Təhsilə yatırımlar kəskin azaldı: Məktəblərə necə təsir edəcək?
Bakupost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin ilk 10 ayında Azərbaycanda təhsil sahəsində əsas kapitala yönəldilən investisiyalar real ifadədə 62,3% azalıb. Səhiyyə və sosial xidmətlərə investisiyalar isə 20,3% artıb. Ölkə üzrə investisiyaların ümumi həcminin artdığı bir dövrdə təhsil sahəsində qeydə alınan bu fərq diqqət çəkir. Təhsilə kapital qoyuluşunun azalması məktəblərin tikintisi, təmiri və müasir avadanlıqlarla təminatı məsələsini də gündəmə gətirir.
İqtisadçı Xalid Kərimli “Bakupost”a bildirib ki, investisiya ödənişlərinin azalması görülən işlərin həcminin azalması demək deyil. Onun sözlərinə görə, büdcə göstəriciləri konkret dövrdə dövlət büdcəsindən həyata keçirilən ödənişləri əks etdirir, lakin həmin müddətdə görülmüş işlərin ümumi miqyasını göstərmir.
İqtisadçı bildirib ki, hər hansı layihə üzrə işlər bir dövrdə həyata keçirilsə də, həmin işlərin sənədləşdirilməsi, təhvil-təslimi və yoxlamadan keçirilməsi başqa dövrə düşə bilər. Məsələn, cari ildə görülən işlərin ödənişi əvvəlki ilin müvafiq dövründə, yaxud əvvəlki dövrdə görülmüş işlərin ödənişi cari ildə həyata keçirilə bilər. Bu səbəbdən ödənişlərin azalması tikinti, təmir və digər işlərin də azaldığını göstərmir.
X.Kərimlinin fikrincə, əvvəlcə ötən ilin eyni dövründə hansı ödənişlərin həyata keçirildiyini araşdırmaq lazımdır. Ola bilər ki, əvvəlki ilin göstəricilərinə daha öncəki ildə görülmüş işlərə görə ödənişlər daxil edilib, cari ildə isə belə ödənişlər həmin dövrə təsadüf etməyib. Həmçinin noyabr ayında ödənişlərin artması 11 aylıq göstəriciləri dəyişə bilər. Buna görə də yalnız 10 aylıq rəqəmlər əsasında yekun nəticəyə gəlmək tezdir.
İqtisadçı vurğulayıb ki, eyni yanaşma səhiyyə və sosial xidmətlərə investisiyaların artımına da aiddir. Bu sahədə ödənişlərin çoxalması avtomatik olaraq görülən işlərin artması demək deyil. Əsas məsələ xərclərin hər dövrdə yüksəlməsi yox, layihələrin dövlət proqramlarına və nəzərdə tutulan planlara uyğun həyata keçirilməsidir. Çünki xərclərin artması özlüyündə daha yaxşı nəticənin əldə olunduğunu göstərmir.
Təhsil infrastrukturuna yönəldilən vəsaitlərin hansı istiqamətlərə sərf edilməsinə gəlincə, X.Kərimli ilk növbədə köhnəlmiş, yararsız vəziyyətə düşmüş məktəblərin təmirini və yaxşılaşdırılmasını vacib sayır. Onun sözlərinə görə, bu problem xüsusilə regionlarda daha çox müşahidə olunur. Ehtiyac olduğu ərazilərdə yeni məktəblərin tikintisinə də diqqət yetirilməlidir.
Bununla yanaşı, mövcud təhsil müəssisələrinin rəqəmsal infrastrukturu və elektron sistemləri də inkişaf etdirilməlidir. İqtisadçı bu istiqaməti xüsusilə vacib hesab edir və məktəblərin beynəlxalq standartlara uyğunlaşdırılmasının əhəmiyyətini vurğulayır.
X.Kərimli qeyd edib ki, təhsilə investisiyaların azalması ilə bağlı əsaslı nəticəyə gəlmək üçün bir neçə ilin göstəricilərini müqayisə etmək lazımdır. Əgər azalma iki-üç il ərzində davam edərsə, bu zaman vəsaitlərin niyə azaldılması ilə bağlı suallar yaranacaq. Lakin bir dövrün ödəniş göstəricisinə əsaslanaraq təhsil sahəsində işlərin zəiflədiyini söyləmək doğru deyil.
Vüsalə Hüseynova,
BakuPost
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 27 Noyabr 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















