Icma.az
close
up
RU
Uyğur Xaqanlığı

Uyğur Xaqanlığı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Birinci yazı

Ensiklopedist alim, həkim, böyük dövlət xadimi Rəşid əd-Dinin (1247-1318) yazdığına görə, əfsanəvi Oğuz xan kömək etmək üçün ona qoşulan tayfaya “uyğur” adını verib ki, bu da “dəstəkçi”, “yardımçı” mənasına gəlir.

Böyük alim, Türk dünyasının ilk ensiklopedik lüğəti “Divani lüğət-it-türk” əsərinin müəllifi Mahmud Kaşğarinin fikrincə isə “uyğur” adı Makedoniyalı İsgəndərin dövrünə təsadüf edir. Anadolu türkcəsində bu söz “birləşdirən” mənasındadır.

744-cü ildən 1209-cu ilədək tarixdə üç uyğur dövləti olub: Uyğur Xaqanlığı, Qansu (Kançou) Uyğur Dövləti və Karahoca (Koço) Uyğur Dövləti. Daha sonralar, 1865-ci ildə və ötən əsrdə – 1932 və 1944-cü illərdə də Uyğur dövlətləri yaranıb. Bu haqda yazının sonunda.

Uyğur Xaqanlığı – Uyğur-Orxan Xaqanlığı (Doqquz Oğuz dövləti) da adlanır, 744–842-ci illərdə fəaliyyət göstərib, paytaxtı Orxon çayı sahilindəki Ordubalıq şəhəri olub. Monqolustan, Uzaq Şərq, Cənubi Sibir və Şimali Çin torpaqları Xaqanlığın ərazisi idi. Dili qədim türk dili, dini tanrıçılıq, manilik olub.

Şərqi Göytürk Xaqanlığı dağıldıqdan sonra onun yerini Uyğur Xaqanlığı tutub. Göytürk Xaqanlığının süqut etdiyi ilk illərdə uyğurlar Doqquz Oğuz boylarını öz tərəflərinə çəkərək Tula çayı sahilində kiçik bir bəylik qurmağa nail olurlar. Uyğur bəyliyi Çin tərəfindən tanınır. Uyğurlar bununla kifayətlənmir və Altay dağlarını keçərək Qərbi Göytürk Xaqanlığının qolu olan On Oxlar ərazisinə sahib olurlar. Öz ərazilərini get-gedə genişləndirən Uyğur Xaqanlığının ərazisi 800-cü ildə 3.100.000 km² olub. Uyğur Xaqanlığının tarixində Moyon Çur xaqan, Alp Külüg Bögü xaqan və Tun Bağa Tarkan kimi öz işini yüksək səviyyədə bilən məşhur hökmdarlar olub. Uyğur Xaqanlığında əhali dəmirçilik, zərgərlik, toxuculuq, xalçaçılıq, həmçinin əkinçilik və maldarlıqla məşğul olublar. Böyük İpək yolu Uyğur Xaqanlığının ərazisindən keçdiyi üçün qonşu ölkələrlə də ticarət güclü inkişaf edib.

Uyğur Xaqanlığının qurucusu Qutluq Bilgə Gül xaqan olub. O, 744-747-ci illərdə hökmdarlıq edib, Qutluq Boyla titulu ilə taxta çıxıb. Qutluq Bilgə Gül xaqan atası Huşunun ölümündən sonra uyğur qəbilələrinə rəhbərlik edib. Doqquz Oğuz qəbilələrinin başçısı olan Qutluq Bilgə Gül xaqanın dövründə Basmıllar, Uyğurlar və Qarluqlar arasında müharibələr olub. 747-ci ildə Qutluq Bilgə xaqan vəfat edib.

Mayon Çur xaqan Qutluq Bilgə Gül xaqanın oğludur. Uyğur Xaqanlığının II xaqanı, tam adı: Ay Tenqridə Qut Bolmuş İl Etmiş Bilgə xaqan 747-ci ildən 759-cu ilədək hakimiyyətdə olub. Qutluq Bilgə xaqanın böyük oğlu Tay Bilgə Tutuq atası tərəfindən vəliəhd təyin edilsə də, 747-ci ildə Qutluq Bilgə xaqanın ikinci oğlu Mayon Çur qardaşını öldürüb taxta çıxır.

Çur xaqan xaqanlıqdakı türk boylarını ələ alıb və hakimiyyəti gücləndirib. Ölkənin cənubundakı Beşbalıq, Kuça və Qaraşar kimi taxılla zəngin ticarət şəhərlərini də ələ keçirə bilib.

756-cı ildə Çin imperatoru hakimiyyətdən uzaqlaşdırılır və o, uyğurlardan kömək istəyir. Çur xaqan böyük qüvvə ilə köməyə gedir, Çinin paytaxtını ələ keçirir, imperatorun hakimiyyətini bərpa edir. Bundan sonra Çinlə əlaqələr güclənir, hətta, Çur xaqan Çin imperatorunun qızı ilə evlənir. Mükafat kimi imperator uyğurlara 20 min top ipək verir. Qısa fasilədən sonra uyğurlarla çinlilər arasında münasibətlər yenidən pisləşir, 757-ci ildə tərəflər arasında baş vermiş döyüşlərdə çinlilər ağır itki verərək yenidən uyğurlardan asılılığı qəbul etmək məcburiyyətində qalırlar.

Çur xaqanın iki oğlu olub, böyük oğlu Ulu Bilgə yabqu atası tərəfindən 758-ci ildə edam etdirilib. Çur xaqan 759-cu ildə Ordubalıqda vəfat edib. İkinci oğlu isə İdigən Bögü xaqan olub.

İdigən uyğurların III xaqanı olub. Atası Mayon Çur xaqanın ölümündən sonra taxta çıxıb və 759-cu ildən 780-ci ilədək hakimiyyətdə olub. Taxta çıxarkən Tarxan Bögü xaqan, sonra isə Alp Külük Bögü xaqan adını götürüb. Tam adı isə Tenqridə Qut Bolmuş İl Tutmuş Alp Külüg Bilgə xaqan olub.

Bu dövrdə Çində vətəndaş müharibəsinə hazırlıq gedirdi və İdigən xaqan 762 – 765-ci illərdə Çində imperatora üsyanı yatırmağa kömək edir, sonra isə Daninq şahzadəsi, əslən uyğur olan Puqu Xuanyenin qızı Quantsin ilə ailə qurur.

763-cü ildə İgidən xaqan Tanrıçılıq dinindən imtina edib Maniliyi qəbul edir.

780-ci ildə Tun Bağa Tarxan adlı bir uyğur sərkərdə İdigən xaqanı öldürür və özünü xaqan elan edir. Uyğur Xaqanlığının tarixində Moyon Çur xaqan, Alp Külüg Bögü xaqan və Tun Bağa Tarkan kimi öz işini yüksək səviyyədə bilən, tanınmış hökmdarlar olublar.

Tun Bağa Tarxan uyğurların IV xaqanı olub. 780-ci ildən 789-cu ilədək hakimiyyətdə olub. Taxta çıxdıqdan sonra Çin hakimiyyətini qəbul edib. Hakimiyyəti dövründə Çinin bütün ticarət əlaqələrinə uyğurlar nəzarət ediblər. Tanrıçılıq dinini qaytarıb, uyğur əsilzadələrini öldürmək yolunu tutub. Bir müddət sonra xaqan Manilik dinini qəbul edib, bu din isə sülh şəraitində yaşamağı, heç bir dövlətlə müharibə etməməyi təbliğ edib. Maniliyin qəbul edilməsi uyğurların döyüş ruhunu aşağı saldığından çoxları tərəfindən qəbul olunmayıb.

Xaqan imperatorun qızı Yünan (uyğurca titulu-Qutluq Bilgə Konçuy) ilə evlənib. 789-cu ildə ölümündən sonra yerinə oğlu Tolosu keçib.

Tolosu uyğurların V xaqanı olub, Ay Tenqridə Bolmuş Külüg Bilgə xaqan titulu götürüb, 789 – 790-cı illərdə hakimiyyətdə olub, Onun hakimiyyəti illərində Çindən asılılıq daha da artıb. Tolosu xaqan bir il hakimiyyətdə olub, həyat yoldaşı onu zəhərləyib, Ordubalıqda dəfn edilib.

Tolosu xaqanın yerinə oğlu Aço keçib.

Aço uyğurların VI xaqanı kimi, 790-795-ci illərdə taxtda oturub, İmperatorun qızı Ninq ilə evli olub. Beş il hakimiyyətdə olduğu müddətdə tibetlilərlə vuruşub və onları məğlub edib. Açonun övladı olmadığı üçün Kuey adında bir çinlini oğulluğa götürüb.

795-ci ildə Aço öldükdən sonra sülalədən heç kim olmadığı üçün seçki keçirilir və II Qutluq xaqan hökmdar seçilir.

II Qutluq uyğurların VII xaqanı olub və özünə Ay Tenqridə Uluğ Bolmuş Alp Qutluğ Uluğ Bilgə xaqan titulunu götürüb. Seçki ilə taxta çıxan ilk hökmdar kimi 795-805-ci illərdə hakimiyyətdə olub. Qutluq xaqan Tun Bağa Tarxanın ordusunda general kimi xidmət edib. Qutluq xaqanın dövründə Manilik dövlətin rəsmi dini olub.

805-ci ildə Ordubalıqda vəfat edib.

Külüg Bilgə uyğurların VIII xaqanı olub. II Qutluq xaqanın oğlu, atasından sonra hakimiyyətə gəlib və 3 il taxtda oturub. 806-cı ildə Çindəki Mani məbədi onun təşəbbüsü ilə yenidən açılıb. Külüg Bilgə xaqan 808-ci ildə vəfat edib. Övladı olmayıb, növbəti xaqan seçki ilə seçilib.

Boyxan uyğurların IX xaqanı olub. Külüg Bilgə xaqan vəfat etdikdən sonra hakimiyyətə xaqanlığın baş naziri Boyxan keçib. 808 – 821-ci illərdə xaqan olub. Hakimiyyətdə olduğu ilk üç ili Çinin vassalı kimi fəaliyyət göstərib, sonra tam müstəqil dövlət olmaq istəsə də Çin imperatoru buna razı olmayıb. Boyxan xaqan müstəqillik arzusu ilə Çinə dəfələrlə yürüşlər etsə də 821-ci ildə Çinlə sülh imzalamadan vəfat edib. Ordubalıqda dəfn edilib. Çindexan və Çjaolixan adlı övladları olub.

Çindexan uyğurların X xaqanı olub. Hakimiyyətə atasından sonra keçib. Çindexan xaqanın dövründə Çinlə sülh sazişi imzalanıb. İmperatorun qızı Taihe xatun ilə evlənib, Külüg bəy adlı oğlu olub. 824-cü ildə xaqan vəfat edib, yerinə qardaşı Çjaolixan keçib.

Çjaolixan Hesa Teley uyğurların XI xaqanı, Boyxan xaqanın oğlu, 824 – 833-cü illərdə hakimiyyətdə olub. 833-cü ildə əyanları tərəfindən öldürülüb, hakimiyyətə qardaşı Çindexanın oğlu Külüg bəy keçib.

Külüg bəy xan uyğurların XII xaqanı kimi, 833 – 839-cü illərdə hakimiyyətdə olub, əmisi Çjaolixan Hesa Teleyin ölümündən sonra hakimiyyətə keçib. Xaqanın hakimiyyətdə olduğu dövrdə Yuelouv adlı sərkərdə dövlətə qarşı üsyana başlayır və Şato türklərini köməyə çağırır. Şato türkləri Ordubalıq şəhərini mühasirəyə alırlar. Onlarla bacara bilməyən Külüg bəy xan 839-cu ildə intihar edib, Ordubalıq şəhərində dəfn olunub.

Uge xan XIII xaqan kimi, 840 – 846-cı illərdə hakimiyyətdə olub. 839-cu ildə xaqanlığın 13 sərkərdəsi tərəfindən xan seçilib. 839-cu ildə 100 minlik Yenisey qırğızı Are xanın başçılığı ilə Ordubalıq şəhərini tutub və yandırıb. Uyğurlar Uge xanın başçılığı ilə cənuba köç etməyə məcbur olublar. 841-ci ildə uyğur ordusunun sərkərdəsi Külüg bəyin qardaşı Umus Çin tərəfə keçib və Li Sişonq adını alıb. Umusun Çin tərəfinə keçməsini görən digər sərkərdələr Aliçji, Sivuçjo, Ulosi də Çin tərəfinə keçiblər. Xaqanlığın tərkibindəki qəbilə və tayfalar – Ir qəbiləsi, Yağlakar sülaləsi, Tele qəbilələri – Buqu, Hun, Bayirku, Tonqra, Sige, Kibir və Qarluq qəbilələri – Bulaq, Çigil, Taşğıl hakimiyyətə tabe olmaqdan imtina ediblər. Beləliklə, Uyğur Xaqanlığının zəifləmə prosesi başlayıb. Digər tərəfdən də qırğızlar uyğurlara qarşı üsyan başladıb və 842-ci ildə onları məğlub ediblər.

Tarixçilər xaqanlığın süqutunu 842-ci ilə aid edirlər. Bununla belə 846-cı ildə Monqolustana çəkilən Uge xan yerli qəbilələr tərəfindən öldürülüb. Uyğur Xaqanlığına sadiq qalanlar isə Enyan xanı faktiki süqut edən xaqanlığın hökmdarı seçiblər.

Enyan xan Xaqanlığın XIV sonuncu xaqanı, 846-848-ci illərdə hakimiyyətdə olub. Enyan xan 5000 uyğur, tatar, şiveylər və tatablarla müttəfiq olaraq iki il Çinə qarşı mübarizə aparsa da məğlub olub. Gecə ikən 9 ən yaxın adamı (onların içində həyat yoldaşı Gelu və oğlu Dusi də olub) ilə qərbə qaçıb. Onların sonrakı taleyi haqqında məlumat yoxdur. Bununla da dünyaya meydan oxuyan Uyğur Xaqanlığı tam süqut edib.

***

Əsrlər sonra, 1865-ci ildə uyğurlar Yaqub xanın başçılığı ilə yaşadıqları ərazilərdə Kaşğarlı dövləti yaradırlar. Cəmi 13 il yaşayan Kaşğarlı dövləti Çinin və Rusiyanın təsiri ilə 1878-ci ildə süqut edir.

XX əsrdə – 1932-ci il noyabr ayının 12-də uyğurların Doğu Türküstan İslam Cümhuriyyəti dövlətinin yaradıldığı elan olunur. Cəmi 1 il 3 aydan sonra 1934-cü il fevralın 6-da keçmiş SSRİ ordusu tərəfindən süqut edir.

1944-cü ildə uyğurlar Doğu Türküstan Cümhuriyyəti adlı dövlətin qurulduğunu elan edirlər. Bu dövlət öz müstəqilliyini 5 il qoruya bilib. 1949-cu ildə yenə də SSRİ ordusu tərəfindən Doğu Türküstan Cümhuriyyətinin müstəqilliyinə son qoyulur.

Hazırda uyğurlar Çin Xalq Respublikasının (ÇXR) tərkibində olan Doğu (şərqi) Türküstan Muxtar Rayonunda (DTMR) və Qansu əyalətində yaşayırlar. DTMR rəsmi olaraq Sincan (Sintszyan) Muxtar Rayonu adlanır. Mərkəzi Urumçi şəhəridir. Doğu Türküstanda uyğurlardan başqa qazaxlar, qırğızlar, salarlar, sarı uyğurlar və tatarlar da məskunlaşıblar. Qansu əyalətində isə salar türklərinə və tibetlilərə məxsus 3 muxtar qəza, qazaxların yaşadığı muxtar vilayət, qırğızlara məxsus muxtar qəza da var. Çində türk xalqları digər bölgələrdə də yaşayırlar.

Sincan (Sintszyan) Muxtar Rayonu inzibati ərazi vahidi kimi 1955-ci il oktyabrın 1-də yaradılıb. Ərazisi 1,66 milyon km²-dən artıqdır. Bu, Çində ən böyük inzibati-ərazi vahididir. ÇXR-nın Konstitusiyasında da yazılıb ki, dövlət 52 əsas etnosdan təşkil olunub.

Ümumdünya Uyğur Konqresinin (ÜUK) məlumatlarına əsasən, 2010-cu ildə dünyada yaşayan uyğurların ümumi sayı 30 milyon nəfər olub. Onun 20 milyondan çoxu Çində, 200 mini Pakistanda, 100 mini Hindistanda, təxminən 300 mini Qazaxıstanda. 50 mini Özbəkistanda, bir o qədər də Türkiyədə yaşayır. Uyğurların 1 milyonu isə əsasən Qırğızıstan, Tacikistan, Əfqanıstan, Səudiyyə Ərəbistanı, Rusiya, Türkmənistan, Misir və Monqolustanda yaşayır. Uyğurlar həmçinin Avstraliya, Yaponiya, Kanada, ABŞ, Albaniya, Almaniya, Norveç, İsveç, Niderland, Belçika, Danimarka, Finlandiya, Böyük Britaniya, Fransa və İsveçrədə də məskunlaşıblar. ÜUK-nin yaydığı məlumatda qeyd olunur ki, 2012-ci ilin məlumatına görə dünya ölkələrində azı 11 milyon uyğur yaşayır ki, onların da, təxminən, 93 faizi Çin vətəndaşıdır.

Sonda onu da deyək ki, uyğur dili Azərbaycan dilinə çox yaxındır, Azərbaycan və uyğur türkcəsində bir neçə sözün səslənməsinə diqqət edək:

Balıq-belik, at-at, daş-taş, baba-dada, min-minq, odun-otun, qanad-kanat, dalğa-dolkun, kim-kim, il-yil, ürək-yürek, iyirmi-yigirme, yalan-yalqan...

Qulu KƏNGƏRLİ,
XQ-nin Türküstan müxbiri
Daşkənd

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 30 Noyabr 2024 09:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see293

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see269

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see199

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see196

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see182

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see150

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see142

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see141

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see140

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see138

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see135

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri