Icma.az
close
up
RU
“Universitetlərimizin rəqəmsal transformasiya sahəsindəki süstlüyünə son qoyulmalıdır...” EKSPERT

“Universitetlərimizin rəqəmsal transformasiya sahəsindəki süstlüyünə son qoyulmalıdır...” EKSPERT

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali təhsilin rəqəmsal transformasiyası: strateji boşluq, təşkilati məsuliyyətsizlik və itirilən imkanlar

"Qlobal inkişafla müqayisədə universitetlərimiz ən azı 15 il geridədir.  Bu fərqi aydın görmək üçün beynəlxalq meyarlar əsasında milli audit aparılmalıdır..."

"Dünya universitetləri rəqəmsal ekosistem qurur, biz isə hələ də rəqəmsallaşmanın nə üçün lazım olduğunu müzakirə edirik..."

"Biz xaricdən tələbə cəlb etmək istəyiriksə, öz təhsil məhsullarımızı da beynəlxalq auditoriyaya təqdim etməyi bacarmalıyıq…"

"Rəqəmsal transformasiya kompüter almaq, internet şəbəkəsini genişləndirmək, elektron sənəd dövriyyəsi yaratmaq,  mühazirələri videoya çəkmək deyil..."

"Bu vəziyyət davam edərsə, Azərbaycan universitetləri yalnız texnoloji baxımdan deyil, elmi, pedaqoji, iqtisadi və beynəlxalq rəqabət baxımından da mövqelərini itirəcəklər..."

***     ***    ***    ***

Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Rəqəmsallaşma və universitetlərimizin süstlüyü...” başlıqlı növbəti elmi analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:

Azərbaycanda son illər rəqəmsal transformasiya haqqında çox danışılır. Müxtəlif konsepsiyalar hazırlanır, strategiyalar təqdim edilir, rəqəmsal iqtisadiyyatın, süni intellektin və innovasiyaların əhəmiyyəti tez-tez vurğulanır. Dövlət səviyyəsində rəqəmsallaşma strateji inkişafın mühüm istiqamətlərindən biri kimi qiymətləndirilir. Lakin bu prosesdə avanqard mövqedə  olmalı  ali təhsil sistemi, təəssüf ki, dinamiklik  nümayiş etdirmir. Rəqəmsal transformasiyanın əsas daşıyıcıları olmalı universitetlər özləri bu prosesdən xeyli  geri qalıblar.  Məmurların səriştəsizliyi  səbəbi ilə 25 il ərzində universitetlərimizdə distant təhsilə qoyulan  qadağalar (hansı ki, bu gün də qüvvədədir), universitetlərimizi faktiki olaraq qlobal ali təhsil  bazarından kənarda saxladı. Bu sahədəki ciddi geriliyi aradan qaldırmaq isə nazirlik və universitetlərimiz üçün çox çətin olacaqdır (hərçənd hələ də bu haqda düşünən yoxdur)... 

Bir  çox ali təhsil müəssisəsində rəqəmsallaşma pərakəndə texniki tədbirlərdən, ayrı-ayrı elektron xidmətlərdən və nümayiş xarakterli təşəbbüslərdən o yana keçmir. Bəzi universitetlərdə hətta müasir rəqəmsal təhsil platformalarının mövcudluğu belə, sual altındadır.  Bu mənzərəni sadəcə texnoloji geriliklə izah etmək olmaz. Problem daha dərindir. Söhbət ali təhsilin strateji idarə edilməməsindən, davamlı olaraq təşəbbüslərin dəstəklənməməsindən, maliyyə və insan resurslarının düzgün səfərbər olunmamasından, ən əsası isə Elm və Təhsil Nazirliyinin öz vəzifəsini   natamam  yerinə yetirməsindən gedir.

Azərbaycan universitetlərinin rəqəmsal transformasiyada geri qalması təsadüfi texnoloji problem deyil. Bu, uzun illər ərzində formalaşmış  səhv, məsuliyyətsiz  idarəetmə və inkişaf modelinin nəticəsidir.

1. Rəqəmsal transformasiya haqqında danışmaq asan, reallaşdırmaq  çətindir…

Son illərdə dövlət idarəçiliyində rəqəmsallaşmaya xüsusi diqqət ayrıldığı halda, ali təhsil sistemində bu istiqamətdə vahid və ardıcıl transformasiya modelinin formalaşdırılması aşağı  səviyyədədir.  

Azərbaycan universitetlərinin rəqəmsal transformasiya  üzrə milli strategiyası  varmı? 

Bu strategiyanın maliyyə təminatı, icra mexanizmləri,  səriştəli  icraçıları, məsul qurumları və nəticə indikatorları  necə hazırlanıbmı? 

Universitetlər hansı rəqəmsal yetkinlik səviyyəsinə çatmalıdırlar? Bu məqsədə nail olmaq üçün dövlət hansı resursları ayırır?

Bu suallara konkret və ölçülə bilən cavablar verilmədən rəqəmsal transformasiya haqqında səsləndirilən bəyanatlar real inkişaf proqramı ola bilməz.  Uzun illərin müşahidəsi göstərir ki, Elm və Təhsil Nazirliyi universitetlərin institusional inkişafını stimullaşdıran, onların texnoloji və akademik təşəbbüslərini sistemli şəkildə dəstəkləyən mexanizmlər formalaşdırmayıb.  Ayrı-ayrı universitetlərdə meydana çıxan  azsaylı təşəbbüslər isə diqqətdən kənarda qalıb. Universitetlərdən nəticə tələb olunur, lakin həmin nəticəni əldə etmək üçün ETN tərəfindın bu illər ərzində  zəruri dəstək olubmu? Bütün bu funksiyalar nazirliyin əsasnaməsində və “Təhsil qanunu”nda  öz  əksini tapıb, amma ETN buna əməl etməyib… 

Nazirliyin əsas funksiyası yalnız universitetlərə inzibati tapşırıqlar vermək və onların fəaliyyətinə nəzarət etmək deyil. Nazirlik inkişaf üçün zəruri  institusional və maliyyə şərtlərini yaratmalı, universitetlərarası əməkdaşlığı təşkil etməli, qabaqcıl təcrübələrin yayılmasını təmin etməli və nəticələrə görə hesabat verməlidir.  Əgər universitetlər rəqəmsal transformasiya üçün strategiya, maliyyə, texnologiya və mütəxəssis axtarışında təkbaşına qalırsa (bir çox universitetlər heç bunu da etmirlər), bu, artıq ayrı-ayrı rektorların problemi deyil. Bu, milli ali təhsil siyasətinin ciddi  problemidir…

2. Universitetlərimiz qlobal rəqəmsal inkişafdan xeyli  geridədir… 

Qlobal ali təhsil sistemi artıq yeni texnoloji mərhələyə keçib. Dünyanın aparıcı universitetləri rəqəmsal platformaları yalnız elektron mühazirə və sənəd dövriyyəsi üçün deyil, bütöv akademik ekosistemin idarə edilməsi üçün tətbiq edirlər. Onlayn və hibrid proqramlar, süni intellekt əsaslı fərdi təhsil, virtual laboratoriyalar, rəqəmsal elmi tədqiqat infrastrukturu, təhsil analitikası, mikrosertifikatlar, beynəlxalq rəqəmsal təhsil ixracı universitetlərin rəqabət strategiyasının tərkib hissəsinə çevrilib.  Bizdə isə bir sıra universitetlər hələ də rəqəmsallaşmanın ilkin mərhələsindədirlər. Bəzi hallarda LMS platformasının yaradılması və ya elektron kitabxananın  yaradılması  rəqəmsal transformasiya kimi təqdim edilir. Halbuki bunlar transformasiyanın yalnız texniki elementləridir.

Qlobal inkişafla müqayisədə universitetlərimiz ən azı 15 il geridədir.  Bu fərqi aydın görmək üçün beynəlxalq meyarlar əsasında milli audit aparılmalıdır. Lakin konkret rəqəmdən başqa,  sistemdəki strateji, texnoloji və pedaqoji boşluqların mövcudluğu  çox şey deyir.  Ən böyük təhlükə  isə zaman itkisidir. Dünya universitetləri süni intellektin tədrisə və tədqiqata inteqrasiyasının yeni modellərini sınaqdan keçirərkən, biz hələ də rəqəmsallaşmanın zəruriliyini izah etməklə məşğuluq, çox vaxt da bu  faydasız olur… 

Dünya universitetləri rəqəmsal ekosistem qurur, biz isə hələ də rəqəmsallaşmanın nə üçün lazım olduğunu müzakirə edirik. 

3. Əsas problem texnologiya çatışmazlığı deyil, idarəetmə fəlsəfəsinin köhnəlməsidir…

Rəqəmsal transformasiya kompüter almaq, internet şəbəkəsini genişləndirmək, elektron sənəd dövriyyəsi yaratmaq,  mühazirələri videoya çəkmək deyil. Bunlar texniki modernləşmənin elementləridir.  Əsl transformasiya universitetin fəaliyyət fəlsəfəsini dəyişir. Tədris prosesi fərdiləşir, idarəetmə məlumatlara əsaslanır, professor-müəllim heyətinin rolu yenilənir, tələbə yalnız bilik alan deyil, bilik yaradan iştirakçıya çevrilir. Universitetin elmi və təhsil məhsulları coğrafi sərhədləri aşaraq beynəlxalq bazara çıxır.  Belə dəyişikliklər köhnə inzibati idarəetmə məntiqi ilə həyata keçirilə bilməz.

Universitetlərə təşəbbüs göstərmək, yeni texnoloji həlləri sınaqdan keçirmək, beynəlxalq tərəfdaşlarla işləmək,  innovativ proqramlar yaratmaq üçün real akademik və maliyyə müstəqilliyi lazımdır.  Yeniliyin mərkəzləşdirilmiş inzibati qərardan asılı olduğu sistemlərdə innovasiya mühiti formalaşmır.  Qlobal innovaiya reytinqlərində geriliyimizin əsas səbəblərindən biri də budur.  Digər mühüm  səbəb isə:  “Təhsil olmasa, innovasiya olmaz” (E,Əmrullayev)  etirafında gizlənib… 

Elm və Təhsil Nazirliyinə sual vermək istəyirəm: 

-Universitetlərin inkişafına mane olan inzibati və normativ məhdudiyyətlərin aradan qaldırılması üçün hansı sistemli tədbirlər görülüb? 

-Universitetlərin təşəbbüslərini dəstəkləyən hansı maliyyə mexanizmləri yaradılıb? 

-Hansı maliyyə dəstəyi  verilib ( təəssüf ki, ETN dəstətək haqqında yox, TİF fondunun büdcəsini universitetlərin  hesabına artırmaq haqqında düşünür)?   

-Rəqəmsal transformasiya sahəsində hansı universitetlərə konkret texnoloji və metodik dəstək göstərilib? 

-Bu işlərin nəticələri barədə ictimaiyyətə hansı hesabatlar  təqdim edilib?..

Bu sualların cavabı ümumi bəyanatlarda deyil, sənədlərdə, büdcələrdə və ölçülə bilən nəticələrdə öz əksini tapmalıdır.

4. Nazirliyin səhvi: strategiya olmadan nəticə tələb etmək olmaz…

Dövlət universitetlərdən beynəlxalq rəqabət qabiliyyəti, elmi məhsuldarlıq, təhsil keyfiyyəti və xarici tələbələrin cəlb olunmasını tələb edir. Bu, tamamilə legitim tələbdir. Lakin həmin nəticələrin əldə olunması üçün sistemli inkişaf mühiti yaratmaq da dövlətin, xüsusilə sahəyə cavabdeh olan nazirliyin vəzifəsidir.

Elm və Təhsil Nazirliyinin rəqəmsal transformasiya sahəsində məsuliyyəti  5 istiqamətdə qiymətləndirilməlidir:

1. Strateji məsuliyyət: ali təhsilin rəqəmsal transformasiyası üzrə uzunmüddətli milli strategiyanın hazırlanması və icrası.

2. Maliyyə məsuliyyəti: universitetlərin rəqəmsal infrastrukturuna, insan kapitalına və innovativ təhsil məhsullarına məqsədli investisiyaların təşkili.

3. Metodik məsuliyyət: distant və hibrid təhsil, rəqəmsal pedaqogika və süni intellektdən istifadə üzrə standartların hazırlanması.

4. İnstitusional məsuliyyət: universitetlərin təşəbbüslərinə mane olan bürokratik baryerlərin aradan qaldırılması və onların inkişaf imkanlarının genişləndirilməsi.

5. Hesabatlılıq məsuliyyəti: ayrılmış vəsaitlərin, görülmüş işlərin və əldə edilmiş nəticələrin ictimaiyyətə açıqlanması.

Bu istiqamətlər üzrə konkret nəticələr yoxdursa, nazirliyin rəqəmsal transformasiya sahəsində fəaliyyətini uğurlu  deyil. Dövlət rəhbərliyi təhsili ölkənin bir nömrəli prioriteti elan edirsə, bu prioritet nazirliyin fəaliyyət proqramında, büdcə qərarlarında və universitetlərə münasibətində  görünməlidir. Əks halda siyasi prioritetlə inzibati praktika arasında ciddi ziddiyyət yaranır…

5. Rəqəmsal platforma qurmaq hələ universiteti rəqabətqabiliyyətli etmir

Bir məsələyə xüsusi diqqət yetirmək lazımdır: universitetdə LMS, elektron kitabxana və ya distant təhsil platformasının olması onun rəqəmsal transformasiyaya nail olması demək deyil.

Platforma yalnız texnoloji vasitədir. Əsas məsələ onun üzərində hansı təhsil məhsulunun yaradılması, necə tədris edilməsi, hansı bilik və bacarıqların formalaşdırılması və nəticələrin necə qiymətləndirilməsidir.  Məsələn, universitetdə yüzlərlə elektron mühazirənin olması keyfiyyətli onlayn təhsil demək deyil. Əgər tələbə ilə müəllim arasında interaktiv əlaqə, fərdiləşdirilmiş təlim, akademik dəstək, obyektiv qiymətləndirmə və öyrənmə nəticələrinin monitorinqi yoxdursa, belə platforma sadəcə elektron arxiv funksiyasını yerinə yetirir...

Rəqabət üstünlüyü isə texnologiyanın özündən deyil, onun yaratdığı real dəyərdən yaranır. Gələcəyin universiteti yalnız diplom verən müəssisə deyil. O, fasiləsiz öyrənmə, bilik istehsalı, elmi innovasiya, mikrosertifikatlar və beynəlxalq rəqəmsal təhsil ixracı mərkəzi olmalıdır.

Azərbaycan universitetlərinin qlobal təhsil bazarında iştirak edə bilməməsi təkcə texnoloji gerilik deyil, həm də itirilmiş iqtisadi imkan deməkdir. Biz xaricdən tələbə cəlb etmək istəyiriksə, öz təhsil məhsullarımızı da beynəlxalq auditoriyaya təqdim etməyi bacarmalıyıq…

6. 2027–2030-ci illər üçün daha bir strategiya yox, real transformasiya proqramı lazımdır…

Artıq növbəti konsepsiyanı hazırlamaq və onun təqdimatını keçirmək kifayət deyil. Azərbaycan universitetlərinin rəqəmsal transformasiyası konkret icra mexanizmlərinə, maliyyəyə və məsuliyyətə əsaslanmalıdır.

Bu məqsədlə aşağıdakı 5  qərarın qəbul edilməsini zəruri hesab edirəm:

1. 2027-ci ildə bütün universitetlərdə rəqəmsal yetkinlik auditi keçirilməlidir.

Audit müstəqil ekspertlər tərəfindən aparılmalı, universitetlərin rəqəmsal idarəetmə, infrastruktur, distant təhsil, insan kapitalı, süni intellekt və beynəlxalqlaşma imkanları qiymətləndirilməlidir. Nəticələr universitetlər üzrə açıq hesabat şəklində dərc edilməlidir.

2. 2027-2030-cu illər üçün maliyyə təminatlı milli rəqəmsal transformasiya proqramı qəbul edilməlidir.

Proqramda hər il üzrə maliyyə mənbələri, investisiya istiqamətləri, icraçılar, vaxt qrafiki və ölçülə bilən nəticələr göstərilməlidir. Maliyyə təminatı olmayan strategiya yenə kağız üzərində qalacaq.

3. Distant və hibrid təhsil üzrə milli keyfiyyət standartları hazırlanmalıdır.

Bu standartlar yalnız texniki platformalara deyil, kurs dizaynına, müəllim hazırlığına, tələbə dəstəyinə, qiymətləndirməyə, akademik dürüstlüyə və öyrənmə nəticələrinə dair tələbləri müəyyən etməlidir.

4. Hər universitetdə rektorun birbaşa məsuliyyəti ilə rəqəmsal transformasiya komandası yaradılmalıdır.

Bu komanda yalnız İT mütəxəssislərindən ibarət olmamalıdır. Buraya tədris, elm, pedaqogika, maliyyə, idarəetmə və kibertəhlükəsizlik üzrə mütəxəssislər cəlb edilməlidir.

5. Universitetlərin rəqəmsal inkişafı üzrə illik ictimai hesabat sistemi tətbiq edilməlidir.

Hər bir universitet ayrılmış vəsaitləri, yaradılmış rəqəmsal kursları, distant proqramları, müəllimlərin hazırlıq səviyyəsini, tələbə nailiyyətlərini və beynəlxalq rəqəmsal fəaliyyət nəticələrini açıqlamalıdır.

Bu 5  qərarın icrası rəqəmsal transformasiyanı ayrı-ayrı universitet rəhbərlərinin şəxsi təşəbbüsündən çıxarıb milli inkişaf proqramına çevirə bilər.

7. ETN-ə  xatırlatma: hesabatın və icra məsuliyyətinin artıq vaxtıdır…

Son 25 ilin nəticələrini qiymətləndirərkən Elm və Təhsil Nazirliyinin ali təhsil sistemində rəqəmsal transformasiya üzrə hansı konsepsiyaları hazırladığını, hansı strategiyaları həyata keçirdiyini, hansı uğurlu institusional modelləri yaratdığını və universitetlərin inkişafına hansı ölçülə bilən töhfəni verdiyini soruşmağın vaxtıdır.  Bu suallara ümumi hesabatlarla deyil, konkret sənədlər və nəticələrlə cavab verilməlidir.

Nazirliyin indiki idarəetmə üslubu  ali təhsilin qarşısında duran yeni texnoloji çağırışların miqyasına uyğun deyil. Bu sahədə peşəkar idarəetmə, strateji planlaşdırma, rəqəmsal pedaqogika və beynəlxalq təcrübəni dərindən bilən mütəxəssislərin qərarvermədə iştirakı genişləndirilməlidir.   Elm və Təhsil Nazirliyi həqiqətən universitetlərin rəqəmsal transformasiyasını prioritet hesab edirsə, bu istiqamətdə əməkdaşlığa hazırdırsa, milli mənafe naminə, bu məsələdə ictimai əsaslarla ekspert-konsaltinq dəstəyi göstərməyə hazıram.  Bu əməkdaşlığın məqsədi hər hansı qurumun fəaliyyətini formal şəkildə tərifləmək və ya kiçiltmək deyil. Məqsəd mövcud vəziyyəti obyektiv qiymətləndirmək, real strategiya hazırlamaq, icra mexanizmləri qurmaq və nəticələrə nail olmaqdır. Bunun üçün isə tənqidə açıq olmaq, peşəkar ekspertizaya hörmət etmək və islahatlara siyasi-inzibati iradə göstərmək lazımdır.

Qəflət yuxusundan oyanmaq vaxtıdır!..

20 il əvvəl neft kapitalını insan kapitalına çevirmək ölkəmizin strateji məqsədlərindən biri elan edilib.  Lakin insan kapitalının əsas istehsalçılarından biri olan universitetlər rəqəmsal transformasiyadan  kənarda qalırsa, bu məqsədə necə nail olacağıq?..

Dünyada ali təhsil yeni texnoloji arxitekturaya keçir. Süni intellekt tədrisin, elmi tədqiqatların və universitet idarəçiliyinin məzmununu dəyişir. Beynəlxalq təhsil bazarı rəqəmsallaşır. Universitetlər artıq yalnız yerli tələbələr uğrunda deyil, qlobal bilik və təhsil bazarında mövqe uğrunda mübarizə aparırlar.  Biz isə hələ də universitetlərin inkişafı üçün minimum  strateji və təşkilati şəraiti yaratmaqda ləngiyirik.  Bu vəziyyət davam edərsə, Azərbaycan universitetləri yalnız texnoloji baxımdan deyil, elmi, pedaqoji, iqtisadi və beynəlxalq rəqabət baxımından da mövqelərini itirəcəklər...

Bilməliyik ki,  rəqəmsal transformasiya kompüter almaq, platforma qurmaq və hesabat hazırlamaq deyil, bu, universitetin düşüncə tərzini, idarəetməni, tədrisi, elmi fəaliyyəti və beynəlxalq mövqeyini dəyişməkdir...

Elm və Təhsil Nazirliyi bu dəyişikliklərə rəhbərlik etməli olduğu halda, prosesləri sanki kənardan müşahidə edir.  ETN transformasiya proseslərinin  ləngiməsinə görə məsuliyyətdən kənarda qala bilməz. Universitet rəhbərləri də yalnız mövcud vəziyyəti qorumaqla kifayətlənməməli, real dəyişikliklərə başlamalıdırlar.  Əks halda, 25 il ərzində neft kapitalını insan kapitalına çevirmək məqsədinə nail olmaqda çətinlik çəkən idarəetmə modeli, süni intellekt və rəqəmsal transformasiya dövründə də eyni səhvləri təkrarlayacaq...

Rəqəmsal transformasiyanın vaxtı sabah deyil, bu gündür. İslahatı gecikdirmək isə sadəcə vaxt itirmək deyil, gələcəyin rəqabət imkanlarını itirməkdir.  Universitetlərimizin rəqəmsal transformasiya sahəsindəki  süstlüyünə son qoyulmalıdır.  Çünki  nə dünya, nə də  rəqabət bizi  gözləmir...

(Davamı var)

Müəllif: 

Dosent İlham Əhmədov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://moderator.az
archiveBu xəbər 03 Noyabr 2026 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see682

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see530

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see476

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see349

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see331

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see282

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see268

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see259

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see250

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see225

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see224

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see223

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see222

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see210

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see210

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see204

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see189

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see181

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see181

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri