Icma.az
close
up
RU
Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

Təbiət insanı yaşadır və bəzən sınağa çəkir Tel­man Oru­cov yazır

Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Telman ORUCOV

(Əvvəli ötən şənbə saylarımızda)

Sənaye müəssisələri, zavodlar və fabriklər getdikcə daha artıq ölçüdə atmosferə karbon qazı buraxmaqla, təkcə onu zəhərləmir, həm də Yer üzündə temperaturun xeyli yüksəlməsinə səbəb olur. Temperaturun artması iqlimin də kəskin surətdə dəyişilməsinə, əslində iqlim böhranının yaranmasına səbəb olur. Ekoloji sistem, az qala, total pozulma vəziyyətinin yaranması təhlükəsinin qorxusu atında yaşamağa başlayır. Bədbəxtlikdən, atmosferi çətin vəziyyətə salanlarla yanaşı, digər bu sahədə günahı olmayanlar da, həmin ölkələrin, bütöv qitələrin  əhalisi də əziyyət çəkməyə başlayır. Şimal Buzlu okeanında buzluqların əriməsi getdiyi kimi, Afrikada səhraların sahəsi böyüməyə başlayır, çayların suyunun azalması bütöv dənizlərin də səviyyəsinin aşağı düşməsi ilə müşayiət olunur. Quraqlıq, bitki və heyvan aləminə böyük ziyan vurur. Dünyanın elə bir guşəsi qalmır ki, bu ziyanlı metamorfozdan əziyyət çəkməsin. Elmi proqnozlar isə olduqca qorxuludur. İqlimin israf istiləşməsi dünyadakı böyük buzluqları əritsə, fəlakət baş verə bilər. Qrenlandiya adasının və Antarktidanın nəhəng dərinlikdəki və geniş ölçüdəki buzları ərisə, okeanın səviyyəsi 70 m. qalxa bilər. İnsanların və digər canlı aləmin hansı çətinliklərlə üzləşəcəyini təsəvvür etmək o qədər də çətin deyildir. Ada ölkələri isə, onların siyahısında Böyük Britaniya və Yaponiya kimi iri ölkələr də vardır, məhv olmaq şansı ilə üzləşə bilər. Bir yapon şeirində deyildiyi kimi, "biz ölüm dağına qalxmağa" başladıq.

Bərpa olunmayan yanacaq növlərindən istifadənin miqyasının artması atmosferin qaz tərkibinin korlanmasına səbəb olur. Dünyanın neft kompaniyaları avtomobillərdə daxili yanacaq mühərriklərinin istifadəsinin dəyişilməsinə bütöv əsr ərzində imkan vermirdi və yüz milyonlarla avtomobilin istifadəsi, xüsusən şəhərlərdə havanın nizamsız qaydada çirklənməsinə şərait yaradırdı. Nəhayət, XXI əsrin əvvəllərindən elektrik avtomobillərinin istehsalına və geniş istifadə olunmasına başlandı. Bu, şəhərlərdə havanın çirklənməsinin qarşısını almaqda böyük rol oynaya bilər. Zavod və fabriklərin də yaşıl yanacaqdan istifadəyə keçməsi ilə, atmosferə atılan karbon qazının miqdarı əsaslı qaydada azala bilər. 2024-cü ilin noyabrında Bakıda keçirilən COP-29 zirvə toplantısında çox sayda ölkələrin nümayəndələri bu məsələ barədə həyəcan təbili çalaraq, bərpa olunmayan yanacaqdan istifadənin azalması və yaşıl yanacağa keçmək barədə dünyanın inkişaf etmiş dövlətlərinə müraciət qəbul etmişlər. Yaşıl yanacağa keçid bir trilyondan artıq xərc çəkilməsini tələb edəcəkdir və Çin, ABŞ, Hindistan, Yaponiya, Almaniya havanı çirkləndirməkdə daha çox fərqləndiklərinə görə, bu ixtisar işində də daha fəal iştirak etməlidirlər. Dünyada neft və qaz istehsalından və onların istifadəsindən qismən uzaqlaşmaq hesabına atmosferin çirklənməsinin xeyli azaldılması siyasəti gündəliyə daxil olsa, bu, heç şübhəsiz, müsbət nəticə verə bilər.

Dövlətlər varlanmaqla həm də öz əhalilərinin sosial vəziyyətini daha da yaxşılaşdırmaq istəyirlər. Lakin burada "süvari hücumu" fayda əvəzinə, yalnız ziyan verir. Təbii şəraitin pisləşməsi xəstəliklərin artmasına və vaxtından əvvəl ölüm hadisələrinin çoxalmasına səbəb olur. Xalqlar sənayenin inkişafına səbəb olan ixtiralara daim sevinmişdir. Lakin onların təsirinin neqativ tərəfinə o qədər də əhəmiyyət verilməmişdir. Ona görə də sənaye cəhətdən inkişaf etmiş dövlətlər təbiətə vurulan ziyanın azaldılmasına daha böyük maliyyə yardımı göstərməlidirlər. Bu sahədə kasıb və sənaye cəhətdən inkişaf etməmiş Afrika ölkələrindən hansısa maliyyə yardımı tələb etmək və gözləmək, sadəcə olaraq ağılsızlıqdır.

İqlimin dəyişilməsi müxtəlif bədbəxtliklərə səbəb olur, sərt quraqlıq və daşqınlar əmələ gətirir. Yoxsul ölkələrdə quraqlıq və ya leysan yağışlar əhalinin maddi vəziyyətini daha da ağırlaşdırıır. Ailə üzvləri ərzaqla pis təmin olunur, bəzən hətta aclıq başlanır.  İqlim böhranı qadınlara və qızlara daha ağır təsir göstərir. Qızlar məktəbdən aralanır, məcburiyyət üzündən valideynləri onları vaxtından xeyli əvvəl ərə verirlər. Banqladeşdə və Keniyada, CNN-in əldə etdiyi məlumata görə, yoxsulluq ucbatından qızların 11 yaşında ərə getməsi faktları aşkarlanmışdır. Təbii qüvvələrin əmələ gətirdiyi bədbəxtliklər öz ağır zərbəsini birinci növbədə uşaqların,  qızların taleyinə vurur, onların onsuz da yüngül olmayan həyatını daha da ağırlaşdırır.

İqlimin dəyişməsi həm də əhalini öz yaşayış yerlərini tərk etməyə məcbur edir. Ailələr daha əlverişli şəraiti olan ərazilərə köçməli olurlar. Vaxtilə german tayfaları da hava soyuduqda və yağış yağması artdıqda Cənuba tərəf hərəkət etməli olmuşdular. Lakin havanın istiləşməsindən fayda götürənlər də olmuşdu. Belə vəziyyət Qədim Roma ordularına Şərq ərazilərini işğal etməkdə yaxşı köməklik göstərmişdi. Buxarlanma intensiv getdiyindən yağış yağması da çoxalmış və həmin regionda bol məhsul yetişmişdi.

Təbiət nəyisə insana havayı, zəhmət çəkmədən verirsə, ona görə həm də ondan başqa şəkildə, xəstəliklərin və ziyanvericilərin iştirakı ilə, daha ağır haqq tələb edir. İnsan hələ ibtidai icma dövründən özünü qidalandırmaq üçün zəhmətinə arxalanmışdır, onları təbiətdən əmək sərf etməklə almışdır.

Bu barədə 1620-ci ildə "Meyflauer" gəmisində Şimali Amerikadakı Massaçusets körfəzinə mühacirət etmiş kiçik ingilis dəstəsinin ağıllı hərəkəti diqqətə layiqdir. Körfəzdə "Yeni Plimut" koloniyasını yaradan puritan icmasının qubernatoru olmuş Con Bredfordun kitabı bu barədə örnək xarakterli misallarla doludur.

Yüz nəfərlik dəstə səfərə çıxmamışdan əvvəl haraya üz tutmaq barədə geniş diskussiya aparırdı. Bəziləri təklif etdi ki, Yamaykaya gedək, orada hər şeyi təbiət insanlara hazır vəziyyətdə verir. Bir ağsaqqal buna etirazını bildirib dedi ki, orada əmək sərf etmək lazım olmasa da, biz xəstəliklərdən və ziyanvericilərdən əziyyət çəkə bilərik. Ona görə də elə yerə getməliyik ki, orada zəhmətimizlə, alın tərimizlə özümüzə çörək qazanaq. Onun məsləhətini nəzərə alıb, Şimali Amerikaya üz tutdular. Gəmidən sahilə düşməmişdən əvvəl koloniyanın idarə olunması qaydası barədə müqavilə qəbul etdilər. Noyabrın sonunda onlar yeni məskəndə yaşamağa başladılar; hindularla xoş münasibət qurdular. Yerli icma onlara məhsul becərmək üçün çox rəngdə olan qarğıdalı toxumu verdi və onlar birinci ili yaxşı məhsul götürdülər.

Bir il tamam olanda Yeni Plimut koloniyası bura gələnlərin yarısını itirsə də, 50 nəfərlik icma ovladıqları vəhşi hinduşkanın əti ilə Allaha minnətdarlıq bayramı keçirdilər. İki əsrə yaxındır ki, ABŞ-da hər il noyabrın dördüncü həftəsinin dördüncü günündə "Thanks giving day" - "Şükran bayramı" keçirilir və hər ailənin ənənəyə uyğun olaraq, bayram şənliyi xörəyi üçün ölkədə 40 milyondan artıq hinduşka kəsilir.

Bredford yazır ki, ikinci il əkdiyimiz qarğıdalı olduqca seyrək cücərti verdi. Hindulardan bunun səbəbini soruşduqda, onlar əkinə nə qədər balıq verdiyimizi öyrənmək istədilər. Biz mənfi cavab verdik, çünki okeanda ovladığımız balıqdan yalnız ərzaq kimi istifadə edirdik. Hindular isə bildirdilər ki, torpağın münbitliyini artırmaq üçün onlar ovladıqları balıqların miqdarının yarısını əkinlərə verirlər. Hindular elmi tərəfini bilməsələr də, təcrübələri hesabına torpağın münbitliyini artırmaq üçün onu əlavə, balıqda zəngin olan fosforla təmin edirdilər.

"Yeni Plimut" koloniyasının üzvləri gələcək amerikanlara da əsl demokratiya dərsi vermişdilər. Koloniyanın qubernatoru hər il seçilirdi. Bredforddan razı qaldıqlarına görə, qubernatorluğunu seçkisiz davam etdirməyi təklif etdikdə, o, buna etirazını bildirərək dedi ki, əgər bu fayda verirsə, qoy icmanın hər bir üzvünə bu qismət olsun, əgər zərərlidirsə, qoy digər üzvlər də bu zərəri bölüşsünlər.

"Yeni Plimut", 1607-ci ildə Virciniyada yaradılan ilk koloniyadan sonra ikinci idi, lakin ABŞ tarixində bir sıra qaydaları ilə xüsusi ehtirama layiq olduğunu indiyədək saxlayır.

Dörd əsr bundan əvvəl yaşamış kiçik bir amerikan icması, hinduların təcrübəsinə əsaslanaraq, təbiətlə harmoniyada yaşamaq yolunu tutdu və tarixi uğur qazandı. Təbiətə müqəddəslik vermək nadir hal olmayıb, bəzi bütpərəst dinlərdə öz əksini tapmışdı. Qədim germanların xristianlığa qədər olan dinlərində təbiətə sitayiş mühüm yer tuturdu, ağacların kəsilməsinə qadağa qoyulması da buradan irəli gəlmişdi. Yaponlar isə bütöv bir millət kimi tarixən daim təbiətlə harmoniyada yaşamağa üstünlük vermiş, hətta təbiət qüvvələrinə sitayişi Sintoizm adlanan öz dinin ehkamlarına çevirmişlər. Müasir yapon sakuranın çiçəklənməsini müşahidə etməyi Hanami bayramı adlandırmaqla, əlahiddə şadlıq əlaməti kimi xüsusi sevinclə qeyd edir.

Bu o demək deyildir ki, inkişaf etmiş xalqlar, dövlətlər təbiətə münasibətin düzgün qurulması zərurətindən bixəbər idilər. 1943-cü ilin dekabrında Kremldə Stalinin iştirakı ilə SSRİ Konstitusiyanın layihəsi müzakirə edilərkən, şeirin mətnində "təbiətlə ittifaq" ideyası barədə sətir də var idi. Lakin ideoloji cəhətdən daha vacib sayılan məqsədləri, vəzifələri ifadə etmək ucbatından, təbiət barədəki həmin qiymətli qeyddən vaz keçildi.

İndiki nəsil keçmişin yaxşı faydalı praktikasından çox şey öyrənməli, həyatını təbiətlə ağılsız mübarizəyə deyil, onunla faydalı əməkdaşlığa həsr etməlidir. Biz təbiətdən çox şey götürməyimizi qarət səviyyəsinə çatdırmağımızla, ona məhvedici yara vurmağımızla öyünməməliyik, onun qaydalarının həyata keçməsinə mane olmamalı, əsasən, onun mərhəmətinə sığınmağı da qəbahət saymamalıyıq.

Təbiət qüvvələri insanlara fəlakət bəxş edir

Təbiət qüvvələri arabir insanlara kataklizm adlanan fəlakətlər bəxş edir. Kataklizm və ya qlobal fəlakət Yer səthinin ayrı-ayrı məkanlarında həyat təşkilinin xarakterində və şəraitlərində kəskin dəyişiklik əmələ gətirir. Bunlar atmosfer və vulkan proseslərinin dağıdıcı təsiri altında baş verir. Təbii kataklizmlər Yer kürəsinin ayrı-ayrı hissələrində baş verməklə, onda böyük fiziki dəyişikliklər, gözlənilməyən düzəlişlər əmələ gətirir. Dənizlərin sahillərinin konfiqurasiyası öz əvvəlki görünüşünü itirir, dağlar dağılmağa məruz qalır, müəyyən müddət üçün iqlim korlanır, atmosferdə havanın çirklənməsi baş verir. Sakit okeanın xüsusən şərq və qismən qərb sahilində zəlzələlər və vulkan püskürməsi tez-tez baş verdiyindən, bu ərazilər "Odlu qövs" adlanır.

Vulkan püskürməsindən bəzən hətta günəş işığı Yer səthinə gəlib çatmır. Günəşin və Ayın tutulması effekti meydana gəlir. 1883-cü ildə İndoneziyanın Karakatau adasında baş verən vulkan püskürməsi adanın özünü okeanın dibinə çökdürmüşdü. On kilometrlərlə hündürlüyə, Ovidinin dalğa barədəki təbirincə desək, asimana qalxan kül ətrafı qaranlığa məruz qoymuşdu. Qədim Romanın böyük şairi Ovidi Nazon imperator Avqustun ədalətsiz göstərişi ilə Qara dəniz sahilindəki uzaq Toma şəhərinə (müasir Rumıniyadakı Konstansa şəhəri) sürgün edilərkən, gəmilərinin qorxulu tufana düşməsinə görə belə hiperbola xarakterli bənzətmə işlətmişdi. İmperator isə onu, nəvəsinin timsalında guya gəncləri əxlaqsızlığa yönəltdiyinə görə belə ağır və məhrumiyyətli cəzaya məhkum etmişdi.

Vulkan püskürməsi dağıntı əmələ gətirməklə yanaşı, çox sayda insan tələfatına, həm də digər həyat formalarının məhvinə səbəb olur. 1815-ci ildə İndoneziyada baş verən Tambora dağındakı vulkan püskürməsindən 71 min 200 min adamın öldüyü güman edilir. Karakataudakı və 1902-ci ildə baş verən Martinikadakı Pele dağındakı püskürmənin hər birində 80 min adam həlak olmuşdu. B.e.ə. 1600-cü ildə baş verən Santorin adasındakı (Yunanıstan) vulkanda isə o dövr üçün olduqca böyük itki - 20 min adam ölmüşdü. Bibliyada Moiseyin xahişi ilə Allahın Misir faraonuna  cəza kimi, onun ölkəsinə göndərdiyi bədbəxtliyin elmi səbəbi kimi Santorin vulkanının təsiri nəticəsində baş verdiyi versiyası irəli sürülür.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Mart 2025 18:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri