Icma.az
close
up
RU
Tofiq Zülfüqarov: ”Nə Azərbaycan, nə də Türkiyə bu təxribat planının içində olacaq” MÜSAHİBƏ

Tofiq Zülfüqarov: ”Nə Azərbaycan, nə də Türkiyə bu təxribat planının içində olacaq” MÜSAHİBƏ

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri Cənubi Qafqazın yeni geosiyasi və geoiqtisadi arxitekturasının formalaşmasında yeni prosesə təkan verə bilər. 

Hazırda Çindən dünya ölkələrinə və əks istiqamətə yüklərin daşındığı Rusiyanın qərb sərhədlərində və Qırmızı dənizdən keçən nəqliyyat dəhlizində müharibə getdiyindən, Çin alternativ  marşrutlar axtarır. Bu baxımdan, “Bir Kəmər-Bir Yol” layihəsinin orta xəttinin keçdiyi Mərkəzi Asiya-Cənubi Qafqaz-Türkiyə yolu həm məsafə və xərc, həm də təhlükəsizliyinə görə daha əlverişlidir. 

Çinin “Orta dəhliz”ə marağının artması perspektivdə Zəngəzur dəhlizinin açılması məsələsini yenidən gündəmə gətirib. Sözügedən səfərin nəticələrinin Zəngəzur dəhlizinin açılmasına mümkün təsirləri ilə bağlı sualları sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cümhuriyət” qəzetinə müsahibəsində cavablandırdı.  

-Azərbaycan Prezidentinin Çinə rəsmi səfəri fonunda daha çox müzakirə olunan məsələ, yaxud səslənən sual “Orta Dəhliz”in və onun tərkib hissəsi olan Zəngəzur dəhlizinin açılmasına necə təsir göstərə biləcəyi ilə bağlıdır. Azərbaycan və Çin arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması Zəngəzur dəhlizinin açılmasına nə qədər təsir göstərə bilər?   

-Mənim qənaətimə görə, Azərbaycanla Çin arasında əlaqələrin dərinləşməsi Azərbaycanın türk dövlətləri ilə bağlı siyasətinin strateji davamıdır. Çünki Çin hazırda dünyada geopolitik mərkəzlərdən biridir və fövqəlgücdür. Çinlə strateji səviyyədə münasibətlər qurmaq, yaratmaq, buna nail olmaq xarici siyasətin böyük uğurudur. Daha doğrusu, bu məsələdə maraqlar qarşılıqlıdır. 

Mən digər bir mövzunu qeyd etmək istərdim. Azərbaycanın xarici siyasətinin məqsədi türk dövlətləri birliyi üzərində aparılan çoxşaxəli işin davamı olacaq. Burada Çinin də Azərbaycan üçün çox böyük rolu var. Çünki Çin uzun müddətdir Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında diplomatik təmaslara başlayıb. Hətta sammitlər təşkil olunub. 

Çindən başqa, ABŞ də Mərkəzi Asiya ölkələri ilə “5+1” formatında əməkdaşlıq edir. Rusiya müxtəlif formatlar çərçivəsində Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və tərəfdaşlıq əlaqələri qurub. Avropa İttifaqının da bu regiona marağının artdığını görürük. 

Azərbaycanın bu ölkələrlə münasibəti Türk Dövlətləri Təşkilatı ilə bağlıdır. Həm Azərbaycan, həm də Türkiyə bu birliyin fəaliyyətində mühüm rol oynayır. Digər tərəfdən, coğrafi nöqteyi-nəzərdən Azərbaycanın bu bölgədə çox vacib geosiyasi əhəmiyyəti var. Azərbaycan Xəzər dənizi və Mərkəzi Asiya arasındakı dəhlizlər, geokommunikasiyalar üzərində monopoliyaya malikdir. 

Digər monopoliya isə Cənubi Qafqazda Gürcüstanın əlindədir. Bu baxımdan, Azərbaycan Prezidentinin Çinə rəsmi səfəri böyük layihələrə birinci addım kimi qiymətləndirilə bilər. Çünki Azərbaycanın və Türkiyənin Çindən investisiyalar, texnologiyalar qəbul etməsiylə yanaşı, həm də  regional kommunikasiya xətlərinin üzərində yerləşməsi strateji əhəmiyyət kəsb edir. 

Hesab edirəm ki, Azərbaycan tərəfi mühüm bir nailiyyət əldə edib. Bəziləri belə fikirlər səsləndirirlər ki, Azərbaycanla Çin arasında strateji münasibətlər qurulsa, başqa beynəlxalq oyunçular buna necə yanaşacaq?  Dərhal ABŞ-ni yada salırlar. 

-İlk növbədə, Tramp administrasiyasının mümkün reaksiyası maraqlıdır. ABŞ bu prosesə mane ola biləcəkmi?  

-Xeyr. Nəzərə almaq lazımdır ki, Trampın da maraqları daha çox iqtisadi məsələlərlə bağlıdır. ABŞ və Çin arasında iqtisadi zəmində rəqabət təbii ki, mövcuddur. Hər iki ölkə öz iqtisadi maraqlarını qorumağa çalışır. 

Amma Azərbaycandan heç kim ticarət dövriyyəsində 3-cü yeri tutan bir dövlətlə münasibətlərdə başqa dövlətin maraqlarını qorumağı tələb edə bilməz. Trampın da taktikası iqtisadi və texnoloji sahələrdə hegemonluğu saxlamaqdan başqa, kommunikasiyalara nəzarəti əldə saxlamaqdan ibarətdir. Ona görə də bunu heç kim bizə irad tuta bilməz. Siyasi məsələləri bu mövzuya qatmaq düzgün olmaz. 

-Çinin Ermənistandakı səfirliyinin müvəqqəti işlər vəkili Çen Minq “Türkiye Gazetesi”nə verdiyi müsahibədə maraqlı açıqlamalar verib. O bildirib ki,  Çin özünün tarixi “Bir Kəmər- Bir Yol” təşəbbüsü ilə bağlı daha bir mühüm addım ataraq Ermənistanı öz nəqliyyat şəbəkəsinə daxil etməyə hazırlaşır. 

Diplomat qeyd edib ki, Pekin “Sülh kəsişməsi”ni təşviq edən Ermənistanın “Bir kəmər-Bir yol” layihəsinə  daha fəal şəkildə inteqrasiya etməsini planlaşdırır. Çinin yaxın vaxtlarda Ermənistanla nəqliyyat sahəsində müqavilə imzalayacağını bildirən Çen Minq bu layihələrin Cənubi Qafqazın iqtisadi xəritəsini dəyişəcəyini deyib. Çin rəsmisinin bu sözləri Zəngəzur dəhlizinin açılacağına ümid yaradırmı? 

-Səfirliyin iqtisadi məsələlər üzrə müşavirinin fikirləri çox vacibdir. Amma gəlin, bunu çox da şişirtməyək. Ermənistan mediası bu cür bəyanatları təbliğ edir. Çünki onlar da belə böyük layihələrin iştirakçısı olmaq istəyirlər. Amma Azərbaycanın “Transxəzər” nəqliyyat dəhlizində monopoliyası var.

Eyni zamanda, artıq Azərbaycan Gürcüstan üzərindən keçən kommunikasiyalara böyük dəstək göstərib və geniş infrastruktura malik neft, qaz kəmərləri, dəmir və avtomobil yolu fəaliyyət göstərir. Azərbaycanın Gürcüstanla bu layihələri Ermənistansız da təmin etmək imkanı var. Digər tərəfdən, Azərbaycan ermənilərin Zəngəzur dəhlizinə dair mövqeyini nəzərə alaraq, İran vasitəsilə də kommunikasiya infrastrukturunu genişləndirir. İranla digər geopolitik və kommunikasiya layihəsi olan Şimal-Cənub Nəqliyyat Dəhlizini də nəzərə almalıyıq. 

Çindən gələn mallar yalnız Qərbə deyil, həm də şimala və cənuba daşına bilər. Çinin Pakistan üzərindən yüklərinin daşınması üçün liman salınıb, avtomobil yolu var. Biz Azərbaycanın bu şəbəkənin mərkəzində olduğunu görürük. Ermənistana gəlincə, ilk növbədə, Azərbaycan beynəlxalq daşımaları təmin etmək üçün Gürcüstan və İran ərazilərindən istifadə edə bilər. 

Zəngəzur mövzusunda əsas vacib məsələ odur ki, Azərbaycanın ikiyə bölünmüş hissəsi arasında təhlükəsiz yol olsun, vaxtilə bolşeviklər tərəfindən törədilmiş tarixi cinayətin nəticələri aradan qaldırılsın. 

Əgər Ermənistan bu layihəyə qoşulmaq istəyirsə və Çinin də bunda maraqlı olduğunu təbliğ edirsə, bu, Azərbaycanın icazəsi ilə olmalıdır. Zəngəzur dəhlizinin beynəlxalq daşımalar üçün istifadəsi Azərbaycanın icazəsi və razılığı ilə mümkün ola bilər. 

Yəni, Azərbaycanın ikiyə bölünmüş ərazisi arasında birbaşa və təhlükəsiz kommunikasiya təmin olunmalı, bolşeviklərin səhvi aradan qaldırılmalıdır. Bu, bizim tələbimizdir. Ermənistan hər hansı təşəbbüsə, coğrafi və geosiyasi imkanlara malik deyil.     

-Azərbaycan və Çin Zəngəzur dəhlizinin açılmasını istəyərsə, Ermənistan yenə də buna mane ola bilərmi?

-Xeyr. Ermənistan öz şərtləri əsasında bu məsələyə razılıq vermək niyyətindədir. Amma həmin şərtlər Azərbaycan üçün öhdəlik kimi qəbuledilməzdir. Azərbaycan öz maraqlarının təmini  üçün siyasi iradə nümayiş etdirir və yenə də etdirəcək. 

-Bəs ABŞ-nin Nikol Paşinyana təzyiq etməklə Zəngəzur dəhlizinin açılmasının qarşısını almaqla Çinin bölgədəki fəaliyyətinə mane olmaq ehtimalı nə qədərdir? 

-Mən belə deməzdim. Avropa İttifaqı bu məsələdə ikiüzlü siyasət yürüdür. Biz bunu Səmərqənd görüşündə gördük. Onlar bu regiona coğrafi bölgə kimi yanaşırlar. Amma Türk Dövlətləri Təşkilatının timsalında bu bölgə geosiyasi əhəmiyyət daşıyır. Hamı başa düşür ki, Azərbaycanın və Türkiyənin iştirakı olmadan Avropa İttifaqının Mərkəzi Asiyada fəaliyyəti qeyri-mümkündür. 

Əks təqdirdə, 12 milyardlıq investiyanın realizəsi ya Rusiya, ya da İran vasitəsilə həyata keçirilməlidir. Ona görə də avropalılar öz oyunlarından əl çəkməsələr, Mərkəzi Asiyada uğur qazanmaq imkanları sual altındadır. 

Halbuki, geosiyasi təminatı verən tərəf Türkiyədir. Onlar gedib Səmərqənddə hansısa vədlər verə bilərlər. Onlar ya gəlib Azərbaycanın, Gürcüstanın razılığını almalı,  ya da gedib Rusiya və İranla da danışmalıdırlar. 

-Paradoks ondadır ki, “Bir Kəmər-Bir Yol” layihəsi yüklərin Çin və Avropa İttifaqı arasında daşınmasını nəzərdə tutur. Onlar isə Səmərqənd sammitində “Bir Kəmər-Bir Yol”a alternativ tranzit  layihəsi  irəli sürdülər. 

-Avropa İttifaqının burada iki məqsədi var. Bu prosesdə Fransa Prezidenti Makronun xətti görünür. Onlar Azərbaycanı və Türkiyəni kənarda qoyub, Mərkəzi Asiya ölkələri ilə razılıq əldə edib, bizi qarşı-qarşıya qoymağa çalışacaqlar. Məlumdur ki, Fransa Qazaxıstanda və Özbəkistandakı uran ehtiyatlarına maraq göstərir. Uranı da Azərbaycan və Rusiya üzərindən daşımaq mümkündür. Nə Azərbaycan, nə də Rusiya  buna razılıq verdi.

-Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Kipr Respublikasında  səfirlik açması da bu planın tərkib hissəsidir? 

-Bəli. Amma nə Azərbaycanı, nə də Türkiyəni bu təxribat planının içərisində görəcəklər. Azərbaycanın iştirakı olmadan hər hansı razılaşma nəticə verməyəcək. Ona görə də Azərbaycanın dövlət başçısının Çinə səfəri yüksək səviyyədə baş tutub. 

Protokol baxımından, çox nadir hallarda belə yüksək qarşılanma olur. Bu da onu göstərir ki, Çin bu regionda Azərbaycanı özü üçün etibarlı tərəfdaş hesab edir. Ermənistan da bunu yaxşı başa düşdüyünə görə müvəqqəti işlər vəkilinin sözlərini əllərində bayraq ediblər. 

Müşfiq Abdulla
"Cebheinfo.az" 

Açar sözlər: Azərbaycan Türkiyə Tofiq Zülfüqarov Çin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Aprel 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyanın Azərbaycana qarşı növbəti təzyiq mexanizmi

25 İyul 2025 00:06see559

Şəmkirdə 15 yaşlı qızın ehtiyatsızlığı faciə ilə nəticələndi

24 İyul 2025 01:38see242

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see192

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see150

PA nın Vətəndaş Qəbulu Mərkəzində avqust ayı üçün qəbul cədvəli AÇIQLANDI

23 İyul 2025 18:12see147

Qurban Qurbanov: Qələbəni unudub cavab oyununa ciddi hazırlaşacağıq

24 İyul 2025 01:30see141

Uşağın smartfona erkən çıxışı psixi sağlamlıq problemlərinə gətirib çıxarır

24 İyul 2025 04:25see140

Xankəndi şəhərində “Sarı gəlin” abidəsi belə ola bilər

23 İyul 2025 17:48see140

ABŞ da qırmızı ət qiymətləri rekord həddə çatdı

23 İyul 2025 20:13see137

BYD və “Geely”də saxtakarlıq aşkarlandı Subsidiyalar bu mexanizmlə mənimsənilir

23 İyul 2025 20:07see136

Goji berry nədir? Goji giləmeyvəsinin faydaları

24 İyul 2025 17:12see133

Aktivlərinin həcminə görə Azərbaycan banklarının RENKİNQİ

23 İyul 2025 18:27see133

YPG Suriyada silahları təhvil verməyəcəyini açıqlayıb

24 İyul 2025 02:48see131

“Qarabağ”ın darmadağınla qələbəsi Video

24 İyul 2025 02:30see130

Təmiz enerji dövrünü necə sürətləndirmək olar ANALİZ

24 İyul 2025 16:58see128

Avropa və ABŞ razılaşacaqlar Ticarət gərginliyi aradan qalxacaq

24 İyul 2025 17:15see127

Bu şəhərdə 22 min abonentin qaz təchizatı dayandırılacaq

24 İyul 2025 17:01see126

Qız Qalasında “Vyetnam Günləri : Şərqin incə zərifliyi İçərişəhərdə FOTO

24 İyul 2025 17:07see122

Türkiyədə oxuyan bir qrup tələbə Azərbaycan universitetlərinə köçürülmə hüququndan məhrum edilib?

25 İyul 2025 01:36see122

Dondurma yeyəndə dişlərimiz niyə sızıldayır? Səbəbi

24 İyul 2025 15:59see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri