Tahir Salahovun rənglərlə pıçıldadığı dünya
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tural İBRAHİM
Azərbaycan Yazıçılar, Azərbaycan Jurnalistlər və Dünya Gənc Türk Yazarlar birliklərinin üzvü, yazıçı-publisist
Bəzən dünya bütün rənglərini itirər; sanki üzərinə boz bir duman çökər, soyuq, çılpaq və lal qalar. İncəsənət isə məhz bu çılpaqlığı rənglərin dili ilə bəzəmək, lal sükutdan musiqi yaratmaq sənətidir. Azərbaycan təsviri sənətinin zirvəsində dayanan Tahir Salahov məhz bu ecazkar sənətin sahibi idi: o, çılpaq mənzərələrin əyninə öz rənglərindən paltar tikən, bozluğun içindən rəngarəng bir kainat doğuran ustad idi.
Salahovun əsərlərinə baxanda kətan üzərindəki boyalar qışqırmır, tamaşaçını yormur. Onlar sanki sakitcə kənara çəkilərək səni öz dünyalarına dəvət edirlər. Bir natürmortda, bir neft estakadasında, yaxud yorğun bir insanın baxışlarında başlayan bu dialoq tədricən ruhun pıçıltısına çevrilir. Əgər onun rənglərinin altındakı fəlsəfəni, doqquz yaşında atasının həbsinə şahid olan, sonradan onun güllələndiyini öyrənən bir uşağın yaddaşında dərin izlər buraxmış həyat ağrısını, bu sarsıntının insan taleyində açdığı mənəvi yaraları anlaya bilsən, rənglər sənə qollarını açar, səni qucaqlayar. Əlbəttə, bu faciə Salahovun zəngin yaradıcılığını izah edən yeganə amil deyildi. Lakin uşaqlıq yaddaşına həkk olunmuş həmin ağrı onun həyata, insana, zəhmətə və dözümə münasibətinin formalaşdığı mənəvi mühitin mühüm qatlarından biri idi. Bəlkə də elə buna görə onun tablolarında sərtliyin arxasında gizlənən bir həssaslıq, qaranlığın içində özünə yol tapan bir işıq duyulur. Anlamayanda isə... inciyər, öz sükutuna çəkilər.
O, qara rəngə can verən rəssam idi. Hər kəsin kədər gördüyü bozluqda o, Xəzərin dəli fırtınasını, neftçinin alın tərindəki şərəfi və dözümü görürdü. Onun palitrasında quru, ruhsuz, yad bir rəng çalarına belə rast gəlmək mümkün deyil. Bütün xətlər, bütün cizgilər elə bir özünəməxsusluqla birləşir ki, ən sadə eskizə belə baxanda rəssamın adını oxumağa ehtiyac qalmır, rənglər özləri pıçıldayır: "Bu, Tahir Salahovdur".
Onun dəst-xəttində musiqi var idi. Qara Qarayevin simfoniyalarındakı dərinlik, Mstislav Rostropoviçin violonçel ifasındakı gərginlik... Salahov kətana sadəcə boya çəkmirdi, o, kətan üzərində musiqi bəstələyirdi. Onun tablolarında rənglər bir-birini tamamlayır, bəzən bir simfoniyanın ayrı-ayrı səsləri kimi ahəngə gəlir, bəzən də insanı düşünməyə vadar edən gərgin bir akkord yaradırdı. Və bu musiqi əsrlər keçsə də, kəsilməyəcək.
Tahir Salahov bizə öyrətdi ki, dünyanı gözəlləşdirmək üçün parlaq işıqlara ehtiyac yoxdur. Əsl sənətkar bəzən ən tünd, ən boz mənzərəyə belə öz daxili işığını salaraq, həmin mənzərədən ölməz bir dünya yaratmağı bacaran insandır. Çünki sənətin gücü yalnız gördüyümüzü təsvir etməkdə deyil, görünənin arxasında gizlənən duyğuları, düşüncələri və insan talelərini bizə hiss etdirməkdədir. O, getdi, amma qoyub getdiyi rənglər dünyası hələ də bizimlə danışmağa, bizi qucaqlamağa davam edir...
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 06 Noyabr 2026 21:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















