Tovuzdan başlayan Zəfər yolu
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
5 günlük döyüşlər milli birliyin və hərbi gücün təntənəsinə çevrildi
2020-ci ilin iyulunda Azərbaycan–Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlər bütöv bir dövrün dönüş nöqtəsinə çevrildi. Beş gün davam edən ağır qarşıdurma yalnız sərhəd xəttində yaşanan hərbi əməliyyat deyildi. Bu döyüşlər Azərbaycan dövlətinin iradəsini, Ordunun peşəkarlığını və xalqın milli həmrəyliyini nümayiş etdirən mühüm mərhələ oldu. Sonrakı hadisələr göstərdi ki, Tovuzda baş verənlər 44 günlük Vətən müharibəsinin siyasi, hərbi və mənəvi əsaslarını formalaşdıran proseslərdən biri idi.
Döyüşün Qarabağ deyil, Tovuz istiqamətinin seçilməsi təsadüfi deyildi. Bu ərazi Azərbaycanın yalnız sərhəd bölgəsi deyil, həm də regionun iqtisadi və geosiyasi xəritəsində mühüm yer tutan strateji məkandır. Buradan keçən enerji və nəqliyyat marşrutları Azərbaycanı Avropa və Asiya arasında etibarlı tərəfdaşa çevirən əsas layihələrin bir hissəsidir.
Tovuzun strateji əhəmiyyəti
Tovuz rayonu Azərbaycanın ən mühüm geostrateji bölgələrindən hesab olunur. Buraya yalnız xəritədə sərhəd xətti kimi baxmaq düzgün olmazdı. Azərbaycanın dünya bazarlarına çıxışını təmin edən, ölkəyə valyuta gətirən əsas enerji və logistika layihələrinin əhəmiyyətli hissəsi məhz bu istiqamətə yaxın ərazilərdən keçir. Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəməri, Cənub Qaz Dəhlizi, Bakı–Tbilisi–Ərzurum qaz xətti, Bakı–Tbilisi–Qars dəmir yolu regionun iqtisadi həyatını dəyişdirən layihələrdir. Bu marşrutlar təkcə Azərbaycanın deyil, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Məhz buna görə Tovuz istiqamətində yaranan hər hansı gərginlik beynəlxalq diqqətdən kənarda qala bilməzdi. Bir çox xarici analitiklər də həmin vaxt qeyd edirdilər ki, sərhəddə qarşıdurmanın məhz bu bölgədə yaradılması təsadüfi deyil. Məqsədlərdən biri Azərbaycanın həyata keçirdiyi iri enerji və nəqliyyat layihələri ətrafında risk görüntüsü formalaşdırmaq idi. Lakin hadisələrin sonrakı inkişafı bu planın iflasa uğradığı göstərdi. Nə enerji ixracı dayandı, nə də beynəlxalq tərəfdaşlar Azərbaycanla əməkdaşlığa münasibətlərini dəyişdilər. Əksinə, Azərbaycanın etibarlı tərəfdaş imici daha da möhkəmləndi. Dövlət sərhədində təhlükəsizliyin qısa müddətdə təmin olunması xarici tərəfdaşlara ölkənin öz strateji layihələrini qorumaq imkanlarına malik olduğunu bir daha göstərdi.
5 günlük ağır sınaq
2020-ci il iyulun 12-dən 16-dək Tovuz rayonu istiqamətində, Azərbaycan–Ermənistan dövlət sərhədində şiddətli toqquşmalar baş verdi. İyulun 12-dən etibarən düşmən sərhədin Tovuz rayonu ərazisində irimiqyaslı təxribatlara əl atdı. Həmin gün günorta saatlarından başlayaraq, Ermənistan silahlı qüvvələri Tovuzda dayanmadan dinc sakinləri, mülki vətəndaşları hədəfə aldı, mövqelərimizi artilleriya qurğularından atəşə tutdu. Təxribatlar zamanı Azərbaycan Ordusunun bölmələri düşmənin qəfil hücumunun qarşısını qətiyyətlə aldı. Döyüşlər nəticəsində ermənilərin neçə-neçə dayaq məntəqəsi dağıdıldı, bir çox döyüş texnikası sıradan çıxarıldı, onlarla hərbçisi məhv edildi. Tovuz hadisələri zamanı Azərbaycan əsgərinin döyüş hazırlığı, qələbə ruhu, vətənpərvərliyi düşmənin işğalçılıq niyyətinə qalib gəldi. Döyüşlər zamanı Azərbaycan Ordusu həm müdafiədə, həm də cavab tədbirlərində yüksək peşəkarlıq nümayiş etdirdi. Tovuz döyüşləri bir daha göstərdi ki, Azərbaycan Ordusu artıq əvvəlki illərlə müqayisədə tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illərdə aparılan hərbi islahatlar, müasir silah sistemlərinin alınması, şəxsi heyətin peşə hazırlığının artırılması və komandanlıq sistemində həyata keçirilən yeniliklər döyüş meydanında öz nəticəsini verirdi.
Polad Həşimov fenomeni
Bu döyüşlərin ən yaddaqalan səhifələrindən biri Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun qəhrəmanlığı oldu. Ali hərbi rütbəli zabitin ön xəttə gələrək döyüşləri şəxsən idarə etməsi cəmiyyətdə böyük hörmət və ehtiram doğurdu. Çünki o, əsgərləri ilə eyni səngərdə olan sərkərdə idi. P.Həşimovun şəhid olması ölkədə dərin hüzn yaratdı. Lakin bu itki, eyni zamanda, xalqın iradəsini daha da gücləndirdi. Minlərlə insan onun iyulun 15-də keçirilən dəfn mərasimində iştirak etdi, müxtəlif şəhərlərdə şəhidlərin xatirəsinə ehtiram aksiyaları keçirildi. Gənclər arasında hərbi xidmətə maraq artdı, könüllü şəkildə ordu sıralarına yazılmaq istəyənlərin sayı çoxaldı. Generalın adı qısa müddətdə Vətənə sədaqətin, zabit şərəfinin və fədakarlığın rəmzinə çevrildi. Onunla birlikdə şəhid olan polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov, mayor Namiq Əhmədov, gizir Yaşar Babayev və digər qəhrəmanların göstərdiyi igidlik də xalqın yaddaşında əbədi yer aldı. Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri də məhz bu mənəvi yüksəliş idi. Cəmiyyət bir daha gördü ki, Azərbaycanın hərbi elitası döyüş meydanında şəxsi nümunə göstərməyi xidmət borcu hesab edir. Bu amil sonrakı aylarda formalaşan milli birliyin əsas dayaqlarından birinə çevrildi.
Dünyanın diqqəti Tovuza yönəldi
Tovuz istiqamətində baş verən döyüşlər qısa müddətdə beynəlxalq gündəmin əsas mövzularından birinə çevrildi. Bunun əsas səbəbi qarşıdurmanın işğal altında olan ərazilərdə deyil, iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədində baş verməsi idi. Bu amil hadisələrə yanaşmanı da fərqləndirdi. Bölgədə sabitliyin pozulması təkcə Azərbaycan və Ermənistan üçün deyil, Cənubi Qafqazla iqtisadi və siyasi əlaqələri olan dövlətlər üçün də narahatlıq yaratdı. Müxtəlif ölkələr və beynəlxalq təşkilatlar tərəfləri gərginliyi azaltmağa çağırdı. Lakin diqqətçəkən məqamlardan biri ondan ibarət idi ki, Tovuzun strateji mövqeyi haqqında aparılan müzakirələr əvvəlki illərlə müqayisədə daha geniş xarakter aldı. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizlərinin qorunması və regional sabitlik məsələləri dünya mətbuatında geniş yer aldı.
Xüsusilə Avropa üçün Azərbaycan qazının əhəmiyyəti fonunda Tovuz bölgəsinin təhlükəsizliyi ayrıca önəm kəsb edirdi. Beynəlxalq tərəfdaşlar Azərbaycanın həyata keçirdiyi layihələrin bölgənin inkişafına verdiyi töhfəni yaxşı anlayırdılar. Buna görə də sərhəddə yaranmış gərginliyin uzunmüddətli xarakter almaması hamının maraqlarına cavab verirdi.
Ankaranın qətiyyətli mövqeyi
Tovuz döyüşləri zamanı ən prinsipial mövqelərdən biri Türkiyə tərəfindən ortaya qoyuldu. Rəsmi Ankara ilk gündən Azərbaycanın yanında olduğunu açıq şəkildə bəyan etdi. Türkiyə rəhbərliyinin verdiyi açıqlamalar həm siyasi, həm də mənəvi baxımdan Bakıya güclü dəstək idi. Bu dəstək təkcə bəyanatlarla məhdudlaşmadı. Həmin dövrdən etibarən iki ölkə arasında hərbi əməkdaşlıq daha da genişləndi. Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimləri intensiv xarakter aldı, qarşılıqlı fəaliyyət imkanları daha da artırıldı. Sonrakı aylarda bu əməkdaşlığın nəticələri özünü aydın şəkildə göstərdi. Tovuz hadisələri bir daha sübut etdi ki, Azərbaycan–Türkiyə münasibətləri yalnız siyasi yaxınlıqdan ibarət deyil. Bu münasibətlər ortaq təhlükəsizlik maraqlarına, qarşılıqlı etimada və strateji tərəfdaşlığa söykənir.
Xalq – Ordu birliyi yeni mərhələyə yüksəldi
Tovuz döyüşlərinin ən mühüm nəticələrindən biri cəmiyyətdə yaranan misilsiz birlik oldu. Şəhid xəbərləri bütün ölkədə böyük kədər doğursa da, bu ağrı ümidsizlik yaratmadı. Əksinə, insanlar Ordunun yanında olduqlarını daha açıq şəkildə nümayiş etdirməyə başladılar. İyulun 14-dən 15-nə keçən gecə Bakıda keçirilən izdihamlı yürüş bunun ən parlaq nümunəsinə çevrildi. Minlərlə insan küçələrə çıxaraq şəhidlərin xatirəsini yad etdi, dövlətə və Orduya dəstəyini ifadə etdi. Cəmiyyətdə torpaqların işğaldan azad olunması ilə bağlı gözləntilər daha da gücləndi.
Eyni zamanda, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü hərbi xidmət üçün çoxsaylı müraciətlər daxil oldu. Minlərlə gənc Vətənin müdafiəsində iştirak etmək istədiyini bildirdi. Bu mənzərə göstərirdi ki, Azərbaycan cəmiyyətində milli həmrəylik əvvəlki dövrlərlə müqayisədə daha möhkəm əsaslara söykənir.
Tovuz hadisələri zamanı informasiya məkanında da fərqli mənzərə yarandı. Xaricdə yaşayan azərbaycanlılar müxtəlif ölkələrdə həmrəylik aksiyaları keçirdilər, Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışdılar. Diaspor təşkilatlarının fəaliyyəti xeyli canlandı. Beləliklə, Tovuz döyüşləri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları da vahid məqsəd ətrafında birləşdirən hadisələrdən biri oldu.
Böyük Zəfərin başlanğıcı
Tarixi hadisələri qiymətləndirərkən onların sonrakı proseslərə təsiri əsas meyarlardan biri hesab olunur. Bu baxımdan Tovuz döyüşlərinin əhəmiyyəti xüsusilə böyükdür. Həmin günlərdə Azərbaycan Ordusunun nümayiş etdirdiyi hazırlıq, cəmiyyətin göstərdiyi birlik və dövlətin sərgilədiyi qətiyyət cəmi 2 ay sonra başlayan Vətən müharibəsində öz məntiqi davamını tapdı. Bu döyüşlər böyük qələbənin başlanğıcı oldu. Düşmən təxribatlarına cavab olaraq həyata keçirilən uğurlu hərbi əməliyyatlar böyük Zəfərə gedən yolun əsasını qoydu.
Tovuz hadisələrindən sonra Silahlı Qüvvələrdə döyüş hazırlığı daha da gücləndirildi. Yeni təlimlər keçirildi, müxtəlif qoşun növlərinin qarşılıqlı fəaliyyəti təkmilləşdirildi, müasir idarəetmə üsulları daha geniş tətbiq olundu. Orduda hökm sürən yüksək döyüş ruhu artıq bütün cəmiyyət tərəfindən hiss edilirdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı əldə olunan uğurlar təsadüfi deyildi. Tovuz döyüşlərində formalaşan inam, komandanlıq təcrübəsi və döyüş əzmi sonrakı əməliyyatlarda mühüm rol oynadı. Həmin günlərdə nümayiş etdirilən peşəkarlıq Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Suqovuşan, Hadrut və Şuşa istiqamətlərində aparılan əməliyyatlarda daha geniş miqyasda özünü göstərdi.
Yaddaşlarda yaşayan qəhrəmanlıq
Tovuz döyüşlərindən 6 il keçir. Hadisələrə zaman məsafəsindən baxdıqda onların əsl mahiyyəti daha aydın görünür. Bu döyüşlər Azərbaycanın müasir tarixində təkcə hərbi əməliyyat kimi deyil, milli iradənin və dövlət qətiyyətinin təzahürü kimi qiymətləndirilir. Tovuz döyüşləri göstərdi ki, ölkənin təhlükəsizliyi yalnız silahla deyil, xalqın birliyi, dövlətə inamı və milli həmrəyliklə qorunur. Həmin günlərdə nümayiş etdirilən birlik sonrakı aylarda tarixi Zəfərin mühüm dayaqlarından birinə çevrildi.
General-mayor Polad Həşimovun və onunla çiyin-çiyinə döyüşərək şəhid olan qəhrəmanların xatirəsi bu gün də böyük ehtiramla anılır. Onların fədakarlığı Azərbaycanın hərb tarixində şərəf səhifəsi kimi yaşayır. Tovuz döyüşləri isə gələcək nəsillərə yalnız qəhrəmanlıq nümunəsi deyil, həm də Vətən uğrunda mübarizənin hansı mənəvi dəyərlər üzərində qurulduğunu göstərən canlı tarix dərsidir. İyulun 12–16-da yazılan bu salnamə sonradan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin başlanğıc nöqtələrindən biri kimi yadda qaldı. Bu səbəbdən Tovuz döyüşləri Azərbaycan tarixində təkcə 5 gün davam edən hərbi qarşıdurma deyil, xalqın iradəsini möhkəmləndirən, Ordunun gücünü nümayiş etdirən və Böyük Zəfərə aparan yolu işıqlandıran mühüm mərhələ kimi həmişə xatırlanacaq.
XQ-nin Analitik Mərkəzi
Baxış sayı:104
Bu xəbər 11 İyul 2026 11:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















