Bir şəkil, bir tarix
Icma.az, 525.az saytına istinadən bildirir.
Tarix bəzən illərlə yazılmır - bir anın içində çəkilən bir foto ilə yadda qalır. Bəzən bir şəkil minlərlə sözə, minlərlə xatirəyə, hətta insan taleyinə bərabər olur. Tarixin elə anları olur ki, təkcə bir cümlə, bir xatirə, bəzən isə sadəcə bir fotoşəkil bütöv bir dövrün ruhunu özündə daşıyır.
Bu gün muzeylərdə, sərgilərdə nümayiş olunan və çoxlarının yaddaşında "Səngərdə çəkilmiş foto" kimi qalan məşhur bir şəkil var. Səngərdə lentə alınan bu fotoda Ümummilli lider Heydər Əliyevin cavan zabitlə üz-üzə dayanıb danışdığı an əks olunub. O an ki, Vətənin taleyi, ordunun iradəsi və dövlətin əsgərə güvəni bir kadrın daxilində cəmlənib. Olduqca maraqlı alınan fotoşəkil diqqətimi cəlb etdi. Fotoşəklin tarixçəsini araşdırmağı, hətta videoreportaj hazırlamağı qərara aldım.
Ümummilli lider Heydər Əliyevin qarşısında duraraq sualları cavablandıran cavan zabitin Xaçmazdan olan döyüşçü Sabir Yusif oğlu Məmmədov olduğunu öyrəndim. Əldə etdiyim məlumatlardan bəlli oldu ki, Sabir Məmmədov Birinci Qarabağ savaşında cəbhəyə yollanaraq Vətənin müdafiəsində yaxından iştirak edib. 1992-ci ildən başlayaraq müxtəlif döyüş bölgələrində batalyon komandirinin müavini, qərargah rəisi kimi xidmət göstərib. Ön cəbhədə 5 il xidmətdən sonra 1997-ci ildə ordudan tərxis olunub. Uzun müddət Xaçmaz Poçt filialında mühəndis vəzifəsində çalışıb. Hazırda təqaüddədir. Sabir Məmmədovla telefon əlaqəsi yaratdım. Telejurnalist olduğumu bildirib səngərdə çəkilən həmin fotoşəklin tarixçəsi ilə maraqlandığımı bildirdim. Qarşı tərəfdən 68 yaşlı keçmiş döyüşçünün təmkinli səsini eşitdim. "O şəkil 1994-cü ildə Füzuli rayonunun Aşağı Veysəlli kəndi yaxınlığındakı səngərdə çəkilib", - dedi. 31 il əvvəl ölkə prezidenti ilə olan tarixi görüşün, həmin görüşü əks etdirən fotoşəklin onun xatirəsində unudulmaz iz buraxdığını bildirdi. Sabir kişiylə birlikdə həmin əraziyə getmək, şəklin çəkildiyi yerdən reportaj hazırlamaq fikrində olduğumu dedim. Amma təklifimin qəbul ediləcəyinə əmin deyildim. Düşünürdüm ki, yaşlı adamdır, uzaq yola çıxmağa bəlkə də razı olmayacaq. Həm də payızın son günlərində, havaların soyuq keçdiyi bir vaxtda. Bununla belə, həmin səngəri birlikdə tapa bilsəydik... Kişi təklifimi dinləyəndə bir qədər duruxdu. Deyəsən, kövrəldi də. Səsində həyəcan və sevinc xışıltısı hiss etdim. Sabir kişi tarixi Zəfərimiz nəticəsində azad olunan doğma torpaqlarımızı görməyin, döyüşdüyü ərazilərə qalib ölkənin vətəndaşı kimi qədəm qoymağın onun ən müqəddəs arzusu olduğunu bildirdi və təklifimi məmnuniyyətlə qəbul etdi. Sabahkı gün səhər tezdən Xaçmazdan Füzuliyə yola düşdük.
Yol boyu Sabir kişi müharibə xatirələrini yada salır, həmin unudulmaz görüşün baş tutduğu əraziyə çatacağımız məqamı səbirsizliklə gözləyirdi. "Zəfər yolu"nu görüncə Sabir kişi qürurlanırdı. Ətrafa diqqətlə, həyəcanla boylanır, işğaldan azad olunan, yeni inkişaf dövrünə qədəm qoyan ərazilərimizi sevinclə, fərəhlə salamlayırdı. Nəhayət, Aşağı Veysəlli kəndinin yaxınlığına gəlib çatdıq. Avtomobili saxladaraq tələsik düşən Sabir kişi sanki qanad açıb uçmaq istəyirdi. Ciyərdolusu nəfəs alan keçmiş döyüşçü ətrafa diqqətlə boylandı. Deyəsən, nəsə dedi. Hə, hə, başa düşdüm. Doğma torpağı, kəndi salamlayırdı. Amma kəndə tərəf yox, sarımtıl torpağı olan təpəlik əraziyə sarı addımlamağa başladı. Getdikcə addımlarını sürətləndirirdi. Operatorumla mən ona çata bilmirdik. Birdən Sabir kişi dayanıb dörd gözlə ətrafa boylandı. Əllərinin titrədiyini, dodaqlarının əsdiyini gördüm. Onun həyəcanı mənə də təsir edirdi. Kişi yenə qaçmağa başladı. Artıq qarşıda köhnə səngər görünürdü. Sabir kişi səngərə çatınca üzüqoylu yerə sərildi. Hönkürtü ilə ağlamağa başladı. Ona yetişdik, qollarından tutub bir qədər dikəltdik. Həyəcanlıdır. Təngnəfəsdir. Ayağa durmaq istəmir. Elə səngərin içindəcə yerə oturdu. Əl uzadıb bir ovuc torpaq götürərək yaş axan gözlərinə çəkdi. Dodaqları əsə-əsə qırıq-qırıq danışmağa başladı: "Buradır. Həmin səngərdir. Bax, bu səngərdə biz düşmənlə üz-üzə durmuşuq. Döyüşmüşük. Şəhidlər vermişik. Gənc bir əsgərim vardı. Bilirsən necə döyüşürdü. Əsl qəhrəman idi. Bu torpağa döyüş yoldaşlarımın qanı hopub. Bura mənim üçün müqəddəs yerdir. Bura mənim üçün pirdir. Bu səngər həm də bizi qələbəyə aparan yolun başlanğıcı oldu. Ulu öndər bu səngərə, bizimlə görüşə gələndə Vətənin taleyinin həqiqətən etibarlı əllərdə olduğunu hiss etdik. Döyüşən əskər yanında qüdrətli bir rəhbərin dayandığını görəndə döyüş, qələbə əzmi möhkəmləndi. Qollarına qüvvət gəldi. Bilirsən necə sevindik, necə qürurlandıq?"
Sabir kişi danışığını kəsib ətrafa boylandı. Səngər çoxdan istifadə edilmədiyindən hər tərəfi ot basıb. Divarların üstü yatıb. Keçmiş döyüşçü ayağa qalxıb hər döngəsinə, hər bucağına, hər daşına, kəsəyinə bələd olduğu köhnə səngər boyunca irəliləməyə başladı. Tez-tez əllərini səngərin divarlarına sürtürdü. Birdən dayanıb səngərin divarındakı bitkiyə diqqət yetirdi. Yarpağını dərib qoxladı: "Rəhbər mənimlə burada danışmışdı. Onda bu bitki təzəcə çiçəkləmişdi. Ətrafa da xoş ətri yayılmışdı".
Video-müsahibəyə başlamaq istəyirik. Telekameranı Sabir kişinin önündə işə salıb həmin görüşlə bağlı sual verdim. Bir neçə saniyə kişinin nitqi tutuldu. Bu təkcə telekameranın qarşısında yaranan həyəcan deyildi. Sabir kişi çox kövrəlmişdi. Nəhayət, özünə gəldi:
"Qanlı-qadalı cəbhə xatirələrim çoxdur. Amma mənim yaddaşıma həkk olunan hadisə Heydər Əliyevin cəbhəyə səfəri zamanı onunla səngərdə görüşməyimdir. Həmin görüş bax burada olmuşdu. 1994-cü ilin aprel ayı idi. Bizim heç nədən xəbərimiz yox idi. Heydər Əliyev yaxınlıqdan keçərkən avtomobildən düşdü və əsgər-zabitlərlə görüşdü. Sonra qarşı tərəfi diqqətlə müşahidə etməyə başladı. Elə səngərdəcə ayaq üstə zabitlərlə 40-45 dəqiqə ərzində müşavirə keçirdi, tapşırıqlarını verdi. Sonra birdən mənə yaxınlaşdı. Silahımı götürüb mənə suallar verdi. Yaşayış yerimlə, ailə vəziyyətimlə maraqlandı. 5 və 6 yaşlarında iki övladım olduğunu söylədim. Cəbhədən çox uzaqda yerləşən bir rayondan döyüşə gəldiyim üçün məni nümunəvi zabit kimi təqdim etdi. Sonra döyüş tapşırıqlarının icrası ilə maraqlandı. Həmin vaxt orada televiziya əməkdaşları, fotoqraflar vardı. Bax bu məşhur fotoşəkli də həmin vaxt fotoqraflardan biri çəkib".
Sabir kişi bunu deyib qoltuğundakı fotoşəkli çıxardı. Sanki ilk dəfə görürmüş kimi diqqətlə şəklə baxdı:
"O, bütün suallarının cavablarını diqqətlə dinləyir, təhlil edirdi. Döyüşçülərə olduqca qayğı ilə yanaşırdı. Heydər Əliyevin cəbhə bölgəsinə səfəri biz döyüşçülərdə böyük ruh yüksəkliyi yaratmışdı".
Bəli, o zaman səngərin soyuq torpaq divarları arasında olan bu isti görüş əslində bir millətin gücünü yaradan birlik anı idi. Heydər Əliyev onunla sanki illərin dostu kimi danışmışdı. Sabir Məmmədovun mətin görünüşü, inamlı cavabları isə Azərbaycan zabitinin, əsgərinin kimliyini, iradəsini, vətənə bağlılığını göstərirdi.
Prezidentin döyüşçü ilə səngərdə dayanması isə təkcə dövlət başçısının cəsarəti deyildi - bu, bütün Azərbaycan xalqına verilən mesaj idi: "Siz tək deyilsiniz!" Elə həmin an fotoaparatın düyməsi sıxılır. Bir saniyəlik işıq... Amma bu işıq bütöv bir tarixi nurlandırır.
O şəkil illər keçdikcə sadəcə sənəd olmadı. Həmin anın təsadüfi kadr kimi qənaətbəxş görünməsinə baxmayaraq, zaman keçdikcə bu fotoşəkil tarixi simvola çevrildi.
Bu şəkil ölkə başçısının döyüşən orduya, hər bir əsgərə olan diqqət və qayğısını əks etdirirdi.
Bu şəkil dövlət və ordu birliyinin təcəssümü idi.
Bu şəkil cəbhə həyatının reallığını əks etdirirdi.
Hər kəs həmin kadra baxanda bu həqiqəti duydu: Bir xalqın gücü onun əsgərində, əsgərin gücü isə dövlətindən aldığı dəstəkdədir.
1994-cü ilin səngərində çəkilən fotodakı lider baxışları, döyüşçü siması o ağır illərin içində belə sönməyən ümidin rəmzi idi. O foto əslində, gələcək Zəfərimizin ruhsal təməl daşlarından biri idi. O vaxt çəkilən kadrda görünən iradə, birlik, əzmkarlıq, əminlik - illər sonra qüvvətli bir yumruğa çevrildi. "Dəmir yumruq" 2020-ci ilin 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun qarşısıalınmaz gücünə, xalqın sonsuz birliyinə, dövlətin qətiyyətinə çevrildi. Bu görüşlə tarixi Zəfərimizin möhkəm təməli quruldu. Ümummilli lider ölkədə ordu quruculuğunu möhkəmləndirdi. Qüdrətlənən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin böyük siyasi əzmi və uzaqgörən sərkərdə rəhbərliyi altında torpaqlarımızı işğaldan azad etməklə ərazi bütövlüyümüzü bərpa etdi. Biz tarixi Zəfər qazandıq:
"Mən xoşbəxtəm ki, Ümummilli liderlə görüşüb söhbət etmək qismətim olub. Bu görüş qanlı-qadalı cəbhə gündəliyimin ən isti xatirəsidir. Çox-çox sonralar, rayonumuzda Ulu öndərlə bağlı foto-stend hazırlayarkən ilk dəfə onda qarşıma çıxmışdı bu şəkil... Hə, yaxşı oldu buraya gəldik. 31 il əvvəl bu səngərdə olan görüşü sanki yenidən yaşadım".
Müsahibəni bitirdik. Səngərə son dəfə baxıram. Düşünürəm ki, bir fotoşəklin doğurduğu hekayə indi daha böyükdür: xalqın Zəfəri, dövlətin gücü, əsgərin qəlbi, gələcəyin yolu.
Biz səngərdən ayrılıb quruculuq meydanına tərəf addımlayanda artıq anlayıram ki, o fotoşəkil sadəcə tarix deyil - bir vəsiyyətdir. Şəhidlərin qanı ilə möhürlənmiş bir vəsiyyət. Və bu torpağın üzərində ucaldılan hər yeni bina, çəkilən hər yol, açılan hər qapı o vəsiyyətə verilən cavabdır. Zəfərin qiyməti isə yalnız qürurda deyil - onu yaşadan əllərdədir.
Mən, operatorum və Sabir kişi irəliyə doğru addımlayırdıq. Birdən üçümüz də eyni anda dayandıq. Qarşımızdakı yüksəklikdə ucalan bayraq vüqarla dalğalanırdı - üçrəngli Azərbaycan bayrağı!
Ramiz RAMAZANLI
İctimai Televiziyanın bölgə müxbiri
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 27 Noyabr 2025 15:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















