Icma.az
close
up
RU
Tale ilə oyun erkən evlilik

Tale ilə oyun erkən evlilik

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Gül-çiçəyə bürünmüş toy məclisi, çal-çağır, alqış səsləri, xoş arzular… Bu çətin zəmanədə min bir əziyyətlə uşaq böyüdən hər bir valideyn o günü səbirsizliklə gözləyir, övladının sevgi, qarşılıqlı hörmət və etibar zəminində ailə qurmasını arzulayır. Əlbəttə, toy yeni bir ailənin, yeni həyatın başlanğıcıdır. Lakin bəzən bu təntənənin arxasında hələ uşaqlığını yaşamağa macal tapmamış bir qızın yarımçıq qalan arzuları, üzünə bağlanan ali məktəb qapısı, əlindən alınan gənclik illəri və vaxtından əvvəl üzərinə qoyulan ailə məsuliyyəti dayanır. Bu baxımdan iki gəncin erkən evliliyi sosial, psixoloji və hüquqi nəticələri ilə cəmiyyətin gələcəyinə mənfi təsir göstərən ciddi problemdir. Çünki tələsik verilmiş qərarla sərbəst həyata hazır olmadan qurulan ailənin təməli möhkəm olmur.

Son illər bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə tədbirlərinin genişləndirilməsi və dövlət qurumlarının birgə fəaliyyəti müəyyən nəticələr versə də, problem hələ də tam aradan qalxmayıb. Əsasən bölgələrdə erkən nikah halları, onun doğurduğu psixoloji, hüquqi və sosial fəsadlar davam edir. Mütəxəssislər hesab edirlər ki, bu bəlanın qarşısını yalnız hüquqi mexanizmlərlə deyil, həm də ailənin, məktəbin, medianın və bütövlükdə, cəmiyyətin ortaq məsuliyyəti ilə almaq mümkündür. Həmsöhbətimiz, hüquqşünas, 30 ildən çox prokurorluq orqanlarında çalışmış Rafiq Əliyev erkən evliliyin əsas səbəbləri, yaratdığı təhlükələr və problemin qarşısının alınması üçün atılan addımlar barədə suallarımıza aydınlıq gətirdi.

– Rafiq müəllim, son illər erkən evliliklərin qarşısının alınması istiqamətində həm qanunvericilikdə, həm də maarifləndirmə sahəsində mühüm addımlar atılsa da, problem hələ də tam aradan qalxmır. Sizcə, səbəb qanunların icrasında, yoxsa cəmiyyətin düşüncə tərzindədir?

– Erkən evlilik problemi hüquqi mexanizmlərin effektivliyi, həmçinin sosial-mədəni təfəkkürün qarşılıqlı təsiri ilə bağlıdır. Erkən evliliklərin davam etməsinin ən böyük səbəbi cəmiyyətdə kök salmış inanclar və stereotiplərdir. “El adəti” və ya səhv yozulan dini normalar cəmiyyətin böyük bir hissəsi üçün hüquqi normativlərdən daha önəmlidir.

Erkən nikahlar, ilk növbədə, qızların təhsil, sağlamlıq və reprodiktiv hüquqlarını pozur, onların cinsi istismarına, məcburi ev əməyinə cəlb edilmələrinə səbəb olur. Fiziki və psixoloji baxımdan hazır olmadan çox erkən hamiləlik baş verir, ana və uşaq ölümlərinin sayı artır, yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır. Tez ərə gedən qızların hələ uşaqlıq dövrünü yaşadıqları üçün ana olan zaman övladlarına laqeyd yanaşmaları real problemlər yaradır. Bu isə, öz növbəsində, ciddi psixoloji pozğunluğa yol açır.

Bəzi regionlarda ailələr qız övladının gec ailə quracağı halda nüfuzlarını itirəcəklərindən qorxurlar. Bu səbəbdən, təhsil və karyera ikinci plana keçir və ailə qurmaq qızın həyatının yeganə məqsədi kimi qəbul edilir.

Erkən evliliyə təsir edən digər faktor iqtisadi amillərdir. Belə ki, maddi imkanı aşağı olan ailələrdə qız uşağının ailə quraraq evdən ayrılması, bir növ, “yükün azalması” kimi görülür. Bu mənada, əsas səbəb cəmiyyətin düşüncə tərzidir, çünki qanunlar yalnız nəticə ilə mübarizə aparır, düşüncə tərzi isə səbəbi formalaşdırır. İnsanlar, sadəcə, qanunun qorxusundan deyil, belə halların övladlarına vurduğu zərəri dərk edərək bu addımdan çəkinməlidirlər.

– Bir hüquqşünas kimi məsələnin həllini nədə görürsünüz?

– İlk növbədə, iqtisadi müstəqillik olmalıdır. Qız uşağının təhsil alması, öz ayaqları üzərində dura bilməsi problemin ən asan həll yoludur. Çünki qızlar təhsilli olduqda, həyatı dərk etdikdə, iqtisadi cəhətdən ailələrindən asılı olmadıqda erkən evliliyə “yox” demək gücləri artır.

İkincisi, dini nikaha qadağa qoyulmalıdır. Rəsmi nikah olmadan dini nikahın kəsilməsinə qarşı çox sərt hüquqi və inzibati tədbirlər görülməli, bu işi görən şəxslər ciddi məsuliyyətə cəlb olunmalıdırlar.

Eyni zamanda, məktəb-ailə-polis işbirliyi daha aktiv çalışmalıdır. Misal üçün, yuxarı sinif şagirdi məktəbə gəlməyəndə bu, sadəcə, dərsdən yayınma kimi deyil, “potensial erkən evlilik təhlükəsi” kimi araşdırılmalıdır.

Maarifləndirmə işi də böyük əhəmiyyət kəsb edir. “Erkən evlilik pisdir” demək kifayət deyil. Bunun uşağın sağlamlığına, gələcəyinə və cəmiyyətin inkişafına vurduğu zərərlər konkret nümunələrlə izah edilməlidir.

– Məişət zorakılığına daha çox erkən yaşda qurulan ailələrdə rast gəlinir. Bu, sadəcə, yaş amili ilə bağlıdır, yoxsa iqtisadi asılılıq, psixoloji vəziyyət və təhsil səviyyəsi kimi digər amillər də həlledici rol oynayır?

– Bəli, erkən evliliklərdə məişət zorakılığının daha yüksək həddə olması danılmaz faktdır. Bu, bir-biri ilə əlaqəli olan bir neçə mürəkkəb faktorun birləşməsindən yaranır. Yəni yaşın azlığı, təhsilsizlik iqtisadi asılılığı, psixoloji kövrəkliyi daha da gücləndirir. Bir qadın yetkin yaşda və iqtisadi cəhətdən müstəqil olduqda zorakılığa qarşı mübarizə apara bilir. Erkən evlilikdə isə qızlar həm hüquqi, həm maddi, həm də mənəvi cəhətdən əl-qolu bağlı olduğu üçün zorakılıqdan qaça bilmir. Buna görə də erkən evliliklə mübarizə, eyni zamanda, məişət zorakılığı ilə mübarizə deməkdir.

Dövlət Statistika Komitəsinin məlumatına nəzər salsaq, görərik ki, ötən il ölkəmizdə məişət zorakılığı ilə bağlı 1396 cinayət qeydə alınıb. Bunların arasında 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd, 30 qəsdən sağlamlığa ağır zərər vurma, 64 qəsdən sağlamlığa az ağır zərər vurma, 1202 qəsdən sağlamlığa yüngül zərər vurma, 6 əzab vermə, 1 öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə və 20 digər cinayət faktı yer alır. Məişət zorakılığı ilə bağlı cinayətlər nəticəsində zərər çəkmiş qadınların sayı isə 1176 nəfər olub.

– Erkən evlilik qız uşağını yalnız məktəbdən uzaqlaşdırmır, həm də gələcək peşə seçiminə, cəmiyyətdəki mövqeyinə təsir edir. Sizcə, bu proses gender bərabərliyinin təmin olunmasına ən böyük maneələrdən biri sayıla bilərmi?

– Bəli, erkən evlilik gender bərabərliyinin təmin olunmasında ciddi maneələrdəndir. Bunu, sadəcə, sosial problem kimi yox, qadının gələcəyinə təsir edən sistem kimi qiymətləndirmək lazımdır.

Yetkinlik yaşına çatmayan şəxsin özünü idarə etməsi, yəni seçim etmək qabiliyyəti tam formalaşmadığından onların evləndirilməsi uşaq hüquqlarının pozulması hesab edilir. Gender bərabərliyinin pozulması, qadınlara qarşı cinsi diskriminasiya ən çox onların nikaha daxil olmaq hüquqlarının əllərinin alınmasında təzahür edir. Bu baxımdan, gender bərabərliyi əsas götürülərək qadınların cəmiyyətin bütün sferalarında (elm, siyasət, biznes, mədəniyyət) tamhüquqlu iştirakına daha geniş yol açmaq lazımdır. Buna mane olan başlıca faktorlardan biri də məhz erkən evlilikdir. Buna görə də erkən evliliklə mübarizə, sadəcə, qanunvericilik məsələsi deyil, dövlətin və cəmiyyətin gələcək inkişafının açarıdır. Qız uşağının təhsili, onun bir şəxsiyyət kimi formalaşması cəmiyyətin ümumi intellektual və iqtisadi səviyyəsini birbaşa yüksəldən amillərdəndir.

– Bəzən erkən nikahlar ailə dəyərləri və ya milli adətlər adı altında əsaslandırılır. Bəs ənənəyə hörmətlə uşaq hüquqlarının qorunması arasında düzgün balans necə qurulmalıdır?

– Sözsüz ki, cəmiyyətə zərərli ənənələri hüquqi qadağalarla aradan qaldırmaq lazımdır. Maarifləndirməni düzgün təşkil etməklə ənənələri müasir dövrə uyğunlaşdırmaq, həmçinin sosial-iqtisadi dəstək verməklə xoşbəxt və sağlam ailələrin qurulmasına şərait yaratmaq olar. Çünki milli adət-ənənəyə hörmət heç də uşağın gələcəyini qurban vermək demək deyil, ilk növbədə, gələcək nəsillərin daha sağlam, daha xoşbəxt və daha yaxşı bir cəmiyyətdə yaşamasını təmin etməkdir.

– Erkən evliliklərin qarşısının alınmasında məktəb, ailə, media və dövlət qurumlarının hər biri məsuliyyət daşıyır. Mövcud vəziyyətdə bu zəncirin ən zəif halqası hansıdır və niyə?

– Burada zəif halqanı müəyyənləşdirmək bir qədər çətindir. Amma ümumi yanaşılsa, məktəblərdə kiçik siniflərdən başlayaraq maarifləndirmə işi aparılmalı, bu sahədə fəaliyyət gücləndirilməlidir.Xüsusilə, regionlarda geniş maarifləndirmə tədbirləri həyata keçirməklə ailələri erkən evliliyin zərərli olduğuna inandırmaq lazımdır. Hazırda bizdə bu sahədə qəbahətlər var. Bəzən hər hansı sosial qanun qəbul edilir, amma qanunu izah edən mexanizm yoxdur. Bu baxımdan deyərdim ki, sosial dəstək və kommunikasiya çatışmazlığı zəncirin ən zəif həlqəsidir.

– Uzun müddət hüquq-mühafizə orqanlarında işləmisiniz. Təbii ki, erkən evliliyin müəyyən formaları ilə çox rastlaşmısınız. Bu barədə nə deyə bilərsiniz?

– Azərbaycanın bəzi şimal-qərb rayonlarında hələ də öz adətlərinə, inanclarına bağlı olan icmalar yaşayır. Onlarda baş verən erkən evlilik, hətta doğulan uşaqlar belə çox vaxt dövlət qurumlarınıdan gizli saxlanılır.

Erkən evliliyin digər təzahür formalarından biri orta məktəbin yuxarı sinif şagirdlərinin öz duyğularına hakim kəsilə bilməyərək cinsi münasibətə girməsi hallarıdır ki, vəziyyətdən xəbərdar olan valideynlər ictimai qınaqdan yayınmaq üçün cütlüyü “evləndirmək” məcburiyyətində qalırlar.

Hüquq-mühafizə orqanlarında işləyərkən yetkinlik yaşına çatmayan qızla oğlanın könüllü qoşulub getməsi halları ilə çox rastlaşmışam. Bəzən qızın niyyəti və məqsədindən xəbəri olmayan valideynlər aidiyyəti orqanlara şikayət edərək qızını qaçıran şəxs haqqında ciddi tədbir görülməsini tələb edirlər. Araşdırma zamanı məlum olur ki, təşəbbüskar elə qızın özüdür. Qız da bunu çox zaman oğlanı sevməsi ilə əlaqələndirir. Təbii ki, bu kimi faktlarda başqa motivlər də olur. Məsələn, ailədə psixoloji təzyiqə dözməyib çıxış yolunu ərə getməkdə axtaranlar da az deyil. Maddi problemlər, ailələrdə hökm sürən mənəvi-psixoloji böhranlar bu amilləri yaradan şərtlərdəndir.

– Erkən evliliklərin qarşısının alınması üçün görülən tədbirlərin effektivliyini qiymətləndirərkən hansı göstəricilər əsas götürülməlidir?

– Şərti olaraq göstəriciləri bölsək, ilk növbədə, ictimai maarifləndirmə, xüsusilə valideynlərin erkən nikahın hüquqi və tibbi fəsadları barədə məlumatlılıq səviyyəsini, sonrakı mərhələdə isə təhsil və hüquqi göstəriciləri qeyd edə bilərəm. Erkən nikah hallarının qarşısının alınması üçün edilən xəbərdarlıqlar, qanunvericilik qaydaları pozulduqda məsuliyyətə cəlb edilmək də effektiv nəticə verə bilər. Bütün hallarda qızların təhsil alması, iqtisadi fəallığı və cəmiyyətə inteqrasiyası əsas meyardır.

– Maraqlı söhbətə görə sağ olun.

Müsahibəni apardı:
Mehparə ƏLİYEVA
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 28 İyul 2026 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Saleh Məmmədovun Almaniyada tikdiyi binanın görüntüsü yayıldı FOTO

26 İyul 2026 23:06see908

Xəzərdə müharibə aktivləşərsə,....

27 İyul 2026 12:05see347

“Barselona” Ferran Torresi yalnız bir şərtlə satmağa razı olacaq

27 İyul 2026 00:11see256

Azərbaycan və Türkiyənin milli maraqları əleyhinə fəaliyyət göstərənlər FOTO

26 İyul 2026 22:05see244

ADNSU da dəyişiklik: fakültə və kafedralar azaldı, yeni təyinatlar oldu

28 İyul 2026 07:01see220

Süni intellekt və beynəlxalq hüquq: yeni hüquqi dövrün başlanğıcı

27 İyul 2026 09:52see207

Erlinq Holand özü haqda yayılan memlərə münasibət bildirib VİDEO

27 İyul 2026 05:16see195

Qaret Beyl karyerasını bitirdikdən sonra müflis olmaqdan qorxub

27 İyul 2026 00:26see194

Nazirlik əlilliyi olan şəxslərlə bağlı məlumat yaydı

27 İyul 2026 17:21see192

“Bursaspor” azarkeşləri “Şaxtyor”un spikerinə çətin anlar yaşadıb FOTO/VİDEO

27 İyul 2026 04:28see190

İyulun sonunda həyatlarını dəyişdirəcək dörd BÜRC

28 İyul 2026 00:01see188

“Mayo” 75 ildən sonra İrlandiya çempionu oldu VİDEO

27 İyul 2026 02:59see187

“İran yenə Azərbaycan və türk düşmənçiliyi siyasətini davam etdirir”

28 İyul 2026 06:57see184

Azərbaycanlılar ən çox bunları axtarır “Google” statistikası təəccübləndirir

28 İyul 2026 02:05see182

Dünya Kuboku brendlər üçün böyük reklam fürsətinə çevrildi

27 İyul 2026 16:49see180

Azərbaycan bu ölkələrlə ikitərəfli anlaşma memorandumları imzalayıb

28 İyul 2026 01:23see180

Zidan baş məşqçi təyin olunsa, Mbappenin kapitanlıq sarğısı əlindən alınacaq?

27 İyul 2026 23:59see171

ABŞ ordusu Hörmüzdə daha 17 ticarət gəmisinin marşrutunu dəyişib

28 İyul 2026 04:32see165

Cinsi əlaqədən sonra qanaxma nə zaman normal sayılmır?

27 İyul 2026 23:22see163

Gecə yarısı oyanmaq normaldırmı?

27 İyul 2026 23:17see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri