Icma.az
close
up
RU
Təbiətin xəbərdarlığının elmdə əks sədası

Təbiətin xəbərdarlığının elmdə əks sədası

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İqlim dəyişikliyi xilas yolları axtarışını bəşəri zərurətə çevirib

İqlim dəyişiklikləri gələcəyə dair xəbərdarlıq deyil, hər gün hiss etdiyimiz reallıqdır. Dünyada temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması və ekstremal hava hadisələrinin sayının artması bu qlobal prosesin göstəriciləridir. Bu dəyişikliklər Azərbaycandan da yan keçmir.

Bu baxımdan iqlim şəraiti təbii ehtiyatların daha səmərəli idarə olunmasını, təhlükənin əvvəlcədən qiymətləndirilməsini və iqlimə uyğunlaşma tədbirlərinin gücləndirilməsini zəruri edir. Bu məqsədlə Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun alimləri qlobal iqlim dəyişikliklərinin Azərbaycana mümkün təsirlərini və bu proseslərin regional xüsusiyyətlərini elmi əsaslarla araşdırırlar.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyini yalnız temperaturun artması ilə izah etmək doğru deyil. Bu, atmosferdə, eyni vaxtda baş verən və bir-biri ilə sıx əlaqəli mürəkkəb proseslərin nəticəsidir. Rütubət balansının dəyişməsi, hava axınlarının istiqamət və intensivliyinin yenilənməsi, yağıntı rejiminin pozulması, bu dəyişikliklərin əsas göstəriciləridir.

Alimlər vurğulayırlar ki, qlobal istiləşmə dünyanın hər yerində havanın yalnız daha isti keçəcəyi anlamına gəlmir. Əksinə, atmosfer sirkulyasiyasında baş verən dəyişikliklər bəzi bölgələrdə qısamüddətli soyuq hava dalğalarının, qeyri-adi yağıntıların və nadir meteoroloji hadisələrin baş verməsinə səbəb olur. Bunun bariz nümunəsi 2020-ci ildə İraqın paytaxtı Bağdadda, 2021-ci ildə isə Afrikanın şimalındakı Böyük Səhranın bəzi hissələrində qar yağmasıdır.

Bu cür hadisələr iqlim sisteminin əvvəlki dövrlərlə müqayisədə daha dəyişkən və mürəkkəb xarakter aldığını göstərir. Buna görə də ayrı-ayrı hava hadisələrini deyil, onların uzunmüddətli iqlim meyilləri fonunda necə dəyişdiyi nəzərə alınmalıdır.

Coğrafiya İnstitutunun İqlim şöbəsinin aparıcı elmi işçisi Həsən Nəbiyev bildirdi ki, qlobal istiləşmənin müşahidə olunduğu regionlardan biri Arktikadır:

– Qütbətrafı ərazilərdə buzlaqların intensiv əriməsi yüksək və aşağı enliklər arasındakı temperatur və atmosfer təzyiqi fərqlərini zəiflədir. Bu isə atmosfer sirkulyasiyasında dəyişikliklərə səbəb olaraq isti hava kütlələrinin bəzi ərazilər üzərində daha uzun müddət qalmasına, rütubət balansının dəyişməsinə və ekstremal hava hadisələri riskinin artmasına gətirib çıxarır.

Atmosfer dövranındakı dəyişikliklər Aralıq dənizindən Barens dənizinədək uzanan yüksək təzyiq sahələrinin formalaşmasına şərait yaradır. Bununla da Atlantik okeanından gələn rütubətli hava kütlələrinin hərəkət trayektoriyası dəyişir. Eyni zamanda, Şərqi Avropa və Sibir üzərində formalaşan antisiklonların təsiri Cənubi Qafqaza, o cümlədən Azərbaycana qədər yayılır. Bu proses ölkə ərazisində uzunmüddətli isti və quru hava şəraitinin formalaşmasına səbəb olur.

Atmosfer proseslərinə Günəş fəallığı da təsir göstərir. Hazırda Günəşin 2019–2030-cu illəri əhatə edən 11 illik aktivlik siklinin fəal mərhələsi davam edir. Bu dövrdə atmosferdə dəyişkənlik artır və meridional hava axınlarının tez-tez formalaşması üçün şərait yaranır. Onun sözlərinə görə, Azərbaycanın təxminən yarısı isti və quru iqlim qurşağında yerləşir. Ölkədə indiyədək qeydə alınan ən yüksək temperatur Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda ölçülüb və 46 dərəcə təşkil edib.

Culfada havanın temperaturunun 44 dərəcəni keçməsi nadir hadisə hesab olunur. Statistik hesablamalara əsasən, belə göstəricinin başvermə ehtimalı cəmi 5 faizdir. Başqa sözlə, bu səviyyədə istilər orta hesabla hər 20 ildən bir qeydə alınır. Əvəzində 38–39 dərəcə isti Culfa üçün demək olar ki, hər il müşahidə olunan göstəricidir. Belə yüksək temperatur Ordubad, Abşeron yarımadası və Kür-Araz ovalığında da qeydə alınır.

Bu göstəricilər yay aylarında yüksək temperaturun müşahidə edilməsinin Azərbaycan üçün qeyri-adi hal olmadığını, ölkənin təbii iqlim xüsusiyyətlərindən irəli gəldiyini göstərir. Bununla yanaşı, qlobal iqlim dəyişiklikləri fonunda isti dövrlərin daha uzunmüddətli və daha intensiv xarakter alması ehtimalı artır.

Həsən Nəbiyev xatırlatdı ki, alimlər hələ bir neçə il əvvəl Günəş fəallığının artmasının mümkün təsirləri barədə xəbərdarlıq etmişdilər.

İqlim dəyişikliyi artıq yalnız alimlərin araşdırdığı elmi mövzu deyil. Bu gün söhbət cəmiyyətlərin gələcəyindən, iqtisadi dayanıqlılıqdan, ərzaq və su təhlükəsizliyindən, təbii ehtiyatların qorunmasından gedir. Bu baxımdan Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri dəyişən iqlim şəraitinə uyğunlaşmaq, su, torpaq və digər təbii ehtiyatlardan daha səmərəli istifadə mexanizmlərini formalaşdırmaqdır.

Alimin açıqlamasından göründüyü kimi, Azərbaycanda, xüsusilə Bakı şəhərində və dağlıq rayonlarda müşahidə olunan intensiv leysan yağışları iqlim dəyişikliklərinin yaratdığı yeni çağırışlardan biridir. Güclü yağıntılar nəticəsində yaranan subasma və sel hadisələri həm təbii ərazilərdə, həm də şəhər infrastrukturunda ciddi problemlərə səbəb olur.

Göylərdən bəla yağır

Mütəxəssislərin fikrincə, bu proseslərin formalaşmasında Azərbaycanın mürəkkəb relyefi, atmosfer dövranında baş verən dəyişikliklər və Xəzər dənizinin səth temperaturunun yüksəlməsi rol oynayır. Dəniz suyunun isinməsi buxarlanmanı artıraraq atmosferdə daha çox rütubətin toplanmasına şərait yaradır. Şimal və Şimal–Qərbdən daxil olan soyuq hava kütlələrinin cənubun isti və rütubətli hava axınları ilə qarşılaşması isə güclü yağıntıların yaranmasına səbəb olur.

Böyük və Kiçik Qafqaz dağları, eləcə də Talış dağları rütubətli hava kütlələrinin hərəkətinə təsir göstərərək bəzi ərazilərdə leysan və sel hadisələrinin intensivliyini artırır. Xüsusilə dağlıq rayonlarda relyef xüsusiyyətləri bu cür təbii hadisələrin təsirini gücləndirir. Şəhərlərdə isə intensiv yağıntıların fəsadları daha qabarıq görünür. Qısa müddət ərzində normadan artıq yağan yağışlar yolların, yaşayış binalarının və mühəndis-kommunikasiya xətlərinin fəaliyyətində çətinliklər yaradır. Böyük ərazi su altında qalır.

Ekspertlər hesab edirlər ki, bu risklərin artmasının əsas səbəblərindən biri sürətli urbanizasiya nəticəsində təbii torpaq örtüyünün azalmasıdır. Beton və asfalt örtüklərinin genişlənməsi, yeni tikililərin çoxalması və yaşıllıq sahələrinin azalması yağış sularının torpağa hopmasını çətinləşdirir. Bununla yanaşı, şəhərlərdə yaranan “istilik adaları” effekti də atmosfer proseslərinə təsir göstərir. Güclü yağıntılar zamanı suyun təbii şəkildə sorulmasının qarşısının alınması çökək və maili ərazilərdə su kütlələrinin toplanmasına, nəticədə isə subasma və daşqın risklərinin artmasına gətirib çıxarır.

Problemlərin digər mühüm səbəblərindən biri də tikinti zamanı ərazilərin coğrafi və geoloji xüsusiyyətlərinin kifayət qədər nəzərə alınmamasıdır. Bataqlıq ərazilərdə, qrunt sularının səthə yaxın olduğu zonalarda və relyefi mürəkkəb yamaclarda aparılan tikinti işləri gələcək riskləri artırır. Bu səbəbdən şəhərsalma prosesində ərazilərin elmi əsaslarla qiymətləndirilməsi vacib hesab olunur.

Coğrafiya İnstitutunun direktoru Zaur İmrani isə bildirdi ki, iqlim risklərinin azaldılması üçün şəhər təsərrüfatında yağış sularının idarə olunması sistemi müasir tələblərə uyğunlaşdırılmalıdır:

– Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi vasitəsilə riskli əraziləri müəyyənləşdirmək, su toplanan zonaları xəritələşdirmək və daha səmərəli infrastruktur layihələri hazırlamaq mümkündür.

Əsas həll yollarından biri intensiv yağıntılar zamanı toplanan suların xüsusi su anbarlarında saxlanılması və sonrakı dövrlərdə, xüsusilə quraqlıq vaxtlarında suvarma məqsədləri üçün istifadəsidir. Bu yanaşma həm su ehtiyatlarının qorunmasına, həm də kənd təsərrüfatının su təminatının yaxşılaşdırılmasına imkan yarada bilər.

Şəhərlərdə toplanan yağış sularının parkların, yaşıllıq sahələrinin və digər şəhər obyektlərinin suvarılmasına yönəldilməsi də ekoloji baxımdan əhəmiyyətli tədbirlərdən biri hesab olunur. Belə layihələr həm su resurslarından səmərəli istifadəyə, həm də şəhərlərin iqlim dəyişikliklərinə uyğunlaşmasına kömək edir.

Zaur İmrani sonda qeyd etdi ki, intensiv yağıntılar nəticəsində yaranan subasma halları yalnız Azərbaycan üçün xarakterik deyil. Son illərdə Avropanın bir sıra inkişaf etmiş ölkələrində baş verən güclü leysanlar və daşqınlar iqlim risklərinin qlobal miqyasda artdığını göstərir. Onun sözlərinə görı, dəyişən iqlim şəraitində əsas məqsəd yalnız təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq deyil, həm də qabaqlayıcı tədbirlər həyata keçirməklə şəhər və regionların dayanıqlılığını artırmaqdır.

Quraqlıq, səhralaşma

İqlim dəyişikliklərinin dünyada yaratdığı ən ciddi problemlərdən biri də quraqlıq və səhralaşma proseslərinin sürətlənməsidir. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, su ehtiyatlarının azalması və insan fəaliyyətinin təbiətə artan təsiri torpaq örtüyünün deqradasiyasını gücləndirir. Azərbaycan da bu qlobal proseslərdən kənarda deyil. Coğrafi mövqeyinə görə ölkəmiz yarımsəhra və quru subtropik iqlim qurşağında yerləşdiyindən quraqlıq və səhralaşma risklərinə həssas ərazilər sırasında yer alır.

Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Mirnuh İsmayılov söylədi ki, səhralaşma yalnız isti və quru ərazilərlə bağlı anlayış deyil:

– Bu proses torpağın məhsuldarlığını, landşaftların ekoloji funksiyalarını və biomüxtəlifliyi itirməsi ilə müşayiət olunan mürəkkəb ekoloji dəyişiklikdir. Alimin məlumatına görə, hazırda Azərbaycan ərazisinin təxminən 60–65 faizi müxtəlif səviyyələrdə səhralaşma təsirlərinə məruz qalır. Ən həssas ərazilərdən biri Kür-Araz ovalığıdır. Bu regionda torpaqların şoranlaşması, su çatışmazlığı və intensiv təsərrüfat fəaliyyəti səhralaşma prosesini sürətləndirir.

Səhralaşma təhlükəsi yalnız aran əraziləri ilə məhdudlaşmır. Acınohur-Ceyrançöl alçaq dağlığı, Naxçıvan ərazisi, Kiçik Qafqazın cənub-şərq yamacları, Qarabağ və Şərqi Zəngəzurun bəzi hissələri, Böyük Qafqazın cənub-şərq yamacı, eləcə də Şamaxı, Qobustan, Abşeron və Xızı rayonları da bu prosesdən təsirlənən ərazilər sırasındadır. Naxçıvanda da ərazinin böyük hissəsi səhralaşma təhlükəsi ilə üz-üzədir.

Səhralaşma ilə mübarizədə əsas istiqamətlərdən biri torpaq və bitki örtüyünün qorunmasıdır. Meşələrin bərpası, yeni meşə sahələrinin salınması, tarlaqoruyucu meşə zolaqlarının yaradılması və Tuqay meşələrinin mühafizəsi torpaq deqradasiyasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Bununla yanaşı, su ehtiyatlarından səmərəli istifadə, torpaq resurslarının düzgün idarə olunması, ekoloji şəbəkələrin genişləndirilməsi və infrastruktur layihələrinin təbiətin imkanları nəzərə alınaraq həyata keçirilməsi iqlim dəyişikliklərinə uyğunlaşmanın əsas şərtlərindəndir.

İqlim dəyişikliklərinin təsirləri yalnız quraqlıq və torpaq deqradasiyası ilə məhdudlaşmır. Su ehtiyatlarının idarə olunması və çirklənməsi də mühüm ekoloji çağırışlardan biridir. Coğrafiya İnstitutunun Landşaftşünaslıq və təbiətdən istifadə laboratoriyasının əməkdaşlarının Masallı, Astara və Lənkəran rayonlarında apardığı araşdırmalar zamanı regionun əsas problemlərindən birinin su ehtiyatlarının çirklənməsi və səth sularının düzgün idarə olunmaması olduğu müəyyən edilib.

Bəzi yaşayış məntəqələrində təmizlənməmiş çirkab sularının çaylara və Xəzər dənizinə axıdılması halları müşahidə olunur. Xüsusilə Lənkəran şəhəri və ətraf kəndlərdə kanalizasiya sistemlərinin köhnəlməsi və ya bəzi ərazilərdə ümumiyyətlə mövcud olmaması bu problemi mürəkkəbləşdirib. Oxşar vəziyyət Masallı və Astara rayonlarında da müşahidə edilir. O bildirib ki, çaylar vasitəsilə dənizə daşınan çirkləndiricilər sahil sularının keyfiyyətinə mənfi təsir göstərir, mikrobioloji çirklənməni artırır və dəniz ekosistemlərinin tarazlığını pozur. Nəticədə balıq ehtiyatlarının azalması, sahil ərazilərinin sanitariya vəziyyətinin pisləşməsi və turizm imkanlarının zəifləməsi kimi problemlər yaranır.

Alim açıqlamasının sonunda qeyd etdiki, iqlim dəyişiklikləri fonunda ekstremal hava hadisələrinin sayı da artıb. Yaz aylarında intensiv yağıntılar zamanı Lənkəran şəhərində ciddi subasma halları qeydə alınıb və şəhərin təxminən 40 faizə qədər hissəsi müəyyən müddət ərzində keçilməz vəziyyətə düşüb.

Bütün bunlar göstərir ki, iqlim dəyişiklikləri artıq yalnız gələcəyin problemi deyil. Quraqlıq, səhralaşma, su çatışmazlığı və ekstremal hava hadisələri Azərbaycanın ekoloji gündəliyində əsas məsələlərdən birinə çevrilib. Bu şəraitdə təbii ehtiyatların qorunması, su və torpaq resurslarının səmərəli idarə olunması, eləcə də iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin gücləndirilməsi ölkənin ekoloji və iqtisadi dayanıqlılığı üçün mühüm əhəmiyyət daşıyır.

Sürüşmə təhlükəsi artır

Yaz aylarında müşahidə olunan güclü yağışlar, qar əriməsi və yamac sularının artması dağlıq və dağətəyi rayonlarda torpaq qatının həddindən artıq nəmlənməsinə, nəticədə geodinamik proseslərin sürətlənməsinə gətirib çıxarıb.

Coğrafiya İnstitutunun Geosiyasət və iqtisadi coğrafiya laboratoriyasının müdiri, coğrafiya elmləri doktoru Nəriman Paşayev qeyd etdi ki, bu proseslər xüsusilə Böyük Qafqazın cənub yamacı, Kiçik Qafqazın şimal-şərqi, Talış dağlıq zonası və Abşeron yarımadasında daha qabarıq müşahidə olunur:

– Şamaxı–İsmayıllı–Qəbələ istiqamətində, eləcə də Gədəbəy, Daşkəsən, Lerik və Yardımlı rayonlarında ayrı-ayrı ərazilərdə yamac deformasiyaları, yol zədələnmələri və torpaq sürüşmələri qeydə alınıb.

İqlim dəyişiklikləri artıq gələcəyin ehtimal olunan təhlükəsi deyil, bu gün yaşadığımız reallıqdır. Temperaturun yüksəlməsi, yağıntı rejiminin dəyişməsi, quraqlıq dövrlərinin uzanması, sel və daşqınların, eləcə də digər ekstremal hava hadisələrinin artması cəmiyyətin müxtəlif sahələrinə təsir göstərir. Bu şəraitdə əsas vəzifə yalnız baş verən prosesləri izləmək deyil, həm də onların yaratdığı risklərə əvvəlcədən hazır olmaqdır.

Mütəxəssislərin söylədikləri bir daha təsdiq edir ki, iqlim dəyişikliklərinə uyğunlaşma yalnız ekoloji məsələ deyil. Bu proses iqtisadi dayanıqlılıq, ərzaq və su təhlükəsizliyi, təbii ehtiyatların qorunması və ümumilikdə milli təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır. Təhlükələrin vaxtında qiymətləndirilməsi, elmi əsaslara söykənən qərarların qəbul edilməsi və müasir texnologiyaların tətbiqi iqlim risklərinin azaldılmasında mühüm rol oynayır.

Azərbaycan üçün prioritet istiqamətlər sırasında su ehtiyatlarının qorunması və səmərəli idarə olunması, kənd təsərrüfatında iqlimə uyğun innovativ texnologiyaların tətbiqi, şəhərlərin dayanıqlı inkişaf prinsipləri əsasında planlaşdırılması, meşə və digər təbii ekosistemlərin mühafizəsi xüsusi yer tutur. Eyni zamanda, iqlimə davamlı infrastrukturun yaradılması, yaşıllıq sahələrinin artırılması və təbii resurslardan rasional istifadə gələcək risklərin azaldılması üçün vacib şərtlərdii. Çünki iqlim təhlükəsizliyi artıq yalnız təbiətin qorunması məsələsi deyil, həm də Azərbaycanın davamlı inkişafının və gələcək nəsillərin rifahının əsas şərtlərindən biridir.

Hazırladı:
P.ƏFƏNDİYEV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2026 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see349

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see293

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see277

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see271

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see269

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see262

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see257

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see251

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see235

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see226

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see219

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see214

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see214

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see212

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see209

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see207

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see201

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see200

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see199

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri