Tarix yazan Generalımız: Siz şəhid olanda söz vermişdim ki, qisasınız alınacaq. Bunu hesab edirəm, bacardıq!
Turkstan.az-dan alınan məlumata görə, Icma.az bildirir.
Mən adətən az danışan, daima oxuyub-araşdıran və yekunda bütün bildiklərimi beynimdə analiz eden xarakterə sahib biriyəm. Bir çoxlarına gõrə kənardan õzünə qapalı, zəhmli, sərt xasiyyətli təsiri bağışlasam da, əslində belə deyil.
Xidməti vəzifələrimin icrası zamanı mən öz şəxsi mənafeyimi, hisslərimi kənara qoyub tutduğum vəzifənin tələblərini həyata keçirirəm. Mənim missiyam həm múqəddəs, həm təhlükəli, həm də məsuliyyətlidir. Bu inamı qazanmaq, bu inamı doğrultmaq heç də asan başa gəlmir.
Döyüşçü yetişdirmək!
Bu qısa cümlənin arxasında illərin zəhməti, təcrübəsi, qayğısı, narahatlığı dayanır.
Mən təkcə hərbi bacarıqlarımla deyil, şəxsi keyfiyyətlərimlə də tabeçiliyimdə olanlara númunə olmağa çalışırdım.
Nə qədər soyuqqanlı və təmkinli olmağa çalışsam da, torpaqlarımızın işğalı, soydaşlarımızın öz doğma yurd-yuvalarından qaçqın düşməsi, mülki insanlarımızın, xüsusən də qadín və körpələrimizin əsir düşməsi, işgəncələrə məruz qalması məni çox sarsıdırdı. Yağı düşmənə qarşı nifrət, qisas hissim daha da artırdı.
Bir gün mütləq bunların əvəzini çıxacaqdım. O böyúk gúnə inamım hər gün daha da artırdı.
General-polkovnik Hikmət Mirzəyev

Bəli... Döyüşçü yetişdirmək çətin və məsuliyyətli işdir. Həm də sənə mane olan, hər addımda vurmağa çalışan, səni gözü götürməyən bəzi yüksək rütbəli zabitlərə rəğmən döyüşçü yetişdirmək çox çətindir! Hələ də kəşfiyyatçı, xüsusi təyinatlı yetişdirmək ikiqat çətindir!
Və... Bu çətinliyin öhdəsindən gələn adamdır, XTQ-ni yaşadan, xüsusi təyinatlıları göz bəbəyi kimi qoruyan, imkansızı mümkün edən zabitdir, məğlubiyyət acısını 30 il sonra elə bu qüvvələrlə qələbə sevinci ilə əvəz edən sərkərdədir Hikmət Mirzəyev!
Birinci Qarabağ müharibəsindən Vətən Müharibəsinə qədər ağır döyüş yolu keçən, daim düşmən arxasında əməliyyatlar aparan, dəfələrlə yaralanıb, (hətta son dəfə ağır yaralanır, Heydər Əliyev onu Türkiyəyə qospitala göndərməli olur) sağaldıqdan sonra yenidən xidməti vəzifəsinə, əsgərlərinin yanına geri dönən qazi Generalımızdır Hikmət Mirzəyev!
Qələmi ilə yüzlərlə savaşa istiqamət verən və dünya tarixində bir çox liderə ilham qaynağı olan strateq və çinli alim, ən qədim savaş strategiyası kitabı sayılan "Savaş sənəti" əsərinin müəllifi Sun Tzu kəşfiyyatçıları belə xarakterizə edir: "Kəşfiyyatçılar görünən cəbhənin görünməyən döyüşçüləridir. Və onlar ordunun görən gözləri, eşidən qulaqları, vuran əlləridir. Onlar ən cəsur və ağıllı insanlardır. Kəşfiyyatçıların gətirdiyi məlumatların hesabına düşmənin bütün niyyətini əvvəlcədən bilmək mümkündür. Düşmənin niyyətini əvvəlcədən bilən isə faktiki olaraq tanrı kimi hərəkət edir".
Sun Tzunun bu fikirlərini oxuduqca Murad Mirzəyevdən Pəncəli Teymurova, Mehrab Niftəliyevdən Camal İsmayılova qədər bütün qəhrəmanlarımız keçdi gözümün önündən... 44 günlük müharibənin memarı olan bu igid kəşfiyyatçılar ordusunu yaradıb canı, qanı bahasına qoruyan, heç vaxt özünü gözə soxmayan, daha çox arxada, gizlində qalmağı seçən, təşəkkür alanda belə, "mənə deyil, igidlərimə təşəkkür edin, təşəkkür onların haqqıdır" deyən, güclü strateq olmasına baxmayaraq qələbəni şəhidlərimizin əsəri sayan təvazökar Generalımızdır Hikmət Mirzəyev!
İstər təlimlərdə, istərsə də döyüşlərdə əsgərlərdən özünü ayırmayan, əsgəri ilə birgə aclığa da, susuzluğa da birgə dayanan, dözən, quru peçenyesini belə əsgərlərlə yarı bölən, istər hərbi hissədə, istər təlimdə, istərsə də döyüş meydanında əsgərinə təkcə komandir deyil, həm də ata olmağı bacaran zabitdir Hikmət Mirzəyev!
"Komandanı biz təkcə zabit kimi sevmirdik. Onu həm də insani xüsusiyyətlərinə görə çox sevirdik. Hərbi şəhərcikdə gəzəndə həmişə başını aşağı salıb gəzərdi. Heç kimin üzünə baxmazdı ki, ailəsi ilə onun yanından keçən əsgər ona hərbi salam vermək məcburiyyətində qalmasın. Çox vaxt da yolu dəyişirdi ki, bizimlə üz-üzə gəlməsin. Bərbərdə falan növbə olanda da heç vaxt izn verməzdi ki kimsə ona növbəsini versin. Mütləq öz növbəsini gözləyərdi. Bizi də bu əxlaqla, bu tərbiyə ilə yetişdirdi" deyir əsgərlərindən biri....
XTQ-nin baş giziri olmuş əfsanəvi snayperi, Vətən Müharibəsi qazisi Famil Fərəcovun xatirələrindən: "Aprel döyüşlərindən çox əvvəl biz bir əməliyyata girdik. Əməliyyat tapşırığı böyük uğurla icra olundu. Qayıtdıqdan sonra komandirimiz Murad Mirzəyev Generala məruzə etmişdi. Az sonra General özü bizimlə görüşdü. Bizə hədiyyələr verdi. Və çıxış edərək dedi ki, "Allah mənim ömrümdən alıb, sizin ömrünüzə qatsın ki, daha çox düşmən məhv edəsiz"... Bu söz bizi təsirləndirmişdi... "
Generalı əsgərlərinə sevdirən hansı xüsusiyyəti idi deyə soruşsalar, elə bu sadəliyi, yüksək mənəvi keyfiyyətləridir deyərdim...
Generalımıza orta məktəbdə riyaziyyat fənnini tədris edən Teyyub Muradlının xatirələrindən: "Cənab Generala mən 7 ci sinfdə oxuyarkan dərs deməyə başlamışam. Müəllim stolundan solda 3- cü sirada səhv etmirəmsə, 3-cü partada otururdu.
Qalın qaşları və gələcəyə nikbin baxan baxışları var idi. Mən onun riyaziyyat müəllimi idim və mənim fənnimdən 4 alırdı. Bu qiymət həm onu, həm də məni qane edirdi, bilirdim ki, hərbi məktəbə hazırlaşir. Bu işdə ona hərbi müəllim Hikmət Əliyev bütün əməyini sərf edirdi. Onun əxlaqı və tərbiyəsi qibtə olunacaq dərəcədə yüksək idi.
Məhz buna görə həm müəllimlər, həm də şagirdlər tərəfindən sevilməyə layiq idi. Özünə inamı və aldığı təhsil onun arzusuna çatmağının mayakı oldu. Bütün parametrlərə görə əsl Şəxsiyyət olan General hazırkı səviyyəyə layiq idi və onu fəth etdi. Generalın qəhrəmanllqları haqqında yazmağa ehtiyac duymadım, çünki onu nəinki xalqımız, bütün dünya bilir. Bir müəllimi olaraq onunla fəxr edir və üzun ömür arzulayıram. Hesab edirəm ki, General haqaında şair və yazarlarımız üçün tükənməz mövzular var. Onu da qeyd edim ki, müəllimi olaraq mən Generala həsr etdiyim 4 şeirin müəllifiyəm."
XTQ mənsublu şəhidimiz Ruslan Qəhrəmanovun atası Mehman Qəhrəmanov deyir: "Hikmət Mirzəyevin üzündəki hər qırışda yetişdirdiyi igidlərin xatirəsi var. İllərlə əziyyət çəkib yetişdirdiyi bu gənclərin yoxluğu ilə barışa bilmirdi General. Onun çəkdiyi mənəvi əzabları, əziyyətləri görməmək üçün kor olmaq lazımdır. Mən onu ağır yaralanıb xəstəxanada müalicə alanda da görmüşəm, oğlumla görüşə gedəndə də, oğlum şəhid olduqdan sonra da... Necəki öz döyüşçülərinə qarşı qayğıkeş idi, eləcə də, onlar şəhid olduqdan sonra ailələrinə qarşı da eyni münasibəti göstərdi. Bizi diqqətsiz qoymazdı. Ruslan şəhid olandan sonra da tez-tez əlaqə saxlayar, maraqlanardı bizimlə... "
Generalın əsgərinə verdiyi dəyəri 2023-cü il, mayın 7-də qəhrəman kəşfiyyatçımız Pəncəli Teymurovun məzarını və ata ocağını ziyarət edərkən şəhidin ev muzeyindəki xatirə dəftərinə yazdığı sətirlərdən də aydın görmək olur: "Dəyərli dostum, silah qardaşım! Bu gün sənin şəhadətindən sonra yetişdirdiyim xidmət yoldaşlarınla hüzurundayıq. Onlar da sizin kimi qəhrəmanlıq səlnaməsi yazdılar. Vətən Müharibəsində və sonrakı əməliyyatlarda. Mən buna görə səni, sizləri təbrik edirəm belə qəhrəman uşaqlara görə, bilirsən nə üçün? Hesab edirəm ki, sizlərin qəhrəman ruhunuz onları yetişdirməkdə mənə kömək oldu. Səni unutmamışam, heç unutmadım. Siz şəhid olanda söz vermişdim ki, qisasınız alınacaq. Bunu hesab edirəm, bacardıq. Xocalını alıb, səni ziyarət edəcəm. Hər şeyə görə çox sağ ol! Sən bizim qəhrəmanımızsan!"... Generalın əlyazmasından bacardığım qədər köçürdüyüm bu sətirləri oxuduqca bir komandirin əsgəri haqqında deyil, sankı atanın öz övladı haqqında yazdığı sətirləri oxuyurdum... O zəhmli simanın altında necə böyük ürək, kövrək hislər gizlədir bu adam İlahi!
"Səni unutmamışam... Heç unutmadım!" - Məncə General heç bir əsgərini unutmayıb, yaddan çıxartmayıb. Onun ilk əsgərlərindən olan Əhməd Əliyev yazır: "Mən Generalın ilk əsgərlərindən idim. Bizi sevərdi. Onda çox gənc idi. Bütün təlimlərdə tapşırıqları bizimlə birgə yerinə yetirirdi. Biz onun birbaşa yetişdirdiyi əsgərlərdən idik. Bir dəfə təlimə gedərkən çəkmə ayağımı yara eləmişdi. Yanlma gəlib mənə tibb məntəqəsinə getməyi tapşırdı. Dedim ki, Komandir, mən dözmək istəyirəm. Xüsusi təyinatlı olmaq üçün indidən özümü alışdırmalıyam. Sonra mən cəbhə bölgəsinə yollandım. Onun keçdiyi təlimlər sayəsində həyatda qaldım. Cəbhədən qayıtdıqdan sonra uzun müddət görüşə bilmədim. Və bir gün tale bizi yenidən qarşılaşdırdı. Mən onu tanıdım, o məni tanımaz sandım. Amma tanımışdı. Ən doğma adamına sarılırmış kimi sarıldı mənə... Sonra eşitdim ki, ona bizim haqqımızda sual veriblər, hamımızı xatırladığını, heç birimizi unutmadığını deyib"...
General Quru Qoşunlarının Komandanı olanda ondan gözləntilər də çox idi. Haqsızlığa məruz qalanlar xüsusilə sevinirdi bu təyinata. Və... Bu sevinc özünü çox keçmədi ki doğrultdu. Xidmətdə olan zabitimiz yazır: "Adamım, pulum yox idi deyə 10 ildi dağlarda çürüyürdüm. Eyni vəzifədə paşam əziyyətimə görə yuxarı vəzifə, rütbə verdi və dağlardan düşürtdü..."
Belə mesajlar onlarladır... Hər mesajda Generala sevgi, güvən, inam var... "Mən fəxr exirəm ki, onun yetirməsi olmuşam" sözündə o qədər fərəh hissi var ki, o sevgini görməmək mümkün deyil.
Bilirəm ki, Generalın sevmədiyi cəhətlərdən biri də onu çox tərifləməkdir. Zatən onun buna ehtiyacı da yoxdur. Bütün fəaliyyəti, bütün xidməti ilə Ali Baş Komandan İlham Əliyevin dediyi "Şuşa Sən Azadsan!" nidasında cəmlənən Generaldır Hikmət Mirzəyev!
Yazını Generalın öz fikirləri ilə başladığım kimi elə öz fikirləri ilə də yekunlaşdırıram. Bu dəfə eyni şəhərdə doğulub böyüdüyü, bütün dünyaya Azərbaycanın mübarizlik əzmini göstərən Milli Qəhrəmanımız Mübariz İbrahimov haqqında danışır Generalımız:
"Mübariz həm özümüzə, həm də dünyaya əsl Azərbaycan xarakterini göstərdi. O, çox insanın, xüsusilə gənclərin öz milli dövləti haqqında dərindən düşünməsində, özümüzü tanımağımızda, cənab Ali Baş Komandanımızın illərlə düşünüb hazırladığı müqəddəs müharibə planının yerinə yetirilməsində xüsusi rol oynadı. Bir amal uğrunda birləşərək millətimizin həyatında çox vacib bir missiyanı yerinə yetirdik. Vətən müharibəsini qələbə ilə başa vurmağımızda Mübarizin mənəvi rolu, payı danılmazdır. Mübariz möhkəm inama, inanca və sarsılmaz ideyalara malik bir Azərbaycan döyüşçüsünün simasıdır".
Doğum gününü 4 ildən bir qeyd edən Generalım! Qalib xalqın nümayəndəsi kimi başıuca gəzdiyimiz hər gün Sənin doğum günündür mənim üçün... Bizim üçün... Səni bizə verən Allaha şükürlər olsun! Yaxşı ki varsan! Yaxşı ki, varımızsan! Hər zaman var ol, fəxrimiz, qürurumuz, Əziz Generalımız!
Dərin hörmət və sevgi ilə:
Sevinc Bəhmənli










