Icma.az
close
up
RU
Türk dünyasının ortaq tarixi irsi

Türk dünyasının ortaq tarixi irsi

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

XXI əsrin əvvəlindən bütün türk dünyası üçün son dərəcə mühüm əhəmiyyət daşıyan hadisələr baş verir. Dövlətlərin siyasi iradəsi, cəmiyyətlərin istəyi ilə türkdilli ölkələrin daha sıx inteqrasiyası dönməz prosesə çevrilib. Dekabrın 15-də isə Dünya Türk Dili Ailəsi Günü qeyd olunub.

Xatırladaq ki, bu əlamətdar gün UNESCO-nun bu il noyabrın 3-də Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş 43-cü Baş Konfransında təsis edilib. Tədbirdə194 ölkədən 5000-dən çox nümayəndə iştirak edib. Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın 15 dekabrı Ümumdünya Türk Dili Ailəsi Günü elan etmək təklifi ilə bağlı qətnamə layihəsini nəzərdən keçirib və təsdiqləyiblər.

Dünyada vahid türk ailəsi

İndiyədək türk birliyinin siyasi təsisatlanmasına dəyərli töhfələr verən Azərbaycan Prezidenti İlham Əliyev türk dünyasını vahid bir ailə kimi səciyyələndirib və bildirib ki, bizi başqa yerdə gözləmirlər.

Türk dünyası 11,2 milyon kvadratkilometrdan artıq ərazini və 200 milyonadək əhalini əhatə edir. Türk coğrafiyasının sərhədləri Qərbdə Adriatik dənizi sahillərindən başlayır, Şərqdə Çin səddinə və Sibirədək uzanır. Türk xalqları tarixən bu coğrafiyada böyük imperatorluqlar (Hun, Göytürk, Avar, Xəzər, Uyğur, Qaraxanlı, Qəznəvi, Böyük Səlcuq, Xarəzmşahlar, Böyük Moğol, Qızıl Orda, Osmanlı, Teymurilər, Səfəvilər, Babur, Əfşarlar) və müxtəlif ölçülü dövlətlər qurmağa nail olublar. Müasir dövrdə isə 7 müstəqil türk dövləti var - Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və de-yure hələlik yalnız Türkiyə tərəfindən tanınan Şimali Kipr Türk Cumhuriyyəti. Bunlar hazırda türk dünyasının ümumi ərazisinin 44 faizini əhatə edir, qalan 56 faizi isə hələ ki, müstəqil deyildir. Türklərin tarixi coğrafi yayılma arealında hazırda Rusiya Federasiyası tərkibində muxtar statusa sahib türk respublikaları, yəni Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Krım, Saha (Yakutiya), Altay, Xakasiya, Tuva, Qaraçay-Çərkəz, Kabardin-Balkar respublikaları, Şimali Qafqaz və Sibirin türk toplumları, həmçinin Çinin tərkibindəki Sintzyan-Uyğur Muxtar Respublikası adını daşıyan Şərqi Türküstan yer alır. Şərqi Avropada Balkanlarda, Yaxın Şərqdə İran, İraq, Suriya, Şimali və Cənubi Qafqazda, Mərkəzi Asiyada, Şimali Çində, Cənub və Şimal-Şərqi Sibirdə yaşan türk toplumlarınadək türk dünyası geniş bir mədəni-coğrafi yayılma arealına malikdir.

Geniş türk coğrafiyası eyni zamanda böyük iqtisadiyyatdır. Burada zəngin təbii sərvətlər çəmləşib. Həmçinin türk dövlətləri kifayət qədər əlverişi coğrafi yerləşməyə malikdirlər. Avrasiyada Şərq-Qərb, Şimal-Cənub, eləcə də Transxəzər (Orta Dəhliz) kimi nəqliyyat bağlantıları məhz bu ərazilərdən keçir. Bütün bunlar türk dünyasının beynəlxalq birliyə yeni güc mərkəzi kimi təqdim ediməsinə real əsaslar yaradır.

Orxon yazılı abidələrinin deşifrə edildiyi tarixi gün

Bu gün qarşıda duran ən mühüm vəzifələrdən biri türk dövlətləri və xalqları arasında mədəni inteqrasiyanın dərinləşdirilməsidir. İndiyədək siyasi cəhətdən təsisatlanmada mühüm addımlar atan türk dünyası həmçinin mədəni inteqrasiya istiqamətində də bir sıra uğurlara nail olub.  Bu xüsusda, 1993-cü ildə türkdilli xalqları mədəniyyət və incəsənət vasitəsilə bir-birinə daha da yaxınlaşdırmaq üçün mərkəzi ofisi Ankarada olan Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) yaradılmasını ayrıca qeyd edə bilərik. TÜRKSOY vasitəsilə müxtəlif mədəni tədbirlərin keçirilməsi türk xalqlarının yaxınlaşmasında önəmli rol oynayır.

Türk dünyasının əməkdaşlıq təşkilatları arasında xüsusi yeri olan Türk Mədəniyyəti və İrsi Fondu 2015-ci ildən fəaliyyət göstərir. Azərbaycanın təşəbbüsü ilə yaradılan təşkilatın mənzil-qərargahı Bakıda yerləşir. 2015-2023-cü illərdə qurumun ilk prezidenti Günay Əfəndiyeva (Azərbaycan) olub. 2024-cü ildən Türk Mədəniyyəti və İrsi Fonduna Qazaxıstanın Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru Aktotı Raimkulova rəhbərlik edir.

Ortaq Türk Əlifbasının razılaşdırlması türkdilli ölkələr arasında mədəni bağların möhkəmləndirilməsi yolunda çox mühüm addım oldu. Xatırladaq ki, bu razılaşma ötən il sentyabrın 9-dan 11-dək Bakıda Beynəlxalq Türk Akademiyası və Türk Dil Qurumu tərəfindən təşkil olunan “Türk Dünyası Ortaq Əlifba Komissiyası”nın üçüncü iclasında əldə olunub. Müzakirələr nəticəsində 34 hərfdən ibarət Ortaq Türk Əlifbası üzərində ümumi razılıq əldə olunub.

Biz qürur duyuruq ki, zəngin bir mədəniyyətin daşıyıcılarıyıq. Bizi tarix, ortaq milli-mənəvi dəyərlər birləşdirir. Türk dili ailəsi  bütün türkdilli xalqların ortaq irsidir.  UNESCO tərəfindən 15 dekabrın Türk Dili Ailəsi Günü kimi müəyyənləşdirilməsi də təsadüfi deyil. Bu tarix Orxon abidələrinin - bütün türk dillərinin ortaq köklərini və tarixi irsini əks etdirən ən qədim yazılı abidələrin oxunduğu günə təsadüf edir. 1893-cü il dekabrın 15-də danimarkalı dilçi Vilhelm Tomsen Orxon yazılı abidələrini deşifrə etdiyini elan edib. Onun bu elmi nailiyyəti hazırda Avrasiya məkanında türk dilləri ailəsinin ən qədim yazılı ənənələrindən birinin daha dərindən anlaşılmasına yol açıb.

Bu əlamətdar gün türk xalqlarının ortaq irsi kimi eyni ailədən olan dillərin qorunmasına və inkişafına, bu mədəni sərvətin gələcək nəsillərə ötürülməsinə töhfə verir.

Türk dilləri ailəsi yalnız dilçilik kateqoriyası deyil, həm də ortaq mədəni yaddaşın, tarixi irsin və mənəvi birliyin daşıyıcısıdır. Türk dillərinin müxtəlif qollarında - Oğuz, qıpçaq, qarluq və digər istiqamətlərdə qorunan qədim köklər bu dilləri danışan xalqlar arasında dərin mənəvi və düşüncə yaxınlığını formalaşdırıb.

Orxon-Yenisey abidələri, Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” və Yusif Balasaqunluğu “Qutadqu Bilik” abidələri, eyni zamanda, bəşər mədəniyyətinin bir hissəsidir. Dünya Türk Dili Ailəsi Günü türk xalqlarının dünya elminə və mədəniyyətinə verdiyi töhfələrin beynəlxalq miqyasda təbliği baxımından da önəmlidir.

Qlobal çağırışlarla adekvatlıq

Dünya Türk Dili Ailəsi Gününün təsis edilməsi qloballaşma şəraitində dünyada yaranan çağırışlarla da adekvatlıq təşkil edir. Qloballaşma özündə bir sıra müsbət cəhətləri ehtiva etsə də, kiçik xalqlar və milli dillər üçün ciddi çağırışlar yaradıb. Statistika olduqca kədərlidir. UNESCO-nun məlumatına görə, dünyada 6000-dən çox dil var, lakin onların yarıdan çoxu məhv olmaq təhlükəsi ilə üz-üzədir. Buna səbəb isə həmin dillərin istifadə arealının daralmasıdır. Mütəxəssislərin qənaətinə görə bir dilin yaşaması üçün həmin dildə ən azı 100 min insan danışmalıdır. Bu gün dünyada 200-ə yaxın dil var ki, onların hər birində cəmi 10 adam danışır. Hazırda dünyada Çin dili ən çox işlənən dil sayılır. Bu dildə 1 milyard 80 milyondan çox insan danışır. İkinci yerdə 515 milyondan çox istifadəçisi olan ingilis dili gəlir.  O cümlədən hind dillərində danışanlar 500 milyon, ispan dilində danışanlar 425 milyon, rus dilində danışanlar isə 257 milyon nəfərdən çoxdur. Ərəb dili altıncı yerdədir. Bu dildə 256 milyon nəfərdən çox adam danışır.  İlk onluğu 120 milyondan çox istifadəçisi olan fransız dili tamamlayır. Türk dili ailəsinə daxil olan dillərdə isə ümumilikdə 200 milyondan çox insan danışır. 

Milli dillər üçün yaranan təhdidlər nəzərə alınmaqla BMT və UNESCO  səviyyəsində dillərin qorunmasına ciddi diqqət göstərilir. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21-i Beynəlxalq Ana Dili Günü elan edilib. Dil və mədəni müxtəlifliyi təbliğ etmək məqsədilə Beynəlxalq Ana Dili Günü 2000-ci ildən etibarən hər il qeyd edilir.

Dünyada, həmçinin aşağıdakı dillərin günləri də qeyd edilir:

20 aprel - Çin Dili Günü,

23 aprel -İngilis Dili Günü,

6 iyun - Rus Dili Günü,

18 dekabr - Ərəb Dili Günü,

20 mart - Fransız Dili Günü,

12 oktyabr -İspan Dili Günü.

Qloballaşma şəritinin reallıqları türk dili ailəsində yer alan dillərin qorunması zərurətini də gündəmə gətirib. Azərbaycan dilinin dövlət dili statusu qazanması xalqımızın tarixi nailiyyətidir.

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyi qeyd olunacaq

Bakı şəhəri XX əsrin əvvəllərindən intellektual həyatın yüksək səviyyəsi ilə seçildiyi və dünya türkologiyasının nüfuzlu mərkəzlərindən biri kimi tanındığı üçün 1926-cı ilin fevralında  Birinci Türkoloji Qurultaya ev sahibliyi edib. Birinci Türkoloji Qurultay ortaq zəngin keçmişə və qədim irsə malik türk xalqlarının mədəni inteqrasiyasında mərhələ yaratmış müstəsna əhəmiyyətli hadisələrdəndir. Beynəlxalq miqyaslı bu unikal elmi forumda türkologiyanın ən aktual məsələləri geniş və sistemli müzakirə obyektinə çevrilmiş, türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilib, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılıb.

Əlbəttə, Birinci Türkoloji Qurultaydan sonra bir sıra hadisələr baş verib. Xüsusilə də keçmiş ittifaqın ideoloji çərçivələri birinci qurltayda gündəmə gətirlən bütün məsələlərin həllinə imkan verməyib. Artıq 70 il ittifaq dövlətinin tərkibində olan türkdilli respublikalar müstəqil dövlətlərdirlər və  yuxarıda vurğuladığımız kimi, son illərdə türk dövlətləri arasında inteqrasiya bütün sahələrdə dərinləşib. Beləliklə də, dil məsələlərinin daha əhatəli müzakirləri üçün də yeni imkanlar yaranıb. Təsadüfi deyildir ki, 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 12-ci Zirvə Görüşünün Bəyannaməsində Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi çağırışı öz əksini tapıb. Bundan az sonra isə - 22 oktyabr 2025-ci il tarixində Prezident İlham Əliyev Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalayıb.

“Yeni Azərbaycan”a açıqlama verən akademik Nizami Cəfərov dövət başçısının Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd edilməsi barədə Sərəncam imzalamasının böyük aktuallıq daşıdığını bildirib. N.Cəfərov qeyd edib ki, Birinci Türkoloji Qurultayın dərslərini bu gün də almalıyıq, sənədləri diqqətlə araşdırmalı, oxumalı, təhlil etməliyik. Birinci Türkoloji Qurultayda olduğu kimi, bu gün də təxminən eyni məsələlər üzərində dayandığımızı deyən N.Cəfərov qeyd edib ki, həmin məsələlərdən biri terminalogiyadır: “Milli terminlərimizi yaratmalıyıq, yoxsa beynəlxalq terminlərdən istifadə etməliyik, türk xalqları bir-birilərinə termin verə bilərmi? Bu mövzular günümüzdə də ciddi mübahisələrə səbəb olur. Ortaq olaraq hansı türkçəni istifadə etməliyik? Süni bir türkçə yaratmalıyıqmı? Bütün bunlar müzakirə olunur. Həmin müzakirələr də türk xalqlarını birləşdirir, - deyə akademik vurğulayıb.

Mübariz FEYİZLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:95
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 16 Dekabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri