Türk ölkələri birlik yönündə daha cox məsafə qət etməliydi Meşkurə Yılmaz Şərq də
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"ABŞ Cənubi Qafqaza və Türkistana nüfuz etməyə çalışır"
“Türk ölkələrinin Şimali Kipri tanıması lazımdır”

Azərbaycan-Türkiyə əlaqələri tarixi, mədəni və strateji əsaslara söykənir. XX əsrin əvvəllərində Azərbaycanın istiqlal mübarizəsi dövründə Türkiyənin göstərdiyi mənəvi dəstək, eləcə də Qafqaz İslam Ordusunun 1918-ci ildə Bakının azad edilməsində oynadığı tarixi rol bu münasibətlərin möhkəm təməllərini təsdiqləyən faktlardandır. Sovet dövründə formal məhdudiyyətlər olsa da, müstəqillik bərpa edildikdən sonra Azərbaycan və Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoydu.
Müasir dövrdə bu əməkdaşlıq siyasi, iqtisadi, hərbi, enerji və nəqliyyat sahələrində daha da dərinləşərək regional sabitlik və təhlükəsizlik üçün mühüm rol oynamaqdadır. İki ölkə arasında imzalanan müttəfiqlik bəyannamələri, xüsusilə də 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaldırıb. Türkiyə hazırda Azərbaycan-Ermənistan sülh prosesinə də ciddi dəstək verməkdədir. Həmçinin, İrəvan-Ankara arasında müzakirələr davam edir. Türkiyə-Azərbaycan tandemi Türk Dövlətləri Təşkilatının (TDT) gücləndirilməsində də mühüm rol oynayır.
Regional və qlobal miqyasda baş verənlərlə bağlı "Şərq"in müsahibi tanınmış türkiyəli alim, Ankara Hacı Bayram Vəli Universitetinin professoru, tarixçi Meşkure Yılmazdır. Azərbaycanda səfərdə olan tarixçi-alimin "Şərq"in redaksiyasına qonaq olmasını fürsət bilərək dəyərli alimlə söhbətləşmək qərarına gəldik və suallarımızı Meşkure Yılmaz hocamıza ünvanladıq...
- Meşkure xanım, Azərbaycan-Türkiyə əlaqələrini, münasibətlərin hazırkı durumunu necə dəyərləndirirsiniz?
- Türkiyənin Azərbaycanla əlaqələri hər zaman yüksək olub. Azərbaycan 1991-ci ildə müstəqilliyini qazandıqdan sonra tanıyan ilk ölkə məhz Türkiyə idi. Həmin dövrdə xalqımız bu tarixi hadisədən dolayı çox sevincli, qürurluydu. Gənclik dönəmlərimizdə küçələrdə "kommunistlər Moskvaya getsin" şüarlarını səsləndirirdik. Sovet İttifaqının dağılması və müstəqil türk dövlətlərinin qurulması bizi həddindən ziyadə sevindirmişdi. Hətta Türkiyə yaşananların coşqusu ilə bəzi fövqəladə vədlər də vermişdi. Düzdür, sonradan onları reallaşdırmaq müyəssər olmadı. Ara-sıra səsləndirilən "böyük qardaş" anlayışını qəbul etmirəm. Çünki onsuz da Azərbaycan dövləti və xalqı illər boyu Rusiyanın əsarətində qalmış bir ölkədir. Əvvəl çar, sonra sovet Rusiyası bu əsarəti sürdürüb. Düşünürəm ki, iki ölkə arasında əməkdaşlıq nə qədər böyük olarsa, qardaşlıq da o qədər böyüyəcək. Hər türk ölkəsi özlüyündə güclü bir dövlət olmalıdır. Hansısa türk ölkəsinin digərindən üstün, yaxud aşağı səviyyədə görülməsini, qəbul edilməsini istəmirəm. Azərbaycanın digər bir çox türk ölkəsindən üstünlüyü əsasən təbii sərvətlərə, neft-qaza sahib olması ilə bağlıdır. O səbəbdən müstəqillikdən sonra Türkiyənin ardınca gənc Azərbaycan dövlətini Avropa ölkələri də sürətlə tanımağa başladı. Bu gün Azərbaycan çox önəmli mövqedədir. Türkiyə ilə əlaqələr də kifayət qədər yüksək səviyyədədir. Mən Umay Ana Türk Dünyası Qadınlar Birliyinin Ankara təmsilçisiyəm. Oktyabrın 2-də "Türk Dünyası İkinci Qadınlar" elmi-praktiki konfransını keçirtdik. Məruzəm "Əsrin soyqırımı - Xocalı" mövzusu idi. Azərbaycan 44 günlük Vətən savaşından sonra torpaqlarını işğaldan azad etdi. Əlbəttə, bütün türk dünyası üçün çox sevindirici hadisədir. Amma Aliya İzzetbeqoviçin bir sözü var, deyir ki, "unudulan soyqırımlar təkrarlanır". Soyqırımların əsla təkrarı olmamalıdır. Qarabağ Zəfərində Türkiyənin rolu da danılmazdır. Həm logistik, həm də mənəvi dəstək böyük idi. Xüsusən, iki liderin - R.T.Ərdoğan və İlham Əliyevin şəxsi münasibətləri çox yüksək səviyyədədir. Bu qardaşlıq iki ölkə adına da olduqca məmnunedicidir. Sözsüz, digər türk respublikaları, Orta Asiyanın türk ölkələri də bizə yaxındır. Ancaq Azərbaycanı özümüzə daha yaxın görürük. Çünki ləhcəmiz çox oxşardır, bir-birimizi rahat anlayırıq. Mərkəzi Asiyanın türk xalqları ilə anlaşmada müəyyən problemləri var. Eyni zamanda Azərbaycanla coğrafi olaraq da yaxınıq. Bizi ayırmaq üçün əllərindən gələni ediblər. Aramıza Ermənistanı, Gürcüstanı qoyublar, tarixi sərhədləri dəyişiblər. Lakin müasir dövrdə məsafələrin önəmi qalmayıb. Bakıya 2 saata gəlirik.
- Hansı sahələrdə əlaqələri daha çox dərinləşdirməyə, münasibətləri sıxlaşdırmağa ehtiyacı var?
- Təbii ki, hələ görüləsi işlər çoxdur. Məsələn, 2024-cü ildə Bakıda Türkiyə-Azərbaycan Universiteti açıldı. Bu il Azərbaycan-İtaliya Universitetinin açılışı oldu. Yəni Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətə başlaması bu qədər gecikməməliydi. Təhsil sahəsində mühüm işlər görmək olar. Universitetlər arasında mübadilə proqramları həyata keçirilməlidir. Azərbaycandan Türkiyəyə təhsil almağa gedənlər çoxdur, eyni şəkildə Türkiyədən Azərbaycana təhsil almağa gələnlər var. Türkiyədə səhiyyə turizmi formalaşıb. Dünyanın bir çox ölkəsindən insanlar sağlıq problemləri üçün Türkiyəyə gəlirlər. Bu, ölkəyə ciddi gəlir gətirən sahədir. Türkiyə tibb sahəsində çox yaxşıdır. Azərbaycanla ciddi əməkdaşlıq etmək mümkündür. Ümumiyyətlə, hər sahədə sıx əməkdaşlıq etməli, ən əsası bir-birimizlə tanışlığı dərinləşdirməliyik. Qardaşlığı ürəyimizdə hiss etmək başqadır, əyani şəkildə yaşamaq tamam ayrıdır. Xüsusi qeyd etmək istədiyim bir məqam var. Təyyarə biletləri çox bahadır. Əfsuslar ki, iki qardaş ölkənin insanları təyyarə biletlərinin bahalığı səbəbindən istədikləri zaman gedib-gələ bilmirlər. Sadəcə, Azərbaycanı demirəm, digər türk cümhuriyyətləri ilə bağlı da eyni problem gündəmdədir. Bilet qiymətlərinin daha məqbul olması arzuolunandır. Gediş-gəlişi məhdudlaşdırmaq yox, əksinə, daha intensiv hala gətirməliyik. Bəlkə, gələcəkdə daha optimal imkanlar yaranar. Məsələn, Zəngəzur dəhlizi açılarsa, quru yolu ilə nəqliyyat imkanları olarsa, insanların rahat gediş-gəlişi formalaşar. Bakı-Tbilisi-Qars dəmiryol xətti ilə sərnişin daşıması həyata keçirilərsə, təyyarə ilə Qarsa uçarıq, oradan dəmiryolu ilə Azərbaycana keçərik. Bunlar bir-birimizlə daha çox təmas qurmağımıza şərait yaradar.

- Savaş bitdi və 5 ildir Azərbaycan-Ermənistan arasında sülh danışıqları gedir. Proses son mərhələsindədir. Qardaş ölkədən sülh prosesi necə izlənilir?
- Türklər heç zaman təcavüzkar, işğalçı, soyqırımı törədən xalq olmayıb. İllərdir önümüzə qondarma erməni "soyqırımı"nı qoyublar. Amma təbii ki, 1915-ci ildə baş vermiş olaylar qətiyyən "soyqırımı" deyildi. Türklər daim sülhdən yana olub. Heydər Əliyevdən bir çox tarixi miras qalıb, onlardan ən önəmlisi sülhlə bağlıdır. Heydər Əliyev bölgədə sülhün, sabitliyin bərqərar olmasını çox istəyirdi. Əfsuslar ki, 90-cı illərin əvvəllərində Qarabağın işğalı, Xocalı soyqırımı, bir milyon Azərbaycan türkünün qaçqın durumuna düşməsi kimi ağrılı hadisələr yaşandı. Azərbaycan dövləti və xalqı səbirlə gözlədi və 28 ildən sonra 44 günlük Vətən müharibəsi ilə torpaqlarını düşmən işğalından qurtardı. Lakin Azərbaycanın şanlı Ordusu ermənilər kimi mülki insanlara əsla zərər vermədi, onları hədəf almadı. Vurğuladığınız kimi artıq sülh danışıqları gedir və yaxın dönəmdə sazişin imzalanması gözlənilir. Təbii ki, əsas olan sülh müqaviləsinin imzalanması yox, sülhün davamlı olmasıdır. Sülhün davamlı olması üçün nə lazımdırsa, edilməlidir. Savaşın qazananı, qalibi olmaz. Rusiya-Ukrayna savaşı göz önündədir. O baxımdan hesab edirəm ki, bizə qarşı törədilmiş cinayətləri, soyqırımları unutmadan qonşularla barışı sürdürmək lazımdır. Regional və qlobal müstəvidə baş verənlər də önəmlidir. 8 avqustda Azərbaycan və Ermənistan arasında ABŞ-də anlaşma imzalandı. 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və hələlik İrəvanın Qərblə Rusiya arasında qaldığı görülür. Əslində, bu məqam Azərbaycan üçün də keçərlidir. Düzdür, güclü Azərbaycanı zəif Ermənistanla müqayisə etmək olmaz. Amma Rusiyanın bölgə ölkəsi olması, Azərbaycanla qonşuluqda yerləşməsi gözardı ediləcək faktor deyil. Hesab edirəm ki, Cənubi Qafqaz ölkələri mümkün qədər balanslı siyasətə üstünlük verməlidir.
- Türkiyə-Ermənistan danışıqları da gedir. İki ölkənin normallaşma prosesini necə şərh edərdiniz?
- Türkiyə Azərbaycan torpaqlarının işğal edilməsinə görə, Ermənistanla sərhədləri bağlamış, əlaqələri kəsmişdi. Azərbaycan-Ermənistan arasında sülh danışıqları ilə paralel İrəvan-Ankara təmasları baş verir, xüsusi nümayəndələr ara-sıra görüşür, müzakirələr aparırlar. Yaxın dönəmdə Ermənistanla sərhədlərin açılacağını düşünürəm. Azərbaycan Ermənistanla yekun sülhə imza atdıqdan sonra bizim Ermənistanla problemimiz qalmayacaq. Sərhədləri açmamaq üçün də səbəbimiz olmayacaq.
- Türk Dövlətləri Təşkilatı barəsində də fikirləriniz önəmlidir. Bir müddətdir formalaşan TDT-nin fəaliyyətini qənaətbəxş hesab edirsizmi?
- Turanı qurmaq ən böyük xəyalımdır. Təbii ki, siyasi baxımdan bu, mümkün deyil. Turan ancaq mədəni əlaqələr müstəvisində qurula bilər. Realist olmaq lazımdır. Bir dövlətin çətiri altında birləşməkdən söhbət getmir. Amma mədəni birliyi təmin etmək üçün addımlar atıla bilər. Ortaq əlifba çox önəmlidir. Bəzən deyirlər ki, islamı qəbul etməyən türk toplumları əriyib, yox olub gediblər. Mən bu fikri qəbul etmirəm. Qaqauz bölgəsinin türkləri xristiandır. Əksinə, dilini itirən toplumlar milli kimliklərindən məhrum olurlar. O səbəbdən ortaq əlifba və dilin formalaşması zəruridir. Qərbdəki yəhudilər xüsusi əlifba hazırlayıblar, onunla ünsiyyət qururlar. Azərbaycanda valyutadəyişmə məntəqəsinin yerini soruşarkən "filan binanın qabağındadır" dedilər. Biz də "kabak" nədir deyə düşündük. Halbuki, Türkiyədə də belə ifadə var, məsələn, "kabak gibi ortada", yəni önündə, qabağındadır. Sizin ləhcədə "dal" ifadəsi bizdə də istifadə olunur, "analar uşaqlarını dallarına aldılar" deyilir. Bu cür ortaq kəlmələrimiz çoxdur. Hesab edirəm ki, bütün ortaq türk sözləri vahid lüğət halında toplanmalı, nəşr olunmalıdır. Qazaxıstanda "adın nədir?" yox, "adın kimdir?" deyə sual edirlər, doğrusu da odur. "Nə" cansızlar üçün söylənilir. Türkçü alimlər bu işlə məşğul ola bilər.

- Türk dövlətlərinin bir-birinə dəstəyini yetərli görürsüzmü?
- Çox aktual məsələdir. Əfsuslar ki, Şimali Kipr Türk Cümhuriyyətləri ilə bağlı həmrəylik yoxdur. Bu məsələyə yanaşma bizi məyus edir. 2023-cü ildə Kıbrısda bir toplantıda demişdim ki, türk ölkələrinin Şimali Kipri tanıması lazımdır. Ancaq nə baş verdi? Bu il Yunan Kipri tanındı. Bu, çox üzücüdür. Sözdə qardaşlıq deyirik, amma əməldə geridə qalırıq. Sadəcə, alınan qərarlarla kifayətlənməli deyilik, onları icra etməliyik. Əks halda romantik türk milliyyətçiliyindən o tərəfə keçə bilmərik. Əlbəttə, Türk Dövlətləri Təşkilatının yaradılması çox önəmli addım idi. Müəyyən işlər görməyə də cəhd edirlər. Amma hər işi əhlinə vermək lazımdır.
- Türk dünyasının birliyini ləngidən amillər nələrdir sizcə?
- Mərkəzi Asiya ölkələri Rusiya və Çinin əhatəsindədir. Çinin yüksəlişi inanılmazdır. ABŞ belə Çindən çəkinir, ehtiyat edir. Rusiya da Çinlə birlikdə hərəkət etməkdədir. Bunun fərqində olan ABŞ Cənubi Qafqaza və Türkistana nüfuz etməyə çalışır. Rusiyanı bu bölgələrdə sıxışdıraraq söz sahibi olmaq istəyir. Rusiya isə "məkanın sahibi mənəm" deyir. Qırğızıstan kiçik ölkədir və təbii sərvətləri yoxdur, üstəlik, Çinlə də həmsərhəddir. Yəni Qırğızıstanın Rusiya və Çini görməzdən gəlməsi mümkünsüzdür.
- Yəni zamana ehtiyac olduğunu düşünürsüz?
- Yox, artıq zaman itirə bilmərik. 30 ildir müstəqil olan türk respublikaları daha çox məsafə qət etməliydilər. Ona görə deyirəm ki, elə qərarlar qəbul etməliyik ki, onları tətbiq etmək mümkün olsun, sadəcə, kağız üzərində qalmasın. Böyük vədlər yerinə, daha real addımlardan başlamalıyıq.


