Tixacda keçən ömür: hər il MİLYONLARLA pul itiririk
Tıxaclar müasir şəhərlərin ən ciddi problemlərindən biridir. Hər gün insanlar iş, məktəb, alış-veriş və digər yerlərə getmək üçün nəqliyyatdan istifadə edir. Bu zaman çoxumuz tıxaca düşürük. Tıxaclar nəinki vaxtımızı alır, həm də əsəblərimizi sınayır. Bu "yol macəraları" təkcə şəxsi həyatımıza deyil, bütün iqtisadiyyata təsir göstərir. Tıxaclar vaxt itkisi, yanacaq xərcləri, təchizat zənciri pozuntuları, ətraf mühitə təsir, sağlamlıq problemləri və investisiya mühiti kimi müxtəlif sahələrdə ciddi təsirlər yaradır.
Şəhərlərdə tıxac probleminin səbəbləri
Şəhərlərdə tıxacların yaranmasının müxtəlif səbəbləri var və bu səbəblər bir-birini tamamlayaraq problemlərin daha da kəskinləşməsinə yol açır.
Şəhərlərdə əhali artdıqca şəxsi nəqliyyat vasitələrinin sayı da mütənasib olaraq artır. İnsanların həyat şəraiti yaxşılaşdıqca avtomobil alır və gündəlik məqsədlər üçün ondan istifadə edir. Nəticədə küçələrdə maşınların sayı çoxalır.
Küçə və prospektlər isə bu artımı qarşılamaq iqtidarında olmur. Yolların dar, köhnə və texniki baxımdan zəif olması tıxacların yaranmasına gətirib çıxarır.
Şəhərlərdə ictimai nəqliyyatın zəifliyi insanların şəxsi avtomobillərdən istifadəsinə təşviq edir. Alternativ nəqliyyat vasitələrinin (velosiped, avtobus, metro və s.) sayının az olması şəxsi avtomobillərin daha çox istifadə edilməsinə səbəb olur.
İş saatları ilə bağlı vəziyyət də tıxacların yaranmasına səbəb olan əsas amillərdəndir. İnsanlar işə getmək və ya evə qayıtmaq üçün eyni vaxtda yola çıxırlar ki, bu da sıxlığın artmasına səbəb olur. Şəhərlərin mərkəzi hissələrində, xüsusən iş bölgələrində tıxaclar daha da şiddətlənir.
Şəhərlərdəki yol işləri və təmir prosesləri, tıxacların yaranmasına səbəb olan digər mühüm amillərdəndir. Təmir-bərpa işləri müvəqqəti olaraq yolların bağlanmasına və ya bir neçə zolağın istifadə edilməməsinə yol açır. Bu da nəqliyyatın hərəkətini məhdudlaşdırır və tıxaclara səbəb olur.
Bir çox şəhərlərdə avtomobillərin düzgün park etməməsi tıxacların yaranmasına səbəb olur. Xüsusilə dar küçələrdə avtomobillərin nizamsız park etməsi digər nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırır və nəticədə sıxlıq yaranır. Bu cür park etmə problemləri bəzən yolun tamamilə bloklanmasına və ya bir neçə zolağın tıxanmasına səbəb olur.
Tıxaclardan yaranan iqtisadi itkilər
Tıxacların ən açıq və hiss edilən təsiri vaxt itkisidir. Tıxacda qalan insanlar vaxtın böyük bir hissəsini yolda hərəkətsiz vəziyyətdə keçirirlər. Bu həm şəxsi, həm də peşəkar fəaliyyət üçün ciddi itkiyə səbəb olur. Tıxac səbəbindən yaranan gecikmələr bəzi hallarda iş saatlarının azalmasına və nəticədə işin keyfiyyətinin pisləşməsinə yol açır. Bu da ümumi iqtisadi artımın zəifləməsinə, məhsuldarlığın azalmasına gətirib çıxarır.
Tıxaclar nəqliyyat vasitələrinin sürəti azaldığı üçün yanacaq sərfiyyatı artır. Yolda hərəkət etmək və dayanmaq arasında qalan nəqliyyat vasitələri daha çox yanacaq sərf edir. Bu da sürücülər və yük daşıyan şirkətlər üçün əlavə yanacaq xərclərinə səbəb olur.
Tıxaclardan daşıma şirkətləri də əziyyət çəkir. Yük daşımalarının ləngiməsi ticarət zəncirlərinin pozulmasına səbəb ola bilər. Gecikmələr xammalın vaxtında alınmaması və ya hazır məhsulun vaxtında çatdırılmaması kimi problemlərə səbəb olur.
Tıxaclar yalnız maddi zərərlərlə kifayətlənmir, həm də ətraf mühitə mənfi təsir göstərir. Nəqliyyat vasitələrinin uzun müddət dayandığı və ya yavaş hərəkət etdiyi zaman atmosferə buraxılan karbon qazının miqdarı artır. Bu qlobal istiləşmə və ətraf mühitin pisləşməsi kimi ciddi nəticələrə səbəb olur. Tıxaclar səbəbindən havanın keyfiyyətini pisləşir və çirklilik artır.
Tıxacların digər mühüm təsiri insan sağlamlığına olan təsirləridir. Yolda uzun müddət qalan insanlar stress, narahatlıq və əsəbiliklə qarşılaşa bilərlər. Həmçinin, uzun müddət hərəkətsiz vəziyyətdə qalan sürücülər və sərnişinlər ürək-damar xəstəlikləri və digər fiziki problemlərlə üzləşirlər. Sağlamlığın pozulmasına səbəb olan bu təsirlər səhiyyə xərclərinin artmasına səbəb olmaqla əlavə iqtisadi yük gətirir.
Şəhərlərdəki tıxaclar ticarət və investisiya mühitini də mənfi təsir edir. Şəhər planlaşdırması və infrastruktur inkişafı, nəqliyyat sıxlığına uyğun olmalıdır. Belə olmayanda investorlar yüksək tıxac olan bölgələrdə biznes qurmaqdan çəkinirlər.
Dəhşətli tixaclar hansı şəhərlərdədir?
"TomTom" naviqasiya proqram təminatı istehsal edən şirkət dünyanın ən çox tıxac olan şəhərlərinin reytinqini tərtib edib. Bu reytinqə görə ən böyük tıxacları olan şəhər Londondur. Burada 10 km məsafəni keçmək üçün 37 dəqiqə 20 saniyə vaxt tələb olunur. Tədqiqatçılar qeyd ediblər ki, keçən il sürücülər yalnız tıxaclarda 148 saat və ya 6 gündən çox vaxt itirib. Ən pis gün isə 14 mart çərşənbə günü olub, bu zaman tıxaclar orta hesabla 50 dəqiqə 50 saniyə çəkib.
İkinci sırada olan Dublində tıxac müddəti 6 dəqiqə azdır — 29,5 dəqiqə. Ardınca Kanadanın Toronto şəhəri gəlir, burada isə ortalama tıxac müddəti yalnız 30 saniyə azdır.
Avropa İttifaqında ən az tıxac olan şəhər İtaliyanın Tarantodur. Burada 10 km məsafəni yalnız 10 dəqiqə 20 saniyəyə keçmək mümkündür. Ümumilikdə isə reytinqin sonunda ABŞ şəhərləri yerləşir: məsələn, Oklahomada bu məsafəni yalnız 8 dəqiqə 40 saniyəyə keçmək olar və orta sürət 61 km/saat təşkil edir.
Tədqiqat 5 qitədə 55 ölkədən 387 şəhəri əhatə edib. Dünyanın ən çox tıxac olan şəhərləri:
London (Böyük Britaniya)— 10 km məsafəni keçmək üçün 37 dəqiqə 20 saniyə. Dublin (İrlandiya) — 29 dəqiqə 30 saniyə. Toronto (Kanada) — 29 dəqiqə. Milan (İtaliya) — 28 dəqiqə 50 saniyə. Lima (Peru) — 28 dəqiqə 30 saniyə. Banqalor (Hindistan) — 28 dəqiqə 10 saniyə. Puna (Hindistan) — 27 dəqiqə 50 saniyə. Buxarest (Ruminiya)— 27 dəqiqə 40 saniyə. Manila (Filippin)— 27 dəqiqə 20 saniyə. Brüssel (Belçika)— 27 dəqiqə.Tixaclarda itirilən milyonlar
Tıxacların dünya iqtisadiyyatına hər il vurduğu ziyan 1,5 trilyon dollar qiymətləndirilir. Bu bütün dünyada istehsal iqtisadiyyata vurduğu ziyan ÜDM-in 1,5 faizinə bərabərdir. Tıxaclardan xeyli ölkə əziyyət çəkir. Onların itkiləri ilə tanış olaq.
ABŞ
ABŞ-da tıxaclar ciddi iqtisadi problemə çevrilib. 2023-cü ildə ABŞ-da nəqliyyat sıxlığının səbəb olduğu iqtisadi zərər 180 milyard dolları keçib. Amerikanın "INRIX" şirkəti və "İqtisadiyyat və Biznes Təhlili Mərkəzi" tərəfindən hazırlanan birgə ABŞ-da tıxacların yaratdığı maddi itki 2030-cu ilə qədər 200 milyard dollara çatacaq. Texas Nəqliyyat İnstitutunun araşdırmalarına görə, şəhər sakinləri ildə ortalama 54 saatını tıxaclarda keçirir. Yollardakı tıxacların maddi itkiləri hər bir şəxs üçün ildə təxminən 1080 dollar təşkil edir. Bundan əlavə, tıxaclarda dayandıqda təxminən 12,5 milyard litr yanacaq israf olunur.
Çin
Çin dünyada ən sürətlə böyüyən avtomobil bazarına malikdir və bu səbəbdən tıxaclar da çox böyük bir problemə çevrilib. Pekin, Şanxay və digər böyük şəhərlərdə tıxacların nəticələri çox ciddi iqtisadi təsirlər yaradır. Pekində bir sürücü gündə 1,5 saatını tıxacda keçirir. Tıxaclar səbəbindən illik olaraq 6,4 milyard litr əlavə yanacaq sərf edilir.
Braziliya
Braziliyanın Sao Paulo və Rio de Janeyro kimi böyük şəhərlərdə tıxaclar böyük iqtisadi zərərlərə səbəb olur. San Paulo şəhəri tıxaclar səbəbindən ildə 9,3 milyard dollar zərər görür. Şəhər sakinləri hər gün tıxacda orta hesabla 2 saat itirirlər. keçirirlər. Tıxaclar səbəbindən ildə 1,6 milyard litr əlavə yanacaq sərf edilir.
Böyük Britaniya
Böyük Britaniya, xüsusən London kimi böyük şəhərlər tıxacların iqtisadi təsirini ciddi şəkildə hiss edir. Londonda tıxaclarından yaranan iqtisadi zərər illik təxminən 7,8 milyard funt sterlinq) təşkil edir. London sürücüləri ilin təxminən 115 saatını tıxacda keçirirlər. Tıxaclar hər il 50 milyon ton əlavə yanacaq sərfinə səbəb olur.
Hindistan
Hindistanın böyük şəhərlərində, xüsusən də Mumbay və Nyu Delhidə tıxaclar daha kəskindir. Belə vəziyyət iqtisadiyyata ildə 22,5 milyard dollar zərər verir. Tıxaclar hər il 1 milyon ton əlavə yanacaq sərf etməyə səbəb olur.
Türkiyə
Türkiyədə tıxaclar xüsusilə İstanbul, Ankara və İzmir kimi böyük şəhərlərdə ciddi problemə çevrilib. İstanbul, həm də dünyada ən çox tıxac yaşanan şəhərlərdən biridir. İstanbulda tıxacların səbəb olduğu iqtisadi zərər ildə təxminən 10 milyard dollar təşkil edir. İstanbulda sürücülər hər gün ortalama 1,5 saatlarını tıxacda keçirirlər. İstanbulda tıxaclar illik olaraq təxminən 2 milyon ton əlavə yanacaq sərfiyyatına səbəb olur.
Rusiya
Rusiyada Moskva və Sankt-Peterburqda tıxaclar daha çox müçşahidə olunur. Moskva və digər böyük şəhərlərdə tıxaclar səbəbindən iqtisadi zərər illik təxminən 10-12 milyard dollar arasında dəyişir.
Bakıda tıxac problemi
Hazırda Bakı şəhərində yaranan tıxacların əsas səbəbi sürətli avtomobilləşmədir. Ölkə üzrə avtomobillərin 70 faizi Bakı şəhərində cəmləşdiyindən paytaxtın yollarında ciddi tıxaclar müşahidə olunur.
Bakı şəhərində hal-hazırda min nəfərə təxminən 250-300 avtomobil düşür. Şəhərin infrastrukturunun bu qədər avtomobili qəbul etməyə uyğun olmaması böyük bir problemə çevrilib. Şəhərin küçə və yol infrastrukturu, mövcud avtomobil sayına cavab verməkdə çətinlik çəkir. Bu durumu dəyişdirmək isə mümkün deyil, çünki belə bir dəyişiklik şəhərin ümumi infrastrukturunun köklü şəkildə təkmilləşdirilməsini tələb edir.
Bakıda işgüzar və mədəni fəaliyyətlər şəhərin mərkəzində cəmləşir. Bu da ətraf ərazilərdən, xüsusən Abşeron yarımadasındakı qəsəbə və şəhərlərdən insanların hər gün mərkəzə gəlməsinə səbəb olur. Bu hərəkətlilik xüsusilə şəxsi avtomobillərlə həyata keçirildikdə şəhərin yol şəbəkəsində ciddi tıxaclara səbəb olur.
Bakıda hesab edirlər ki, bu problemin həlli üçün ən optimal yol paytaxtda ictimai nəqliyyatın üstünlüyünü artırmaqdır. Avtobusların maneəsiz hərəkət etməsi üçün uyğun şərait yaradılmalı və avtobus zolaqları təşkil edilməlidir. Bu avtobusların hərəkət intervallarını pozmasının qarşısını alacaq və nəticədə avtobusların vaxtında gəlməsi təmin olunacaq.
Tıxaclardan qurtulmağın yolları
Tıxacların azaldılması və qarşısının alınması üçün ölkələr bir çox müxtəlif yanaşmalar tətbiq edir. Bu yanaşmalar şəhər planlamasından tutmuş texnologiyaların tətbiqinə qədər geniş bir sahəni əhatə edir.
İctimai nəqliyyat sisteminin inkişafı, tıxacların azaldılmasında ən təsirli tədbirlərdən biridir. Bütün böyük şəhərlərdə bu sahəyə qoyulan sərmayələr ilbəil artmaqdadır. Avtomobil istifadəçilərini şəxsi avtomobillərdən ictimai nəqliyyata keçirmək tıxacları əhəmiyyətli dərəcədə azalda bilər.
Məsələn, Londonda ictimai nəqliyyatı təşviq etmək üçün 2003-cü ildən "Congestion Charge" (tıxac vergisi) sistemini tətbiq edib. Bu sistem şəhərə avtomobillə daxil olmağı daha baha hala gətirir və sürücüləri ictimai nəqliyyata yönəldir. Çin isə sürətli dəmir yolu və metro xətləri şəbəkəsini genişləndirərək böyük şəhərlərdə tıxacları azaltmğa çalışır.
Tıxac vergisi və ödənişli zona tətbiqləri şəhər mərkəzlərinə şəxsi avtomobillərin daxil olmasını məhdudlaşdıraraq tıxacların qarşısını almaq üçün istifadə olunan məşhur metodlardandır. Bu sistemlər əksər hallarda avtomobillərin sayını azaltmaq və ictimai nəqliyyata olan tələbatı artırmaq məqsədini güdür. Sinqapurda 1975-ci ildən tətbiq edilən "Electronic Road Pricing" (ERP) sisteminə əsasən, avtomobillər şəhərin mərkəzlərinə daxil olduğu zaman avtomatik olaraq ödəniş hesablanır.
Tıxacların azaldılması üçün yol infrastrukturu təkmilləşdirilməli və yeni yollar inşa edilməlidir. Yüksək sürətli avtomobil yolları, tunellər və körpülər, nəqliyyatın axınını yaxşılaşdırmaq və tıxacları azaltmaq məqsədini daşıyır. İstanbulda çoxlu sayda körpü və tunel inşası şəhər daxilində və ətrafında tıxacların azaldılmasına nisbətən kömək edib. "Yavuz Sultan Selim Körpüsü" və "Avrasya Tuneli" şəhərin iki hissəsini birləşdirərək tıxacların yüngülləşməsinə səbəb olub.
Tıxacların səbəblərindən biri də yük daşımalarıdır. Parisdə yük daşımalarını idarə etmək üçün xüsusi "yaşıl zonalar" yaradılıb və yük daşımalarının müəyyən saatlarda şəhər mərkəzlərinə daxil olması qadağan edilib. Madriddə şəhər mərkəzlərinə yük daşımalarını məhdudlaşdıran və müəyyən saatlarda icazə verən qanunlar tətbiq edilir.
Velosiped və piyada yollarının genişləndirilməsi şəxsi avtomobillərin sayını azaltmağa kömək edir.
Bəzi şəhərlərdə hökümət ağıllı şəhər texnologiyalarını tətbiq edərək tıxacların qarşısını almağa çalışır. Ağıllı şəhərlər tıxacları real vaxt rejimində izləyərək nəqliyyat axınını idarə etməyə imkan verir. Sinqapurda tətbiq olunan "Smart Mobility" (ağıllı nəqliyyat) proqramı ilə şəhər daxilində nəqliyyatın axını avtomatik idarə olunur, bu da tıxacların azalmasına səbəb olur.
Mütəxəssislər hesab edir ki, bu vəziyyətin yaxşılaşması üçün nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, yol şəbəkəsinin genişləndirilməsi, park yerlərinin və taksi dayanacaqlarının artırılması, həmçinin köhnə avtomobillərin istismardan çıxarılması vacibdir. Əlavə olaraq metro stansiyalarının sayının artırılması, şəhər ətrafında daha çox əraziyə xidmət göstərilməsi və avtobusların sayının artırılması da bu problemi həll etməyə kömək edəcək.
Bu günlərdə yerli televiziya kanallarına müashibə verən Prezident İlham Əliyev şəhər nəqliyyatı problemlərinə də toxunub. Dövlət başçısı bildirib ki, vaxtilə şəhər nəqliyyatını yüngülləşdirmək və tıxacları azaltmaq üçün bir çox böyük layihələr icra edilib, bir çox tunellər, yol qovşaqları inşa olunub. “Amma indi biz görürük ki, yenə də nəqliyyat vasitələrinin sayı artır, insanlar daha çox maşın alır, iqtisadi fəallıq artır. Yenə də şəhər tıxaclarda boğulmağa başlamışdır. Ona görə mənim tərəfimdən, o cümlədən bu məsələ də tapşırıq kimi verildi və indi Baş plan faktiki olaraq hazırlanıb. Burada avtobus nəqliyyatını metro nəqliyyatı ilə uzlaşdırmaq məsələləri dayanır. Biz son vaxtlar bir neçə metro stansiyasını istifadəyə verdik. Amma bu, kifayət deyil və mənim göstərişimlə yeni 10 metro stansiyası inşa ediləcək. Onların yerləri də seçildi və bu ildən başlayaraq artıq investisiyalar da qoyulacaq. Bununla bərabər, yeni yol infrastruktur layihələrini Bakı şəhərində icra etmək üçün artıq ilk 7-8 layihə seçildi. Beynəlxalq mütəxəssislər cəlb edildi. Biz hansı yollara üstünlük verməliyik. Bəzən yeni yol açılır, amma o, tıxacın azalmasına yox, artmasına gətirib çıxarır. Yəni, burada beynəlxalq təcrübə çox vacibdir və bu məsələ də mütləq öz həllini tapacaq”.