Icma.az
close
up
RU
Türkmənelidən ata yurda həsrət dolu səfər

Türkmənelidən ata yurda həsrət dolu səfər

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Firas AĞAOĞLU
Şimal Texniki Universitetinin müəllimi

Uşaqlıqdan içimdə böyüyən bir arzum vardı: İki ölkəni görmək... Biri qəlbimdə yatan ana vətən, digəri isə köklərimin uzandığı ata yurdu idi. Türkiyəni görmək arzum gerçəkləşmişdi; lakin Azərbaycan - o qədim torpaqlar - içimdə həmişə bir arzu olaraq qalmışdı. Uşaqlıq vaxtlarımdan bəri oradakı soydaşlarımla tanış olmağı, onlarla eyni şivə ilə danışmağı, eyni süfrəyə oturmağı xəyal edirdim.

Xüsusilə, Qarabağın azad olunmasından sonra bu arzum tamam başqa bir mənaya çevrildi. O torpaqlara ayaq basmaq təkcə bir səfər deyildi; tarixlə, kimliklə və mənsubiyyət hissi ilə bir görüş idi. Və nəhayət o gün gəlib çatdı...

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən Azərbaycana dəvət aldığımı öyrənəndə, qəlbim sanki uşaqlıq arzusuna "sən artıq gerçəkləşirsən" dedi. Bu, həyatım boyunca aldığım ən dəyərli dəvətlərdən idi.

Kərkükdən ayrılarkən içimdə izah olunmaz bir həyəcan vardı. Üstəlik, bu anlamlı səfərə Ramazan ayının bərəkətli günlərində çıxmağımız onu daha da xüsusi edirdi.

Bakıya çatdığımızda bizi hava limanında Agentliyin əməkdaşları Mehdi bəy, Ülviyyə xanım və Səadət xanım qarşıladı. Vaxt itirmədən Qarabağa doğru yola çıxdıq. İlk dayanacağımız Naftalan oldu. Burada bizi böyük səmimiyyət və qonaqpərvərliklə qarşılayan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Naftalan şəhər İcra Hakimiyyətinin və Türkiyə Cümhuriyyətinin Gəncə Baş konsulluğunun diqqət və qayğısı bizləri son dərəcə məmnun etdi. Amma əsl duyğusal anların sabah başlayacağını bilirdim.

Səhər tezdən yola çıxdıq. Yol boyu ağlımda daim erməni işğalı dövründə baş verən dağıntılar, qırğınlar və acılar canlanırdı.

Ağdama ilk addımımızı atanda bu torpaqların heç də sıradan olmadığını dərindən hiss etdik. Hər addımda burada verilən mübarizənin izləri, qəhrəmanların axıtdığı qanlar və illərlə səslənən anaların, uşaqların fəryadları qulaqlarımızda əks-səda verirdi. İşğal dövründə şəhərdə demək olar ki, salamat bir tikili belə qalmadığı üçün Ağdam "Qafqazın Xirosiması" adlandırılmışdı. Dağıntı bütün çılpaqlığı ilə göz önündə idi.

Ağdamdan keçərkən illərlə dilimizdən düşməyən bir dua yadıma düşdü: "İnşallah bir gün azad olar". O an bu duanın qəbul olduğunu bilmək sözlə ifadə olunmayacaq bir duyğu idi.

Əsgəran qalasına çatdığımızda ürəyimizi sızladan bir mənzərə ilə qarşılaşdıq. O anda beynimdə bu misralar səsləndi:

Əlində, yad əlində,

Öt bülbül, yad əlində.

Bir diyar məzar olsun,

Qalmasın yad əlində.

Təxminən 30 il işğal altında qalan bu torpaqlar qəsdən viran edilmişdi. Halbuki bir dövlət hansısa bölgənin həqiqi sahibi olduğunu iddia edirsə, oranı abadlaşdırar; məktəb, universitet, yol, xəstəxana tikər. Amma burada daş üstə daş qoyulmamış, əksinə, hər şey yerlə-yeksan edilmişdi. Bu mənzərə işğalçıların bu torpaqlara heç bir aidiyyətinin olmadığını açıq şəkildə ortaya qoyurdu.

Azərbaycan dövləti isə azad edilən bu bölgələrdə sürətlə inkişaf proqramlarına başladı. Qısa müddət ərzində infrastruktur layihələri, təhsil müəssisələri, yollar və universitetlər inşa edilərək bölgə yenidən həyata qovuşdu.

Növbəti dayanacağımız, qəlbimizi ən çox sızladan yer oldu: Xocalı. Hər il 26 fevralda içimizi dağlayan bu qətliamı xatırlamamaq mümkün deyildi. Səssizcə, ehtiramla şəhidlərimiz üçün Fatihə oxuduq. O torpaqlarda ruhumuz sanki dondu; addım belə atmaqda çətinlik çəkdik. O günün acı çığırtıları hələ də qulaqlarımızda idi.

Daha sonra Qarabağ Universitetini ziyarət etdik. Müharibə və dağıntılardan sonra qurulan bu ali təhsil müəssisəsi, sanki yenidən doğuluşun simvoluna çevrilmişdi. Rektor və dəyərli müəllimlər bizə universiteti tanıtdılar. Təxminən 1000 tələbənin təhsil aldığı bu müəssisə ilə gələcəkdə birgə layihələr həyata keçirmək barədə fikir birliyinə gəldik.

Və sonra... Şuşa. Qarabağın göz bəbəyi, tarixlə, mədəniyyətlə və incəsənətlə yoğrulmuş bir şəhər. Hər daşında, hər divarında bir xatirə, bir iz, bir ruh vardı. Elə bil Şuşa bizimlə danışırdı; həm keçmişin hüznünü, həm də yenidən dirilişin hekayəsini pıçıldayırdı.

İlk olaraq Şuşa məscidini ziyarət etdik. Şəhərin azad edildiyi gün Azərbaycan əsgərinin oxuduğu azan gəldi yadımıza. Hamımız dərin duyğular yaşadıq.

Cıdır düzünə qalxdığımızda buradakı qəhrəmancasına mübarizəni göz önünə gətirdik. Ardınca Şuşa qalasını ziyarət etdik. Azərbaycan Respublikasının Prezidenti tərəfindən ucaldılan bayrağın dalğalanmasını izləmək bizim üçün sözlə ifadə olunmaz bir qürur mənbəyi idi.

Bir zamanlar acı ilə xatırlanan Şuşa artıq yenidən ayağa qalxır. Həqiqi sahiblərinin əlləri ilə, öz ruhuna uyğun şəkildə bərpa olunur. Küçələrinə yenidən həyat dönür, şəhər keçmiş ihtişamına qovuşur.

Yolumuz daha sonra Füzuliyə düşdü. Adı ilə, tarixi ilə bizə aid olan bu şəhər təkcə coğrafi bir məkan deyil, ortaq tariximizin, mədəni irsimizin və dərin yaralarımızın adıdır. İşğal dövründə bu torpaqlar sanki lal olmuşdu. Evlər dağıdılmış, yollar dağılmış, həyat dayanmışdı. Amma indi... İndi Füzuli yenidən dirilir. Hər addımda tikilən məktəblər, xəstəxanalar, magistral yollar və hava limanları ilə bu dəyişimi hiss etmək mümkündür.

Füzuli Beynəlxalq Hava Limanından Bakıya doğru yola çıxdıq. Yol boyu həm yaşadıqlarımızı düşündük, həm də paytaxtda bizi gözləyən anlamlı dayanacaqları...

Və nəhayət Bakı... Bu şəhəri təsvir etmək asan deyil. Müasir çalarını tarixi ruhla birləşdirən memarlığı, yaşıllıqlarla dolu parkları və tarix qoxuyan küçələri ilə Bakı - keçmişlə gələcəyi eyni anda yaşadan özəl bir şəhərdir. İlk olaraq, Azərbaycanın müstəqillik mübarizəsinin lideri, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etdik. Dualar oxuduq, Fatihə verdik. O, yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının qəlbində yer alan böyük bir liderdir.

Daha sonra 1918-ci ildə Azərbaycanın azadlığı uğrunda savaşan Qafqaz İslam Ordusunun şəhidlərini yad etmək üçün Şəhidlər xiyabanına keçdik. Nuri Paşanın komandanlığı altında canlarını fəda edən qəhrəmanların qarşısında ehtiramla baş əydik. Bu mənalı məkanda, Kərküklü 7 türkmən şəhidimizin məzarlarını da ziyarət etdik. Adlarını andıq, gül dəstəsi qoyduq, dua etdik.

Bakı küçələrində gəzərkən bir an belə özümü yad hiss etmədim. İnsanların danışığı qulağıma o qədər tanış gəlirdi ki, hər bir kəlməyə diqqətlə qulaq asır, daha çox eşitmək istəyirdim. Bir dəfə yanımdan keçən kiçik bir uşaq bir qadına belə səsləndi: "Xanım, baxa bilərsinizmi?" O an içimdə qəribə, xoş bir hiss yarandı. Bu qısa dialoqda belə ortaq keçmişimizin və dilimizin izləri vardı. Elə bil bir anlığına Ərbildə, Tuzhurmatuda, Kərkük küçələrində gəzirəm kimi hiss etdim. Dilin, mədəniyyətin və qardaşlığın bu qədər iç-içə olduğu bir şəhərdə olmaq təsvir olunmaz bir xoşbəxtlik idi.

Bakıda olduğumuz günlərin Novruz bayramına təsadüf etməsi isə ayrı bir gözəllik oldu. Küçələrdə bayram tədbirləri keçirilir, insanlar bir-birinə "Novruz bayramınız mübarək olsun!" deyirdi. Həmin şən abu-hava bir millətin sevincini və ümidini əks etdirirdi. Bayramın ruhunu bu qədər səmimi yaşamaq bizi də o sevincə şərik etdi. Baharın gəlişi təkcə mövsümi bir dəyişiklik deyildi; o, eyni zamanda yenidən doğuluşun və birliyin müjdəsi idi.

Bu səfər mənə təkcə bir ölkəni göstərmədi; köklərimi yenidən hiss etdirdi. Atayurdumu görmək, azad edilən torpaqlarda baş verənləri yerində yaşamaq, o torpaqlarda qardaşlarımla qucaqlaşmaq... Təsviri çətin, qəlbə işləyən bir xoşbəxtlik idi. Belə mənalı bir səfərə vəsilə olan, bizləri ən gözəl şəkildə qarşılayan başda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru dəyərli Aygün xanıma, Mehdi bəyə, Səadət xanıma və Ülviyyə xanıma nə qədər təşəkkür etsəm, azdır.

Qayıdış vaxtı çatanda elə bil bir parçam orada qaldı. Təyyarəyə minərkən içimdən keçən tək bir cümlə vardı: "İnşallah bir də gələrəm... və bu dəfə daha çox qalaram".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://525.az
archiveBu xəbər 17 Aprel 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see452

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see397

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see288

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see263

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see253

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see247

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see239

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see228

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see214

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see205

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see201

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see195

Azərbaycanın müəllimlər məbədi yeni yüzillikdə

25 Avqust 2026 11:46see191

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see188

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see186

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see185

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see181

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see180

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see179

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri