Icma.az
close
up
RU
Üçtərəfli görüş: türk dövlətlərinin siyasi gücü

Üçtərəfli görüş: türk dövlətlərinin siyasi gücü

Icma.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Prezident İlham Əliyev: "Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir"

Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edən amillər sırasındadır. Bu və ya digər əlaqələrin güclənməsi dövlətlərarası birliklərin yaranmasında əhəmiyyətli rola malikdir. Müasir və müstəqil Azərbaycan dünyanın müxtəlif birliklərində təmsil olunur, yüksək imicə sahibdir. Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk dünyası ilə birliyi də siyasi gücün, iradənin təcəssümüdür. Hazırda Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan kimi müstəqil dövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Əlbəttə ki, birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar.

Cari ilin avqustun 22-də Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyədə keçirilən görüş çoxtərəfli münasibətlər baxımından tarixi əhəmiyyət kəsb edir. Danışıqlar çərçivəsində əməkdaşlığın müxtəlif aspektlərini əhatə edən çoxtərəfli qarşılıqlı fəaliyyət məsələsi, siyasi-iqtisadi, mədəni-humanitar və digər sahələrdə müzakirələr aparılıb. Açıq dialoq aparan hər üç dövlət beynəlxalq təşkilatlar çərçivəsində, eləcə də BMT-də bir-birinin təşəbbüslərini dəstəkləyirlər. Mövcud dialoq bərabərhüquqlu əsasda, təkcə üçtərəfli formatda deyil, həm də sülhün və sabitliyin möhkəmlənməsi məqsədilə bütün region çərçivəsində aparılır.

Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli keçirilən üçtərfli görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib ki, bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq.

Azərbaycan Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında Türkmənbaşı şəhərində keçirilən yüksəksəviyyəli görüş zamanı imzalanan sənədlər regionun geoiqtisadi konturlarını dəyişmək potensialına malik olmaqla sistemli əməkdaşlığın əsasını qoydu. Razılaşmalar həm ikitərəfli, həm də üçtərəfli formatda Türk dünyası ölkələrinin enerji, nəqliyyat, logistika, şəhərsalma və mədəni sahələrdə institusional əməkdaşlığa keçidini göstərir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev "Azərbaycan Respublikasının, Türkmənistanın və Özbəkistan Respublikasının Birgə Bəyanatı"nı qəbul ediblər.

"TÜRKMƏNİSTAN VƏ AZƏRBAYCAN İKİ QARDAŞ ÖLKƏ KİMİ BUNDAN SONRA DA ÇİYİN-ÇİYİNƏ İRƏLİ GEDƏCƏK"

Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərin təməlini təşkil edir.

Azərbaycan-Türkmənistan münasibətlərində son dövrlərdə müşahidə olunan dinamika qarşılıqlı səfərlərin məntiqi nəticəsidir. Səfərlər zamanı keçirilən görüşlərdə səsləndirilən fikirlər, imzalanan sənədlər iki ölkə arasında əlaqələrin zəngin perspektivlərə malik olduğunu göstərir. "Bu yaxınlarda - keçən ay hörmətli Qurbanqulu Məlikquliyeviçi Azərbaycanda qəbul etməkdən məmnun olduq. Onun səfəri son dərəcə səmərəli keçdi. Biz Bakıda əhatəli danışıqlar apardıq, Azərbaycanın işğaldan azad olunmuş ərazilərini, o cümlədən Füzuli və Şuşa şəhərlərini birlikdə ziyarət etdik. Füzuli şəhərində məscidin inşa olunması barədə qərara görə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bu səmimi qardaşlıq dəstəyi, jesti həmrəyliyin və mənəvi birliyin rəmzi kimi xalqımızın yaddaşında əbədi qalacaqdır. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır", - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb. İşgüzar səfərlər bir daha təsdiq edir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. "Türkmən və Azərbaycan xalqları əsrlər boyu bir ailə kimi, qardaşlar kimi yaşayıb-yaradıblar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata bəyanatla çıxışı zamanı bildirib. Dövlət başçımız onu da bildirib ki, Türkmənistan və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da çiyin-çiyinə irəli gedəcək.

"ÖZBƏKİSTANLA QARDAŞLIQ MÜNASİBƏTLƏRİMİZ QARŞILIQLI DƏSTƏYƏ, GÜCLÜ MƏDƏNİ TELLƏRƏ VƏ ORTAQ STRATEJİ MƏQSƏDLƏRƏ ƏSASLANIR"

Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri də bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir. Azərbaycan-Özbəkistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda bərqərar olan sabitliyin və davamlı inkişafın təmin edilməsində də mühüm rol oynayır. İki ölkə arasında bu vaxtadək imzalanmış çoxsaylı sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir. Bu gün Öbəkistan təkcə regionda deyil, həm də dünya miqyasında yüksək siyasi nüfuza malik olan ölkəyə çevrilib.

"Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə"ni imzalanması dövlətlərarası qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsində yeni səhifənin açılması deməkdir. "Özbəkistan Respublikası ilə bizi 2024-cü il avqustun 23-də imzalanmış "Müttəfiqlik münasibətləri haqqında Müqavilə" bağlayır. Özbəkistanla qardaşlıq münasibətlərimiz qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Özbəkistanda bütün sahələrdə həyata keçirilən yeni islahatların nəticəsi olaraq ölkənin dinamik inkişafının, beynəlxalq nüfuzunun yüksəldilməsini və iqtisadi potensialının artmasını böyük məmnuniyyətlə izləyirik", - deyə Azərbaycan Prezidenti bildirib.

"BAKININ MÜASİR MƏRKƏZİ OLAN AĞ ŞƏHƏRDƏ "ÖZBƏKİSTAN" PARKI YARADILIR"

Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Dövlətlərarasi münasibətlərdə imzalanan sənədlər, bəyanatlar mühüm rol oynayır. İki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Ticarət-iqtisadi, kənd təsərrüfatı, energetika, səhiyyə, nəqliyyat-logistika, ətraf mühitin mühafizəsi, dövlət xidmətlərinin göstərilməsi, mədəni-humanitar, sosial və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi ilə bağlı razılıq əldə olunub.

Azərbaycanın suverenliyinin bərpa olunması işində Özbəkistanın və özbək xalqının dəstəyini qeyd etməliyik. Füzulidə Özbəkistan Prezidentinin və xalqının hədiyyəsi olan məktəbin açılışı münasibətlərin inkişafında öz sözünü deyir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. "Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına verdiyi böyük töhfəyə görə Özbəkistan tərəfinə və şəxsən Şavkat Miromonoviçə dərin təşəkkürümü bildirirəm. Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunub və Şavkat Miromonoviçlə birlikdə onun açılışını qeyd etmişdik. Xankəndi şəhərində özbək tərəfinin dəstəyi və təşəbbüsü ilə böyük bir tikiş fabriki fəaliyyət göstərir. Bu yaxınlarda birlikdə onu ziyarət etmişik. Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır. Şavkat Miromonoviçlə birlikdə 5 hektarı əhatə edən bu gözəl parkın təməlini qoyduq. Bir çox başqa orta maraqlara söykənən investisiya, sərmayə layihələrimiz var", - deyə Azərbaycan Prezidenti diqqətə çatdırıb.

Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış xeyli sayda sənəd tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına möhkəm hüquqi baza yaradıb. Təbii ki, qarşılıqlı səfərlər, bu səfərlər çəçivəsində aparılan müzakirələr, imzalanan sənədlər əməkdaşlıq üçün yeni perspektivlər açacaqdır.

Ticari-iqtisadi münasibətlər ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərindən biridir. Bu sahədə əməkdaşlıq azad ticarət rejimində həyata keçirilir və iqtisadiyyatın müxtəlif sahələrini əhatə edir. Özbəkistan və Azərbaycan investisiya sahəsində əməkdaşlığın inkişaf etdirilməsində müəyyən uğurlar əldə etmişdir. Hər iki ölkənin nəqliyyat-tranzit potensialı böyükdür və bu sahədə əlverişli infrastruktur yaradılıb. Bu mənada, Mərkəzi Asiyadan Xəzər dənizinə, daha sonra Qafqaz vasitəsilə Qara dəniz və Aralıq dənizi limanlarına gedən nəqliyyat marşrutları xüsusi aktuallıq kəsb edir. Özbəkistan-Azərbaycan birgə biznes forumları, eləcə də iqtisadi sahədə həyata keçirilən digər tədbirlər sayəsində əməkdaşlığın yeni sahələri müəyyən edilmiş və bir sıra uğurlar qazanılmışdır. Tarixə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə bu əməkdaşlıq üçün möhkəm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Orta Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən əməkdaşlığı həm ölkələrimizin və xalqlarımızın, həm də bütün türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verməkdədir.

"ÖLKƏLƏRİMİZiN QARŞISINDA NƏQLİYYAT-TRANZİT ƏMƏKDAŞLIĞI SAHƏSİNDƏ YENİ VƏZİFƏLƏR VƏ İMKANLAR DURUR"

"Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik", - deyə Prezident bildirib ki, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq: "Mənim qardaşlarımın qeyd etdikləri kimi, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik".

Görüş zamanı üç ölkənin energetika sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Karbohidrogen yataqlarının işlənməsi və hasil olunan elektrik enerjisinin ixracı üzrə perspektiv layihələrdən diqqətə çəkilib. Əmtəə dövriyyəsinin böyük həcmdə artırılması və sənaye kooperasiyası miqyaslarının genişləndirilməsi danışıqların gündəliyində əsas yer tutub. Razılığa gəlinib ki, milli müəssisələrimizin istehsal etdiyi keyfiyyətli məhsulların qarşılıqlı tədarükü stimullaşdırılsın. Bundan başqa, turizm və mədəni mübadilə sahələrində birgə proqramların qəbul olunmasını təklif edilib.

Əlbəttə ki, bu görüş Türk coğrafiyasında regional sabitlik, dayanıqlı inkişaf və nəqliyyat-tranzit dəhlizlərinin inteqrasiyası baxımından mühüm addımdır. Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə keçirilən yüksək səviyyəli görüş bir daha göstərdi ki, bu üçtərəfli əməkdaşlığın dərinləşdirilməsi mühüm addımdır.

Nəzakət ƏLƏDDİNQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 25 Avqust 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiyalı turistlər Çin otellərində kabus gördüklərini deyirlər...

24 Avqust 2025 18:14see238

Üz ifadəsindən insanın yalan danışdığını müəyyən etmək mümkündür? (TƏDQİQAT)

24 Avqust 2025 09:19see142

Finlandiya ABŞ ın iştirakı ilə təlimlərə başlayır

25 Avqust 2025 04:17see140

Badamdarda kişi quyuya düşdü

24 Avqust 2025 05:46see133

La Liqa: Real Madrid rəqibinə şans vermədi

25 Avqust 2025 01:42see130

Alimlər XƏBƏRDARLIQ EDİR: Bu məhlulun ölüm təhlükəsi var

24 Avqust 2025 22:00see128

Mançester Yunayted qələbəni əldən verdi

24 Avqust 2025 22:14see127

Bu idmançı tennis oynamaqla 1 milyard dollar qazandı

24 Avqust 2025 10:39see123

Muğamı Günü ilə bağlı virtual sərgi və kitab sərgisi istifadəçilərə təqdim olunub

24 Avqust 2025 23:08see122

TƏBİB: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar müraciət edən 4 nəfərdən 2 nin durumu orta ağırdır

24 Avqust 2025 16:03see121

Ət qiymətləri rekord səviyyəyə çatdı

24 Avqust 2025 17:33see121

Gizli sənədlər ortaya çıxdı ABŞ Rusiyanı NATO ya daxil etmək istəyirmiş

24 Avqust 2025 23:54see121

Anton Krivotsyukun komandası iki dəfə hesabda irəli çıxıb, 72 ci dəqiqədə azlıqda qalıb

24 Avqust 2025 22:01see119

Ən faydalı 3 tərəvəz Mütəxəssislərin tövsiyəsi

23 Avqust 2025 23:02see118

Rusiyalı idmançı Bosfor boğazını keçərkən yoxa çıxıb

25 Avqust 2025 00:58see117

Qarabağ transfer çalışmalarını davam etdirir 3 legionerlə danışıqlar gedir

23 Avqust 2025 23:10see114

Qalatasaray səfərdə Kayserispor u sökdü

25 Avqust 2025 00:32see114

SON DƏQİQƏ! “Sədərək” ticarət mərkəzində yanğın BAŞLADI

24 Avqust 2025 12:13see114

İsrail Yəmənə hücum etdi, prezident sarayı hədəf olub

24 Avqust 2025 17:18see113

Almeyda Türkiyəyə başş mıqçi kimi geri dönüb

25 Avqust 2025 00:24see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri