Icma.az
close
up
RU
Teatr muzey deyil, canlı orqanizmdir

Teatr muzey deyil, canlı orqanizmdir

Icma.az, 525.az saytına istinadən bildirir.

Gümrah Ömər müasir Azərbaycan teatr məkanında yeni estetik axtarışları və aktyor mərkəzli səhnə düşüncəsi ilə seçilən rejissorlardandır. Onun yaradıcılığı xüsusilə son illərdə teatr mühitində formalaşan yeni rejissor nəslinin istiqamətini müəyyənləşdirən mühüm yaradıcılıq xətlərindən biri kimi qiymətləndirilir. O, İrəvan Dövlət Azərbaycan Dram Teatrının baş rejissoru, "Yuğ" Teatrı estetik məktəbindən keçmiş sənət adamı, Vaqif İbrahimoğlunun tələbəsi və teatr pedaqoqudur. Onun yaradıcılığında səhnə yalnız tamaşa məkanı deyil, mətnin, yaddaşın və dilin yenidən oxunduğu bir məkandır.

Gümrah Ömər ilə bu söhbətimizdə teatr, tərcümə və ədəbiyyatın kəsişmə nöqtələrindən danışmışıq.

- Gümrah müəllim, İrəvan Dövlət Teatrının baş rejissoru olmaq sizə görə nə deməkdir?

- Bu, sadəcə bir vəzifə deyil, hər şeydən öncə böyük bir mənəvi məsuliyyətdir. İrəvan Teatrı bizim qədim mədəniyyət ocağımız, itirilmiş torpaqlarımızın diri qalan ruhudur. Burada baş rejissor olmaq - o ruhu qorumaq, didərgin düşmüş bir sənət məbədini Bakıda və dünyanın hər yerində ləyaqətlə təmsil etmək deməkdir. Bu teatr mənim üçün tarixi bir yaddaşın müasir səhnə dilinə çevrildiyi məkandır.

Bizim istedadlı və çalışqan bir kollektivimiz, özünü təsdiq etməyə can atan gənclərimiz var. Ən əsası isə odur ki, heyətimiz düşüncə baxımından azaddır, müasir tendensiyalara açıqdır və hətta yeni üslublarda, fərqli estetikada çalışmağa böyük maraq göstərir. Bütün bunlar, təbii ki, bir rəhbər və yaradıcı şəxs kimi məni daha da ruhlandırır.

- Teatrın repertuar siyasətində əsas prioritetləriniz nələrdir? Tarixi yaddaşı olan bir teatrda yenilik etmək nə dərəcədə çətindir?

- Repertuar siyasətimizdə əsas prioritetimiz milli kimliklə bəşəri dəyərlərin vəhdətini yaratmaqdır. İrəvan Dövlət Teatrı tarixi yaddaşın daşıyıcısıdır, ona görə də repertuarda qədim köklərimizə, klassiklərimizə mütləq yer veririk. Lakin bu əsərləri şablonlarla deyil, yüksək estetik keyfiyyətlə təqdim etməyə çalışırıq. İzləyici teatrda həm öz keçmişini görməli, həm də bugünkü insan ağrısını, sevincini duymalıdır. Köklü ənənələri olan teatrda yenilik etmək hər zaman müqavimətlə rastlaşa bilər, çünki insanlar öyrəşdikləri "klassik" qəlibləri itirməkdən qorxurlar. Lakin teatr muzey deyil, canlı orqanizmdir. Yenilik etmək tarixi silmək yol, əksinə, həmin tarixi müasir gəncliyin dilində yenidən danışdırmaqdır. Çətindir, bəli, amma maraqlıdır. Biz keçmişin kölgəsində gizlənmək üçün deyil, o köklərdən güc alıb yeni zirvələrə çıxmaq üçün çalışırıq.

- Rejissor kimi formalaşma prosesinizdə sizi ən çox dəyişən mərhələ hansıdır?

- Mən mərhum Vaqif İbrahimoğlunun ilk rəsmi tələbələrindən biri olmuşam. Onun aktyorluq kursunda təhsil almışam və hələ tələbəlik illərimdən "Yuğ" teatrında aktyor kimi fəaliyyətə başlamışam. Əslində, rejissorluğa gəlişim müəllimimin təşəbbüsü ilə olub. O, mənə tamaşa qurmağı təklif etdi, mən isə sadəcə onun tapşırığını yerinə yetirmək məsuliyyəti ilə bu işə girişdim. Bir, iki... və beləcə, bu yol bu günə qədər davam etdi. İndi geriyə baxanda görürəm ki, ustadım ən doğru qərarı verib. Ruhu şad olsun. O, mənim çiyinlərimə həm mənəvi, həm də yaradıcı bir məsuliyyət qoyub; mən də bu yükü sevə-sevə daşımaqda israrlıyam. Vaxtilə mənə göstərilən o böyük etimadı və sayğılı münasibəti bu gün gənclərimizə ötürməyə çalışıram. Bu, bir növ mənəvi borcdur. Əlbəttə, onun yerini doldurmaq qeyri-mümkündür, lakin çalışırıq ki, bu zəncirin halqaları qırılmasın. Məhz bu istək məni həm də pedaqoji fəaliyyətlə məşğul olmağa sövq etdi. İnşallah, baxaq görək, bizdə necə alınacaq.

- "Yuğ" Teatrında çalışmaq sizə nə verdi? Bu təcrübə indiki rejissor düşüncənizdə necə yaşayır?

- "Yuğ" teatrının mənim üçün müstəsna bir yeri var. "Yuğ" düşüncə və estetika baxımından bir ayin məkanıdır, lakin bunu Y.Qrotovskinin "Ayin teatrı" ilə qarışdırmaq doğru olmazdı. Çünki burada formaca peşəkar teatr vasitələrindən istifadə olunsa da, mahiyyət və məzmunca əsl "ayin" dayanır. Əgər bu niyyət hər hansı bir cəhddə alınmırsa, yerdə sadəcə maraqlı və müasir bir tamaşa qalır. Bu isə təbii ki, bizi pəjmürdə edir, çünki məqsədimiz yalnız tamaşa hazırlamaq deyil. Bəzən obyektiv və ya subyektiv səbəblərdən istədiyimiz ayini tam reallaşdıra bilmirik. Bunun əsas səbəbi bəzən fərqinə varmadan "tamaşa hazırlamaq" yarışına qoşulmağımızdır.

- "Yuğ" estetikası ilə klassik teatr arasında hansı əsas fərqləri görürsünüz? Orada qazandığınız hansı düşüncə vərdişi bu gün də sizi tərk etmir?

- "Yuğ" teatrı ilə klassik teatr arasında formaca ciddi bir fərq yoxdur. Hər ikisinin ifadə planı peşəkar meyarlarla müəyyənləşdirilir və fərdi yaradıcı estetika ilə təqdim olunur. Lakin mahiyyət etibarilə bu iki modeldə əhəmiyyətli fərqliliklər var. Klassik teatrda rejissorun ideyası və cəmiyyətə ötürdüyü mesaj həlledicidir; bütün hədəflər məhz bu amala xidmət edir. "Yuğ" teatrında isə Yaradıcı Personanın (onu sadəcə rejissor adlandırmaq bəlkə də yetərli deyil) mənəvi və ruhsal dünyasının xüsusi məkanda manifestasiyasından söhbət gedir.

- Rejissor olmaq daha çətindir, yoxsa rejissor yetişdirmək?

- Hər ikisi eyni dərəcədə məsuliyyətlidir. Rejissor olmaq öz daxili dünyanı, fəlsəfəni və ağrını başqalarına ötürmək bacarığıdırsa, rejissor yetişdirmək bir başqasının dünyasını kəşf etmək və ona yol göstərməkdir. Bu, sadəcə peşə öyrətmək deyil, şəxsiyyət formalaşdırmaqdır. Şəxsiyyət olmaq nə qədər çətin işdirsə, şəxsiyyət yetişdirmək ondan da çətindir. Çünki sənətkarın mayası şəxsiyyətdən yoğurulur. Hələ "şəxsiyyət"dən o yana, "sənətkar" olmaq, "dahi" olmaq kimi yollar da var ki, bu, artıq tale işidir - kimin bəxtinə qismət olar, kimin yox, bunu zaman göstərir.

- Gənc aktyor və rejissorlarda sizi daha çox narahat edən nədir?

- Məni ən çox narahat edən məsələ zamanın məzmunsuz məsələlərə xərclənməsidir. Təəssüf ki, bu gün gənclər arasında yaradıcılıq adı altında müxtəlif manipulyasiyalarla məşğul olmaq meyli güclüdür. Yaradıcılığın qayəsində duran o ali ruhsal ehtiyacın bədii həllə, sənət əsərinə transformasiyası deyil, daha çox özünüreklam ön plana keçir. Sənət fədakarlıq tələb edir, lakin indi sənətdən daha çox "sənətçi obrazı" yaratmağa maraq böyükdür. Onu da qeyd edim ki, bu, təkcə gənclərə aid deyil, ümumi bir tendensiyadır - insanlar mahiyyətdən çox görünüşə qaçırlar.

- Tələbələrinizə "unutmayın" deyə xüsusilə vurğuladığınız bir prinsip varmı?

- Bəli, hər zaman təkrar etdiyim və "unutmayın" dediyim əsas prinsip budur: ləyaqətli olmaq və həqiqi yaradıcılıqla məşğul olmaq. Peşəkarlıq zamanla qazanılan, texniki bir məsələdir - çox çalışmaqla hər kəs yaxşı mütəxəssis ola bilər. Lakin əgər insanda ləyaqət və daxili yaradıcılıq ehtiyacı yoxdursa, onun göstərdiyi bütün peşəkar fəaliyyətin nə bəşəri, nə də sənət baxımından bir mənası var. Sənət ləyaqətin güzgüsüdür.

- Sizcə, bu gün Azərbaycan teatrının əsas problemi nədir?

- Azərbaycan teatrının problemləri kompleks xarakter daşıyır. Burada ilk növbədə təfəkkür və bədii-estetik zövq məsələsini qeyd etməliyəm. Konservatizmə, köhnəlmiş qəliblərə həddindən artıq bağlılıq bizi irəli getməyə qoymur. Digər tərəfdən, səhnə əsərinin hədəfi çox zaman düzgün müəyyənləşmir. Teatrın "mən hamıdan ağıllıyam" iddiası ilə çıxış etməsi tamaşaçı ilə araya sədd çəkir. Üstəlik, texniki tərəf, yeni texnologiyaların qıtlığı da bu günün reallığıdır ki, biz bu boşluğu mütləq doldurmalıyıq.

- Teatr tamaşaçını dəyişməlidir, yoxsa tamaşaçı teatrı?

- Teatrın tamaşaçını dəyişmək kimi bir "əbədi və əzəli" missiyası yoxdur. Teatr daha çox insanı yeniləməli, onun özü ilə ünsiyyət qurması üçün vacib bir vasitə olmalıdır. Səhnə insanı qorxutmamalı, əksinə, ona inam və daxili güc aşılamalıdır. Əgər teatr bunu bacarmırsa, o, sadəcə müvəqqəti bir əyləncəyə və ya intellektual bir "tok-şou"ya çevrilir. Bəlkə bir az sərt səslənir, amma reallıq budur - teatr ruhun təmizlənmə yeridir, sadəcə mühazirə zalı deyil.

- Sizin üçün tamaşa mətndən başlayır, yoxsa mətni aşan bir yerdən?

- Mənim üçün tamaşa mətnin içindəki ən gizli və son dərəcə vacib mahiyyətdən başlayır. Mətn bir toxum kimidir: əgər o toxumu tapmamışıqsa, biz nəyi becərəcəyik? Karl Yunqun dili ilə desək, hər şey arxetipdən başlayır. Arxetipsiz mədəniyyət, arxetipsiz sənət mümkün deyil. O, yaradıcılığın sıxılmış enerji qaynağıdır, bütün mənalar və mesajlar məhz onun təzahürüdür. Əgər bu enerji səhnədə zəngin forma, ifadəli məzmun və ayinlə əhatə olunursa, biz ondan irrasional və mistik duyğular ala biliriksə, deməli, orada həqiqi sənət yaranıb. Teatrın missiyası mətnin hərflərini deyil, onun altındakı o qədim ruhu canlandırmaqdır.

- Rejissor kimi mətnlə işləyərkən ilk olaraq nəyi "eşidirsiniz": müəllifin səsini, dövrün nəfəsini, yoxsa səhnənin imkanlarını?

- Mən işə amansız bir araşdırma, analiz mərhələsi ilə başlayıram ki, sonda yeni bir sintez yarada bilim. Burada ilk "eşitdiyim" və ən önəmli hesab etdiyim məqam müəllifin yaradıcılıq paradiqmasıdır. Əgər biz müəllifin qurmaq istədiyi dünyanı, onun düşüncə sistemini anlamayacağıqsa, onda o mətnlə bizim nə işimiz ola bilər ki? Müəllifin ruhunu tapmaq ilkindir. Dövrün nəfəsi və səhnə imkanları isə bu mahiyyətə uyğunlaşdırılmalı olan, mən deyərdim ki, daha çox "cari" və texniki məsələlərdir. Əsas olan o toxumu, müəllifin paradiqmasını düzgün mühitə əkməkdir.

- Klassik mətnlər, sizcə, müasir səhnədə tərcümə olunmalıdır, yoxsa şərh?

- Məncə, klassik mətn müasir səhnədə nə sadəcə tərcümə olunmalı, nə də kor-koranə şərh edilməlidir. Klassik mətnlər rejissorun bədii konsepsiyasına uyğun olaraq mütləq adaptasiya olunmalıdır. Teatr donub qalmış abidə deyil. Lakin burada bir vacib şərt var: rejissorun ortaya qoyduğu konsepsiya müəllifin məramı və məqsədləri ilə tam bir harmoniya təşkil etməlidir. Biz müəllifi inkar etmək üçün deyil, onun ideyasını bugünkü tamaşaçıya daha təsirli çatdırmaq üçün yeni formalar axtarırıq. Əgər bu harmoniya varsa, deməli, klassika müasir səhnədə yenidən doğulur.

- Ədəbi mətn səhnəyə keçəndə ən çox nə itirir, nə qazanır?

- Ədəbi mətn səhnəyə keçəndə ilk növbədə özünün statikliyini və sözün diktaturasını itirir. Oxucunun xəyalında canlandırdığı o minlərlə müxtəlif variant artıq bir rejissorun vizual və ruhsal mizanı ilə məhdudlaşır. Lakin qazancı itirdiyindən qat-qat böyükdür. Ədəbi mətn mahiyyətinə görə ədəbiyyat nümunəsidir, səhnədə isə o, gələcək tamaşanın ədəbi əsasını təşkil edən bir "ədəbi bəhanə"dir. Çünki tamaşa ədəbi nümunə deyil, müstəqil bir səhnə əsəridir, o, incəsənətin tamhüquqlu bir üzvünə transformasiya olunur. Müəllifin versiyasını olduğu kimi qorumağa çalışmaq, əslində rejissorun müəlliflik iddiasını və yaradıcılıq iradəsini sual altında qoyur. Təəssüf ki, bizim teatrlarda bu yanaşmaya çox rast gəlirik və bu, o qədər də ürəkaçan mənzərə deyil. Rejissor mətni sadəcə "səsləndirməməli", onu səhnə dilinə yenidən tərcümə edib öz əsərini yaratmalıdır.

- Bu gün teatr sizin üçün daha çox sualdır, yoxsa cavab?

- Teatr mənim üçün heç vaxt hazır cavablar yeri olmayıb. Əksinə, teatr ən böyük və ən dürüst sualdır. Əgər teatr tamaşaçıya hazır cavablar versəydi, o, sənət deyil, mühazirə və ya nəsihət olardı. Mənim missiyam tamaşaçını özü ilə, öz daxili dünyası və o qədim arxetipləri ilə üz-üzə qoyub, ona suallar verdirməkdir. Biz səhnədə bir sual veririk, tamaşaçı isə o sualın cavabını öz ruhunda, öz həyatında axtarır. Cavab tapmaq tamaşaçının işidir, bizim işimiz isə o sualı ən uca və ən estetik şəkildə səsləndirməkdir. Sənət sualın doğulduğu yerdə başlayır.

S.QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://525.az
archiveBu xəbər 08 May 2026 19:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see283

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see279

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see269

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see267

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see261

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see258

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see253

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see240

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see239

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see237

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see232

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see226

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see224

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see219

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see207

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see205

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see204

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see185

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see183

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri