Suya qənaət üçün yeni suvarma texnologiyalarına keçid labüddür
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yağıntının azalması əsasən atmosfer sirkulyasiyasındakı dəyişikliklər, havanın temperaturunun normadan yüksək olması və uzunmüddətli antitsiklonların hakimliyi ilə izah olunur. Qlobal iqlim dəyişikliyi fonunda bu cür anomaliyaların daha tez-tez baş verməsi gözlənilən haldır. Havada rütubət səviyyəsinin azalması, buxarlanmanın artması və yağış buludlarının formalaşmasına mane olan hava axınları yağıntının məhdudlaşmasına gətirib çıxarıb.
Quraqlıqdan ən çox zərər çəkən sahələrdən biri kənd təsərrüfatıdır. Aran bölgələrində suvarma üçün istifadə olunan çaylarda və kanallarda suyun azalması nəticəsində bir çox əkin sahələrinin məhsuldarlığı aşağı düşüb. Dağətəyi rayonlarda isə otlaq sahələrinin quruması heyvandarlığın inkişafına mənfi təsir göstərmişdir. Su çatışmazlığı həm mövsümi əkinlərin, həm də çoxillik bitkilərin inkişafında problemlər yaradaraq fermerlərin xərclərini artırır.
Su anbarlarında suyun səviyyəsinin enməsi həm kənd təsərrüfatına, həm də içməli su təminatına təsir göstərir. Çayların qidalanma mənbələrinin zəifləməsi bəzi bölgələrdə su qıtlığını daha da kəskinləşdirir. Bu hal həmçinin hidroenerji istehsalının azalmasına da səbəb ola bilər. Uzunmüddətli quraqlıq dövrləri ölkənin su resurslarının idarə edilməsi strategiyasının yenilənməsini zəruri edir.
Quraqlıq təbii ekosistemlərdə balansın pozulmasına gətirib çıxarır. Bitkilərin rütubət çatışmazlığından quruması torpaq eroziyasını sürətləndirir, torpağın münbitliyini azaldır və səhralaşma riskini artırır. Su hövzələrinin səviyyəsinin enməsi orada yaşayan flora və fauna növlərinin həyatını təhlükə altına alır. Bəzi heyvan növləri yaşayış mühitini dəyişməyə məcbur olur ki, bu da biomüxtəlifliyin azalmasına səbəb ola bilər.
Belə şəraitdə təbii resursların düzgün idarə olunması, suya qənaət texnologiyalarının tətbiqi və ətraf mühitin qorunması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü, ətraf mühit məsələləri üzrə ekspert Rövşən Abbasov deyir ki, 2025-ci ilin payız ayları əvvəlki illərlə müqayisədə ölkədə bir çox bölgələrdə kifayət qədər quraq keçib. Xüsusilə Aran və dağətəyi ərazilərdə yağıntının azlığı özünü daha qabarıq şəkildə göstərib. Onun sözlərinə görə, uzun müddət müşahidə olunan yağıntı çatışmazlığı qış otlaqlarının vəziyyətinə ciddi təsir edib, bitki örtüyü xeyli zəifləyib: "Aran rayonlarının düzənlik ərazilərində də eyni proses müşahidə olunur. Bu isə qış mövsümündə heyvanların təbii yem bazasının azalmasına gətirib çıxaracaq. Fermerlər artıq əvvəlcədən tədbirlər görməlidirlər".
R.Abbasov bildirib ki, quraqlıq kənd təsərrüfatında digər problemlərə də səbəb olub. Həyətyanı sahələrin suvarılmasında çətinliklər yaranıb, əkinlərin vaxtında aparılması üçün torpağın rütubət tələbi artıb: "Bu il havanın qeyri-müəyyən və uzunmüddətli quraqlıqla keçməsi arzuolunmaz haldır. Artıq qış mövsümünə daxil oluruq və bu dövrdə vegetasiya prosesi zəiflədiyindən, indi yağacaq yağışların əvvəlki dövrlə müqayisədə effekti çox az olacaq".
Quraqlığın şəhər mühitinə təsirlərindən danışan mütəxəssis qeyd edib ki, yağışsız günlərin uzun çəkməsi atmosfer havasını pisləşdirir: "Xüsusilə Bakıda, Sumqayıtda və havadakı bərk hissəciklərin miqdarı artır, tozlanma güclənir. Yerli və transsərhəd tozların şəhər havasından təmizlənməsi üçün yağıntıların olması son dərəcə vacibdir".
Ekspertlər hesab edirlər ki, yaxın dövrdə müşahidə olunacaq yağıntılar ümumi ekoloji vəziyyətin sabitləşməsi üçün mühüm rol oynaya bilər. 2025-ci ilin payızında müşahidə olunan quraqlıq təsadüfi hava hadisəsi deyil, uzun illərdir davam edən iqlim dəyişmələrinin daha aydın təzahürüdür. Mütəxəssislər bildirirlər ki, Aran və dağətəyi ərazilərdə yağıntının normadan kəskin az düşməsi bir neçə əsas amillə bağlıdır.
Ekspertlər vurğulayır ki, payız mövsümündə ölkə ərazisinin böyük hissəsində uzunmüddətli antitsiklonların hökm sürməsi yağış buludlarının formalaşmasını məhdudlaşdırıb. Bu tip hava kütlələri rəqəmsal iqlim modellərində də son illərdə daha çox qeydə alınır. İqlim dəyişmələri fonunda regionda orta temperaturun yüksəlməsi buxarlanmanı artırır, torpağın rütubətini azaldır və yağıntının yaratdığı səmərəni minimuma endirir. Mütəxəssisə görə, "təkcə yağıntının azalması deyil, həm də mövcud rütubətin daha sürətlə itməsi quraqlıq indeksini gücləndirir".
Ekspertlər xəbərdarlıq edirlər ki, payız aylarında su anbarlarında səviyyənin enməsi növbəti ilin yaz və yay mövsümlərində də su çatışmazlığının dərinləşməsi ilə nəticələnə bilər. Bu isə həm kənd təsərrüfatı, həm də içməli su təchizatı üçün əlavə risklər yaradır.
Ekoloqların fikrincə, quraqlıq bitki örtüyünün zəifləməsinə, torpağın sərtləşməsinə və eroziyaya səbəb olur. Dağətəyi zonalarda otlaq sahələrinin sıradan çıxması heyvandarlıq təsərrüfatlarına da birbaşa təsir göstərir: "Uzunmüddətli quraqlıq biomüxtəliflik üçün təhlükə yaradır və bəzi növlərin yayıldığı əraziləri dəyişməyə məcbur edir".
Rövşən Abbasov isə ölkəmizdə su qıtlığı ilə bağlı vəziyyət və görülə biləcək tədbirlər haqqında danışıb. O, hazırda Azərbaycanda su ehtiyatlarının azalmasına bir neçə amilin təsir göstərdiyini, bunun əsas səbəblərindən birinin qlobal miqyasda baş verən iqlim dəyişmələri olduğunu deyib. Mütəxəssis bildirib: "İqlim dəyişmələri ölkəmizin ərazisində əsasən uzunmüddətli dövr üçün temperaturun artması və yağıntıların azalması ilə müşahidə olunur. Bu da ona gətirib çıxarır ki, yerli çaylarımızın sululuğu azalır. Bununla bərabər, eyni proseslər qonşu ölkələrdə də gedir. Bu da bizim ölkəyə gələn transsərhəd çaylarının sululuğunun azalmasına səbəb olur. Azərbaycanın su ehtiyatlarının 70 faizdən çoxunun Türkiyə, Gürcüstan, Ermənistan və İran ərazisində formalaşdığını nəzərə alsaq, buradan belə nəticə çıxarmaq olar ki, ölkəmiz çox yüksək transsərhəd iqlim risklərinin olduğu bir regiona təsadüf edir. Yəni təkcə Azərbaycanda yox, Türkiyə, Ermənistan, Gürcüstan və İranda atmosfer yağıntılarının paralel olaraq azalması baş verir. Buna görə də su ehtiyatlarımız həm transsərhəd, həm də yerli miqyasda azalmağa doğru gedir".
Rövşən Abbasov qeyd edib ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3-cü milli məlumatlarına görə, ölkəmizin ərazisində 2040-cı ilə kimi çayların sululuğunun orta hesabla 15-25 faiz azalma ehtimalı var. 2070-ci ilə qədər isə, həmin göstəricinin 20-25 faiz olması gözlənilir. Ölkəmizdə su qıtlığını yaradan digər bir amil isə suya olan tələbatın getdikcə artmasıdır. Belə ki, Kənd Təsərrüfatında 2010-cu ildə əgər bir milyon hektar ərazi əkilirdisə, 2020-ci ildə bu rəqəm bir milyon 700 min hektara çatıb. Başqa sözlə desək, suvarma üçün əkilən ərazilərin sahəsi ümumiyyətlə 70 faizdən çox artıb. Başqa bir amil isə su itkiləridir. Çox təəssüf ki, götürdüyümüz suyun istifadəsi zamanı 50 faizə yaxını itkiyə gedir. Buna görə də suya qənaət edən yeni suvarma texnologiyalarına keçməyimiz labüddür. Bununla kənd təsərrüfatında ən az 50 faizə çatan su itkilərinin qarşısını ala bilərik. Eyni zamanda, getdikcə daha az su tələb edən bitkilərin əkilməsinə şərait yaratmalıyıq. Bu, kənd təsərrüfatında həyata keçirilməli olan əsas adaptasiya tədbirləridir. Bu gün su kanallarımız əsasən torpaq məcralı olduğundan orada su sızmaları çox olur. Bununla yanaşı, suvarma metodlarımız da köhnədir. Bütün bunları dəyişməklə, yeni texnologiyalar tətbiq etməklə, torpaq kanalları beton kanallara çevirməklə su itkilərini azalda bilərik. Əgər su itkilərini azaltsaq, əlavə olaraq xeyli miqdarda su əldə etmiş olarıq. Bu da su qıtlığı ilə mübarizədə effektiv nəticə verə bilər.
Onun sözlərinə görə, su qıtlığı ilə mübarizənin əsas yolu ona uyğunlaşmaqdır. Bundan ötrü müxtəlif ölkələr milli səviyyədə uyğunlaşma strategiyaları, milli adaptasiya planları hazırlayırlar. Azərbaycanda da tədricən bu istiqamətdə işlər görülməsinə başlanılıb: "Belə ki, Azərbaycanda kənd təsərrüfatı, su sektoru və sahil ərazilərin idarə olunması istiqamətində hazırda milli adaptasiya planının işlənilməsinə geniş bir hazırlıq prosesi gedir. Su sektorunda milli adaptasiya planı nədir? Hazırda Azərbaycanda milli su strategiyası işlənilməkdədir. Bir mütəxəssis kimi həmin strategiyadan gözləntilərim böyükdür. İnanıram ki, milli su strategiyası yaxın onilliklər ərzində Azərbaycanda su sektorunda baş verəcək dəyişikliklərə yol açacaq".
Sevinc QARAYEVA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 01 Dekabr 2025 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















