Uğurlu idarəetmə və İlham Əliyev təcrübəsi
II MƏQALƏ
Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var. Həm iqtisadi, həm siyasi imkanlar, həm də insanların intellektual səviyyəsi, dövlət siyasəti, dövlətin iradəsi və açıq-aydın görünən gələcəyin üfüqləri.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Əməkdaşlıq və təhlükəsizlik
Azərbaycan Prezidentinin siyasi liderlik təcrübəsinin legitimləşməsində regional əməkdaşlıq platformaları və təhlükəsizlik formulları ciddi rol oynamaqdadır. Məsələ onunla bağlıdır ki, XXI əsrin sərt geosiyasi şərtləri hər bir lider üçün məhz davamlı, faydalı və dayanıqlı əməkdaşlıqla qalıcı təhlükəsizlik platformalarını daha da aktuallaşdırmışdır. Son 30 ilin dünya üzrə liderlik təcrübəsi göstərir ki, ağlı və zəkası şübhə doğurmayan lider belə, realpolitika müstəvisində qarşılıqlı faydalı əməkdaşlıq və dayanıqlı təhlükəsizlik istiqamətlərində uğur qazana bilmirsə, onun lider kimi siyasi fəaliyyətinin politoloji anlamda təcrübəyə çevrilməsi baş vermir. Həmin anlamda siyasi liderin əməkdaşlıq və təhlükəsizliklə bağlı fəaliyyətinin davamlılığı və məntiqi ziddiyyətsizliyi fəlsəfi baxımdan əhəmiyyətlidir.
Prezident İlham Əliyev maraqlı formada Azərbaycan cəmiyyətinin müəyyən edilmiş məqsəd istiqamətində kollektiv fəaliyyətə motivə etmə, təşkilatlandırma, vahid sinerji yaratma ruhunu regional miqyasda dövlətlərarası münasibətlərin əməkdaşlıq, həmrəylik və kollektiv təhlükəsizliyin təmini kontekstlərinə proyeksiya edə bilmişdir. Məncə, bu, XXI əsrdə postsovet məkanında müstəqil dövlət quruculuğunun xarici siyasət müstəvisində dövlət identikliyini yaratmaq prosesinin mühüm fraqmenti, tərkib hissəsidir. Bu tezisin əsası vardır.
Məsələ onunla bağlıdır ki, realpolitika kontekstində hamı etiraf edir ki, müstəqil dövlətlər üçün ilk geosiyasi, siyasi, ideoloji, təhlükəsizlik riskləri məhz regional miqyasda meydana gəlir. Azərbaycan üçün bu risk, doğrudan da, regional miqyasda Ermənistanın təcavüzünə himayədarlıq edən dövlətlərin fəaliyyəti ilə bağlı yaranmışdı. Yəni nə XX əsrdə, nə də XXI əsrin ilk onilliklərində Azəbaycan ölkə, cəmiyyət və dövlət olaraq təcavüzə haqq qazandıran hərəkət etməmişdir. Deməli, realpolitika prizmasında baxanda Azərbaycan müstəqilliyini əldə edəndən bu yana Cənubi Qafqazda ona qarşı yaradılan problemlərin qaynağı kənardadır. Eyni situasiyanı biz Ukraynada, Moldovada, Gürcüstanda və Mərkəzi Asiya ölkələrində müşahidə edirik.
Belə çıxır ki, regional miqyasda yaradılmış riskləri və problemləri “aşmaq” ciddi fəlsəfi, politoloji və bütövlükdə, elmi məsələdir. Onun üçün siyasi liderliklə məharətli diplomatiya real proqramlar vasitəsilə müstəqil dövlətin regional miqyasda təsir gücünə çevrilməlidir. Bu məqam tezisin əsas ideya imkanını ifadə edir – müstəqil dövlətin regiona təsir gücü olmalıdır! Ancaq necə, hansı siyasi-diplomatik addımlarla? Təcrübə göstərir ki, əksər liderlər burada “ilişirlər” – milli miqysada mövcud potensialı uğurlu şəkildə regional səviyyədə pozitiv təsir gücünə çevirə bilmirlər. Bununla da siyasi liderlikdə təcrübə yaratmaq səviyyəsinə çata bilmirlər.
Bu fikirlərin işığında İlham Əliyevin regional səviyyədə siyasi liderlik təcrübəsinin əsas prinsiplərini müəyyən etmək lazımdır.
I prinsip: Əməkdaşlıqdan təhlükəsizliyə keçid
Müstəqil dövlətin başçısı və xalqın siyasi lideri daxili birlik, həmrəylik, vahid məqsəd uğrunda motivə olmaq xüsusiyyətlərini sinerji halında dövlətlərarası münasibətlərə transformasiya etməyi bacarmalıdır. Bu alınmadıqda liderin milli maraqlar və dövlət identikliyini yaratmaq mövqeyində olduğu əsaslı şübhələr yaradır. Milli miqyasın pozitiv birlik, həmrəylik və təhlükəsizlik enerjisinin siyasi-diplomatik aspektdə dövlətlərarası münasibətlər müstəvisinə real transformasiyası prosesi isə öncə problemlərin mahiyyətini düzgün müəyyənləşdirməyi və onların qaynağını adekvat anlamağı tələb edir.
Regionda problemlər əsasən kənar təsirlərdən qaynaqlanırsa, onda bütün hallarda yerli dövlətlər və xalqlar arasında bir etimadsızlıq, bir-birindən şübhələnmək kimi psixoloji kompleks əmələ gəlir. Bu maneənin aradan qaldırılması çox mürəkkəb məsələdir. Azərbaycan Prezidenti onun çox səmərəli həllini tapmışdır –
region dövlətlərinə qarşılıqlı fayda verən layihələr təklif etmək əsasında qarşılıqlı etibarlılıq və əməkdaşlıq atmosferi formalaşdırmaq! İlham Əliyev 2003-cü ildən bu müddətə qədər həmin istiqamətdə ardıcıl, davamlı, nəticəverici fəaliyyət göstərmişdir. Azərbaycan Prezidentinin əməkdaşlıqdan təhlükəsizliyə keçid prinsipi siyasi liderlik təcrübəsi kimi artıq konkret məzmuna malikdir!
II prinsip: Regional məsuliyyətin realpolitikaya gətirilməsi
Bu məqam da siyasi liderlik təcrübəsinin başlıca komponentlərindəndir. Çünki, adətən, hər bir siyasi lider region üçün məsuliyyət daşıdığını birbaşa və ya dolayısı yolla dilə gətirir. Lakin ritorika kifayət deyildir. Əsas odur ki, sözdə deyiləni real situasiyalarda təsdiq edə biləcək addımlar atılsın. Bu addımlar isə müsbət ab-yava yaradıcı məqamları özündə ehtiva etməlidir. Onları ümumi “səmimiyyət” adı altında birləşdirə bilərik. Deməli, siyasi liderlik təcrübəsinin real məzmununda regional məsuliyyətdə səmimilik xüsusi yer tutur. İlham Əliyevin fəaliyyətini bu aspektdə xarakterizə edən kifayət qədər fakt mövcuddur.
Azərbaycan Prezidenti regional miqyasda fəaliyyətində məsuliyyət və səmimiliyin dominantlığını konkret olaraq Gürcüstan istiqamətində atdığı addımlarda dəfələrlə nümayiş etdirmişdir. 2003-cü ildən başlayaraq Gürcüstana etdiyi səfərlərdə həmişə bu qonşu dövlətlə real əməkdaşlığa can atdığını və onu həyata keçirməkdə qərarlı olduğunu göstərmişdir. Bakı–Tbilisi–Ceyhan neft ixrac marşrutunun işə düşməsində qarşıya çıxarılan süni əngəlləri çəkinmədən və xeyli dərəcədə riskə gedərək aşan İlham Əliyev postsovet məkanında regional məsuliyyət duyğusunun zəruriliyini ortaya qoymuşdur.
Bir neçə dəfə Gürcüstan ərazisində təşkil edilən görüşlərdə İlham Əliyev daim region miqyasında əməkdaşlığı düşünən lider olduğunu göstərmişdir. Bu, özünün pik nöqtəsinə 2008-ci il Rusiya–Gürcüstan müharibəsində çatmışdır. Həmin dönəmdə çoxlarının susduğu bir vaxtda Azərbaycan Prezidenti regionun maraqlarına uyğun duruş göstərmiş və ədaləti müdafiə etmişdir. Bu zaman, çox əhəmiyyətlidir ki, bir an da olsun Gürcüstanla əməkdaşlıq xəttindən kənara çəkilməmişdir. Əksinə, real təşəbbüsləri ilə onu inkişaf etdirmişdir. Hətta Moskva da bununla razılaşmalı oldu!
Azərbaycan Prezidentinin siyasi liderliyində regional miqysada əməkdaşlıq və təhlükəsizliyin təmininin təcrübə kimi var olmasının olduqca əsaslı səbəbləri vardır. Yəni İlham Əliyevi siyasi lider statusunda regional əməkdaşlıq və təhükəsizlikdə mövcud siyasi təcrübəni XXI əsrin reallıqları və çağırışlarına uyğun inkişaf etdirməsi ciddi siyasi hadisədir. Buna bir daha əmin olmaq üçün məsələnin siyasi tarixinə qısa nəzər salaq.
“Qafqaz evi” ideyası
Tarixçilərin yazdığına görə, “Qafqaz evi” ideyasını ilk dəfə Mirzə Fətəli Axundov irəli sürmüşdür (tarixçi Zaur Əliyev). Bu ideya Mirzə Bala Məmmədzadənin fikirlərində də mühüm yerlərdən birini tutmuşdur. Həmin dönəmdə Gürcüstan və Ermənistandakı liderlər etnik millətçilik ideyaları üzərində işləyirdilər. Azərbaycan ziyalıları isə nəzəri ilə yanaşı, praktiki olaraq da “Qafqaz evi” yaratmağa çalışırdılar (məsələn, Səlim bəy Behbudov). Azərbaycan Demokratik Respublikasının fəaliyyətində Qafqaz evi ideyası özünəxas yer almışdı.
Tarixçilər Üzeyir Hacıbəyovun "Biz hamımız qafqazlı balasıyıq" adlı məqaləsini də vurğulayırlar. Hətta sovet dönəmində azərbaycanlıların bu ideya ilə bağlı fəaliyyətindən bəhs olunur. Məsələn, 1935-ci ildə Qafqaz Federasiyası Şurası, 1952-ci ildə isə Münxendə Ümumqafqaz konfransının keçirilməsini misal olaraq göstərmək mümkündür.
Müstəqillik dönəmində, 1996-cı il martın 8-də Azərbaycan Prezidenti Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şevardnadze “Qafqaz regionunda sülh, sabitlik və təhlükəsizlik haqqında” Azərbaycan–Gürcüstan bəyanatını imzalamışlar. Bunu tarixçilər yeni mərhələdə "Ümumi Qafqaz evi" ideyasının əməli olaraq həyata keçirilməsinin başlanğıcı hesab edirlər.
2023-cü ildə Prezident İlham Əliyev Gürcüstana növbəti səfəri zamanı Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaması zərurətini xüsusi vurğulamışdır. Azərbaycanın dövlət başçısı Cənubi Qafqaz regionunda dövlətlərarası münasibətlərin normallaşması üçün kənar qüvvələrə ehtiyacın olmadığını ayrıca ifadə etmişdir. İlham Əliyev mövqeyini regionun tarixi ilə əsaslandırmışdır. Yəni təcrübə göstərir ki, Cənubi Qafqazın taleyi əsas olaraq, Azərbaycan, Gürcüstan və Ermənistandan asılı olmuşdur. Müasir mərhələdə bu məsələ daha da aktuallaşmışdır. Bunu “Qafqaz evi” ideyasının reallaşması üçün tarixi fürsət də adlandıra bilərik.
Bu qısa izahat aydın göstərir ki, Azərbaycan siyasi təcrübəsində Qafqazda sülh, barış və əməkdaşlıq ideyası davamlı təcrübə səviyyəsindədir. İlham Əliyev həmin təcrübəyə əsaslanaraq XXI əsrin reallıqları işığında bu ideyanı canlandırmış, ona yeni geosiyasi və siyasi məzmun vermişdir. Həmin məzmunda üçüncü prinsip xüsusi yer tutur.
III prinsip: Milli təhlükəsizliyin kollektiv maraqlara uyğunluğu
Sözün həqiqi mənasında, bu prinsipi müasir mərhələdə siyasi liderlik təcrübəsinin çox vacib aspektlərindən biri kimi qəbul etmək gərəkdir. Burada iki məqam sintez halında mövcuddur. Birincisi, Prezident İlham Əliyev Azərbaycan üçün hazırlanmış multikultural yanaşmanı uğurla regional miqyasda təhlükəsizlik məsələsinə proyeksiya edə bilmişdir. Onun mərkəzi xəttini milli təhlükəsizliyin təmininin daxili meyarı ilə regional təmininin xarici kriteriyalarının harmoniyada olması təşkil edir. Belə bir sinxronluğa isə İlham Əliyev konkret layihələri bütövlükdə regionun maraqlarına uyğun həyata keçirmək əsasında nail olmaqdadır.
Məsələn, Ermənistanın hər bir təcavüzkar davranışına və İranla Rusiyanın inkaredici hərəkətlərinə baxmayaraq, onların hər biri üçün layihələrin qapısı açıq olmuşdur və indi də açıqdır. İran və Rusiya konkret olaraq Azərbaycanın təşəbbüs etdiyi layihələrdə iştirak edirlər (məsələn, Şimal–Cənub nəqliyyat dəhlizi və s.).
Ayrıca, Rusiya mədəniyyət, sivilizasiya, enerji, iqtisadiyyat, ticarət, sosial xarakterli tədbirlərdə fəal iştirakçıdır. İran da getdikcə daha intensiv şəkildə bu prosesə qoşulur. Bu kontekstdə İran Prezidentinin Azərbaycanı D–8-ə qəbulda dəstəkləməsi diqqəti çəkməkdədir. Xüsusi olaraq, Ermənistanı da Bakı dəfələrlə əməkdaşlığa və regionun təhlükəsizliyini birgə təmin etməkdə Azərbaycanla Gürcüstanın təşəbbüslərinə qoşulmağa dəvət etmişdir. Hətta II Qarabağ müharibəsi başa çatan kimi, İlham Əliyev məsələni məhz vurğuladığımız aspektdə qoymuşdur.
İkincisi, İlham Əliyev regionda təhlükəsizliyin təmini məsələsini kollektiv maraqlar müstəvisinə birbaşa müxtəlif əməkdaşlıq və təhlükəsizlik platformalarının qarşılıqlı əlaqəsində reduksiya etməklə, bütövlükdə, XXI əsrdə regional siyasi liderlik təcrübəsinə yeni naxış vurmuşdur. Məsələnin bu tərəfi siyasi liderlik təcrübəsinin məzmunlaşması baxımından son dərəcə əhəmiyyətlidir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru