“Təcili yardım çatanda süfrə açıblar ki, Yeni ili bizimlə keçir...” Videoreportaj
Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.
“103” adi xidmət deyil, bu, ən çətin məqamda bir ümid və xilas şansı deməkdir. Təcili yardıma hər zəng sağlamlıq və həyat uğrunda mübarizədir. Hamının həyatında saniyənin belə dəyər qazandığı məqamlar ola bilər və həmin anda köməyimizə ağxalatlılar - təcili yardım həkimləri çatır.
“Qafqazinfo” onlardan biri - 21 ildir Binəqədi Təcili Tibbi Yardım Stansiyasında çalışan həkim Taleh Hacıyevlə həmsöhbət olub:
- Çağırışa gedən briqadadan nə tələb olunur?
- İlk növbədə peşəkarlıq və operativlik tələb olunur. Biz operativ olmalıyıq, çünki qarşımıza çıxan çağırışın hansı zədə, hansı fəsadlarla bağlı olduğunu bilmirik. Ünvana bacardığımız qədər tez çatıb yardıma başlasaq, ağır xəstələrin həyata qaytarılması mümkün olar.
Videonu buradan izləyə bilərsiniz.
- Təcili yardımda 30 və ya 50 il əvvəllə müqayisədə nə dəyişib? Yenilənən, əvvəl olmayan hansısa tələb və ya göstərişlər varmı?
- Əvvəlki illərə nisbətən çox dəyişikliklər var. Çağırış ünvanına yollandığımız avtomobillər bütün yardım üçün lazım olan ləvazimatlarla təmin olunub. Təxminən 20 il əvvəl bunların heç onda biri də yox idi. Bir vaxtlar defibrilyatorumuz, otsos cihazımız olmayıb, primitiv şinalarımız, oksigen balonlarımız var idi. İndi çağırışa müasir cihazlarla təmin olunmuş avtomobillərdə gedirik. Fərq budur. Bunlara görə insanlarımız da daha yaxşı, keyfiyyətli yardım tələb edirlər.
- Bəs pandemiyadan sonra işinizdə nə dəyişdi?
- Pandemiya bütün sahələrdə olduğu kimi tibb işçilərinin də fəaliyyətində dəyişiklik yaratdı, işimiz bir az da çətinliyə doğru dəyişdi. Pandemiyadan üzü bəri adi qriplə xəstələnənlərdən çoxu hesab edir ki, onda COVID-dir. Koronavirus insanlarımızı bir balaca qorxutdu. Adi qrip infeksiyasını şişirdib COVID-19 kimi təqdim edən pasiyentlərimiz çoxalıb.
- Yalan çağırışlar necə, çox olur?
-Yaralı yerlərimizdən biri də yalançı çağırışlardır. Çünki əsassız çağırışa gedən zaman əsl təcili yardıma ehtiyacı olan xəstələr tibbi yardımdan kənarda qala bilər. Təəssüf ki, belə çağırışlar həddən artıq çoxdur. Əsassız çağırışlara bunlar aiddir: zəif temperaturla bağlı olan müraciətlər, təzyiqölçmə, iynə vurdurmaq üçün çağırışlar.
- Təcili yardım gəlib çatanadək xəstə yaxşılaşarsa, bu da yalan çağırış sayılır?
- Biz ünvana çatanda artıq xəstəni yaxşı görürüksə, onun nə deməyindən asılı olmayaraq, bu, təcili yardıma ehtiyacı olmayan çağırış kimi qeyd olunur. Ola bilər ki, xəstə “sinir krizi” keçirib, əsmə tutub, qıcolma olub, amma biz çatanda artıq problem aradan qalxıb.
- Bəzən də təcili yardımdan xəstəxanaya getmək üçün taksi kimi istifadə edirlər...
- Bu gün əsas problemlərdən biri də odur. Çağırış edən xəstələr arasında hansısa xəstəxananın göndərişinə əsasən və ya heç göndəriş olmadan “məni aparın xəstəxanaya yerləşdirin”, “məni özəl xəstəxanaya aparın” deyənlər olur. Təcili yardım təcili problemləri olan xəstələrə yardım edib xəstəxanaya daşımaq üçündür. Hər gün təcrübəmizdə belə xəstələrlə rastlaşırıq.
- Təcili yardımın vaxtında gəlib çatmaması, gecikməsi də həmişə müzakirə mövzusudur. Hansısa vaxt limiti var ki, yardım maksimum o vaxtadək ünvanda olmalıdır?
- Çağırış üçün yay və qış rejimləri olur. Qış dövründə 2 dəqiqə, yayda 1 dəqiqə ərzində maşına oturub yola düzəlirik. Qlobal problemlərimizdən biri yolların tıxaclı olmasıdır. Elə yerlər var ki, istəsək belə, ora vaxtında çata bilmirik. Bəzən avtoqəza olanda yarım saat - 40 dəqiqə gecikə bilirik. Ümumiyyətlə, harada qəza var, orada tıxac var. Ora çatmaq üçün tıxacları dəf etməliyik. Bu baxımdan çətinlik çəkirik.
- Ünvan məsələsi də yəqin ki, problemdir. Bəzi ərazilərdə ünvan adları yoxdur.
- Bəli, elə ərazilər var ki, uzun illərdir nömrələnməyib, işıqlandırılmayıb, dar küçələrdir, maşınla keçmək olmur. Elə ünvanlar var ki, tanınmır, sistemdə tapa bilmirik, nömrələnmə düzgün aparılmayıb.
- Heç olub ki, iş vaxtından kənar küçədə, metroda, təyyarədə halı pisləşən şəxsi xilas etmisiniz?
- Bu yaxınlarda evimə gedərkən təsadüfən yolun kənarında bir maşının saxladığını gördüm. 10-12 yaşlı uşağın halı pisləşmişdi. Onsuz da nevroloji problemi olan uşaq idi, avtomobilin şüşələrini bağlayıblar, oksigensiz şəraitdə bir az da halsızlaşıb. Çantam həmişə yanımda olur, onun saturasiyasını, təzyiqini ölçdüm. Təxminən 10 dəqiqə ona psixoloji yardım göstərdim, iynə-dərmana ehtiyac olmadı, uşaq özü durub yola düşdü. Bəzən belə hallar olur...
- Ən gərgin iş günləriniz adətən nə vaxt olur?
- Bayramlarda əksər idarələrdə olduğu kimi biz də gücləndirilmiş iş rejimində işləyirik. Adi günlərə nisbətən daha çox tibb işçisi işə çıxır. Həmin günlər, bayramlardan bir gün sonra çox müraciət olur. Əsas problemlərdən biri qidalanmanın pozulması ilə bağlıdır. Məsələn, Novruz bayramından sonra şirniyyatdan çox istifadə edirlər deyə, o istiqamətdə çağırışlar çox olub.
Dəfələrlə olub, Yeni ili təcili yardım maşınında keçirmişik. Məsələn, bu Yeni ili birgünlük uşağı küvezdə Biləsuvardan gətirərkən təcili yardım maşınında qarşılamışam.
- Ümumiyyətlə, gün ərzində nə qədər çağırış olur?
- Bu gündən asılı olaraq dəyişir. Məsələn, yaz-payız mövsümündə qrip yayılan dövrdə çağırışlarımız birə iki artır. Adi hallarda stansiyaya 8-10 çağırış olursa, belə hallarda 14-16 olur.
- İndiyə kimi təcrübənizdə ən çox xatırladığınız hadisə varmı?
- Koronavirus dövründə belə hallar olurdu. Çağırışlar həddindən artıq çox idi, hətta stansiyaya qayıda bilmirdik. Bir dəfə qısa müddətlik ora döndüyüm zaman bir qadının ağlayaraq stansiyaya qaçdığını gördüm. Artıq mən çağırışı götürüb avtomobilə əyləşmişdim. O vaxtlar ləngiməyə görə ünvanlara zəng edib gedirdik. Ünvana zəng etdim, çox anlayışlı şəxs idi, dedi, mən çağırışı özüm üçün vermişdim. Hazırda yaxşıyam, çağırışlarınız çoxdur, digərlərinə yardım edin. Gələn isə xəstəsi anafilaktik şok keçirən şəxsin yaxını idi, yaxın binalardan birindən qaça-qaça gəlmişdi. Xəstəyə yaxınlaşdıq, lazımi yardım göstərdik. Xəstəxanaya çatdıranda artıq kritik vəziyyətdən çıxmışdı. Bu, heç vaxt yadımdan çıxmaz. Sonra mənə 3 uşaq anasını həyata qaytaran həkim kimi təşəkkür məktubu da ünvanlamışdılar.
- Təəssüf ki, xilas edə bilmədiyiniz hallar da olur.
- Elə hallar, adətən, avtoqəzalarda olur. Gedib çatırsan, təəssüflənirsən ki, çatsan belə, mümkün deyildi... Təxminən 4 ay əvvəl bir çağırışla qarşılaşmışdım. Hamı həkimin üstünə düşür ki, tez gəlsəydin, heç nə olmazdı. Əslində isə 12-ci mərtəbədən düşən insana həkim nə edə bilər? 17 yaşı var idi, tələbə idi, həyatı hələ indi başlayırdı, ona təəssüflənirsən...
Çağırışa gedəndə bilmirik nədir. Çağırışlar sürpriz olur. Olub ki, gecə saat 1-də çağırış verib, ünvana çatmışam, mənə rentgeninin cavabını göstərir ki, baxın, burada nə var? Yardım edib həyata qaytardığımız xəstələr bizim həmişə sürprizlərimizdir.
- Xoşagəlməz sürprizlər necə?
- Mənim şəxsən başıma gəlməyib, amma bizim hazırda təqaüddə olan həkimlərimizdən biri ünvana halı pis olan yaşlı adam adından çağırışa getmişdi. Çatanda onu alqışlarla qarşılayıblar, süfrə açıblar ki, Yeni ildir, siz bizimlə bayram keçirməlisiniz. Həkim çox tərəddüddən sonra onlara izah etmişdi ki, bu, mümkün deyil.
- Bəzən təcili yardımda doğum halları da olur. Bu yaxınlarda da belə bir hadisə baş vermişdi.
- 2007-ci ildə belə bir çağırış gəlmişdi. Çağırış edən hamilə qadının həyat yoldaşı da həkim idi. Ona kömək etmək istəyirdik ki, qadının həkimi gəlib özünü yetirdi. Uşaq doğuldu və onları Kliniki Tibbi Mərkəzə apardıq.
- Ağır hadisələr, qəzalar hər kəsə pis təsir edir. Amma siz çağırış zamanı onların lap mərkəzinə düşürsünüz. Sonradan psixoloji olaraq necə özünüzə gəlirsiniz?
- Həkim olduğumuza görə avtoqəza, motoqəza, hündürlükdən yıxılma hadisələrinə demək olar ki, hazırlıqlı gedirik. Əgər hazır getməsək, yardım etmək çətin olar. Xəstəni yerbəyer etdikdən, uğurlu nəticə əldə etdikdən sonra onu atlatmaq daha asandır. Əksi olanda adam heyifsilənir ki, bəlkə də, vaxtında çatsaydıq, bunu edərdim, bəlkə, xəstə həyatda qalardı.
- Təcili yardımın daimi pasiyentləri kimlərdir?
- Bəzən hər gün bir neçə dəfə çağırış verən xroniki xəstələrimiz, təzyiq ölçmək üçün müraciət edən xəstələrimiz var. Bir gün ərzində səhər, gönorta, axşam zəng edirlər. Elə çağırırlar ki, səhər növbəsi, günorta növbəsi və axşam da yeni gələn növbə olsun. 12-14 saat ərzində 3 dəfə çağırış verən xəstələrimiz var. Onları artıq tək biz yox, çağırış üzrə feldşerlər də tanıyırlar.
- Sizinlə iş başında rastlaşmamaq üçün nə edək?
- Birinci növbədə hər kəsə cansağlığı arzu edirəm. Allah heç kəsə xəstəlik qismət eləməsin ki, onlar da bizimlə rastlaşmasınlar. Avtoqəzalar, motoqəzalar, piyada keçidindən istifadə etməməyə görə vurulan şəxslərin əksəriyyəti öz səhlənkarlığı ucbatından qəzaya düşür. Deməli, səhlənkarlıq etməyib deyilənlərə düzgün riayət etsələr, bizimlə də rastlaşmazlar.
Gülnar Əliyeva
Foto-Video: Xəyal Vəlizadə


Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 03 Noyabr 2025 08:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















