzalanmasından sonra ölkə xaricdəki havadarlarının köməyi ilə ATƏT-ə təzyiq edə və Minsk qrupunun saxlanılmasına nail ola bilər. Erməni məkrinin hər cür oyunbazlığa hazırlığından yaxşı xəbərdarıq. Uzun sözün qısası, yaxşı olar ki, təkcə M.Qriqoryan deyil, bütövlükdə rəsmi İrəvanın təmsilçiləri beynəlxalq tribunalardan Ermənistanın sülh müqaviləsinin imzalanmasına hazır olduğuna dair fikirləri təkrarlamasınlar. Çünki Azərbaycan tərəfi durumu diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi qiymətləndirir. Əvvəldə mövcud dəst-xəttin, eyni zamanda, subliminal anti-Azərbaycan fəaliyyətə hesablandığını da vurğuladıq. Əlavə edək ki, bu yanaşma qarşılıqlı inam və etimada zərbə vurur.
Yaxşı olar ki, erməni iqtidarının təmsilçiləri beynəlxalq tribunalarda boş-boş sülh zəngulələri vurmaqdansa, ilk növbədə, konstitusiya dəyişikliyi naminə referenduma, həmçinin, Minsk qrupunun ləğvi üçün ATƏT rəhbərliyinə birgə müraciətin mətninin işlənilməsinə hazırlaşsınlar. Ciddi şəkildə nəzərə alsınlar ki, həqiqi barış mühitinin formalaşması xarici platformalarda sülhlə bağlı mənasız ritorikanın gündəmə gətirilməsində deyil, Ermənistanın daxili ictimai rəyini Azərbaycanın şərtlərinin yerinə yetirilməsinin zəruriliyinə inandırmaqdan keçir. Azərbaycan tərəfinin əvvəldə haqqında söz açdığımız təminat istəyi məhz budur.
Dövlətimiz istəyir ki, erməni cəmiyyəti ərazi iddiasına düşməyəcəyinə dair iradə nümayiş etdirsin. Nəzərə alaq ki, belə bir iradənin nümayişi Ermənistanın gələcək mövcudiyyəti baxımından da son dərəcə vacibdir. Bəli, erməni xalqının iradəsi və referendumla İstiqlaliyyət Bəyannaməsinin işğalçı mahiyyətinə “yox” deməsi özünü Ermənistanın regionun sülh və əməkdaşlıq məkanına çevrilməsinə böyük töhfəsi şəklində göstərməlidir. Hesab edirik ki, qriqoryanlar, mirzoyanlar və paşinyanlar məhz bu ideyanı təbliğ etməlidirlər. Bunun üçün isə xaricdə yox, daxildə danışıq, maarifləndirmə işləri aparmaq, yeri gəlsə, inzibati resurslardan da yararlanaraq revanşist və şovinistləri sıradan çıxarmaq müstəsna vəzifədir.
Sonda onu da bildirək ki, M.Qriqoryan Peterburq Forumundakı çıxışında Azərbaycanla sülh müqaviləsinin nə zaman və harada imzalanmasına dair danışıqlar aparılmadığını da vurğulayıb. Baş nazirin müavini bunun səbəblərini düşünməlidir. Səbəbləri isə qeyd etdik. Amma o deyir ki, barış sazişi üçün ölkəsinin hansısa məhdudiyyəti və əlavə şərtləri yoxdur. Görəsən, olmalıdır ki?
Əvəz CAHANGİROĞLU
XQ


