Icma.az
close
up
RU
Universitetə qəbul olmaq uğurun ölçüsüdürmü? təhsil eksperti ilə MÜSAHİBƏ

Universitetə qəbul olmaq uğurun ölçüsüdürmü? təhsil eksperti ilə MÜSAHİBƏ

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 28 avqust, AZƏRTAC

Cəmiyyətdə uzun müddət universitet təhsili uğurun əsas göstəricilərindən biri kimi qəbul edilib. Valideynlərin gözləntiləri, yaşıdlarla müqayisə və gələcəklə bağlı narahatlıqlar gəncin özünə və gələcək perspektivlərinə münasibətinə təsir göstərə bilər. Bütün bunlar isə universitetə qəbulun uğurun yeganə meyarı olub-olmaması və bu mərhələdə gəncə düzgün dəstəyin necə göstərilməsi sualını gündəmə gətirir. Maraqlıdır, universitetə qəbul olmaq həqiqətən uğurun əsas meyarıdırmı? Qəbul ola bilməyən gənc qarşısında hansı imkanların olduğunu necə müəyyənləşdirə bilər? Valideynlər övladlarına necə yanaşmalıdır? Universitetə qəbul olan tələbə qarşısındakı imkanlardan necə istifadə edə bilər?

Bu və digər sualları Azərbaycan Dillər Universitetinin Psixologiya və pedaqogika kafedrasının baş müəllimi pedaqogika üzrə fəlsəfə doktoru, təhsil eksperti Samirə Həsənova AZƏRTAC-a müsahibəsində cavablandırıb.

- Universitetə qəbul olmaq bir çox gənclər üçün böyük arzudur. Ali məktəbə qəbul ola bilməyən məzunlara necə yanaşmaq lazımdır?

- Universitetə qəbul, əlbəttə, böyük nailiyyətdir. Lakin qəbul nəticəsini insanın bütün potensialını müəyyənləşdirən ölçüyə çevirmək düzgün deyil. İmtahanda qazanılan nəticə həmin gün və həmin hazırlıq mərhələsindəki göstəricini əks etdirir, insanın öyrənmək, təkmilləşmək və gələcəkdə uğur qazanmaq potensialını məhdudlaşdırmır. Məzun istədiyi nəticəyə çatmadıqda, ilk növbədə, özünü “uğursuz insan” kimi qiymətləndirməməlidir. Nəticənin səbəblərinə baxmaq daha faydalıdır. Hazırlıq səviyyəsi necə idi? Hansı mövzuları daha yaxşı öyrənməliydi? Vaxtdan düzgün yararlandımı? İmtahana hazırlaşmaq üçün seçdiyi strategiyada hansı çatışmazlıqlar vardı?

Cavablar növbəti addımı müəyyənləşdirməyə istiqamət verə bilər. Yenidən hazırlaşmaq, başqa ixtisas seçmək, peşə təhsilinə yönəlmək və ya müxtəlif bacarıqlar qazanmaq mümkündür. Həyatda hər kəsin yolu eyni olmur. Bəziləri istədiyi nəticəyə ilk cəhddə çatır, bəziləri isə daha sonra. Uğura gedən yolun uzunluğu müsbət nəticənin dəyərini azaltmır.

- Sizin şəxsi təcrübəniz necə olub? Universitetə qəbul məsələsinə gənc yaşlarınızda necə yanaşırdınız?

- Mənim şəxsi təcrübəm bir qədər fərqlidir. Bakalavriatı fərqlənmə ilə bitirən kimi magistraturaya, magistraturanı bitirən kimi isə doktoranturaya qəbul olmuşam. Yəni təhsil yolumda qəbul imtahanları ilə bağlı həmişə uğur qazanmışam. Amma məhz buna görə gənclərin yaşadığı vəziyyətə münasibətdə özümü “mən bunu yaşamışam” mövqeyində təqdim etmək istəməzdim. Mənim təcrübəm daha çox başqa bir məqamı göstərir. Gənclik illərində mənim üzərimdə də “qəbul olmalısan” gözləntisi vardı. Universitetə qəbul olmaq, daha sonra növbəti təhsil pilləsinə keçmək həyatımın əsas istiqaməti kimi görünürdü. Mən də qarşıma qoyulan məqsədə çatmaq üçün çalışırdım. Həmin dövrdə qəbul ola bilməmək mənim üçün ciddi uğursuzluq kimi görünə bilərdi. İllər ötdükcə, həm təhsil, həm də peşəkar fəaliyyət təcrübəm artdıqca yanaşmam dəyişdi. Hazırda düşünürəm ki, universitetə qəbul olmaq həyatdakı yeganə inkişaf yolu deyil. Ali təhsil çox böyük imkanlar yaradır, lakin insanın bütün gələcəyini yalnız qəbul nəticəsi ilə əlaqələndirmək doğru olmaz.

- Qəbul ola bilməmək gənclərin emosional vəziyyətinə təsir göstərə bilərmi?

-Gənc uzun müddət hazırlaşıb müəyyən nəticə gözləyibsə, gözləntisinin doğrulmaması məyusluq yarada bilər. Özünəinam azala, gələcəklə bağlı qeyri-müəyyənlik formalaşa bilər. Yaşıdların qəbul xəbərlərinin sosial mediada ardıcıl paylaşılması da müqayisəni gücləndirir. Gənc “hamı qəbul oldu, mən olmadım” düşüncəsinə qapılır. Belə vəziyyətdə böyüklərin münasibəti xüsusi əhəmiyyət daşıyır. “Filankəs qəbul oldu, sən niyə olmadın?” kimi müqayisələr gəncin özünəinamına mənfi təsir göstərə bilər. Söhbəti nəticədən sonrakı imkanlara yönəltmək daha faydalıdır. “Niyə alınmadı?” sualı ilə yanaşı, “İndi hansı seçimlərimiz var?” sualını da vermək lazımdır. Əgər gəncdə uzun müddət davam edən ciddi ruh düşkünlüyü, sosial təcrid, gündəlik fəaliyyətlərə marağın azalması və ya özünə zərərvermə davranışı ilə bağlı müəyyən əlamətlər müşahidə olunursa, vəziyyəti yalnız imtahan nəticəsi ilə izah etmək düzgün deyil. Belə hallarda mütəxəssis dəstəyinə ehtiyac vardır.

- Övladının arzuladığı nəticəni əldə edə bilməməsi valideynlər üçün də asan deyil. Belə bir vəziyyətdə onlar necə davranmalıdırlar?

-Valideynin ilk reaksiyası çox əhəmiyyətlidir. Belə məqamlarda nəticəyə deyil, övladının özünə diqqət yetirmək lazımdır. “Bu qədər xərc çəkdik”, “hamı qəbul oldu”, “qohumlara nə deyəcəyik?” kimi ifadələr gəncin yaşadığı məyusluğu daha da ağırlaşdıra bilər. Valideyn əvvəlcə övladını dinləyə bilər. “Sənin üçün çətin olduğunu anlayıram”, “Səbəblərə birlikdə baxaq”, “Qarşımızda hansı seçimlər var?” kimi yanaşmalar daha sağlam dialoq yaradır. Sonrakı mərhələdə nəticənin səbəblərini təhlil etmək və fəaliyyət planı hazırlamaq mümkündür. Burada valideynin rolu qərarı gəncin əvəzinə vermək deyil, onun düzgün seçim etməsinə kömək göstərməkdir.

- Bəzən valideyn övladının mütləq universitetə qəbul olmasını istəyir. Yüksək gözləntilər nə zaman problemə çevrilir?

-Valideynin övladı üçün yaxşı gələcək istəməsi təbiidir. Problem universitet təhsilinin gələcəyin yeganə təminatı kimi təqdim edilməsində yaranır. Gəncə daim “mütləq qəbul olmalısan” mesajı verildikdə, təhsil öyrənmə və inkişaf vasitəsindən çıxaraq yalnız nəticə əldə etmək yarışına çevrilə bilər. Hər bir gəncin qabiliyyəti, marağı, öyrənmə tempi və peşə seçimi fərqlidir. Ona görə valideyn “Niyə qəbul olmadın?” sualından əvvəl “Sən hansı sahədə özünü görürsən?” sualını verə bilər. Universitet təhsili insan üçün mühüm imkanlar yarada bilər, lakin uğurlu gələcəyin tək yolu deyil.

- Universitetə qəbul ola bilməyən gəncin qarşısında hansı imkanlar var?

-Gənc növbəti qəbul imtahanına yenidən hazırlaşa bilər. Eyni zamanda, xarici dil öyrənə, rəqəmsal bacarıqlarını inkişaf etdirə, peşə kurslarına qoşula, könüllülük fəaliyyətində iştirak edə, layihələrdə təcrübə qazana və əmək bazarı haqqında daha çox məlumat toplaya bilər. Peşə təhsili də nəzərdən keçirilə biləcək istiqamətlərdəndir. Bəzi gənclər üçün praktiki yönümlü təhsil onların maraq və bacarıqlarına daha uyğun ola bilər. Bəzən gənc növbəti il daha yaxşı nəticə əldə edir. Bəzən isə həmin müddətdə əvvəlki seçimindən fərqli sahəyə maraq göstərir. Hər iki halda qazanılan təcrübə sonrakı qərarlara təsir edə bilər. Gəncin “qəbul olmadım, deməli, heç nə edə bilmərəm” düşüncəsinə qapılmaması vacibdir. Qarşıda müxtəlif inkişaf yolları var.

- Bəs universitetə qəbul olan gənclərə nə tövsiyə edərdiniz?

-Qəbul olmaq məqsədin sonu deyil, yeni mərhələnin başlanğıcıdır. Tələbə universitet illərindən maksimum dərəcədə faydalanmalıdır. Dərslərə məsuliyyətli yanaşmaq, seçdiyi ixtisasın mahiyyətini və peşə perspektivlərini dərindən öyrənmək, mütaliə etmək, araşdırmaq, sual vermək və müzakirələrdə fəal iştirak etmək vacibdir. Lakin universitet həyatı yalnız auditoriya ilə məhdudlaşmır. Tələbələr elmi layihələrdə, seminar və konfranslarda, tələbə klublarında, könüllülük proqramlarında, təlimlərdə və beynəlxalq mübadilə imkanlarında iştirak etməklə həm nəzəri biliklərini praktik təcrübə ilə zənginləşdirə, həm də ünsiyyət və komanda işi bacarıqlarını inkişaf etdirə bilərlər. Müasir əmək bazarında yalnız diplom kifayət etmir. Xarici dil, rəqəmsal bacarıqlar, kommunikasiya, tənqidi və yaradıcı düşüncə, komanda ilə işləmək və problem həll etmək bacarıqları da böyük əhəmiyyət daşıyır. Buna görə universitet illəri tələbənin yalnız peşə bilikləri qazandığı deyil, həm də özünü tanıdığı, maraq və bacarıqlarını müəyyənləşdirdiyi, peşəkar əlaqələr qurduğu və gələcək fəaliyyətinə hazırlaşdığı mühüm inkişaf mərhələsidir.

- Sizcə, tələbələr ən çox hansı səhvi edirlər?

-Ən çox rast gəlinən səhvlərdən biri universitetə qəbul olmağı əsas məqsəd, universiteti bitirməyi isə avtomatik uğur kimi qəbul etməkdir. Ali təhsil diplomu əldə etmək böyük nailiyyətdir, lakin uğurlu peşəkar gələcək üçün bilik və bacarıqların davamlı inkişafı da vacibdir. Tələbənin universitet illərində nə öyrənməsi, hansı bacarıqları qazanması, layihələrdə iştirakı və real təcrübə toplaması gələcək peşəkar fəaliyyətinə ciddi təsir göstərir. Digər mühüm məsələ müqayisədir. Tələbə özünü qrup yoldaşı, məktəb yoldaşı və ya sosial mediada gördüyü başqa bir gənclə daim müqayisə etdikdə öz inkişafını obyektiv qiymətləndirmək çətinləşir. Hər kəsin inkişaf tempi fərqlidir. Ən sağlam müqayisə insanın özünün dünənki vəziyyəti ilə müqayisəsidir.

- Valideynlərə nə demək istərdiniz?

-Övladınızın qəbul olub-olmaması sizin valideyn kimi uğur və ya uğursuzluğunuz deyil. Eyni zamanda, övladınızın imtahan nəticəsi də onun şəxsiyyətinin göstəricisi deyil. Gəncin dəstəyə, dinlənilməyə və düzgün istiqamətə ehtiyacı var. Müqayisə və qınama əvəzinə dialoq qurmaq daha faydalıdır. Övladınızın gələcəyini yalnız imtahan nəticəsi ilə ölçməyin. Onun hansı bacarıqlara malik olduğunu, nəyə maraq göstərdiyini və hansı istiqamətdə inkişaf edə biləcəyini birlikdə araşdırın. Valideynin bir cümləsi gəncin özünəinamını sarsıda bilər, amma başqa bir cümləsi ona yenidən cəhd etmək gücü verə bilər.

- Sonda həm qəbul olan, həm də qəbul ola bilməyən bütün gənclərə nə arzulayardınız?

-Bütün gənclərə, ilk növbədə, öz yollarını tapmağı arzulayardım. Qəbul olanlara deyərdim: universitet illərini yalnız diplom almaq üçün yaşamayın. Öyrənin, araşdırın, sual verin, oxuyun, yeni insanlarla tanış olun, özünüzü sınayın və bacarıqlarınızı inkişaf etdirin. Qəbul ola bilməyənlərə isə deyərdim: nəticəni həyatınızın son nöqtəsi kimi deyil, növbəti qərarınız üçün başlanğıc nöqtəsi kimi qəbul edin.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 12:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri