Icma.az
close
up
RU
Gerçəkliyin bədii vüsəti

Gerçəkliyin bədii vüsəti

Icma.az bildirir, 525.az portalına istinadən.

Yahya ABBASOV

Dostum şair Qoca Xalidlə söhbətimiz İsi Məlikzadədən düşmüşdü. Qəfil soruşdu:

- "Quyu" povestini oxumusanmı?

- Yox.

- Bəs niyə?

- Çox axtardım, tapammadım.

- Telefonda PDF-i var.

- Şair, deyəsən, könlündən məni danlamaq keçir. Mən iri əsərləri telefonda oxuya bilmirəm. Sıxılıram. Kitabın ləzzəti ayrıdır.

- Yaxşı, təcili tap, oxu...

Bununla, o mövzuda söhbətimiz bitdi.

Sağ olsunlar, yaxşı dostlar. Əsəri ucqar bir dağ rayonundan tapıb göndərdilər.

Povestin elə ilk səhifələrindən maraq məni götürdü. Bir daha yəqin elədim ki, ədəbiyyatda hər bir ədəbi nəslin həyata özünəməxsus baxışı var və bu baxış özü ilə yeni bədii təfəkkür və yeni ideyalar gətirməklə yanaşı, yeni ifadə tərzi də sərgiləyir. İsi Məlikzadə "altmışıncılar"ın kənd nəsrinin klassik nümayəndəsidir. Bu nəsil özündən əvvəlki "sosialist gerçəkliyi"ni yaradan və dünya ədəbi prosesindən təcrid olunmuş nəsildən sürətlə uzaqlaşdı. Bunun ən başlıca səbəblərindən biri dövrün, epoxanın gözə görünmədən mənəvi çürüməyə doğru getməsi idi. "Altmışıncılar"ın çoxunun səmərəli axtarışları və öz fərdi üslubları yeni nəsil oxucu auditoriyasının formalaşmasına səbəb oldu. Onların içərisində İsi Məlikzadənin parlaq üslubu və daha təravətli nəfəsi həmən görünür.

İsi Məlikzadənin əsərləri ilə tanışlıqdan sonra adama elə gəlir ki, bu yazıçı "altmışıncılar"la"səksənincilər" arasında bir körpüdür. "Səksənincilər"in də xalq məişətinin təsvirində İsi Məlikzadə üslubu aydın nəzərə çarpır. Təbii ki, bu da təcrübəli sənətkarın böyük sənət yolunun nə qədər uğurlu olduğunu təsdiq edir.

Yazıçının "Quyu" povesti kəndə, onun məişətinə və koloritinə vurğunluğun poetik möhürüdür. Quyu ədəbiyyatda miflərdən gələn bir obraz kimi həm informativ, həm də poetik mənası ilə səciyyələnsə də, qavranışda daha çox məcaziliyi ilə ehtiva olunur. Ümumiyyətlə, mifik düşüncə "quyudan qurtarmanın sonu aydınlıq və xoşbəxtlik gətirir" tezisinə köklənib. Məlikməmməd düşdüyü quyudan çıxıb əbədiyaşarlığı (almanı) insana bəxş edir. Qoca Yaqubun oğlu Yusif peyğəmbər quyudan xilas olur və insanları aclıqdan xilas edir. Çoban da "İsgəndərin buynuzu var" sirrini quyuya danışır və bununla içini, ruhunu gəmirən bəladan xilas olur, dinclik tapır. İ.Məlikzadə povestində quyunun dominant mənasını təfərrüatın sonunda ustalıqla məcazlaşdıra bilib. Əsərdə göstərilir ki, kankan Məcid kişi kolxoz sədri Xalıqın həyətində su quyusu qazırdı. Su çıxan kimi: "Məcid kişi üzünü eyvana tutub qışqırdı. - Su! Su! Su!" Məcid kişi quyudan vedrə-vedrə lilli su çəkib çölə tökdü.

- "Hələ bulanıqdı. Axşamacan durulacaq. Göz yaşı kimi olacaq.

Məcid kişinin "axşamacan durulacaq" ifadəsindəki fikri də obrazın, yazıçının və ümumən ədəbiyyatın xoş bir gələcəyə olan ümidinin təzahürü kimi başa düşülür. Çünki ədəbiyyatın cəmiyyəti durultmaq və insanı saflaşdırmaq missiyası da var.

Povestdə Quyu obraz səviyyəsinə qaldırılıb. Hər kəsin Quyuya öz münasibəti var.

Məcid kişidən ötrü Quyu oğlu çoban Kamranı sədrin qəzəbindən qorumaq üçündür. Sədrin şoferi Piridən ötrü Quyu sədr Xalıqı kənd camaatının gözündə anasına canıyanan və özünə çox yaxın adam kimi göstərməkdən ötrüdür. Umudun quyuya münasibəti bambaşqadır. Təsadüfən sədrin arvadı Əsli ilə şofer Pirini bir yataqda intim münasibətdə görən Umud həmin andan bu evə, bu həyətə, həyətin hündür hasarına, hətta dədəsinin qazdığı quyuya da nifrət edir. Quyu Umudu həm fiziki, həm də mənəvi cəhətdən sıxır, əzir. Umud quyudan torpağı çəkdikdə kürəyi zoqquldayır, ovcu gör-gör göynəyir. Dəmir kimi kəndir onun uzun barmaqlarında zol-zol iz qoyurdu. Quyu əsərin əsas qəhrəmanının - Umudun mənəvi iztirabının təzahürü şəklində də təqdim olunur. Umud qoca atasının sədrin həyətində quyu qazmasını bir zümrənin başqası üzərində istismar faktı kimi qəbul edir. Povestin yazıldığı illərdə cəmiyyətdəki istismar elementini yazıya almaq yazıçı cəsarətinin göstəricisi idi.

Povestin elə ilk səhifələrində cəmiyyətin mənəvi daxili ziddiyyətləri yüksək bədiiliyi ilə açılmağa başlayır.

Umud kənddə yeni açılmış yeməkxanada aşpaz işləyir. Ancaq camaat orada heç nə yemir, qeybət eləyir, laqqırtı vurur. Yeməkxanada ağız deyəni qulaq eşitmir. Umud işdə sıxılır, ürəyini boşaltmaq üçün həmdərd axtarır. Nəhayət işi birdəfəlik atıb oradan uzaqlaşır: "Alnında, çənəsində muncuqlanan təri əlinin dalı ilə sildi. Yenə burnuna zəhrimar soğanın iyi dəydi, elə bil ovcunda bir baş soyulmuş soğan tutmuşdu".

Göründüyü kimi, obrazın psixologiyası ilə soğan iyinin assosiativ uyarlığı cəmiyyətin mənəvi aşınmasının əsərdəki ilk bədii detalıdır.

Əsərin son səhifəsinə qədər belə mətnaltı fəlsəfi düşüncələr povestin əsas ideya istiqamətinin açılmasını təmin edir.

Əsərdən aydın olur ki, yazıçı mifdən gələn Quyu obrazı ilə xalqın alt şüurunda özünə möhkəm yer tutmuş zülməti təmsil edən Quyunu qarşılaşdırır. Birincinin nümunəsi Məcid kişinin qazdığı su quyusudur ki, səpsərin, şipşirin, dupduru su çıxır. Bu quyu konkretdir, gözlə görünür, insanlara sevinc gətirir. Çünki onu qazan Məcid kişi halal adamdır. Bu quyu öz simvolikasına tamamilə uyğundur. İkinci Quyu görünmür, mücərrəddir, yalnız dərk olunur.

Quyulardan birini şofer Porsuq Piri sədr Xalıqa qazır. Onun arvadı Əsli ilə intim münasibətdə olur. Bu quyunun sirri açılmır. Çünki sədr Xalıq özü də əyyaşdır, kiməsə Quyu qazır. Atalar demiş, Quyu qazana, Quyu qazarlar.

Əsərin sonunda Umuda qazılan Quyu qazılıb başa çatmır. Başa çatsaydı, Xeyir Şərin qazdığı Quyuya düşərdi. Ulu Zərdüştün ideyaları məhv olardı və ədəbiyyatın xeyirxahlıq missiyası da çiliklənərdi.

Pirinin sədrin arvadı Əsli ilə gizli əlaqəsini yalnız Umud bilir. Umud sədrin qızı Solmazı çoxdan sevir. Piri rəzilliyi açılmasın deyə Umudla Solmazın evlənməsindən ötrü dəridən-qabıqdan çıxır. Yəni Umudun Quyusunu qazmağa başlayır.

"Umud elə bil neçə günün qatmaqarışıq röyasından indicə ayıldı. İndicə başa düşdü ki, Porsuq Piri onun da şərəfini ayaqları altına salıb: "Əsli mənim qayınanam oldu, Xalıq da qayınatam. Bəs onda Piri mənim nəyim olur?.. Solmazı alsam, Pirinin üzünə necə baxaram?" Bu düşüncələrlə hündür daş divara cəmi üç addım qalmış özünü sürətlə gedən motosikletin üstündən atır.

Povestdə bədii-emosional ovqat həm yazıçı təhkiyəsində, həm də obrazların nitqində təmin edilir: "Piri maşını tərpətdi. Tozun içində "QAZ-69" da görünməz oldu, Umud da. Sapsarı toz Umudun ağzına, burnuna doldu. Umud gözlərini yumdu. Ona elə gəldi ki, bütün dünya tozun içindədir".

Dünyasını toz içində xəyal edən Umud növbəti səhifədə konkret yaşadığı yeri, yəni kəndi yüngül bir yumorla belə xarakterizə edir: "Umud Altayda əsgərlik çəkmişdi. Altay meşələrində bal arısı boyda ağcaqanadlar görmüşdü, amma onlardan bu qədər qorxmamışdı, çünki onların səsi belə zəhmli deyildi, iynələri belə acı, belə ağrılı deyildi. Bu kəndin ağcaqanadları çox həyasız idi, sancdığı yeri yandırmasa, şişirib yara eləməsə, adamdan əl çəkmirdi..."

Hər iki bənzətmədə bədiilik meyarının bir-birinə nə qədər yaxın olduğu görünür. Birinci bənzətmədə toz, ikincidə ağcaqanad. Bununla yazıçı Umudun təmizdən-təmiz dünyasına yırtıcı və zalım müdaxilənin doğru mənzərəsini yarada bilib.

Umud əsərdə zahirən ittihamçı kimi görünmür. Ancaq yazıçı cəmiyyətin mənəvi-əxlaqi simasını, mühitin bütün eybəcərliklərini Umudun gözü qarşısında açır. Umudun hayqırtısı daxilindədir. Onun sinəsindəki ağrıların sızıltısı da, içində boğulan dilsiz duyğular da minlərin, milyonların etiraz ruhunun ifadəsidir. Hətta əsərin sonunda onun taleyinə quyu qazıldığını da mühitə qarşı özünün daxili qiyamını da Umud xəyalında yaşayır.

Əsərdə motosiklet qanadın, azadlığın, rəzillikdən uzaqlaşmanın rəmzi kimi verilib. Umud motosikletin üstündə özünü xoşbəxt hesab edir. Özünü onun üstündən atmaqla çirkaba bulaşmış həyətin motosikletinə də, Solmaz adlı qızına da əlvida deyir. Yəni Quyuya düşmür.

"Quyu" da İ.Məlikzadənin yumoru povestin bədii gücünü qat-qat artırır. Yazıçının gülüşü ictimai quruluşun çürük binasının laxladığını göstərir. Müəlifin əsərlərində gülüş bədii təfəkkürün sönməz və parlaq işığı təəssüratını yaradır.

Əsərdəki gülüşün ictimai siqləti, sosial məzmunu bir tərəfdən yazıçının yumoru bir ədəbi priyom kimi işlətmək istəyindən irəli gəlirsə, digər tərəfdən gerçəklikdə əxlaqi ziddiyyətlərin mövcudluğundan xəbər verir: "Umud baş barmağının yanındakı xıpxırda, sarımtıl ağcaqanada baxdı. Bu sarımtıl ağcaqanad get-gedə böyüdü, qarnı qıpqırmızı qızarıb yumrulandı. Umud dişlərini dişlərinə sıxıb əlinin üstündəki göynərtiyə dözdü. "Sor qanımı köpəkoğlunun malı. Qarnın partlayınca sor". Ancaq ağcaqanad partlamaq bilmirdi. Gənə kimi yapışıb qalmışdı".

İ.Məlikzadə dərin müşahidə qabiliyyəti olan, sadə insanların həyat tərzinə, milli koloritə bələd yazıçı idi. Xalq məişətindən yaranan yumor onun yaradıcılığının üslub faktı kimi meydana çıxırdı. O bilirdi ki, gülüşü doğuran həyatdır, o, insanın mənəvi ehtiyacıdır. Gülüş öz məzmununu, materiyalını həmişə adi, sadə insan həyatından alır:

"Cəfərqulunun sağ ovurdu şişib parıldadı:

- Sədr ... mənim ... qrijam var.

- Əyə, yeddi uşağı əkib-törədəndə heç demirdin qrijam var!

- O ayrı, bu ayrı ... Torpaq işi ağırdır".

Povestdə yazıçı peşəkarlığının bir nüansı, daha doğrusu, bir priyomu diqqət çəkir. Əsərdəki bütün hadisələr gerçəklikdə baş verir. Şofer Pirinin sədrin arvadı ilə gizli yaxınlığı, sədrin də başqa qadının yanına getməsi, həyətində bir ailəni qulluqçu-nökər saxlaması, Pirinin Umuda qurduğu tələ-Quyu reallıqda gerçəkləşən hadisələrdir. Sovet dövründə olduğu kimi, Umud qolunu çırmayıb mübarizəyə başlasaydı, onda bu əsər nə əsər olardı, nə də İsi Məlikzadə yazıçı. Əsərdə ciddi qarşıdurma, mübarizə-filan yoxdur. Reallıqdakı bütün hadisələrə qarşı qoyulan Umudun daxili-mənəvi dünyasıdır. Əslində povestin qəhrəmanı Umud yox, onun pak mənəviyyatıdır.

Povestdə yazıçının yüksək ümumiləşdirmə qabiliyyəti görünür və bu ümumiləşdirmənin miqyası çox genişdir. Dünyanın hər yerində çirkaba bulaşmış mühitə insanın daxili üsyanı var. İnsan ömrü boyu xəyanətə, riyakarlığa, zülmə və zülmətə qarşı işində bir üsyan yaşadır. Beləliklə, bu dünya insanının dərdidir və bu dərd qurtaran deyil. Çünki dünyanın sonuna kimi zülmətlə işıq vəhdətdədir.

İ.Məlikzadənin "Quyu"su ədəbi-bədii mediada barəsində palaz-palaz yazılar verilən və uzun-uzadı təhlilə cəlb olunan xarici əsərlərdən qat-qat güclü əsərdir. Əsərin baş qəhrəmanının və eləcə də, obrazların parlaq milli xarakteri və təkrarolunmaz fərdi xüsusiyyətləri bunu bir daha sübut edir. Bədii əsərin (xüsusən nəşr) qısa və ya uzun ömürlü olması əsərdə milli koloritin təbii şəkildə ifadəsindən çox asılıdır. Yüksək xəlqiliyə söykənən əsərlər bütün xalqların malına çevrilir. "Quyu" bütün parametrləri ilə dünya çapına layiqdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Noyabr 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Salam və bəli deyil telefon zənginə necə cavab vermək olar

20 Avqust 2026 14:26see402

MİDA komplekslərdən çəkilir? Sakinlərdən NARAZILIQ

20 Avqust 2026 15:48see374

UEFA Konfrans Liqası pley off mərhələsi: Qarabağ səfərdə Tvente ni məğlub edib

20 Avqust 2026 23:59see348

İsveçrənin Alp dağlarında milyarderlərin pullarını qorumaq üçün gizli saxlanc yerləri tikilir

21 Avqust 2026 07:56see270

Məmməd Musayevin qardaşı oğlunun şirkəti fəaliyyətini dayandırdı KONKRET

21 Avqust 2026 11:00see263

2027 ci ildə ikon statusu qazanacağı gözlənilən 8 vintaj çanta (FOTO)

20 Avqust 2026 19:04see254

Qarabağ Niderlandda Tvente ni məğlub etdi

20 Avqust 2026 23:55see244

Süni intellektin yeni dövrü üçün vacib olan beş metal müəyyən edilib

20 Avqust 2026 21:49see203

Salyanda 16 yaşlı qızın toyunun qarşısı alınıb

21 Avqust 2026 04:41see195

Pensiya ilə bağlı mühüm ANONS: yığılan pulu tez almaq üçün… Müzakirələr başladı KONKRET

21 Avqust 2026 08:59see172

Pensiya yaşı ilə bağlı SON DƏQİQƏ İxtisara düşsəniz...

21 Avqust 2026 06:07see167

ADY də milyardlıq zərər: problem maliyyədədir, yoxsa idarəetmədə?

22 Avqust 2026 04:17see165

Çayı belə içmək ÖLDÜRÜR ŞOK XƏBƏRDARLIQ

21 Avqust 2026 07:08see162

Qarayara ilə bağlı rəsmi məlumat

21 Avqust 2026 14:12see162

“Dərədə moruq dər, döşdə çiyələk...”

21 Avqust 2026 03:00see158

Vens ABŞ nin İrana qarşı iqtisadi təzyiq kampaniyasının dəqiq müddətinin olmadığını bildirib

21 Avqust 2026 07:11see157

FTB cinsi təcavüzdə ittiham olunan keçmiş konqresmen Svalvellin evinə basqın edib

20 Avqust 2026 21:53see156

Nebenzya: İran Yaxın Şərqdə eskalasiyaya səbəb olmayıb

21 Avqust 2026 02:46see152

“Meta”, “Microsoft”a milyonlar ödəyir

20 Avqust 2026 18:07see151

Hər gün bir milyon dollarlıq fırıldaq: Azərbaycanlıların da olduğu şəbəkə ifşa edildi

22 Avqust 2026 04:56see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri