Icma.az
close
up
RU
“Uzun müddət tapdanmış əllərimə qələm götürməyə utandım...”

“Uzun müddət tapdanmış əllərimə qələm götürməyə utandım...”

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs saytımıza “Ərzi-əsri-hal-namə”dən sətirlər təqdim edib.

“Qafqazinfo” tanınmış şairin təqdim etdiyi bədii mətni oxucularla bölüşür:

Mədəniyyət sözünün də bir mənası “şəhər salmaq”dı. İnsan məskənlərinə nəzər yetirək: mağaraları uşaq bağçasına, kəndləri orta məktəbə oxşatsaq, onda şəhərlərin bir adı var – institut. Doğrudan da, mədəniyyət – ali məktəb və ali mətləbdi...

***

Dünya evinin son mərtəbəsi Həqiqətdir; addım-addım çıxırsan ora. Əgər çıxa bilsən...

Dünya evinin damı isə Sevgidir; ora birinci mərtəbədən qalxmırlar, göydən enirlər. O hündürlükdən aşağılar görünmür. Ona görə sevənlərin gözləri ayaqlarının altını görmür...

***

Mən bir azad adamın xoşbəxt olduğunu görmədim... Xoşbəxtlik kölələrin nemətidir! Ya azad bədbəxt, ya da kölə xoşbəxt olmalısan; bu qədər qəddar seçim...

***

İnsan bəzən öz tərcümeyi-halından da yorulur.  Nə qədər məlum yerdə, bəlli ildə doğulmaq olar?! Bəzən soruşanlara təvəllüdümü səhv deyirəm, hərdən də yerimi, yurdumu. Ayrı ad söylədiyim də olub. Eyniyyət, təkrarçılıq bu qədər bezdirir məni. Elə  bunu ikinci dəfə yazdığıma görə... pozuram!

***

Əvvəl bu dünyanı xəlq edib Tanrı, sonra Adəmi, ardınca da Həvvanı... Yəni bu dünya dediyin, cəmi, iki nəfər üçün nəzərdə tutulub smetada. 8 milyard (!) əhali üçün deyil!

İnanmırsınızsa, Adəmlə Həvvanın ilk lətifəsinə baxın: “Üçüncü artıqdır...” bulanmasın...

***

Adamlar xaraktercə iki növdür-introvert və ekstravert. Sadə dillə desək:

a) “özüylə əlləşənlər”;

b) “ortada yeyib, qıraqda gəzənlər”;

Mən onları antenaya bənzədirəm. Birinci qrup “domaşnı”, ikinci qrup “krosnu”.

Ədəbiyyat və jurnalistika da belədir! Baxırsan, ikisi də “antenadır”, amma biri “evi” tutur, o biri “çölü”.

***

Namus və Əxlaq haqda...

Namusu başı üstündə saxlamayan, heç olmasa, ürəyində kirələməyənlər onu orta(lıq)da axtaracaqlar...

Əxlaqa gəlincə isə, əxlaq zəhmətdir, peşənə can yandırmaqdır! Başqasının yerini tutmamaqdır! Faydalı iş əmsalıdır!  Aldığın maaşı haqq etməkdir! Heç kəsdən heç nə ummamaq və gileylənməməkdir!

P.S. Oxuduğunuz qeydlərimin 30 yaşı var.  Qarabağ azad oldu, qaldı bu arzularımın çin çıxmağı...

...Həə, əzizlərim, uşağın asfalta düşən çörəyi öpüb gözü üstünə qoymağına nağıllardakı kimi 3 gün-3 gecə kövrələndən sonra üz tutdum  psixoloqa. Xanımın tıxacdan verdiyi suallara könülsüz “hə-hı” elədim. Psixoloq bu dəfə kimyəvi biliyimi yoxlayıb, ardınca bir şeir deməyimi xahiş elədi.

İstədim, “Uşaq və buz”u deyəm, fikirləşdim, qadın seansı uzadar. Keçdim öz yaradıcılığıma:

-Görsən, üşüyürsən, yandır özünü!

Gözucu baxdım ki, psixoloq ağlayır. Qəfil ayağa durub:

-Yandıracağam bir gün!-dedi.

Xanımı güc-bəla sakitləşdirib çıxdım... Küçədə yerə düşən çörəyi öpüb gözü üstə qoyan uşağı axtarıram. Onu öpüb gözüm üstə qoyacağam...

***

Dünən dünyada iki şair vardı: biri şeiri yazan, o biri şeiri oxuyan...

Bu gün dünyada bir şair var: şeiri yazan...

Sabah dünyada yalnız şeir olacaq!

***

Ötən əsrin əvvəli

A.P.Çexovun “İmtahan” hekayəsində ata oğuldan soruşur:

– Niyə dənizin suyu şordur?

Oğul cavabında:

– Çünki dənizdə hərdən məzhəkəçilər üzür...

Bizim əsrin əvvəli

Oğul atadan soruşur:

– Niyə heç nəyin duzu yoxdur?

Ata:

– Çünki dünyanı məzhəkəçilər basıb...

***

2 əsrin müqayisəli təhlili:

XX əsr-adamın hay-hayı gedib, vay-vayı qalırdı...

XXI əsr-adamın hay-hayı gedib, vay-fayı qalır...

***

Hərdən dünyanın üzündən öpmək istəyirəm. Görürəm, basırıqdır-dünyanın üzünə tüpürürlər. Mənsə, növbəyə girmək istəmirəm.

Hərdən də dünyanın üzünə tüpürmək istəyirəm. Görürəm, qırğındır-dünyanın üzündən öpürlər. Dedim axı növbədən zəhləm gedir.

Gərək, dünyanın üzündən öpməyi də, üzünə tüpürməyi də bacarasan!

***

“1 faiz istedad+99 faiz zəhmət=uğur!”

Bu da nəticəsi: səsi olmayanlar xalq artistidir, sözü olmayanların şeirləri dillər əzbəridir, rəngi olmayanların sərgiləri dünyanı dolaşır, topallar ölkə, pəltəklər “şən və hazırcavablar” yığmasında oynayır... Çünki zəhmət çəkirlər. Gecə-gündüz çalışırlar. Qan-tər tökürlər. Bu qədər zəhmət istedad yaradıbmı nəticədə? Xeyr! Zəhmət, uzaqbaşı, insanı meymuna çevirər! Amma zay səsi Rəşidə, zəif şeiri Füzuliyə, ağ-qara rəngi Səttara, Hondurası Braziliya millisinə... çevirə bilməz!

Zəhmət deyilən ucuz QHT kimi bir zaddır: çatana diplom paylayır. İstedaddansa, arayış da almaq olmur. Qısası-kəsəsi: “1 faiz istedad” düsturu səhvdir. 1 faiz bankda olur. Yəni banka 100 manat qoyanda, ilə 1 manat faiz götürə bilərsən... Uğurun formulu dəyişməli: istedad zəhmət çəkib önə çıxmalıdır. Görək zəhmətin geri durmağa istedadı çatacaqmı?

***

O, bir zamanlar iki adamı boynunun dalından da tanıyırdı:

1) sevən adamı;

2) pulsuz adamı;

Səbəb? Çünki ömür boyu sevmişdi  və heç vaxt da pulu olmamışdı...

***

Səhrada xidmət vaxtlarımıydı, lənətə gəlmiş Rusiya qışının sazağı (aramsız qar, boran, temperatur isə mənfi 25-dən də aşağı...) əllərimi elə dondurdu ki, onları itirəcəyimdən üşəndim. Şaxtadan ovcumu nəfəsimlə də qızdırmaq olmurdu. Naəlac qalıb əllərimi ayaqlarımın altına qoydum: isindilər!

Amma bundan sonra uzun müddət tapdanmış əllərimə (o vaxt hər ikisiylə yaza bilirdim) qələm götürməyə utandım...

***

Bəşər övladı dünyaya göz açanda ağlayır. Bu “qızıl qayda”nı Adəmdən bu günəcən bircə  nəfər pozub. Deyilənə görə, Zərdüşt peyğəmbər doğulanda gülübmüş. Yenə deyilənə görə, o, əslən azərbaycanlıdır. Qayda pozmaq o vaxtdan canımızdadır.

***

Yay tətilini Skandinaviya meşələrində  marallarla keçir, qış tətilini Cənubi Amerika karnavallarında ceyranlarla, sonra çıx TV-yə, de ki: “Azərbaycanın yayına da qurban olum, qışına da!” Tamaşaçılar da vətənpərvərliyinə baxıb kövrəlsinlər...

***

Aylar da bir ailədir. Fevral ailənin ikinci övladı olsa da, evin sonbeşiyidir. Məncə, onun yeri dekabrla səhv düşüb.

Fevralın bir suyu da qələm əhlinə çəkib. Necə ki, şairlər stulda oturanda ayağı yerə çatmayan uşaqlara bənzəyirlər, 28 günü olan fevral da “31”lərin yanında o gündədir...

***

...soruşur ki:

– Niyə bu adamlar bu qədər xoşbəxtdirlər?

– Çiyinlərə çıxardıqları elə bilirlər, altdakıları miniblər, ona görə xoşbəxtdirlər...

– Bəs altdakılar?

– Altdakılara da, elə gəlir, çiyinlərindəkilər cənazədir, sevinirlər ki, ölən üstdəkilərdir...                                                          

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 May 2026 07:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri