Icma.az
close
up
RU
Tarix bir qəsəbədən necə görünür?

Tarix bir qəsəbədən necə görünür?

Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti və Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev araşdırmaçı-jurnalist Sücəddin Şərifovun müəllifi olduğu “Boradigah tarixi qaynaqlarda” kitabı ilə bağlı “Tarix bir qəsəbədən necə görünür?-“Boradigah tarixi qaynaqlarda” kitabı haqqında düşüncələr” adlı məqalə yazıb.

Azpost.info yazını təqdim edir.

Tarix yazılmayanda yox olmur, amma zaman keçdikcə onun izləri itir. Hadisələri görənlər həyatdan gedir, ailə yaddaşı zəifləyir, sənədlər itib-batır, bir vaxt hamının bildiyi adlar sonrakı nəsil üçün heç nə ifadə etmir. Bir kəndin, qəsəbənin tarixini yazmaq buna görə sadəcə keçmiş haqqında kitab hazırlamaq deyil. Səpələnmiş yaddaşı itib getməmiş toplamaq, sənədləşdirmək və gələcək nəsillərin müraciət edə biləcəyi mənbəyə çevirməkdir.
Sücəddin Şərifovun “Boradigah tarixi qaynaqlarda” kitabına mən ilk növbədə bu tərəfdən baxıram.
Müəllif doğulduğu, boya-başa çatdığı qəsəbənin tarixini yazmaq üçün yaddaşlarda qalanlarla kifayətlənməyib. Azərbaycan, Rusiya və Gürcüstan arxivlərində işləyib, tarixi sənədlərə, elmi mənbələrə, köhnə mətbuata müraciət edib, insanlarla görüşüb, xatirələr toplayıb. On beş aya yaxın davam edən axtarışın nəticəsində 600 səhifəlik, 26 fəsildən ibarət kitab ortaya çıxıb.
Amma kitabın dəyərini 600 səhifə ilə ölçmək doğru olmazdı. Daha əhəmiyyətlisi müxtəlif arxivlərə, dövrün mətbuatına və başqa qaynaqlara səpələnmiş materialların bu səhifələrdə bir araya gətirilməsidir.
Lokal tarix yazmağın öz çətinliyi var. Ölkənin böyük siyasi hadisələri haqqında sənədlər, tədqiqatlar, xronologiyalar mövcuddur. Bir qəsəbənin keçmişini bərpa edəndə isə bəzən bir adı, bir ailəni, bir hadisənin izini müxtəlif fondlarda, siyahılarda, köhnə qəzetlərdə, ailə sənədlərində, fotoşəkillərdə, qəbir daşlarında və insanların yaddaşında axtarmalı olursan.

Əsərin zaman sərhədləri də genişdir. Tunc dövründən başlayaraq Səfəvilər, Nadir şah, Talış xanlığı, Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti, sovet və müstəqillik dövrlərinə qədər müxtəlif mərhələlərin Boradigahda qoyduğu izlər araşdırılır. Qəsəbənin məhəllələri, dini həyatı, təhsili, səhiyyəsi, təsərrüfatı, bazarı, tanınmış ailələri və insanları haqqında materiallar toplanıb.
Mənim diqqətimi isə xüsusilə XIX əsr və XX əsrin birinci yarısına aid hissələr çəkdi. Çünki burada Boradigahın öz tarixindən çıxıb Azərbaycanın cənub bölgəsində baş verən böyük siyasi və sosial dəyişikliklərin konkret bir yaşayış məntəqəsində necə yaşandığını görmək mümkündür.


İmperiya hakimiyyəti altında Boradigah

XIX əsrdə bölgə artıq Rusiya imperiyasının hakimiyyəti altında idi. Əvvəlki siyasi və idarəçilik münasibətləri yeni inzibati-hərbi sistemin təsiri ilə dəyişirdi. Kitabdakı sənədlər bu prosesin yalnız yuxarıdan verilmiş qərarlardan ibarət olmadığını, insanların gündəlik həyatına, mülkiyyət və sosial münasibətlərə qədər gəlib çatdığını göstərir.
Həmin dövrə aid mənim üçün ən maraqlı materiallardan biri Mir Hüseyn bəylə Boradigah əhalisi arasında yaranmış qarşıdurmadır.
Müəllif Mir Hüseyn bəydən şikayət edən boradigahlıların kollektiv müraciətini, şikayətçilərin siyahısını və hadisə ilə bağlı sonrakı sənədləri təqdim edir. Məsələ bir ərizə ilə bitməyib. 1832–1834-cü illərdə davam edən qarşıdurma inzibati-hərbi müdaxiləyə qədər gedib çıxıb. Kitabda bu hadisələrə ayrıca “Boradigahın mübarizə tarixi” bölməsində yer verilməsi də diqqət çəkir.
Burada sadəcə kəndli ilə mülkədar arasında münaqişə görmək kifayət deyil. Sənədlər Rusiya imperiyasının müstəmləkə idarəçiliyi şəraitində yerli əhali, mülkədar və imperiya administrasiyası arasındakı münasibətlərə baxmaq imkanı verir. Boradigahlılar kollektiv şəkildə şikayət edir, məsələ yuxarı instansiyalara gedib çıxır və lokal münaqişəyə imperiyanın idarəçilik mexanizmi qoşulur.
XIX əsrin birinci yarısındakı Boradigahı burada sonradan yaranmış xatirələrdən deyil, həmin dövrün öz sənədlərinin içərisindən görürük.
XIX əsrin ikinci yarısına aid kameral təsvirlər və siyahıyaalma məlumatları qəsəbənin başqa tərəfini açır. 1849 və 1873-cü illərə aid məlumatlardan əhalinin sayı, ailələr, təsərrüfat və sosial tərkib barədə daha sistemli təsəvvür əldə etmək mümkündür.
Ayrı-ayrılıqda quru statistika görünən belə məlumatları müxtəlif illər üzrə müqayisə etdikdə dəyişən Boradigah görünür. Bugünkü ailə yaddaşını XIX əsrin sənədləri ilə tutuşdurmaq imkanı da yaranır. Lokal tarix burada ümumi tarixlə ailə tarixinin kəsişdiyi nöqtəyə çevrilir.

XX əsrin əvvəllərinə yaxınlaşdıqca kitabdakı materiallar daha da sıxlaşır. Rusiya imperiyasının son illəri, 1917-ci ildən sonra yaranmış hakimiyyət böhranı, bölgədəki silahlı qarşıdurmalar, Azərbaycan Xalq Cümhuriyyəti dövrü və nəhayət, sovetləşmə Boradigahın həyatından yan keçmir.
Mənim üçün maraqlı olan yalnız böyük siyasi hadisələrin xronologiyası deyil. Təxminən bir əsr Rusiya imperiyasının tərkibində yaşamış bir yaşayış məntəqəsi qısa zaman ərzində imperiyanın süqutunu, milli dövlətin yaranmasını, bölgədə hakimiyyət uğrunda mübarizəni və yeni sovet rejiminin qurulmasını yaşayır.
Belə baxanda Boradigah sadəcə hadisələrin baş verdiyi coğrafi məkan deyil. Azərbaycanın XIX əsrdən XX əsrə keçidinin kiçik bir ərazidə görünən mənzərəsidir.

Sovetləşmə, mülkiyyət və repressiya

Kitabın 1920–30-cu illərə aid materialları xüsusilə diqqətəlayiqdir. Yeni hakimiyyət qəsəbəyə yalnız başqa idarəetmə sistemi gətirmədi. İnsanların siyasi statusu, mülkiyyət münasibətləri, təsərrüfat forması, dinə və ənənəvi nüfuz sahiblərinə münasibət də dəyişirdi.
1925-ci ildə Boradigahda 114 nəfərin seçki hüququndan məhrum edilməsi bu baxımdan mühüm faktdır. Siyahıda alverçi, azançı, xan, molla, din xadimi, qolçomaq, kəndli və başqa kateqoriyalara aid edilmiş insanlar var.
Mənə görə, burada 114 rəqəminin özündən daha çox həmin təsnifat maraqlıdır.
İnsanın sosial mənşəyi, peşəsi, dini fəaliyyəti və mülkiyyət vəziyyəti artıq onun yeni siyasi sistemdəki hüquqi statusuna təsir edən meyara çevrilirdi. Buna görə XX əsrin repressiya tarixini yalnız sonrakı həbslər, sürgünlər və güllələnmələrlə başlamaq həmin prosesin əvvəlki mərhələsini görməmək olardı. Əvvəlcə insan müəyyən sosial-siyasi kateqoriyaya salınır, hüquqları məhdudlaşdırılır, sonrakı mərhələdə isə bu yanaşma daha sərt nəticələr doğururdu.
Bir qəsəbədən 114 nəfərin adının belə siyahıya düşməsi böyük siyasi prosesin lokal ölçüsünü göstərir. Dövlət siyasəti artıq abstrakt qərar deyil; konkret adamın seçki hüququna, sosial statusuna və gündəlik həyatına müdaxilədir.

Siyasi dəyişikliklərin iqtisadi tərəfini Boradigah Kredit Şirkətinin tarixində də görmək mümkündür.
1920-ci illərdə Boradigahda belə bir kredit qurumunun fəaliyyət göstərməsi özü maraqlı faktdır. Kitab şirkətin yalnız yaradılmasını qeyd etmir. Kreditlərin verilməsi, geri qaytarılmayan borclar, fəaliyyətlə bağlı dövrün mətbuatındakı tənqidlər və aparılmış araşdırmalar da izlənilir. Burada pul-kredit münasibətləri, fərdi təsərrüfat və yeni hakimiyyətin iqtisadi siyasəti bir-biri ilə kəsişir.

Bir neçə ildən sonra isə mənzərə kökündən dəyişir.
Fərdi təsərrüfatların yerini kollektiv təsərrüfat sistemi tutur. Kitabda Boradigah kolxozunun təsərrüfatlarının sayı, əhalisi, kənd təsərrüfatı alətləri, iş heyvanları, dövlətə verilmiş məhsul və kreditlər haqqında konkret məlumatlar təqdim olunur.
Bunlara kollektivləşmənin uğur göstəriciləri kimi deyil, dəyişmənin sürətini göstərən tarixi material kimi baxmaq daha doğru olar.
1920-ci illərdə kredit alan fərdi təsərrüfatların mövcud olduğu Boradigahla 1930-cu illərin kolxoz Boradigahı arasında böyük zaman məsafəsi yoxdur. Amma mülkiyyətə, əməyə, istehsal olunan məhsula və dövlətlə kəndli arasındakı münasibətlərə görə artıq iki ayrı iqtisadi mühitdir. Ayrı-ayrı fəsillərdəki faktları yanaşı qoyanda bu keçidin miqyası daha aydın görünür.

Təhsil və savadlılıqla bağlı materiallar da həmin dövrün sosial mənzərəsini tamamlayır.
Kitabda “Savad kursları”na ayrıca yer ayrılıb. Burada əsas məsələ sovet hakimiyyətinin savadsızlığın aradan qaldırılması kampaniyasına başlaması deyil. Bu, ümumi tarixdən məlumdur. Daha maraqlısı həmin siyasətin Boradigahda hansı real vəziyyətlə qarşılaşmasıdır.
Dövrün mətbuatından gətirilən məlumatlarda bir tərəfdən savad kurslarının təşkilini, digər tərəfdən gənclər arasında yazıb-oxumağı bilməyənlərin sayının hələ yüksək olduğunu görürük. 1938-ci ildə Boradigahda yeni məktəb binasının istifadəyə verilməsi də əvvəlki illərin savad göstəriciləri ilə birlikdə oxunanda daha dolğun məna qazanır.
Burada söhbət hansısa siyasi sistemin nailiyyətlərini sadalamaqdan getmir. Qarşımızda qəsəbənin real sosial vəziyyəti və onun zamanla dəyişməsi dayanır.

Müharibə: rəqəmlərin arxasındakı insanlar
1941-ci ildən sonra kitabın materiallarında başqa bir ağır dövr başlayır.
Boradigahdan və eyniadlı sovetliyə daxil olan yaşayış məntəqələrindən İkinci Dünya müharibəsinə 700 nəfərə yaxın adam yollanıb. Sücəddin Şərifov müxtəlif arxiv mənbələri üzrə araşdırma apararaq onlardan 624 nəfərin adını, doğum tarixini, döyüş yolunu, geri qayıdanları, qayıtmayanları və təltif olunanları müəyyənləşdirib.
Bu, müəllifin çəkdiyi zəhmətin miqyasını göstərən faktlardan biridir. Amma 624 rəqəmini yalnız hərbi statistika kimi oxumaq da doğru olmazdı.
1930-cu illərin kollektivləşməsini, siyasi təqiblərini və repressiyalarını yaşamış bir cəmiyyət bir neçə ildən sonra yüzlərlə insanını müharibəyə göndərir. Geri qayıtmayanların ailələri, yaralanıb dönənlər, uzun müddət xəbər gözləyənlər – bunlar həmin rəqəmin arxasında qalan insan taleləridir.
Müəllif yüzlərlə insanın məlumatını axtarıb tapmaqla böyük müharibənin Boradigahda qoyduğu izi rəqəmdən ada qaytarıb.
Kitabın XIX əsrdən XX əsrin ortalarına qədər olan hissələrini birlikdə oxuyanda diqqətçəkən bir ardıcıllıq yaranır.
XIX əsrin 30-cu illərində boradigahlıların adlarını kollektiv şikayət sənədlərində görürük. XX əsrin 20–30-cu illərində həmin qəsəbənin insanlarının adları artıq siyasi hüquqları məhdudlaşdırılanların, sosial mənşəyinə görə təsnif edilənlərin və repressiv siyasətin təsirinə düşənlərin siyahılarında qarşımıza çıxır. 1940-cı illərdə isə yüzlərlə boradigahlının adı hərbi sənədlərdədir.

Dövlətlər, hakimiyyətlər, siyasi sistemlər dəyişir. Böyük tarixin ağırlığını daşıyan isə yenə konkret insanlardır.
“Boradigah tarixi qaynaqlarda” kitabının mənə görə ən maraqlı tərəflərindən biri də budur.

Mən Masallının Ərkivan qəsəbəsində doğulmuşam. Boradigahla Ərkivan qonşudur, aralarında avtomobillə təxminən on dəqiqəlik yol var. Ona görə Boradigah mənim üçün xəritədə tanıdığım yaşayış məntəqəsi deyil. Uşaqlıqdan adını eşitdiyimiz, insanlarını tanıdığımız, gündəlik həyatımızda yeri olan qonşu qəsəbədir.

Bəlkə elə buna görə kitabın bəzi səhifələri mənə xüsusilə maraqlı gəldi.

İnsan yaxşı tanıdığını düşündüyü yerin keçmişi haqqında oxuyanda bəzən onu nə qədər az tanıdığını anlayır. Boradigahın yaxın keçmişini az-çox bilirik, böyük nəsildən eşitdiklərimiz də var. Amma XIX əsrin 30-cu illərində boradigahlıların kollektiv şikayətini, imperiya idarəçiliyi ilə yerli münasibətlərin necə kəsişdiyini, XIX əsrin kameral təsvirlərindəki Boradigahı, 1920-ci illərin kredit münasibətlərini, sovetləşmənin insanların hüquqi və sosial vəziyyətinə təsirini, repressiyaların və müharibənin konkret ailələrə necə gəlib çatdığını arxiv və dövr mətbuatı olmadan bu şəkildə bilmək mümkün olmazdı.

Boradigahın tarixi, əlbəttə, bu kitabdan əvvəl də yaşanmışdı. Sücəddin Şərifovun xidməti həmin tarixin müxtəlif mənbələrdə qalmış izlərini axtarıb tapmaqda, onları bir araya gətirməkdə və gələcək nəsillərin istifadə edə biləcəyi yazılı mənbəyə çevirməkdədir.
Zaman keçdikcə hadisələrin təfərrüatları unudulur, adlar və tarixlər qarışır, nəticədə mənbəyini müəyyənləşdirmək çətin olan xatirələr qalır. Arxivdəki sənəd də öz-özünə ictimai yaddaşa çevrilmir. Onu kimsə tapmalı, oxumalı, başqa məlumatlarla tutuşdurmalı və dövriyyəyə gətirməlidir.

Bu həcmdə materialın toplandığı əsərin bütün mövzuları, əlbəttə, bir məqalənin çərçivəsinə sığa bilməz. Kitabda Boradigahın toponimikası və qədim dövrü, dini həyatı, məscidləri və qəbiristanlıqları, ayrı-ayrı ailələri və şəxsləri, təhsil və səhiyyəsi, təsərrüfat və ticarət həyatı, müxtəlif siyasi dövrlərdə baş verən hadisələr haqqında çoxlu material var. Mən burada onların yalnız bir hissəsinə – XIX əsrdən XX əsrin ortalarına qədər qəsəbənin siyasi və sosial tarixini anlamağa imkan verən bəzi məqamlara toxundum.

Kitab həm də yeni araşdırmalar üçün xeyli sual qoyur.
XIX əsrin 30-cu illərində Boradigahda baş vermiş qarşıdurmanı Rusiya imperiyasının Lənkəran bölgəsindəki müstəmləkə idarəçiliyi və torpaq münasibətləri kontekstində daha geniş araşdırmaq mümkündür. XIX əsrin kameral təsvirləri qəsəbənin demoqrafik və sosial strukturunun dəyişməsini ayrıca öyrənməyə imkan verir. Boradigah Kredit Şirkətinin tarixindən 1920-ci illərin kənd iqtisadiyyatına çıxmaq olar. Sovetləşmə, kollektivləşmə və repressiyaların bir qəsəbənin sosial tərkibinə təsiri ayrıca tədqiqat mövzusudur. Müharibənin Boradigahın ailələrinə və sosial həyatına təsiri də yalnız cəbhəyə gedənlərin siyahısı ilə bitmir.
Bundan sonra Boradigahın müəyyən bir dövrünü, ailəsini və ya hadisəsini araşdırmaq istəyən adam sıfırdan başlamayacaq. Qarşısında müraciət edə, yoxlaya və başqa mənbələrlə müqayisə edə biləcəyi böyük material toplusu var.

Bir qəsəbənin sənədləri bəzən bütöv bölgənin tarixini anlamağa imkan verir. XIX əsrdə Rusiya imperiyasının müstəmləkə idarəçiliyi, XX əsrin əvvəllərinin siyasi təlatümləri, sovetləşmə, mülkiyyət münasibətlərinin zorakı şəkildə dəyişdirilməsi, siyasi repressiyalar və İkinci Dünya müharibəsi yalnız paytaxtlarda, hökumət qərarlarında və böyük siyasi hadisələrdə yaşanmayıb. Bunların Boradigah kimi qəsəbələrdə konkret insan talelərinə çevrilən tərəfi də var.

Sücəddin Şərifovun kitabının əhəmiyyətini mən burada görürəm.
Doğulduğu yerə bağlılıq müəllifi bu işə gətirib. Amma ortaya çıxan nəticə həmin bağlılığın çərçivəsindən daha genişdir. Müxtəlif ölkələrin arxivlərində, köhnə mətbuat səhifələrində, rəsmi sənədlərdə, siyahılarda və insanların yaddaşında səpələnmiş materialı bir kitabda toplamaqla o, Boradigahın keçmişinin böyük bir hissəsini yazılı tarixə çevirib.
Tarixin yaşanması ilə onun qorunması eyni şey deyil. Yaşananlar zamanla yaddaşdan silinə bilər. Yazıya alınan, sənədləşdirilən tarix isə sonrakı nəsillərin həmin keçmişə qayıtmasına imkan verir.

“Boradigah tarixi qaynaqlarda” kitabının mənim üçün ən böyük dəyəri də elə budur: Sücəddin Şərifov doğulduğu qəsəbənin keçmişini yaddaşın ümidinə buraxmayıb. Boradigahın tarixini yazmaqla Azərbaycanın böyük tarixinin həmin qəsəbədə qalan izlərini də bir yerə toplayıb.

AzPost.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Avqust 2026 10:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ramil Şeydayev Rusiya klubunda

23 Avqust 2026 01:44see265

İran ABŞ ın sanksiyalarına qoşulacaq ölkələrin neft ixracı marşrutlarını hədəfə ala biləcəyini açıqlayıb

23 Avqust 2026 01:52see254

Matviyenko Ermənistanın yeni spikerini belə təhdid edib: Əgər...

23 Avqust 2026 03:07see238

Beyləqan sakini bank əməkdaşı tərəfindən dələduzluğa məruz qaldığını iddia edir VİDEO

22 Avqust 2026 23:59see237

Zelenski Azərbaycan əsilli hərbçiləri təltif etdi

23 Avqust 2026 01:51see236

Bərdədə zəncirvari qəza 4 nəfər xəsarət aldı+Fotolar

22 Avqust 2026 22:11see190

Olduqca gərgin və maraqlı oyunun şahidi olduq Rəşad Sadıqov

23 Avqust 2026 01:08see182

Tramp administrasından Kanadaya gözlənilməz tələb Karni AÇIQLADI

23 Avqust 2026 02:53see182

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see174

Alimlər çəki artımını dayandıran maddə tapdılar

22 Avqust 2026 19:21see170

Keçmiş məktəb direktoru vəfat etdi

22 Avqust 2026 18:57see164

Efiopiyanın Baş naziri Sahibə Qafarova ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə edib

23 Avqust 2026 01:59see164

La Liqa klubunda yeni bombardir

23 Avqust 2026 00:51see163

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see163

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see161

“Trampın İrana hücum etməklə nümayiş etdirdiyi axmaqlıq bütün ölkələrin nüvə silahına sahib olmaq həvəsini artırdı...“

23 Avqust 2026 08:19see161

Tramp HƏMAS ın tam tərksilahına dair razılaşmanın əldə olunduğunu bəyan etdi

23 Avqust 2026 16:15see160

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see152

Trabzonspor Fabinyonu istəyir

23 Avqust 2026 16:17see152

Biz Türkiyə ilə eskalasiyada maraqlı deyilik İsrailli nazirdən AÇIQLAMA

23 Avqust 2026 01:04see151
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri