Icma.az
close
up
RU
UFC döyüşçüsü: Bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi MÜSAHİBƏ

UFC döyüşçüsü: Bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi MÜSAHİBƏ

Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyunun 21-də Bakıda keçiriləcək UFC döyüş gecəsində rusiyalı İrina Alekseyeva ilə üz-üzə gələcək polşalı qadın döyüşçü Klaudia Siqulanın Offsideplus.az saytına müsahibəsi

- Azərbaycana xoş gəlmisiniz. Şəhərimizi gəzməyə vaxtınız olub?

- Buranı çox bəyənirəm. Düzünü desəm, Bakı, Azərbaycan barədə çox şeydən xəbərim yox idi.

- Onda Azərbaycana ilk gəlişinizdir.

- Bəli, ilk dəfədir ki, buraya gəlirəm. UFC mənimlə əlaqə saxladı, bildirdilər ki, belə bir döyüş var. Əvvəlcə axtarışa verdim, ilk reaksiyam belə idi ki, “Aman Tanrım, necə uzaqdır”. Lakin xoşbəxtəm ki, buradayam. UFC ilk dəfə Bakıda keçirilir və biz də tarix yazmaq üçün buradayıq.

- Döyüşə hazırlıq prosesinizlə davam edək. Mental və fiziki olaraq özünüzü hazır hiss edirsiniz?

- Bu hazırlıq prosesində həyatımdakı hər şeyi dəyişdim. Floridaya köçdüm, orda düşərgəyə yollandım. 2 ay Floridada döyüşçülər üçün ən yaxşı hesab etdiyim yerdə məşq etdim. Məncə, həyatımdakı ən yaxşı hazırlıq dönəmindən keçmişəm. Hər şeyi dəyişdim, bu idmandakı hər baxış aspektimi dəyişdim. Keyfiyyətli sparrinq partnyorlarım oldu, yaxşı məşqçilərlə çalışdım. Mental olaraq da özümü hazırlıqlı hiss edirəm. UFC-də ilk döyüşümdə uduzanda polşalı mental məşqçim Beta Drevnovska ilə görüşüb, danışdım. O, ağlımda hər şeyi yoluna qoydu, mənə çox kömək etdi. Mənim hər bir parçam bacardığım qədər bu döyüşə hazırdır.

- İrina Alekseiva – Klaudia Siqula döyüşündə bizi nələr gözləyir?

- Məncə, ən yaxşı versiyamı görəcəksiniz. İlk döyüşümdə bunu göstərə bilmədim. UFC, azarkeşlər daha yaxşısına layiqdir. Oktaqonda ürəyimi qoyacam.

- UFC-də uzunmüddətli hədəfiniz nədir?

- Gələcək barədə düşünmürəm. Qarşıdan gələn döyüşümə fokuslanmışam. Kəmər üçün hələ ki, düşünmürəm. Bu, böyük çelencdir, UFC-də çempion olmaq uzun yoldur. İnsanlara yaxşı döyüş vermək, uzun müddət UFC-də mübarizə aparmaq, özümü inkişaf etdirmək istəyirəm.

- Döyüşçü yolunuz necə başlayıb bəs?

- Yeniyetmə yaşlarımdan başlamışam. Məktəb yoldaşım onun məşqçisinin Braziliya ciu-cutsu keçdiyini dedi və məni də dəvət elədi. Yoxlamaq üçün razılaşdım. İlk məşqlər dəhşətli idi. Məşqçi mənə əsəbiləşmişdi. Mənə uyğun olmadığını düşünüb, ayrıldım. O isə dedi ki, “Klaudia, qayıt. Məşqdən belə ayrılmaq olmaz”. Razılaşmayıb, bir müddət uzaqlaşdım. Səbəbini bilmirəm, amma bu idman növünə qayıtdım və peşəkar karyeraya qədər yolum davam etdi.

- Valideynləriniz necə reaksiya göstərdi? Məncə, atanız çox şad olub, çünki hər bir ata qızının döyməyi bacarmasını istəyər.

- Başlanğıcda bunun mənim üçün bir əyləncə olduğunu düşünürdülər. Ciddi olacağını fikirləşmirdilər. Peşəkar olaraq döyüşməyə başlayanda artıq bildilər ki, bu istiqamətdə gedəcəm. Məncə, ilk vaxtlarda çox da qürur duymurdular. Çünki yaxşı şagird idim və qəfəsdə döyüşməkdən fərqli bir iş görəcəyimi düşünürdülər. Lakin indi mənə dəstək olurlar və mənim azarkeşlərimdirlər. Onların mənə həmişə dəstək olacaqlarına güvənə bilərəm.

- Döyüş idman növlərində qadınlar azlıq təşkil edir. Azərbaycanda da sayılı qadın döyüşçülər var.

- Bu idman növü hamı üçün deyil. Güclü xarakterin, mentalın olmalıdır. İçində xüsusi bir şey olmalıdır. Bunu necə adlandıracağımı bilmirəm. Düzünü desəm, bir qadın kimi bu idman növündə çıxış etmək mənim üçün xoşdur. 14 ilimi sərf etmişəm. Bu səyahətdən zövq alıram.

- İdmanda maskulenlik və feminenlik barədə danışmaq istəyirəm. Sizə baxıram, gözəl xanımsınız. Bir çox idman növlərində, xüsusilə təkbətək növlərdə qadınların feminen görünüşü nadir olur. Bunu necə balanslaşdıra bilmisiniz?

- Belə deyərdim, qəfəsdə kişi kimi oluram. Kişi kimi döyüşürəm, güclü qadınam. Lakin gündəlik həyatımda sadə qızam, üzümə makiyaj etməyi sevirəm. Əlbisə geyinib, dikdabanlarda gəzməyi xoşlayıram. Bəzən mənə gülməli gəlir, deyirlər ki, “axı sən mma döyüşçüsünə oxşamırsan”. Cavab verirəm ki, “Üzümə bax. Burnum o qədər sınıb, o qədər çapıqlarım var ki, döyüşçüyə oxşayıram”. Bir tərəfdən də bu da gülməli məsələdir ki, çoxları deyir ki, MMA qadın döyüşçüsü maskulen olur. O zaman məndə nə isə düz deyil?! Mən də idmançıyam, gündə 2-3 dəfə məşq edirəm. Kimsə deyəndə ki, bu idman növündə çıxış edən qadına oxşamıram, onda fikirləşirəm ki, bəlkə əzələlərimdə və formamda problem var?! Onlar görmürlər ki, mən də idmançıyam.

- Çəki atma prosesinə nə vaxt başlayacaqsınız?

- Bazar ertəsindən etibarən başlayacam. Lakin görəcəyim iş çox deyil. Bu dəfəki proses mənim üçün asan olacaq?

- Necə çətinlik çəkmişdiniz?

- Döyüşdən əvvəl neçə günümün qalıb, qalmamasından asılıdır. Daha öncə görüşə az qalmış başlamışdım və çox çəki atmalı oldum. Döyüş düşərgəsinə qatılmamışdım, pəhriz saxlamamışdım. Bu, mənim üçün ağır oldu. Dünən 4 kq. endirdim. Bu həftə də 4 kq. atacam və bu, mənim üçün daha asan olacaq.

- Döyüşdən sonra yemək istədiyiniz xörəklər, qəlyanaltılar var? Könlünüzdən nə keçir?

- Düzünü desəm, hə (gülür). Telefonumda siyahı hazırlamışam, döyüşdən sonra yeyəcəm. Qızıl balıq, ananas və mayonezli pizza var. Bu kombinasiya sizə qəribə görünə bilər, amma çox ləzzətlidir.

- Bəlkə siyahınızda Azərbaycan xörəkləri də var?

- Yoxdur, əslində yerli mətbəxlə tanış olmamışam. Döyüşdən sonra şam yeməyi yeyəcəyimizi bilirəm. Yeməkxoram, ona görə də burda mütləq nəyisə yoxlayacam.

- Digər ölkələrdə kabab yemisiniz?

- Polşada, bəli (gülür). Bir dəfə də Türkiyədə yemişəm. Eşitmişəm ki, buranın kababı da yaxşı olur.

- Bəli, buranın kababı daha dadlıdır. Düyü və ətdən ibarət plovumuz da var.

- O zaman siyahıma əlavə etməliyəm. Bəs desertə nə yemək olar? Şirniyyat tövsiyəniz?

- Paxlava. Türklərin paxlavası daha şirin olur, bizim paxlava isə nisbətən daha az şirindir.

- Bəli, türklərin paxlavası mənim üçün çox şirindir. Əla səslənir.

- Sosial şəbəkə hesabınızda Bakıda məşqdə olduğunuzu gördüm. Bakıda kimi tanıyırsınız?

- Nazim Sadıxov burada mənə çox kömək oldu. Bakıda yaxşı bir idman zalını məsləhət gördü. Bu sayədə Turan və Yasmin ilə tanış oldum, onlar mənim həmkarlarımdır. Birgə məşqlər də elədik. Bu gün şəhəri görməyə də gedəcəyik, hələ ki, onları tanıyıram.

- Azərbaycanda müşahidə edib, digər ölkələrdə rastınıza gəlməyən bir şey oldu?

- Məncə, burada UFC-yə maraq digər ölkələrdən daha çoxdur. Məsələn, Polşada çox insan məni tanımır və ya hava limanında qarşılamırlar, şəkil çəkdirmirlər. Amma fikrimcə, bu tədbirin ilk dəfə keçirildiyi üçün insanlar daha çox sevir və dəstək olurlar. Xüsusilə də qızlara. Burada çox qadın döyüşçü yoxdur, bəlkə də ona görə belə dəstək göstərirlər. Xüsusilə də özümə qarşı. Buna görə çox məmnunam, təşəkkür edirəm.

- Elə bu mövzuya gəlmək istəyirdim. Bir çox oğlan sizə mesajlar göndərirdi, buna reaksiyanız necə oldu?

- Mənə çox təəccüblü gəldi. Gözləmirdim ki, kimsə mənə yazsın, mesaj göndərsin. Başlanğıcda təəccüblənmişdim. Həm də gülməli idi. Burada belə dəstəyin olmasına görə şadam. Sizin dəstəyiniz üçün təşəkkür edirəm. Azərbaycanlı oğlanlar, sizi sevirəm (gülür).

- Bəzi maraqlı mesajları deyə bilərsiniz?

- Kənddən bir oğlan mənə 2 kiloqram pendir verəcəyini demişdi (gülür). 2 kq. kənd pendiri! Hansı kənd olduğunu yazmamışdı. Çox qəribə və gülməli idi. Nişanlıma dedim ki, Polşaya 2 kq. pendirlə qayıtsam, təəccüblənmə. Oğlanların çoxu məni görüşə dəvət edirdi. Bunları çox ciddiyə almıram, çünki instaqramda “bio” hissədə sevgilimi, nişanlımı qeyd eləmişəm.

- Nişanlınız necə reaksiya göstərdi?

- Məncə, ona da gülməli gəlir. Bir tərəfdən də o da burda mənə göstərilən dəstəkdən məmnundur. Onun üçün ən vacib olanı mənim burada özümü necə hiss etməyimdir. Mən burada xoşbəxtəmsə, o da xoşbəxtdir.

- Bir sözlə, azərbaycanlı oğlanların şansı yoxdur. Özünüz də, sevgiliniz də döyüşçüdür.

- Bəli.

- Deyək ki, nişanlınızla döyüşürsünüz. Kim qalib gələrdi?

- Mən.

- Yoxlamısınız?

- Yerdə parter vəziyyətində birlikdə sparrinq etmişik. Onu neçə dəfə dizimlə sıxıb, təslim olmağa məcbur etmişəm. Məncə, məni yola verməyib. Əminəm ki, ondan daha yaxşıyam ( göz vurur, gülür). Kuba, qulaq asma buna, amma mən daha yaxşıyam.

- Klaudia, söhbətimiz burada bitir. Təşəkkür edirəm və uğurlar.

- Çox sağ olun. "Görüşənədək, Bakı". (Azərbaycan dilində səsləndirir).

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 İyun 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri