Icma.az
close
up
RU
Tramp düyməyə basdı: ABŞ İran qarşıdurmasının pərdəarxası

Tramp düyməyə basdı: ABŞ İran qarşıdurmasının pərdəarxası

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Ağ Ev rəhbərinin ritorikası artıq diplomatik mesaj çərçivəsini çoxdan aşıb. Bu, həm də Vaşinqtonun yeni hərbi-siyasi xəttinin elanıdır. Trampın “İranda çox təhlükəli insanlara hücum etdik”, “onlara əvvəlkindən 20 dəfə güclü zərbə vurduq”, “İranı nüvəsizləşdirəcəyik” kimi bəyanatları göstərir ki, ABŞ artıq məsələni sadəcə cavab zərbəsi və ya cəza əməliyyatı kimi deyil, İranın regional və strateji güc potensialının sındırılması müstəvisində görür.

Bu anlaşma pozulmağa məhkum idi, çünki…
ABŞ-İran arasında imzalanmış anlaşmanın uzunömürlü olmayacağı əvvəldən aydın idi. Çünki sənədin məzmununda əksini tapan müddəalar balanslı kompromisdən çox, Tehranın maraqlarına uyğun konstruksiya təsiri bağışlayırdı. Sanksiyaların yumşaldılması, Tehran üçün manevr imkanlarının saxlanılması, nüvə proqramı və ballistik raket məsələsində qeyri-müəyyən və elastik formulaların yer alması Vaşinqtonun, xüsusən də İsrailin təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edirdi.

Məsələnin mahiyyəti budur: ABŞ-İsrail-İran qarşıdurmasının mərkəzində məhz İranın nüvə proqramı və ballistik raket arsenalı dayanır. Müharibənin əsas səbəbi də Tehran rejiminin bu iki istiqamətdən geri çəkilmək istəməməsi idi. Belə bir şəraitdə İranın həmin sahələr üzrə real güzəştə getmədiyi, əksinə, zaman qazandığı bir anlaşmanın uzun müddət yaşaması mümkün deyildi. Yəni bu sənəd sülh formulu deyil, təxirə salınmış toqquşma idi. İndi həmin təxirə salınmış böhran yenidən partlayıb.

Hörmüz boğazı: atəşkəsi pozan əsas detonator
Atəşkəsin pozulmasına səbəb kimi İran tərəfinin Hörmüz boğazında gəmilərə hücumu göstərilir. Bu, təsadüfi detal deyil. Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin boğazıdır. Burada atılan hər raket, vurulan hər gəmi təkcə regionu yox, qlobal bazarları, neft qiymətlərini, dəniz ticarətini və böyük güclərin strateji hesablamalarını silkələyir.

Vaşinqton üçün Hörmüzə hücum sadəcə lokal insident deyil, qlobal nizamı sarsıtmaq cəhdidir. ABŞ-ın reaksiyasının sərtliyi də məhz bununla bağlıdır. Tramp administrasiyası Tehranı yalnız Yaxın Şərqdə problem yaradan dövlət kimi yox, enerji marşrutlarını, dəniz təhlükəsizliyini və Qərbin strateji maraqlarını birbaşa hədəfə alan aktor kimi təqdim etməyə çalışır. Bu isə İran əleyhinə hərbi koalisiyanın siyasi əsaslarını genişləndirir.

Ankara sammitindən sonra yaranan yeni geosiyasi reallıq
ABŞ-İran xəttində atəşkəsin pozulmasının arxasında duran əsas səbəblərdən biri də son günlər formalaşan yeni geosiyasi konfiqurasiyadır. Bu reallığın yaranmasında Ankarada keçirilən NATO-nun 36-cı zirvə toplantısı xüsusi rol oynayıb. Sammit ərəfəsində alyans daxilində ciddi böhran, fikir ayrılığı və hətta toplantının  baş tutacağı və gələcəyi ilə bağlı ciddi suallar vardı. Lakin Donald Tramp, Avropa liderləri, NATO baş katibi Mark Rutte və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aparılan danışıqlardan sonra tamamilə yeni mənzərə formalaşdı.
Əslində Tramp illərdir Avropanı və NATO müttəfiqlərini bir məsələdə ittiham edirdi ki, ABŞ təhlükəsizlik yükünü daşıyır, digərləri isə kənardan seyr edir. Ankara sammitində Avropa liderlərinin və NATO rəhbərliyinin davranışı göstərdi ki, Vaşinqtonun bu tənqidində həqiqət payı olduğunu onlar da qəbul etməyə məcbur qalıblar. Bu isə ABŞ üçün olduqca vacib siyasi nəticə yaradır. İran böhranının növbəti mərhələsində Vaşinqton tək qalmaya bilər. Əksinə, NATO və Avropa İttifaqı bu məsələdə ABŞ-ın yanında daha açıq mövqe tutmağa başlayır.

Sammitin yekun sənədində İranın nüvə proqramı və Hörmüz boğazı ilə bağlı müddəaların yer alması təsadüfi deyil. Bu, əslində Vaşinqtonla Avropanın İran məsələsində müəyyən ortaq çərçivə formalaşdırdığını göstərir. Başqa sözlə, artıq məsələ təkcə ABŞ-ın İranla hesablaşması deyil; Qərb İranı regional risk mənbəyindən daha böyük təhlükə-enerji təhlükəsizliyi, dəniz marşrutları və strateji sabitlik üçün problem yaradan aktor kimi təqdim etməyə başlayır.

Avropanın sərtləşən mövqeyi: Tehran artıq təkcə ABŞ üçün təhlükə deyil
Son günlər Avropadan gələn bəyanatlar da prosesin hansı istiqamətə getdiyini açıq göstərir. Almaniya xarici işlər naziri Yohan Vadefulun İranın nə nüvə silahına, nə də təhlükəli ballistik raket imkanlarına sahib ola bilməyəcəyi ilə bağlı sərt bəyanatı, üstəlik bunun Avropa üçün də təhlükə kimi təqdim edilməsi təsadüfi açıqlama deyil. Bu, Avropanın İran dosyesinə münasibətində yumşaq diplomatik ritorikadan daha sərt təhlükəsizlik ritorikasına keçid etdiyini göstərir.

Bu, çox mühüm dəyişiklikdir. Çünki uzun illər İran məsələsində Avropa daha çox diplomatik vasitəçi, Vaşinqton isə sərt təzyiq tərəfdarı kimi görünürdü. İndi isə vəziyyət dəyişir: Tehran həm Yaxın Şərq, həm enerji marşrutları, həm də raket təhlükəsi kontekstində Avropanın öz təhlükəsizlik gündəminə daxil olur. Bu isə ABŞ-ın İrana qarşı daha geniş legitimlik qazanmasına xidmət edir.

Ərəb dünyası da səssiz qalmayacaq
İkinci mühüm amil Yaxın Şərq ölkələrinin, xüsusən də ərəb dövlətlərinin təhlükəsizlik narahatlıqlarıdır. Tehran uzun illərdir regionda ideoloji, hərbi və proksi şəbəkələr vasitəsilə nüfuz qurmağa çalışır. Körfəz ölkələri üçün İran təkcə qonşu dövlət deyil; bir çox hallarda birbaşa təhlükəsizlik təhdididir. Məhz buna görə də ABŞ-İran gərginliyi hər dəfə yüksələndə ərəb paytaxtlarında narahatlıq artır, amma eyni zamanda Tehranın zəiflədilməsi ssenarisi də tamamilə arzuolunmaz görünmür.
İranın regional təsir alətləri, xüsusən də Yəməndən İraqa, Suriyadan Livana qədər uzanan təsir şəbəkəsi ərəb dünyasının bir hissəsi üçün təhlükəsizlik böhranının əsas mənbələrindən biri sayılır. Bu səbəbdən Tehranla yeni toqquşma mərhələsi başlayanda ərəb ölkələrinin əhəmiyyətli hissəsi açıq şəkildə olmasa da, siyasi olaraq İranın zəiflədilməsi xəttinə soyuq yanaşmır. Bu da Vaşinqtonun manevr imkanlarını genişləndirir.

Xamenei amili: dəfn mərasimi güc nümayişinə çevriləndə
Mövcud böhranın psixoloji və siyasi qatlarından biri də İranın mərhum ali lideri Əli Xamenei ətrafında qurulan siyasi-ideoloji səfərbərlikdir. Tehranın mərhum Xamenei ilə bağlı dəfn və vida mərasimlərini milyonların iştirakı ilə, təkcə İranda deyil, İraqda da yüz minlərlə insanın qatıldığı güc nümayişinə çevirməsi təsadüfi addım deyil. Bu, daxili auditoriyaya “rejim ayaqdadır”, xarici auditoriyaya isə “İran məğlub olmayıb, hələ də meydandadır” mesajı vermək cəhdi idi.  Tehran bir növ vida mərasimi ilə dünyaya meydan oxuyurdu.
Başqa sözlə, Tehran dini-siyasi simvolikadan geosiyasi alət kimi istifadə etməyə çalışdı. Mesaj aydın idi: “Bizi sındıra bilmədiniz, biz toparlanırıq, hələ də kütləni, regionu və ideoloji bazanı hərəkətə gətirmək gücünə sahibik”. Təbii ki, bu görüntü Vaşinqton, İsrail və Qərb üçün qəbul edilən mənzərə deyil. Çünki İranın zəiflədildiyi bir mərhələdə onun yenidən meydan oxuyan güc obrazı yaratması Qərbin planlarını çətinləşdirir. Məhz buna görə də Tehranın bu nümayişkaranə siyasi mesajı cavabsız qala bilməzdi.

Ukrayna cəbhəsi və Rusiyanın sıxışdırılması 
Mənzərəni dəyişən amillərdən biri də Ukrayna cəbhəsində baş verənlərdir. Ukraynanın son dövrlərdə artan aktivliyi, əks-hücum cəhdləri və Tramp administrasiyasının son günlər Kiyevə daha açıq dəstək nümayiş etdirməsi diqqət çəkir. Vaşinqtonun Rusiyanı açıq şəkildə tənqid etməsi, Moskvanın resurs tükənməsi ilə bağlı ritorikanın güclənməsi onu göstərir ki, Kreml getdikcə daha çox təzyiq altına düşür.

Bu isə İran üçün ciddi problemdir. Çünki Tehran böhran anında arxalanacağı əsas geosiyasi dayaqlardan biri kimi Rusiyanı görürdü. Amma Rusiya özü Ukrayna bataqlığında sıxışdırılıbsa, iqtisadi, hərbi və diplomatik resursları aşınıbsa, o zaman İran üçün əvvəlki səviyyədə təhlükəsizlik sipəri rolunu oynaya bilməz. Başqa sözlə, Moskvanın zəifləməsi Tehranı daha açıq və daha kövrək hədəfə çevirir. ABŞ və İsrail üçün də bu, əlverişli pəncərə yaradır.

Tehranda hakimiyyət kimdədir? Pezeşkian yox, SEPAH və mühafizəkarlar
İran daxilindəki siyasi dinamika da atəşkəsin dağılmasını sürətləndirən amillərdəndir. Son müşahidələr göstərir ki, ABŞ-la danışıqlarda formal olaraq prezident administrasiyası görünməsinə baxmayaraq, real qərar mərkəzi artıq başqa yerdədir. Danışıqlar prosesində parlament sədri Məhəmməd Baqir Qalibafın, mühafizəkar qanadın və SEPAH-a yaxın çevrələrin rolunun artması onu göstərir ki, Tehranda faktiki hakimiyyət mərkəzi islahatçı düşərgədən daha çox təhlükəsizlik bürokratiyasının və sərt xətt tərəfdarlarının əlində cəmlənir.
Pezeşkian komandası bu tabloda daha çox icraedici və dekorativ funksiyaya malik görünür. Yəni islahatçı qanadın varlığı İranın Qərbə “bizdə birlik, həmrəylik var” mesajı verməsinə xidmət edir, amma əsas strateji qərarlar mühafizəkar nüvənin nəzarətində qalır. Bu isə Vaşinqton üçün  belə bir mövqenin formalaşdırılmasına səbəb olur. Nəticədə isə Tehranla diplomatik anlaşmanın davamlı olacağına dair etimad zəifləyir. Çünki qarşı tərəfdə siyasi xətti dəyişmək iqtidarında olan aktorlar kompromis tərəfdarı deyil, daha çox qarşıdurma və güc balansı dili ilə danışan mərkəzlərdir.

Bu artıq təkcə İran məsələsi deyil-yeni dünya düzəninin cəbhə xəttidir
İran ətrafında alovlanan bu yeni qarşıdurma bölgədə böhranı daha da dərinləşdirəcək. Çünki İran məsələsi artıq təkcə İranın nüvə proqramı və ya ABŞ-İran münasibətləri ilə məhdudlaşmır. Bu, yeni dünya düzənində qlobal güclərin geosiyasi nüfuz uğrunda savaşının ən təhlükəli cəbhələrindən birinə çevrilib.

Bu gün Tehranda baş verənlər Pekin üçün də, Moskva üçün də, Ankara üçün də, Brüssel üçün də, Vaşinqton üçün də sadəcə regional hadisə deyil. Hamı İran üzərindən öz maraqlarını, öz nüfuz zonalarını, öz təhlükəsizlik arxitekturasını qurmağa çalışır. Çin üçün İran enerji, ticarət və ABŞ-a qarşı geosiyasi balans alətidir. Rusiya üçün İran Qərbə qarşı cənub dayağıdır. Türkiyə üçün İran həm rəqib, həm də regional tarazlıq faktorudur. Avropa üçün isə İran artıq enerji marşrutları, raket təhlükəsi və Yaxın Şərq sabitliyi məsələsidir.
Məhz buna görə İran ətrafındakı savaş yeni dünya düzəninin laboratoriyasına çevrilib. Burada təkcə raketlər yox, nüfuz dairələri, enerji marşrutları, diplomatik ittifaqlar, regional liderlik iddiaları və təhlükəsizlik arxitekturası toqquşur.

Yaxın Şərq yeni və daha təhlükəli mərhələyə girir
Bütün bu amillər göstərir ki, ABŞ-İran arasında atəşkəsin pozulması bir anlıq emosional qərarın və ya təsadüfi hərbi insidentin nəticəsi deyil. Bu, daha dərin geosiyasi ziddiyyətlərin partlayışıdır. Vaşinqton İranı yalnız cəzalandırmaq yox, onu strateji olaraq zəiflətmək, nüvə və raket potensialını sıradan çıxarmaq, regiondakı təsir imkanlarını məhdudlaşdırmaq xəttinə keçir. Tehran isə geri çəkilmək niyyətində olmadığını nümayiş etdirməyə, daxildə güc görüntüsü yaratmağa və regiondakı dayaqlarını qorumağa çalışır.

Ancaq ən təhlükəli məqam budur ki, bu cəbhədə heç bir tərəf tam nəzarətə sahib deyil. Hər kəs Tehran üzərindən öz hesabını aparır, amma nəticənin harada dayanacağını heç kim tam hesablaya bilmir. Ona görə də Yaxın Şərq yenidən alışırsa, bu, yalnız İranın və ya ABŞ-ın problemi deyil. Bu, qlobal güc savaşının yeni və son dərəcə təhlükəli mərhələsidir. Və görünən odur ki, qarşıdakı dövrdə bu savaşın coğrafiyası da, siyasi nəticələri də daha geniş olacaq.

Mürtəza Bünyadlı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2026 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri