Icma.az
close
up
RU
Ürəklərdə bəslənirsən...

Ürəklərdə bəslənirsən...

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

...Onun haqqında bir dəfə sovet dövründə respublika mətbuatına yazı hazırlamışdım. Lakin həmin məqaləni Bakıdan gələn jurnalist qız öz imzası ilə vermişdi. Yazını sovet dövrünün tələblərinə uyğun hazırladığımdan ürəyimcə alınmamışdı. Bu səbəbdən də məqaləmin altında başqasının imzasını görəndə o qədər də narahat olmadım. Əsas bu idi ki, yazı dərc olunmuşdu...

Vəsilə Usubovanı redaksiyamıza qədəm qoyduğu gündən tanıyırdım. O vaxtdan bütün keşməkeşli ömrünün şahidi olmuşdum. Özünəməxsus yaradıcılıq tərzi, bənzərsiz xarakteri, uğursuz taleyi ilə heç kəslə müqayisə edilməyəcək bir jurnalist idi.

Sabirabad rayonunda çıxan “Muğan” (indiki “Muğanın səsi”) qəzetində ədəbi işçi kimi işə başladığım 1976-cı ilin isti yay günlərinin birində redaksiyamıza təyinatla bir jurnalist qız gəldi. Sanki kollektivimizə xəfif bir meh əsdi, ab-havası dəyişdi... Özü ilə aramıza incəlik, təravət gətirdi... Analıq məzuniyyətinə çıxmış məktublar şöbəsi müdirinin yerinə işə götürüldü. Yadımdadır, ilk dəfə redaksiyaya daxil olan məktublardan yarım səhifə material hazırlamışdı. Oxuyan kimi hiss edirdin ki, bunlar fərqli, özünəməxsus tərzi olan bir qələm sahibinin əlindən çıxıb. Qəzetimizin səhifələrinə təzə imza, təzə nəfəs gəlmişdi...

Həmin günlər kollektivimizə ağır itki üz verdi, məzuniyyətdə olan redaktor müavini Ərəstun Əliyev vəfat etdi. O müavin ki, Vəsilə hələ tələbə ikən qəzetə təcrübə keçməyə gələndə onun ilk qələm məhsulunu qiymətləndirərək demişdi: “Bu qız güclü jurnalist olacaq”. Yeri gəlmişkən deyim ki, Vəsilə Usubova “Muğan” qəzeti redaksiyasında 16 il işlədi.

O, görkəmi, duruşu ilə də Sabirabadda sensasiya yaratmışdı. Oğlanlar ona vurulur, qadınlar, qızlar qibtə edirdilər. Özü isə çox şeyə biganə idi. Bütün fikrini-zikrini yazı-pozuya vermişdi. Özünü tez tanıtdı. Oxucular etiraf edirdilər ki, “Muğan” qəzetini əlimizə alan kimi Vəsilənin adını axtarırıq...

Onu əhatə edən mühitdəki nöqsanları görür, etiraz səsini ucaldırdı. Təbii ki, bu, ona asan başa gəlmirdi. Çətinliklər həmişə yol yoldaşı idi. Fikir despotları addımbaşı ona əngəl olurdular. O isə həqiqəti deməkdən çəkinmir, düşündüklərini, gördüklərini yazmağı bacarırdı. Yazılarında mətləbləri o dövrün tələblərinə uyğun olaraq sətiraltı ifadələrlə verirdi...

...Bir otaqda otururduq. Çoxlarına laqeyd, soyuqqanlı görünsə də, təpədən dırnağadək həyat eşqi ilə dolu bir qız idi. Bir də görürdüm, başını stolun üstünə qoyub ağlayır. Bilirdim ki, Bakının, tələbə dostlarının xiffətini eləyir. Bu halı tez də keçib gedirdi. Yenə də danışıb-gülür, ordan-burdan söhbət edirdi...

Onunla rayonun tarlalarını, zəmilərini, fermalarını çox gəzmişik. Hər addımbaşı jurnalist ləyaqətinin, qadınlıq məlahətinin, əsl-nəcabətliyinin şahidi olmuşam. Sağ ayağını maşının pilləkəninə qoyub dizinin üstündə bloknota qeydlər edən şalvarlı, xurmayı saçlı jurnalist qız... Vəsilə mənim yaddaşıma elə beləcə də həkk olunub. O, anadan xanım-xatın doğulmuşdu və bütün ömrü boyu hər addımbaşı bunu sübut etdi.

Bir məsələni xüsusi qeyd etmək istəyirəm. İndi qız-gəlinlərimizin çoxunun şalvar geyinməsi adi hal alıb. Ancaq o vaxtlar, həm də rayon yerində şalvar geyinmək hər qızın hünəri deyildi. Saxta qeyrət sahibləri hərəkətə gəlmişdilər. Heç kəs onu inadından döndərə bilmədi. O zaman hətta rayon Partiya Komitəsinin birinci katibi də işə qarışdı. Faydası olmadı... Ümumiyyətlə, heç bir rəhbər onu öz “idarəetmə maşını”nın “vintciyi” edə bilmədi.

Arabir hekayələr yazırdı. “Utancaq” hekayəsini qəzetdə dərc etdirmişdi. Sonralar nədənsə bədii yazılarını üzə çıxarmadı...

O, gözəl övlad, qayğıkeş bacıydı. Bizdə işləməyə başlayanda atasını işdən çıxarmışdılar. Ortancıl qardaşı maşın qəzasına düşdüyünə görə dustaq idi. Qalanları tələbə, əsgər, məktəbli idilər. Qardaşının dustaq olmasını addımbaşı Vəsiləyə əngəl edirdilər. Bunu bəhanə edərək onu partiya sıralarına qəbul olunmağa qoymadılar. Hiss olunurdu ki, maddi cəhətdən çətinlik çəkirlər. Ancaq heç kəs onun heç bir zaman tamahkarlıq etdiyini, kiməsə əyildiyini görmədi. Onu döndərmək, onu satın almaq mümkün deyildi. Bu sizə asan gəlməsin. Yaxşı geyinmək, bər-bəzək qız-gəlinlərin ən zəif yeridi. Əslində Vəsilənin belə şeylərə ehtiyacı yox idi. Yaradan heç nəyini ondan əsirgəməmişdi...

7 il kənd təsərrüfatı şöbəsinin müdiri işlədi. Sonra məsul katib oldu. Stavropol diyarı İpatovo rayonu əməkçilərinin təşəbbüsünə qoşulan sabirabadlıların iş-gücünü işıqlandırmaq məqsədilə qəzetimiz həftədə 5 dəfə çıxırdı. Bunun nə qədər çətin iş olduğunu yalnız rayon qəzetində işləyənlər bilir. Qəzet materiallarının 70-80 faizi kənd təsərrüfatından olurdu. Bunların da yarıdan çoxunu Vəsilə hazırlayırdı...

Xalqımızın düçar olduğu Qarabağ bəlası onun da yuxularını ərşə çəkmişdi. Bir-birinin ardınca vətəndaş qeyrətinə bələnmiş yazılar yazırdı. 20 Yanvar hadisələri haqqında ilk yazını da qəzetimizdə o yazıb. Sabirabadlı ilk şəhid, ilk Milli Qəhrəman haqqında məqalələr hazırlayıb. Qarabağ döyüşlərində şəhid olmuş iyirmidən artıq sabirabadlı gəncin ömür yoluna qələmi ilə işıq salıb. O, soyuqqanlı yaza bilmirdi. Oxucu hər sətirdə vətəndaş mövqeyini, jurnalist etirazını, qəzəb və nifrətini görürdü. Bu sətirlərin arxasında Vəsilə sanki saçlarını yolur, torpağının, millətinin igid oğullarına gah ağı deyir, gah da həzin-həzin layla çalırdı... İlk vaxtlar Qarabağ hadisələrindən yazan jurnalistlərə də pis baxır, onları da ekstremistlərin, vandalistlərin siyahısına salırdılar. Onu belə şeylər narahat eləmirdi...

...Vəsilə yazırdı. İdarədəki otağında, birotaqlı mənzilinin küncündə, mətbəxində. Bəzən dizinin üstündə, bəzən də sinəsi üstə uzanıb yazırdı. Mənzil almaq istəyənlərə, ev təmir etdirmək, su, işıq çəkdirmək arzusunda olanlara, haqqı tapdalananlara kömək edirdi. Hamını dinləyir, risklə müdafiə edir, can yandırırdı. Özü, öz ailəsi yaddan çıxmışdı...

Tək idi, köməksiz idi. Otağındakı şkafda həmişə adyal saxlayırdı. İşi çox olanda, növbətçi qalanda stulları yan-yana düzüb uşaqlarını bunun üstündə yatızdırır, adyalla örtürdü...

İki uşağı, bir bacısı ilə təkotaqlı, şəraitsiz mənzildə yaşayırdı. Onu, ailəsini tanıyanlar, yazılarını oxuyanlar yaşadığı mənzili görəndə təəccüblənirdilər. Təkcə özü ruhdan düşmürdü. Özünə baxan qadın idi. Həmişə şux, ətirli, təmiz geyimdə olurdu. “Məsələ harada yaşamaqdan asılı deyil, necə yaşamaqdan asılıdır, mənim evim gözəlliklər məskənidir”, -deyirdi.

Bir müddət rayon qəzetindən ayrılmışdım. Mərkəzi qəzetdə bölgə müxbiri işləyirdim. Geri qayıdanda Vəsiləni görmədim. İşdən çıxmışdı. Mənimçün redaksiya suyu sovulmuş dəyirmana dönmüşdü. Hər addımda onun yeri görünürdü. Onu rayon İcra Hakimiyyətində işə götürmüşdülər.

...1998-ci ilin isti yay günlərində hamımızı donduran müdhiş hadisə baş verdi. Həmin qaynar avqust günlərində göydən od ələnəndə Vəsilənin başına qar yağırdı. Gözünün ilk ovu, 4 yaşından atasız böyütdüyü oğlu 18 yaşına 2 gün qalmış faciəli şəkildə dünyasını dəyişdi. Rayonda iki oğlanın biriydi, bəlkə də birincisiydi İlham. Antik heykəllərə, əfsanəvi Herkulesə bənzəyirdi... Ömrünün ən ağır günündə də Vəsilə öz xanımlığı ilə hamını heyran qoydu...

Bir dəfə İlhamdan söz düşəndə mənə demişdi:

- O, mənim hər şeyimdi. Evimin yeganə kişisi, gözümün işığı, dizimin taqətiydi. Bütün arzularım onunla bağlıydı. Özündən çox o, mənə bənzəyirdi. Romantik, macərapərəst idi. Nağılları çox sevirdi. Uşaqlığında anam bildiyi bütün nağılları ona danışıb qurtarmışdı. Xalaları çarəsizlikdən özlərindən nağıl düzəldib ona danışırdılar. Bir dəfə də nağıl istəyəndə dedim ki, mən sənə uzun bir nağıl danışacağam. Öz həyatımı ona danışmağa hazırlaşırdım. Arzulayırdım ki, onu özümə dost böyüdüm. Heç kimə - atama, qardaşlarıma, ərimə deyə bilmədiklərim dərdlərimi ona deyim. Fələk bu arzumu da ürəyimdə qoydu. Bəndələrin haqsızlığı, qədirbilməzliyi məni qırmırdı, əksinə, bir az da qürurlu edirdi. Amma Tanrının əməyimi zaya verməsi əl-ayağımı yerdən üzdü. Ananın gözü baxa-baxa balanın can verməsi... Dünyaya gələndə ilk çığırtısını eşitdiyin məxluqun son nəfəsini, ürəyinin son döyüntüsünü görmək... Dünyanın bütün işıqları söndü o gün. Hər şeyin rəngi soldu, dadı qaçdı. O sağ olanda nağıl kimi şirin bir ömür yaşayırdım. Həyatın qayğı və ehtiyaclarına belə zövq mənbəyi kimi yanaşırdım. Onun bir cüt corabını yumaq mənimçün bəxtəvərlik idi. İlham getdi, bütün şirin nağılların yerini acı həqiqətlər tutdu... İndi mən ona bir nağıl borcluyam. Bu nağıl Özüm və Oğlum haqqındadı...

Həmin gün heç zaman stuldan belə ağır qalxmamışdım. Ürəyimdə heç belə ağrı aparmamışdım. Bir dəfə Vəsilənin özünə demişəm bu sözləri. Demişəm ki, mən qadın tayfasına çox hörmət bəsləyən adamam. Səni isə heç kəslə müqayisə etmərəm. O gün yolboyu heç kəslə müqayisə etmədiyim xanımın gilələrində yaş qaynayan gözləri, titrəyən səsi gözlərimdən getmirdi. İstedadlı jurnalist, çoxlarından daha artıq səadətə layiq olub ona qovuşmayan həsrətli qadın. Sinəsi dağlı ana... Fikirləşirdim ki, Allahım, bu zərif məxluqun ömrü üçün bu qədər acılar həddindən artıq deyilmi? Və... Görəsən, Vəsilə bütün bunlara necə dözür?..

Son dəfə onunla küçədə rastlaşdım. Sınıxmışdı. Taqəti yox idi. Ağrıyırdı. Özünü çox narahat hiss edirdi. Səsi də bir qədər tutulmuşdu. Amansız xəstəlik onu qəflətən yaxalamışdı. Deyirdi ki, boğazımdan su belə keçmir. Ona məsləhət gördüm ki, özünü həkimə göstərsin.

...Nə biləydim ki, bu Vəsilə ilə son görüşümmüş. Sonra Bakıya özünü həkimə göstərməyə getdi. Bir müddət orada bacısıgildə qaldı. Kollektivimiz tez-tez onunla telefon əlaqəsi saxlayırdı. Hiss edirdik ki, telefonla danışanda belə əziyyət çəkir. Sonradan bizə dedilər ki, onu doğma kəndlərinə aparıblar. Redaksiyamızın kollektivi ona dəyməyə hazırlaşırdı ki, qəfil ölüm xəbərini eşitdik. 2015-ci il aprelin 23-də haqq dünyasına qovuşdu.

Vəsilə Usubova 1951-ci ildə Sabirabad rayonunun Kolanı kəndində (indi həmin kənd Hacıqabulun ərazisinə daxildir) anadan olmuşdu. O, kəndin ilk qadın jurnalisti idi.

Vəsilə yazıb-yaratmaqdan doymurdu. Müxtəlif qəzet və jurnallarda tez-tez maraqlı publisistik yazıları dərc olunurdu. “Ədalət” qəzeti ilə daha sıx əməkdaşlıq edirdi. Qəzetin köşə yazarı idi. Beynəlxalq dərgilərdə də onun yazıları çap edilir, oxucu rəğbəti qazanır, mükafatlara layiq görülürdü. Vəsilə eyni zamanda xarici dillərdən bədii tərcümələr etmişdi. Çox istəyirdi ki, kitablarını nəşr etdirsin və redaktoru da mən olum.

...Sözsüz ki, bir yazıda onun haqqında geniş danışmaq mümkün deyil. Həm də onun həyat və yaradıcılığı haqqında qəzet və jurnallarda, xarici ölkə mətbuatında dəfələrlə müxtəlif yazılarla çıxış etmişəm.

Yüksək mədəniyyətə malik olan, gözəl keyfiyyətləri ilə seçilən, insani ürəklərdə yaşayan peşəkar jurnalist, yazıçı-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vəsilə xanım bizlərə əlvida dedi. Neçə-neçə arzusunu, istəyini özü ilə apardı. İnsanların Vəsilə xanıma olan hörmət və ehtiramını onun dəfnində bir daha hiss etdik. Dəfnə gələnlərin ucu-bucağı görünmürdü. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov başda olmaqla aparatın məsul işçiləri, redaksiyamızın kollektivi, icra nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə rəhbərləri, kənd sakinləri dəfndə iştirak edirdilər.

Vəsilə Usubova cismən aramızda olmasa da, bir təskinliyimiz var: Ondan qalan və heç zaman unudulmayacaq xoş xatirələr... Allah rəhmət eləsin, qəbri nurla dolsun!

Elçin NƏSİB

“Muğanın səsi” qəzetinin baş redaktoru

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://525.az
archiveBu xəbər 15 İyul 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp 17 Patriotun Ukraynaya çatdırıldığını açıqladı

14 İyul 2025 22:13see142

Zaporojye AES də atəş səsləri: MAQATE dən HƏYƏCAN SİQNALI KONKRET

13 İyul 2025 23:32see125

Bu gün 40 dərəcə isti olacaq PROQNOZ

14 İyul 2025 07:30see125

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see123

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see122

Kiyevdə polkovniki güllələyən azərbaycanlılar öldürülüblər FOTO/VİDEO

14 İyul 2025 12:56see116

Ağstafa: “Suverenlik yolunun başlanğıcı”

14 İyul 2025 18:51see116

Dolların bahalaşması manata necə təsir edəcək? AÇIQLAMA

14 İyul 2025 18:51see114

Sirli cənnət in sakinləri qədim qayalarda yaşayır, şabalıd unundan çörək hazırlayırlar

14 İyul 2025 06:32see114

İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucaldığı gündür

14 İyul 2025 09:45see114

Avropa İttifaqı Rusiyaya qarşı 18 ci sanksiya paketini bu gün razılaşdıra bilər

14 İyul 2025 04:07see114

“Milan” Modriçi açıqladı

14 İyul 2025 23:01see113

Rusiya təbliğatının qəhrəmanı rusların onu döyməsindən şikayətlənib...

14 İyul 2025 21:39see113

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

15 İyul 2025 00:50see113

Üçqat çempiondan Tur de Frans ın təşkilatçılarına etiraz

15 İyul 2025 00:59see113

Merilinin pasport fotosu bu qiymətə satıldı Fotolar

15 İyul 2025 00:27see112

Rutte iyulun 14 15 də ABŞ da Tramp və digər rəsmilərlə görüşəcək

13 İyul 2025 23:41see112

Attestasiyadan keçməyən musiqi müəllimləri üçün xüsusi müsabiqə təşkil ediləcək

14 İyul 2025 14:10see112

Yannik Sinner Alkarası məğlub edərək ilk dəfə Uimbldon çempionu olub

13 İyul 2025 23:11see110

Mərkəzi Asiya Avrasiyanın əsas regionuna çevrilir

15 İyul 2025 20:21see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri