Icma.az
close
up
RU
Təyyarə qəzası bizə düşmənimizi də, dostumuzu da yaxşı tanıtdı ŞƏRH

Təyyarə qəzası bizə düşmənimizi də, dostumuzu da yaxşı tanıtdı ŞƏRH

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan izahat istədi, cavab ala bilmədi, səssizlik Bakı-Moskva xəttini gərginləşdirdi

"Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus “Embraer 190-100 IGW” tipli sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulmasının bir ili tamam olub. Azərbaycan bu hadisə ilə bağlı tələblərini açıq şəkildə ortaya qoyub: Rusiya üzr istəməli, kompensasiya ödəməli və günahkarları məsuliyyətə cəlb etməlidir. Lakin rəsmi Moskva bu tələblərin yerinə yetirilməsindən bütün il boyu yayınmışdır. Hadisədən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin qəzanın Rusiya hava məkanında baş verməsindən təəssüfləndiyini bildirsə də, bu, rəsmi Bakının gözlədiyi addım olmayıb. Daha sonra, oktyabrın 9-da Düşənbədə Prezident İlham Əliyevlə görüşündə Putin təyyarənin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu etiraf edib və lazımi tədbirlərin görüləcəyini bildirib. Hadisənin ildönümü tamam olmasına rəğmən həmin tədbirlərin həyata keçirilməsi ehtimalı az görünür. Rusiya məqsədli şəkildə məsuliyyəti üzərinə götürməkdən, kompensasiya ödəməkdən və günahkarları cəzalandırmaqdan yayınır.

Hadisə ilə bağlı araşdırmalar Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsi əsasında davam edir. Qazaxıstanın Nəqliyyat Nazirliyi tərəfindən ICAO, Azərbaycan, Braziliya və Rusiya nümayəndələrinin iştirakı ilə həyata keçirilən araşdırma çərçivəsində, həmçinin üç ölkənin istintaq orqanları cinayət işini də araşdırır.

Qazaxıstan bu il fevralın 4-də ilkin hesabat yayıb, hansı ki yalnız aşkarlanmış faktları əks etdirir və hər hansı təhlil və nəticə vermir. Yekun hesabatın tamamlanması isə qəzanın ildönümünə qədər mümkün olmayıb, bu səbəbdən Qazaxıstan aralıq bəyanatı təqdim edib. Sənəddə daxili partlayış faktını istisna edən oksigen balonlarının zədələnməməsi və hava gəmisinə zərər vuran partlayıcı qurğunun hissəciklərinin silah sisteminə aid olması qeyd olunub. Hərçənd, həmin silah sisteminin modeli aralıq bəyanatda göstərilməyib. Lakin həmin silah sisteminin Rusiya Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələrinə aid olması həmin ölkənin Prezidentinin siyasi bəyanatında qeyd olunub. 

Növbəti mərhələdə Qazaxıstan yekun hesabatı təqdim etməlidir ki, bu sənəd faktiki məlumatları, qəzanın səbəblərinin təhlilini və gələcəkdə bənzər qəzaların qarşısının alınması üçün tövsiyələri özündə əks etdirsin. Hazırkı aralıq bəyanatdan, eləcə də Azərbaycan, Rusiya, Qazaxıstan, Braziliya və ICAO ekspertlərinin ümumi rəyindən görünür ki, təyyarə hər hansı texniki nasazlıq səbəbindən deyil, məhz kənar müdaxilə nəticəsində idarəetməni itirib və qəzaya uğrayıb.

Mövzunu şərh edən siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Sherg.az-a açıqlamasında Azərbaycan Hava Yollarının təyyarəsi qəzaya uğradığı ilk andan etibarən Azərbaycan dövləti və xalqının bu məsələdə həmrəylik nümayiş etdirdiyini xatırladıb. Onun sözlərinə görə, Azərbaycan bu qəza ilə bağlı dərhal Rusiyadan məntiqli izahat və açıqlama istədi: “Çox təəssüflər olsun ki, konkret bir açıqlama, rasional bir izahat ala bilməməyimiz münasibətləri daha da gərginləşdirdi və verilən açıqlamalar, səsləndirilən fikirlər, qarşısıalınmaz və haqlı olaraq emosional ssenari üzərindən qurulduğu üçün daha da kəskin xarakter aldı. O hadisəyə münasibət başqa cür sadəcə mümkün deyildi. Azərbaycanın bu məsələdə qətiyyət ortaya qoymasında kifayət qədər haqqı var idi. Həm maddi, həm mənəvi, həm də bütün haqlar baxımından Azərbaycana məntiqli, tutarlı cavab verilməli idi.

Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında Düşənbədə keçirilən görüş zamanı Azərbaycan tərəfinə söz verildi ki, məsələ konkretlik qazanacaq. Həmin andan etibarən Azərbaycan xalqı yenidən bir şans daha tanıdı və biz hələ də bu konkretliyi gözləyirik. Təbii ki, indiyə kimi əlimizdə olan faktlar onu sübut etməyə kifayətdir ki, bu, daxili partlayış nəticəsində baş verən hadisə deyil, təyyarəyə kənar müdaxilə olub. Məhz bircə bu faktın özü kifayət edir ki, Azərbaycan hələ də haqlı tələbində israrlı olsun. Bütün bunlarla yanaşı Azərbaycan hüquqi dövlətdir, hüquqa da hörmət edir, araşdırmaların nəticəsini təmkinlə gözləyir, eyni zamanda verilən vədi də gözləyir. Bu günə kimi olan məsələlər ondan xəbər verir ki, konkret bir fikrin səsləndirilməməsi üçün iki səbəb var.

Biri ondan ibarətdir ki, Rusiya ya məsuliyyətdən yayınmağa çalışır, ya da araşdırmanın nəticəsini gözləyir. Gözləmə isə sadəcə bu iki səbəb və regionla bağlı deyil. Bir neçə istiqamət üzrə gedən yarış və davam edən müharibə, Rusiyanın indiki məqamda lap da ciddi yanaşdığı nüfuz amili onu gözləmə mövqeyi seçməyə vadar edir. Hər bir halda araşdırmanın nəticəsini gözləmək lazımdır. Lakin bir məsələni də vurğulamadan keçməyə bilmərəm ki, bu da Prezidentimizin Ağdamda səsləndirdiyi konkret, qətiyyət dolu fikirləridir, aktorların qarşısında konkret müəyyənləşdirdiyi suallardır”. 

Ş.Həsənova qeyd edib ki, indiyə qədər baş vermiş hadisələr bizə düşmənimizi də, dostumuzu da yaxşı tanımağa imkan verib: “Habelə, coğrafi amili qəbul etmək, tarixi əlaqələrə hörmət etmək lazımdır. Azərbaycan proseslərə də, münasibətlərə də hər zaman bu hörmət kontekstindən yanaşır, lakin hələ də törədilən akt üzrə məsuliyyətə cəlb olunmanı və tələblərin yerinə yetirilməsini gözləyirik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:228
embedMənbə:https://sherg.az
archiveBu xəbər 27 Dekabr 2025 16:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri