Təbii qaza qlobal tələbat artır
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
Son illərdə dünya enerji bazarında baş verən geosiyasi və iqtisadi dəyişikliklər təbii qazın strateji əhəmiyyətini daha da artırıb. Bərpa olunan enerji mənbələrinin sürətli inkişafına baxmayaraq, təbii qaz hələ də qlobal enerji balansında mühüm yer tutur və bir çox ölkələr üçün enerji təhlükəsizliyinin əsas təminatçılarından biri hesab olunur. Beynəlxalq Enerji Agentliyinin (IEA) son hesabatları göstərir ki, yaxın illərdə də qaza olan tələbat yüksək səviyyədə qalacaq və xüsusilə Asiya regionunda artım davam edəcək.
IEA-nın “Gas 2025” hesabatına əsasən, 2025-ci ildə qlobal qaz istehlakının artım tempi zəifləsə də, dünya üzrə təbii qaza tələbatın azalması gözlənilmir. 2024-cü ildə 2,8 faiz artan qaz istehlakının 2025-ci ildə 1 faizdən aşağı artacağı proqnozlaşdırılır. Bunun əsas səbəbləri yüksək qiymətlər, qlobal iqtisadi artımın yavaşıması və bəzi regionlarda enerji səmərəliliyinin yüksəlməsidir. Bununla yanaşı, qaz bazarında struktur dəyişiklikləri baş verir və yeni LNG (maye təbii qaz) layihələrinin istifadəyə verilməsi bazarın gələcək inkişafına ciddi təsir göstərəcək.
Mütəxəssislərin fikrincə, təbii qaz yaxın onillikdə qlobal enerji keçidində əsas “keçid yanacağı” olaraq qalacaq. Kömür və mazutla müqayisədə daha az karbon emissiyası yaratdığı üçün bir çox ölkələr elektrik enerjisi istehsalında məhz qazdan istifadəyə üstünlük verirlər. Xüsusilə Çin, Hindistan və Yaxın Şərq ölkələrində sənayeləşmənin və urbanizasiyanın davam etməsi qaz istehlakını artıran əsas amillərdən hesab olunur.
31-ci Bakı Enerji Həftəsi çərçivəsində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, Azərbaycan təbii qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab edilir: “Bizim əsas prioritetimiz region üzrə müştərilərimizi dayanıqlı və etibarlı şəkildə enerji ilə təmin etmək, eyni zamanda, regional enerji təhlükəsizliyinə töhfə verməkdir. Bu, şirkət olaraq fəaliyyətimizin əsas fəlsəfəsidir, dəyişməyib və gələcəkdə də dəyişməyəcək. Əsas məsələ ondan ibarətdir ki, biz bu təchizatlara daha çox necə töhfə verə və regionun enerji təhlükəsizliyini daha da gücləndirə bilərik. Ötən illə müqayisədə bu il təchizat coğrafiyamız haqqında danışarkən artıq təkcə Avropa, Gürcüstan və Türkiyəni nəzərdə tutmuruq. Bu siyahıya Suriya da əlavə olunub. Bu isə o deməkdir ki, Azərbaycan artıq Suriya bazarına da qaz tədarük edir”. SOCAR-ın prezidenti bildirib ki, hazırkı şəraitdə tərəfdaşlarımız daha çox qaz həcmlərinə ehtiyac duyurlar, lakin bu təchizatın dayanıqlı və etibarlı şəkildə həyata keçirilməsi də eyni dərəcədə vacibdir. Mövcud şəraitdə Azərbaycan qazı regionun ən etibarlı enerji mənbələrindən biri hesab olunur. İndi bizim və tərəfdaşlarımızın qarşısında duran vəzifə istehsal planlarının nəzərdə tutulmuş proqramlara uyğun şəkildə irəliləməsini təmin etməkdir. Bu, regiondakı tərəfdaşlarımıza daha çox qaz həcmlərinin çatdırılmasına imkan verəcək.
bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli çıxışında bildirib ki, bp Azərbaycanda enerji ehtiyatlarının işlənilməsi və hasilatın artırılması məqsədilə investisiyalarını davam etdirir. bp tam elektrikləşdiriləcək yeni qurğunun yaradılmasına 2,9 milyard dollar investisiya yatırır: “Regionda bu səviyyədə mürəkkəbliyə malik ilk layihələrdən biridir. Mürəkkəb geoloji şəraitdə hasilatın təhlükəsiz və səmərəli həyata keçirilməsi üçün yeni texnologiyalar tətbiq olunur. Texnologiya, investisiya və peşəkar insan resurslarının birləşdirilməsi enerji layihələrinin uğurunun əsas şərtlərindəndir”.
“GL Group”un baş icraçı direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov diqqətə çatdırıb ki, Xəzər regionu olduqca perspektivli bir enerji məkanıdır: “Xüsusilə Azərbaycan dünya səviyyəli enerji aktivlərinə malik olmağa davam edir”.
Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan “Cənub Qaz Dəhlizi: Enerji təhlükəsizliyi və regional əməkdaşlıq” mövzusundakı panel iclasında çıxışı zamanı SOCAR-ın Qaz marketinqi departamentinin rəisi Nəriman Şahsuvarov deyib ki, “Azərbaycanda xarici sərmayədarları cəlb etməklə Günəş və küləkdən enerji alınması istiqamətində işlər davam edir. Bunun üçün Azərbaycanın böyük coğrafi potensialı var. Bununla yanaşı Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan yaşıl enerji layihələrində də aparıcı rol oynayır”.
Onun sözlərinə görə, “Xəzər-Qara dəniz Yaşıl Enerji Dəhlizi”nin formalaşdırmasında Azərbaycan həm də tranzit funksiyasını yerinə yetirir: “Lakin bütün bunlara baxmayaraq təbii qaza olan tələbat uzun müddət qalacaq, təbii qazın ixracı, diversifikasiyası, bazarların öyrənilməsi, çeviklik və marşrutlar həmişə maraq doğuracaq. Bu gün Avropanın alternativ enerjiyə tələbatı artır. Onlar ekoloji təmiz enerjidən istifadə etməyə üstünlük verirlər. Bu, yaxşı haldır. Lakin bununla yanaşı təbii qaz idxalını da artırmağa çalışırlar. Bu isə bir daha təbii qaz tələbatının hələ çox uzun müddət davam edəcəyini deməyə əsas verir”.
IEA-nın baza ssenarisinə görə, 2024–2030-cu illər ərzində dünya üzrə qaz tələbatı orta hesabla ildə 1,5 faiz artacaq və 2030-cu ilədək ümumi istehlak təxminən 9 faiz yüksələcək. Bu artımın təxminən yarısının Asiya-Sakit Okean regionunun payına düşəcəyi gözlənilir. Təkcə Çin qlobal qaz tələbatındakı artımın dörddə birini təmin edəcək. Eyni zamanda Yaxın Şərq və Şimali Amerikada da qaz istehlakının artacağı proqnozlaşdırılır. Avropada isə bərpa olunan enerji mənbələrinin genişlənməsi nəticəsində qaz istehlakının 2030-cu ilə qədər təxminən 8 faiz azalacağı gözlənilir.
Qlobal qaz bazarında diqqət çəkən əsas tendensiyalardan biri LNG ticarətinin sürətli inkişafıdır. Hesabatlara görə, 2030-cu ilə qədər dünyada əlavə 300 milyard kubmetr LNG ixrac gücü yaradılacaq. Bu artımın əsas hissəsi ABŞ və Qətərin payına düşəcək. Yeni LNG layihələrinin istismara verilməsi qaz bazarında təklifin genişlənməsinə, enerji təhlükəsizliyinin güclənməsinə və qiymətlərin daha sabit olmasına şərait yaradacaq.
Belə bir şəraitdə Azərbaycanın qlobal qaz bazarındakı əhəmiyyəti də artır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa İttifaqı enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirməyə başlayıb və Azərbaycan etibarlı qaz təchizatçılarından biri kimi ön plana çıxıb.
Azərbaycan Respublikası Energetika Nazirliyinin məlumatına görə, 2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil olunub. Bunun 27,9 milyard kubmetri “Şahdəniz”, 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli” (AÇG), 1,6 milyard kubmetri “Abşeron” yatağı, 7,9 milyard kubmetri isə SOCAR tərəfindən hasil edilib. Bu göstəricilər Azərbaycanın regionun əsas qaz istehsalçılarından biri olduğunu bir daha təsdiqləyir.
Ölkənin qaz ixracı da davamlı olaraq artır. 2025-ci ildə Azərbaycanın xarici bazarlara qaz satışı 25,2 milyard kubmetr təşkil edib. Bunun 12,8 milyard kubmetri Avropaya, 9,6 milyard kubmetri Türkiyəyə, 2,3 milyard kubmetri Gürcüstana, 0,5 milyard kubmetri isə Suriyaya ixrac olunub. Avropaya ixrac olunan qazın əsas hissəsi Cənub Qaz Dəhlizi vasitəsilə çatdırılır.
Hazırda Azərbaycanın qaz ixracının əsas dayağı “Şahdəniz” yatağı hesab olunsa da, yeni yataqların işlənməsi ölkənin ixrac potensialını daha da artırır. Son dövrlərdə AÇG blokunda kommersiya qaz hasilatına başlanılması və “Babək” yatağının işlənməsi istiqamətində görülən işlər gələcəkdə əlavə qaz həcmlərinin bazara çıxarılmasına imkan verəcək. Bu isə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da gücləndirə bilər.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, yaxın onillikdə dünya enerji sistemində yaşıl enerji texnologiyalarının payı artsa da, təbii qaz öz strateji mövqeyini qoruyacaq. Qazın həm elektrik enerjisi istehsalında, həm də sənayedə geniş tətbiqi onun uzun müddət qlobal enerji balansının vacib elementi olaraq qalacağını göstərir. Bu baxımdan zəngin ehtiyatlara və inkişaf etmiş ixrac infrastrukturuna malik Azərbaycan üçün mövcud tendensiyalar yeni iqtisadi imkanlar yaradır.
Beləliklə, qlobal enerji keçidinin davam etdiyi bir dövrdə təbii qazın əhəmiyyəti hələ uzun müddət qalacaq. Dünyada qaz tələbatının xüsusilə Asiyada artacağı, Avropada isə sabitləşəcəyi gözlənilir. Azərbaycan isə artan qlobal tələbat fonunda öz qaz resurslarını daha səmərəli istifadə etməklə beynəlxalq enerji bazarında mövqeyini gücləndirmək imkanına malikdir.
Mahir Həmzəoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 İyun 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















