Ulu Öndərimiz bu səfəri təxirə salmadı... Fəxriyyə Xələfova ilə MÜSAHİBƏ
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bəzən bir insanın adı çəkiləndə zaman dayanır. Nə saat işləyir, nə də sözlər kifayət edir onu təsvir etməyə. O an susmaq danışmaqdan güclü olur. Ulu Öndər Heydər Əliyevin adı gələndə belə olur – söz aciz qalır, gözlər danışır.
Onun xatirəsini yaşadanlar var – sadəcə dillə yox, ürəklə, ruhla, yaddaşla. Onlar Ulu Öndəri yalnız görməyiblər, onu hiss ediblər, onun baxışını, onun diqqətini, onun düşüncə dərinliyini öz həyat yollarında bələdçiyə çeviriblər. Bu insanlardan biri də Əməkdar incəsənət xadimi, dosent, milliliyin zərif siması Fəxriyyə Xələfovadır.
O, bizə sadəcə dəb və estetikadan danışmır – bir ömrün içindəki böyük həsrətdən, dayı deyib baxa bilmədiyi bir zirvədən, millət qədər böyük, qəlb qədər kövrək bir sevgidən danışır. O xatirələrdə təkcə ailə yaxınlığı yox, xalqın liderinə duyduğu sədaqət, ehtiram və əbədi sevgi var.
EDnewsTV-də baş tutan bu müsahibə isə bir moda xadiminin həyatından çox, bir millət yaddaşının canlı izahı oldu. Fəxriyyə xanım danışdıqca, Ulu Öndərin böyüklüyü təkcə siyasi iradə ilə yox, həm də insan sevgisi, qayğıkeşliyi və ruh dərinliyi ilə bir daha təsdiqləndi.
Bu müsahibədə səslənən hər cümlə – xatirə deyil, çağırışdır: unutmamaq, dəyərləri yaşatmaq, vəfa göstərmək.
- Siz Ulu Öndər Heydər Əliyevin ailə nümayəndələrindən birisiniz və istərdim ki, Ulu Öndərlə bağlı yadınızda qalan xatirələrdən danışasınız.
- Ulu Öndərimiz Heydər Əliyev haqqında biz nə qədər danışsaq, nə qədər xatırlasaq, nə qədər onu yad etsək, azdır.
Ulu Öndərimizin Azərbaycan xalqına verdiyi töhfələr, apardığı mübarizələr, gördüyü işlər o qədərdir ki, məncə onlardan danışmaq üçün saatlar lazımdır. Siz də vurğuladınız ki, mən Ulu Öndərimizin ailə üzvüyəm. Mənim mərhum anam, akademik Rafiqə xanım Əliyeva Ulu Öndərimizin kiçik bacısı idi. Və mən bu ailədə göz açmışam, boya başa çatmışam. İndi özümü çox xoşbaxt hiss edirəm ki, mən böyüyüb boya-başa çatdığım illərdə və moda incəsənəti ilə məşğul olduğum dövrlərdə Ulu Öndərimizlə ailə tədbirlərində görüşmüşük.
Təbii ki, onlar çox olmurdu, ona görə ki, Ulu Öndərimizin iş qrafiki gərgin idi, vaxtı məhdud idi. Gördüyü işlər və onların miqyası çox böyük idi, amma Ulu Öndərimiz öz doğum günü, günlərini, mayın 10-unu (bir gün əvvəl də ola bilərdi) qeyd eləməyi çox sevirdi və bəzən ailə üzvüləri toplanırdı. Unudulmaz Zərifə xanım bizi Ulu Öndərimizi görməyə, onun söhbətlərini eşitməyə, hansısa hadisələr haqqında onun təəssüratlarını ya özünün yadına düşdüyü məqamları eşitməyə dəvət elirdi və bu təbii ki, bizim üçün çox maraqlı idi. İndi zaman keçib və mən onları xatırlayanda düşünürəm ki, o vaxta görə bu necə qabaqçıl ideyaydı, necə fərqli yanaşmaydı. Yəni, belə xatirələrim təbii ki, var və ilk , əvvəl elə özüm, şəxsən özümlə əlaqədar olan xatirəni danışmaq istərdim.
Ulu öndər təbii ki, ailə üzvlərinin gənc nümayəndələrini görəndə soruşardı ki, “siz nə ilə məşğul olmaq istəyirsiniz?” O çox diqqətcil insan idi, bizə diqqət yetirirdi, soruşurdu, maraqlanırdı.
Dəb incəsənəti ilə, moda ilə məşğul olmaq mənim gənclik arzum idi, amma o vaxt şərtlər başqaydı, o peşə tədris olunmurdu. Yəni, moda onun indiki görüntüsündə yox idi. Mənə o vaxt mənbələri, jurnalları mərhum atam gətirirdi. Oradan görürdüm ki, qərbdə moda var, deyirdim orada, var, bizdə də olsa yaxşı olar. Bir gün ailə üzvlərimə dedim ki, mən moda ilə məşğul olmaq istəyirəm. Amma mənə də maraqlı idi ki, bunu deyəndə, onların münasibəti necə olacaq.
Ulu Öndərimiz mənim modayla maraqlandığımı eşidəndə dedi ki, moda çox maraqlı incəsənət növüdür, sənə uğurlar arzulayıram.
Onun dəstəyini görəndə daxilimdə əminlik yarandı ki, mən gələcəkdə moda ilə məşğul olacağam, bu sahədə uğur qazanacam. Təbii ki, o vaxt hələ ancaq planlarım var idi, amma o Ulu Öndərlə söhbətimizdən sonra özümə inanırdım. Çünki o, mənə uğurlar arzu etmişdi.
Zaman keçdi, mən ilk addımlarımı atıb Azərbaycandakı ilk beynəlxalq layihəni ərsəyə gətirəndə, dünyaca məşhur modelyer Valentin Yudaşkini də Bakıya dəvət etmişdim. Ulu Öndər bu haqda mətbuatdan oxuyandan sonra bizi yanına dəvət etmək istədi.
Rəsmi qaydada Prezident Sarayında gözəl görüş baş tutdu. Mövzu təbii ki, moda idi. Görüşdən sonra Valentin Yudaşkin dedi ki, Heydər Əliyev kimi siyasətdə öz sözünü demiş insanın moda haqqında bu qədər məlumatlı olması onu da təəccübləndirib
Mən bu gün də bu gözəl incəsənət növlü ilə məşğulam və Ulu Öndərin bu istiqamətə dair çox düzgün münasibəti olub.
- Fəxriyyə xanım, bayram günlərində, hansısa əlamətdar günlərdə toplaşırdınız?
- Bəli, bəli, bayramlar haqqında çox gözəl xatirələrim var. Təbii ki, o vaxt biz Sovet İttifaqında yaşayırdıq, amma ona baxmayaraq, Novruz bayramı Ulu Öndərin ailəsində həmişə xüsusi qeyd olunurdu. Milli mətbəx, təamlar, şirniyyatlar həmişə bişirilib masaya qoyulardı. Onu da qeyd eləmək istəyirəm ki, ailə çərçivəsində ailə üzvləri ilə ancaq Azərbaycan dilində danışmağımız da dəyərli ənənə idi. Və təbii ki, mən, bacım, möhtərəm prezidentimiz İlham Əliyev, Sevil xanım... Biz məktəbdə rus dilində oxuyurduq, amma ailə çərçivəsində evdə həmişə Azərbaycan dilində danışırdıq. Bu, olduqca vacib idi.
- Gözəl ənənədir…
- Bəli, çox gözəl ənənədir. Novruz bayramında mütləq qaydada yığışırdıq. Plovu mənim rəhmətlik anam dəmləyirdi, ona görə ki, çox gözəl aş –plov dəmləyə bilirdi. 31 dekabr- yeni il günü və mənim də ad günüm olduğuna görə ailə üzvlərini Rəfiqə xanım dəvət edirdi.
Ulu Öndərin vaxtı olmayanda, Zərfiə xanım, İlham müəllim, Sevil xanım həmişə bizə qonaq gəlirdilər, bu da çox sevindiriciydi. Onları səbirsizliklə gözləyirdik və müəyyən zaman aralıqlarında ailə çərçivəsində, gözəl görüşlər baş tuturdu.
- Ulu Öndər ad günlərinizdə sizə nə alırdı? Axı o günlər həm də yeni il bayramı idi...
- Bu gözəl işlə Unudulmaz Zərifə xanım məşğul olurdu və Zərifə xanım çox gözəl, məlahətli insan idi. O, bilirdi ki, həm Rəfiqə xanım, həm də biz ətir sevirik və ona görə bizə fransız ətirləri hədiyə edirdi. Biz o qədər sevinirdik ki... Onda fransız ətirləri çətin tapılırdı, ona görə də bu, bizim üçün çox dəyərli hədiyyə idi.

- Elə söhbətləri, elə mövzular olubmu ki, yadınızda qalsın?
-Bəli, təbii ki, olub. Biz bilirik ki, Ulu Öndərimizin kinematoqrafiyamıza da ciddi töhfələri olub. Biz ailə çərçivəsində, bir yerdə film izləməyi də çox sevirdik.Məsələn, bir yerə yığışanda mütləq, televizorda göstərilən bir filmə baxırdıq.
Hamımız bilirik ki, Ulu Öndərimizin zamanında çox dəyərli filmlər çəkilib. “Nəsimi”, “Babək”, “Nizami”... Və hərdən o bizə o filmlərin çəkilişi haqqında hansısa xatirəsini danışırdı.Məsələn, “Nəsimi”filminə bizim çox dəyərli sənətkarımız Rasim Balayevin təsdiq olunması necə olub:
Adətən ona namizədlərin şəkillərini təqdim edirdilər. O da öz növbəsində bilirdi ki, başrollara mütləq qaydada xüsusi keyfiyyətlərə malik aktyorlar seçilməlidir. “Nəsimi” rolu üçün o, rejissorların qarşısına belə bir şərt qoymuşdu ki “Nəsimi” rolunu o aktyor oynamalıdır ki, boyu məndən hündür olsun. Yəni, bu işarə idi ki,”gedin belə bir aktyor tapın”. Yəni, Nəsimi hündürboy, görünüşlü olmalıdır. Və təbii ki, Rasim Balayev da bu şərtlərə cavab verirdi.
“Nizami” filmi çəkiləndə Nizaminin tərəf müqabili Afət roluna yenə də bir neçə namizəd təklif olunmuşdu. Ulu Öndər fikirləşdi ki, niyə bu rolda bizim öz aktrisamız oynamasın? Və rejissorlara dedi ki, mənbələrdən oxumuşam ki, Afətin gözləri ala rəngdə olub. Siz ala göz aktrisa tapın. Və təbii ki, bu da konkret tapışırıq idi. Və o vaxtlarda populyarlaşan Həmidə xanım Ömərova da ala gözlü idi və buna görə də Afət roluna təsdiqləndi.
Belə maraqlı yanaşmaları var idi. O, çalışırdı ki, hər şey ideal olsun. Buna görə də onun rəhbərliyi dövründə incəsənətin sözün əsl mənasında gözəl nümunələri yarandı.
- Və Ulu Öndər milli adət ənənələrə dəyər verən, milliliyi hər şeydən üstün tutan şəxsiyyət idi...
- Həm ölkə çərçivəsində, həm də ailə çərçivəsində milli dəyərlər xüsusi qorunub saxlanırdı. Bayaq Azərbaycan dili haqqında danışdım. Çox vaxt Azərbaycan dilində anam, mərhum Ulu Öndərimiz, Zərifə xanım danışıqlarında çoxlu atalar sözlərindən istifadə edirdilər. Yəni, hansısa bir cümlə qurulurdu və mütləq orada yerinə düşən hansısa atalar sözündən istifadə olunurdu. Yəqin xalqımız da görür ki, həm mənim, həm də İlhan Müəllimin leksikonunda atalar sözləri populyardır.
- Ulu Öndərlə xarici səfərlərdə olmusunuz?
- O, “Politbüro”nun üzv olanda Rəfiqə xanımla Moskvaya dəvət almışdıq. O da çox maraqlı xatirə idi. Ulu Öndər və Rəfiqə xanım bacı-qardaş kimi bir-birlərini çox sevirdilər və Rəfiqə xanım çalışırdı ki, imkanı çərçivəsində mütləq bütün ad günlərində iştirak eləsin. Ulu Öndərin Moskvada olmağına baxmayaraq, Rəfiqə xanım və Zərifə xanım çalışırlar ki, stoldakı təamların hamısı milli olsun. Bu milli dadlar mütləq qaydada ailə çərçivəsində olmalı idi. Bu gözəl görüşləri gözəl aurayla, söhbətlərlə və təamlarla xatırlıyıram.
- Və bilirik ki, Ulu Öndərimiz Qarabağı da çox sevirdi. Qarabağla bağlı Ulu Öndərin təəsuratları ilə bağlı nələri xatırlayırsınız?
- Ulu Öndərimiz bütün Azərbaycanı çox sevirdi. Azərbaycanın inkişafı, onun çiçəklənməsi naminə çox işlər görürdü. Bu çərçivədə o, Qarabağa da xüsusi önəm verirdi. Qarabağ mövzusu hər zaman həssas mövzu idi deyə o çalışırdı ki, mütləq qaydada ən gözəl mədəni tədbirlər məhz Qarabağda keçirilsin. Xüsusi tədbirlərin mütləq Qarabağda keçirməyinə önəm verirdi, Qarabağa gedib gəlməyi də çox sevirdi.
Yəqin ki, o kadrları ictimaiyyətimiz də görüb: Vaqif Məqbərəsi açılanda qarlı çovğunlu hava şəraiti hökm sürürdü və Qarabağda gedəndə Rəfiqə xanımla Zərifə xanım danışırdılar ki, belə hava şəraitinə baxmayaraq Ulu Öndərimiz bu səfəri təxirə salmadı. Yolların çoxu buz bağlamışdı, Rəfqə xanım çox həyəcanlı idi.
O səfərdə həm Zərifə xanım, həm də prezidentimiz İlham Əliyev iştirak etmişdi. Vaqif Məqbərəsinin açılış mərasimi məhz bu şəraitdə baş tutdu. Bunları xatırlayanda, danışanda istər-istəməz kövrəlirəm.
- Ruhu şad olsun…! Fəxriyyə xanım, sizin ata tərəfiniz də şuşalıdır…
- Bəli, bəli. Qarabağ mövzu haqqında danışmaq mənim üçün həm həyəcanlıdır, həm də xatirələrim məni kövrəldir.
Ona görə ki, rəhmətlik atam da Qarabağlıdır, Şuşadandır. Biz bəy nəslinin nümayəndələriyik. Bizim üçün qurur verici faktdır ki, atam Rafiq Rəsul oğlu Xələfov Qarabağlı, şuşalı olaraq Azərbaycanın inkişafında verdiyi töhfələrə görə də həm də dəyərli şuşalı hesab olunur.
- Şuşadan söhbət düşmüşkən, siz “Natəvan” filmində də baş rola çəkilmişsiniz…
- Xan qızı Xurşunbanu Natəvan xanımın xatirəsi, Azərbaycan xalqı tərəfindən həm şairə, həm xan qızı kimi bu qədər sevilməsi, mənim qəlbimdə elə uşaqlıqdan iz buraxıb.
Onu da qeyd eləmək istəyirəm ki, həm Rəfiqə xanım, həm Ulu Öndərimiz Xurşunbanu Natəvan xanım obrazı haqqında çox danışırdılar.
Biz o vaxt Akademik Dram Teatrında Natəvan xanımın həyat və yaradıcılığına həsr olunmuş teatr tamaşasına getmişdik. Baş rolu mərhum unudulmaz Amaliya Pənahova ifa elirdi. O tamaşanın “premyerasına” həm Rəfiqə xanım həm də mən dəvət almışdıq. Mən bir maraqlı fakt haqqında da danışmaq istərdim.
Xan qızı Xurşudbanu Natəvan xanımın, Bülbülün, Üzeyir Hacıbəylinin heykəlləri o vaxt Şuşanın mərkəzi meydanında dururdu və işğal faktorundan sonra mənfur düşmənlərimiz o heykələri oradan götürüb satışa çıxartmışdılar. “Metalolom” kimi.
Bu haqda öndərə məlumat çatdırdılar və o, bu heykələri pul ilə başqa insanların vasitəsiylə satın aldı. O vaxta onlar bilmirdilər ki, bunu edən öndərimizdir. Elə bildilər ki, heykəlləri başqalarına satırlar, hətta satdıqlarına görə sevinirdilər.
Öndərimiz onu vasitəçilər vasitəsiylə satın alıb ölkəmizə qaytardı və onlar işğal illərində incəsanət muzeyinin həyətində durub evlərinə qayıdacaqları vaxtı gözlədilər.
-Fəxriyyə xanım, müsahibəyə görə çox təşəkkür edirəm. Siz həm Ulu öndərin ailəsinin nümayəndəsi kimi, həm də dəsti-xəttiniz olan şəxsiyyətlərdənsiniz və hər kəs tərəfindən də sevilən insansınız. Və Ulu öndər də elə bir şəxsiyyətdir ki, onun haqqında danışacaqlarımız bir verilişlik, bir günlük, iki günlük deyil.
- Biz saatlarla, günlərlə danışsaq da, Ulu öndər mövzusu bitən, tükənən deyil. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm. Məni müsahibəyə dəvət etdiniz, suallarınızla məni o günlərə qaytardınız. Bu xatirələr həm mənimçün olduqca əzizdir, həm də düşünürəm ki, dinləyicilərimiz, tamaşaçılarımız, oxucularımız, gələcək nəsil üçün də çox vacib xatirələr, örnəklərdir. Düşünürəm ki, yetişməkdə olan gənc ictimaiyyətimiz Ulu öndərin nə qədər böyük işlər gördüyünü, onun vətənə sevgisini görür və başa düşür ki, o böyük məktəb, örnəkdir.
Gülşən Behbud
Milli Dəyərlər üzrə Maarifləndirmə İB-nin sədri


