Tarixin axarını dəyişən LİDER TƏHLİL
Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan xalqı o mətin, mübariz xalqlardandır ki, üzləşdiyi hər bir çətinliyə, problemlərə, böhranlı vəziyyətlərə sərt və qəti mübarizəsi ilə sinə gərib. Xalq milli faciələrlərlə, böyük ürək dağlayan dağıntılarla üzləşsə də nəhayət üzləşdiyi çətinlikləri, hətta qarşılaşdığı işğal faktlarını aradan qaldırmağı bacarıb. Bu baxımdan Azərbaycan xalqı dünya miqyasında sayılan-seçilən ən qüdrətli, mübariz xalqlardan hesab edilir. Məhz bu mübarizliyi, qətiyyəti hesabına öz dövlət müstəqilliyini qurmağı bacarıb. Təəssüf ki, 1918-1920-ci illərdə qurulan dövlətçiyin ömrü 23 ay çəksə də, ötən əsrin 90-cı illərində qurulan dövlət müstəqilliyin ömrü əbədi olacağı şübhəsizdir. Düzdür, 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etməsindən sonra bəzi daxili və xarici məkrli dairələr müstəqilliyin məhv edilməsi üçün genişmiqyaslı hərəkətə keçmişlər. O dövrdə ölkəmizdə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran baş alıb gedirdi. Digər tərəfdən isə Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın deyil, ayrı-ayrı qüvvələrin maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalına səbəb olmuşdu. Belə bir çətin məqamda xalqın böyük əksəriyyətinin istəyinin ifadəsi kimi 91 nəfər ziyalının Ulu Öndər Heydər Əliyevə “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciəti ölkəmizin bugünkü inkişafı üçün möhkəm təməl oldu. Belə ki, həmin müraciətdə bir daha qeyd olunmuşdur ki, indiki vəziyyətdə bu çətin, məsuliyyətli işi respublikada öz öhdəsinə götürməyə qadir yeganə şəxs Sizsiniz: “Uzun illər əldə etdiyiniz dövlət quruculuğu təcrübəsinə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütləsini əhatə eləyəcək çox güclü, nüfuzlu və işlək bir partiya yaratmağa qadirsiniz”.
Azərbaycanın hər bir uğurunda payı olan partiya
Ulu Öndər Heydər Əliyevin “91-lər”in müraciətinə “Yeni, müstəqil Azərbaycan uğrunda” cavabı itirilən ümidlərin bərpa olunacağına inam yaratdı. “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması “obyektiv zəruriyyətdən doğur” söyləyən ulu öndər Heydər Əliyev belə bir əminliyi də ifadə etmişdir ki, belə partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək yeni müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində tarixi rol oynaya bilər. 1992-ci il noyabrın 21-də təsis konfransını 550 nümayəndənin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyasının sıralarında hazırda 850 minə yaxın üzv birləşib. Partiyanın hər bir üzvü Dahi Öndər Heydər Əliyev ideyalarının, Onun siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin təbliğatçısıdır. Ulu öndər Heydər Əliyevin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” tezisi bütün dövrlərdə partiyanın yoluna işıq salır, onun hədəflərini açıqlayır. Azərbaycanın hər uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Tarixə qısa nəzər salsaq, məlum olar ki, Yeni Azərbaycan Partiyası 1993-cü ildən prezident, parlament, bələdiyyə seçkilərində uğur qazanmasını əsas səbəbi xalqın Ulu Öndər Heydər Əliyev siyasətinə bağlı olması, Prezident İlham Əliyevin xeyirli, gərəkli fəaliyyətinə yüksək qiymət verməsidir. Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, əməlimiz, işlərimiz, verilən sözlərə sadiqliyimiz Yeni Azərbaycan Partiyasının nüfuzunu artırır, Azərbaycanın siyasi səhnəsində yeganə ciddi siyasi qüvvəyə çevirir.Yaranandan cəmi 6 ay sonra iqtidar partiyasına çevrilən YAP dövlətə, xalqa xidmət missiyasını Azərbaycanın davamlı inkişafına, əhalinin sosial müdafiəsinin daha da yaxşılaşdırılmasına verdiyi töhfələri ilə nümayiş etdirir.
Tarixi yaradan və yaşadan lider
1993-cü ildə Dahi Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının həyatında yeni bir mərhələnin təməlini qoydu. Ümummilli Lider uğurlu daxili və xarici siyasəti ilə ölkədə sabitlik yaratdı. Bu reallıq bir daha diqqətə çatdırıldı ki, sabitlik olmadan hansısa sosial-iqtisadi proqramların icrasından danışmaq qeyri-mümkündür. Ulu öndər Heydər Əliyevin gərgin səyləri nəticəsində 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəs sazişinin imzalanması həm ölkədə sabitliyin yaradılmasına, həm də digər sahələrdə uğurlu addımların atılmasına yol açdı. Məhz həmin ilin sentyabrın 20-də tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişi imzalandı. “Əsrin müqaviləsi” yeni neft strategiyası Xəzərin Azərbaycan sektorunda 15 ölkənin, 33 iri neft şirkətinin iştirakı ilə 22 neft-qaz müqaviləsinin imzalanmasına səbəb oldu. Bununla Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının əsası qoyuldu. Azərbaycana artan inam ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmində, həmçinin imzalanan saziş və Anlaşma Memorandumlarının sayında da özünü qabarıq şəkildə büruzə verdi. Bu gün fəxrlə qeyd etdiyimiz uğurlarımızdan biri budur ki, tarixən neft ölkəsi kimi tanınan Azərbaycan, həmçinin qaz ixracatçısıdır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz layihələrinin uğurlu icrası nəticəsində Azərbaycan regionun aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə yaratdığı Dövlət Neft Fondunun vəsaitləri hesabına bu gün biri-birindən əhəmiyyətli sosial-iqtisadi layihələr həyata keçirilir ki, onlar da ümumilikdə ölkənin hərtərəfli inkişafını təmin edir.
Azərbaycanın inkişafında yeni mərhələ
Ulu Öndərimiz Heydər Əliyevin böyüklüyü, dahiliyi həm də onda idi ki, O, ölkə Prezidenti İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirmidir. Ötən 22 il ərzində sosial, iqtisadi sahədə əldə olunan uğurlar, xüsusilə də 30 il erməni işğalı altında olmuş torpaqlarımızın azad edilməsi Prezident İlham Əliyevə olan inam və etimadın ən yüksək səviyyədə doğrulduğunu təqdiqləyir. Ölkə Prezidenti İlham Əliyev Ulu Öndərimizin başlatdığı bütün işləri yüksək səviyyədə davam etdirmiş, qarşıya qoyulmuş hədəflərə çatdırmış, Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkşafı ilə seçilən Qalib bir dövlətə çevirmiş, Ata vəsiyyətini yerinə yetirmişdir. Xatırlatmaq lazımdır ki, Ulu Öndər Heydər Əliyev 1 oktyabr 2003-cü ildə prezident seçkiləri ərəfsində Azərbaycan xalqa müraciətində demişdir: “Üzümü Sizə- həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Ulu öndər Heydər Əliyevin xalqımızın, cəmiyyətimizin milli inkişafına yönəlmiş müstəqillik konsepsiyasını yaradıcılıqla davam və inkişaf etdirən Prezident İlham Əliyevin milli inkişaf konsepsiyasının başlıca qayəsi ölkədə demokratik transformasiya proseslərinin yaxın müddətdə başa çatdırmaq, vətəndaş cəmiyyəti strukturlarının və təsisatlarının formalaşmasına başlamaq səyləri ilə həyata keçirilən “sabitlikdən inkişafa doğru” ideyasıdır. Ölkə Prezidentinin əzmkar fəaliyyətini qeyd edərkən ulu öndərin bu müdrik sözləri yada düşür: “Sizi əmin edirəm ki, Azərbaycan xalqı indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın dövlətçiliyinin, müstəqilliyinin, Azərbaycan xalqının milli azadlığının keşiyində duracaq və bu müstəqilliyi cəsarətlə qoruyub saxlayacaqdır”.
30 illik erməni işğalına son qoyaraq ərazi bütövlüyünmüzü bərpa edən, dünyanın ən mötəbər beynəlxalq forumlarına ev sahibliyi edən, qlobal kataklizmlərlə çalxalanan regionda multikultiralizmin qalasına çevrilən, sosial-iqtisadi və hərbi cəhətdən gündən-günə inkişaf edən müstəqil Azərbaycan bu gün hamımızın qürur mənbəyidir.
Son 22 ildə həyata keçirilən təkmil islahatlar
Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyev Azərbaycanın sosial-iqtisadi inkişafına paralel gedən demokratikləşmə proseslərini bir-birindən təcrid olunmuş şəkildə götürmədən hər iki xətti Azərbaycanın gələcək yüksəlişinin vahid istinad nöqtəsi kimi əsaslandırır. Prezidentin bu barədə irəli sürdüyü fikirlər təkcə Azərbaycanın yox, ümumilikdə demokratiya yoluna yenicə qədəm qoymuş bütün müstəqil ölkələrin gələcək inkişafının təməl prinsipi kimi tətbiq edilə bilər. "Ölkədə həm siyasi, həm də iqtisadi sahədə islahatlar cəsarətlə aparılır. Mən tam əminəm ki, siyasi və iqtisadi islahatlar, iqtisadi yüksəliş və demokratikləşmə prosesləri bir-birini tamamlamalıdır və paralel şəkildə həyata keçirilməlidir. Əks təqdirdə, iqtisadi durum yaxşılaşmasa, bizim iqtisadi planlarımız həyata keçməsə, təbii ki, Azərbaycanda tam şəkildə demokratik cəmiyyətin qurulmasından söhbət gedə bilməz" - deyən Prezident İlham Əliyev haqlı olaraq bəyan edir ki, hər hansı ölkənin inkişafı heç də təbii sərvətlərin zənginliyi ilə deyil, demokratikləşmə proseslərindən, qanunun aliliyinin qorunmasından, vətəndaş cəmiyyəti təsisatlarının inkişafından asılıdır.
Azərbaycan Prezidenti İlham Əliyevin son 22 ildə həyata keçirdiyi təkmil islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir. Neft siyasətinin məntiqi davamı olaraq iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımların uğurlu nəticəsidir ki, bu gün ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını qarşıya mühüm vəzifə kimi qoydu, “neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürdü. Bu günümüzün reallıqları bu məqsədin artıq gerçəklik olduğunu təsdiqləyir. Təbii ki, enerji sektorunda da uğurlarımız davamlıdır. Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, “Yeni əsrin müqaviləsi” nin imzalanması və sair kimi biri-birindən əhəmiyyətli hadisələr Azərbaycanın dünyanın enerji təhlükəsizliyində yeri və rolunu möhkəmləndirir. “Əsrin müqaviləsi”nin 2050-ci ilədək uzadılması ölkəmizin etibarlı və stabil inkişaf edən dövlət kimi bütün dünyada nüfuzunun yüksəlməsi, əhalimizin rifahının təminatı baxımından böyük strateji əhəmiyyəıt daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılması Azərbaycanın Avrasiyanın geosiyasi nəqliyyat mərkəzinə çevrilməsi yolunda atılmış ən mühüm addımdır. Milyondan artıq sərnişin, 17 milyon tondan artıq yük daşınması Azərbaycanın Cənubi Qafqazın iqtisadi, siyasi mərkəzinə çevrilən dövlət olduğunu təsdiuqləyir.
Bütöv və qüdrətli Azərbaycan
2020-ci il Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. Sentyabrın 27 –də başlayan 44 günlük Vətən müharibəsi ilə 30 il işğal altında olmuş torpaqlarımızın erməni işğalından azad edilməsi Azərbaycan Prezidenti, Yenilməz Sərkərdə, Ali Baş Komandan İlham Əliyevin ata vəsiyyətini yerinə yetirməsidir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. 2020-ci ildə Müzəffər Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyünü bərpa etdi, müqəddəs Qarabağımız işğaldan azad olundu. Bu ilin sentyabrın 19-20-də isə keçirilən antiterror tədbirləri ilə Azərbaycan Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. 23 saat 44 dəqiqəlik əməliyyatla separtizm ləğv olundu, terrorçu ideoloqlar həbs olunaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verildi. Söz yox ki, onları xalqımıza qarşı törətdikləri cinayət əməllərinə görə layiq olduqları cəza gözləyir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qarabağın incisi olan Şuşanın işğaldan azad olunması müjdəsini Azərbaycan xalqına çatdırarkən demişdir: “Mən bu gün, eyni zamanda, Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, Onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”. Bu gün artıq tam şəkildə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Noyabrın 8-də tarixi zəfərin 3 illiyi dönəmində Xankəndi şəhərində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə hərbi paradın keçirilməsi bütün dünyaya Azərbaycanın ən güclü və qüdrətli dövlət olduğunu göstərdi. Bu güc və qüdrət Azərbaycanın getdiyi yolun, həyata keçirilən siyasətinin bəhrəsidir. Təbii ki, yol dəyişməzdir, aparılan siyasətin fərqli məcraya yönəldilməsi mümkünsüdür. Çünki Azərbaycan xalqına xoşbəxtlik, sosial rifah, iqtisadi inkişaf, hərbi zəfər bəxş edən siyasətin bünövrəsini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev qoyub. Nə qədər Azərbaycan xalqı və dövləti var, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və Onun ideyaları da yaşayacaq.
İLHAM ƏLİYEV


