Icma.az
close
up
RU
Ürəyin hər döyüntüsü həyatın bizə bəxş etdiyi ən qiymətli səs

Ürəyin hər döyüntüsü həyatın bizə bəxş etdiyi ən qiymətli səs

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

29 sentyabr - Ümumdünya Ürək Günüdür

Həyatın tələsik addımları arasında bəzən özümüzə belə qulaq asmağa vaxt tapmırıq. Günlər bir-birini əvəz edir, qayğılar, məsuliyyətlər, sevinc və kədər insan ömrünün yoluna səpələnir. Səhər açılır, biz həyata başlayırıq, axşam düşür, yorğun halda günün sonunda dayanırıq. Biz yoruluruq, ürək isə yorulmur. O, yuxuda da, oyaqda da, sevincdə də, kədərdə də öz səssiz missiyasını davam etdirir. Hər döyüntüsü həyatımızın bir anını yaşadır, hər ritmi bizə verilmiş zamanın qiymətini xatırladır. Lakin insan çox vaxt sinəsindəki bu səssiz möcüzənin fərqinə yalnız onun ritmi pozulanda varır. 

Bəlkə də elə buna görə ürəyin qədrini onu itirmək təhlükəsi ilə üz-üzə qalanda deyil, hər gün bilməliyik. 29 sentyabr – Ümumdünya Ürək Günü də insanlara məhz bu həqiqəti xatırladır: ürək sağlamlığına qayğı həyatın özünə qayğıdır.

Ümumdünya Ürək Gününün yaranması ötən əsrin sonlarına təsadüf edir. Ümumdünya Ürək Federasiyasının məlumatına görə, ideya Federasiyanın 1997–1999-cu illərdə prezidenti olmuş məşhur kardioloq professor Antoni Bayés de Luna tərəfindən irəli sürülüb. 1998-ci ilin sonlarında Federasiyanın üzvləri və tərəfdaşları ilə aparılan məsləhətləşmələrdən sonra hər il sentyabrın son bazar gününün Ümumdünya Ürək Günü kimi qeyd olunması razılaşdırılıb. İlk rəsmi Ümumdünya Ürək Günü isə 24 sentyabr 2000-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilib. İlk kampaniyanın əsas şüarı “Let it Beat” – “Qoy döyünsün” olub və fiziki aktivliyin ürək sağlamlığındakı əhəmiyyətinə diqqət çəkilib.

İlk Ümumdünya Ürək Günü 2000-ci ildə Barselonada keçirilib. Həmin vaxt tədbirlər Ürəyin sağlamlığı üçün fiziki aktivliyin əhəmiyyətini təbliğ edən qlobal kampaniyanın başlanğıcını qoyub. 2011-ci ildən etibarən isə Ümumdünya Ürək Günü hər il sabit olaraq sentyabrın 29-da qeyd edilir.

Bu günün təsis edilməsində əsas məqsəd ürək-damar xəstəlikləri barədə ictimai məlumatlılığı artırmaq, insanların risk faktorlarını tanımasına və xəstəliklərin qarşısının alınması üçün vaxtında tədbir görməsinə nail olmaqdır. Ümumdünya Ürək Federasiyası ürək-damar xəstəliklərinin qarşısının alınmasında sağlam həyat tərzinin, erkən aşkarlanmanın və risk faktorlarının nəzarətdə saxlanmasının mühüm rolunu vurğulayır.

Ürək-damar xəstəliklərinin əsas risk faktorları arasında yüksək arterial təzyiq, yüksək xolesterin, şəkərli diabet, tütün istifadəsi, fiziki hərəkətsizlik, qeyri-sağlam qidalanma və artıq çəki xüsusi yer tutur. Ümumdünya Səhiyyə Təşkilatı da ürək sağlamlığının qorunması üçün fiziki aktivliyin artırılmasını, tütün istifadəsindən uzaq durmağı və sağlam qidalanmanı mühüm profilaktik tədbirlər sırasında göstərir.

Ürəyin sağlamlığına münasibət ilk növbədə gündəlik vərdişlərdən başlayır. Süfrədə duzun və doymuş yağların miqdarını azaltmaq, tərəvəz və meyvələrə üstünlük vermək, müntəzəm hərəkət etmək, siqaretdən uzaq durmaq, arterial təzyiqi, qan şəkərini və xolesterini nəzarətdə saxlamaq ürək-damar xəstəliklərinin riskini azaltmağa kömək edir.

Bu baxımdan həkimlərin məsləhətləri də insanın öz sağlamlığına münasibətinin gündəlik həyat tərzinə çevrilməsinin vacibliyini ön plana çıxarır. Ürəyi qorumağın yolu yalnız xəstəlik yarandıqdan sonra həkimə müraciət etməkdən deyil, xəstəliklərin qarşısını almaqdan keçir. Bunun üçün insan öz çəkisinə, qidalanmasına, fiziki aktivliyinə, arterial təzyiqinə və digər risk göstəricilərinə diqqət etməlidir. Hər hansı narahatedici əlamət yarandıqda isə müayinəni təxirə salmamaq vacibdir.

Ürək xəstəliklərinin təhlükəsi ondadır ki, bəzi hallarda problem uzun müddət ciddi əlamətlər yaratmadan inkişaf edə bilər. Məhz buna görə profilaktik müayinələr xüsusi əhəmiyyət daşıyır. 

Ümumdünya Ürək Federasiyasının 2026-cı il kampaniyasında da ürək xəstəliklərinin bəzən hiss olunmadan inkişaf edə bilməsinə diqqət çəkilir və insanlara “bir döyüntünü belə qaçırmamaq” çağırışı edilir.

Ürək bizdən böyük fədakarlıq istəmir. O, sadəcə sağlamlığımıza laqeyd qalmamağımızı istəyir. Bir az daha çox hərəkət, bir az daha düzgün qidalanma, zərərli vərdişlərdən uzaq olmaq, mütəmadi müayinə və ən başlıcası, bədənimizin verdiyi siqnalları vaxtında eşitmək...

29 sentyabrın mənası da elə bundadır. O, insana həyatın ən qiymətli sərvətinin -  sağlamlığın qədrini xatırladan gündür. Çünki ürəyin hər döyüntüsü bizə yaşamaq, sevmək, ailəmizlə birlikdə olmaq, arzularımızın arxasınca getmək üçün verilmiş yeni bir fürsətdir.

Qoy ürəklər sağlam döyünsün, həyatın səsi heç vaxt susmasın. Çünki insanın ürəyini qoruması əslində öz həyatını qorumasıdır.

Nurəngiz Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Sentyabr 2026 10:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see348

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see340

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see255

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see252

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see243

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see234

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see234

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see226

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see225

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see223

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see220

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see212

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see208

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see193

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see192

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see189

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see186

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see182

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri