Icma.az
close
up
RU
Vaqif Səmədoğlunun həyat yoldaşı: “Mən istəmədim övladımız olsun“ MÜSAHİBƏ

Vaqif Səmədoğlunun həyat yoldaşı: “Mən istəmədim övladımız olsun“ MÜSAHİBƏ

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Mərhum Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Moderator.az həmin müsahibəni təqdim edir.

- Nüşabə xanım, Vaqif Səmədoğlu ilə ilk tanışlığınız necə oldu? Onu həmin dövrdə şair kimi tanıyırdınızmı, yoxsa bu tanışlıq sonradan yaradıcılığına marağınızı artırdı?

- Vaqif Səmədoğlunun əmisi oğlu ilə Şərqşünaslıq İnstitutunda birlikdə çalışırdıq. Mən həmin vaxt Əfqanıstanda tərcüməçi işləyirdim.

Aramızda çox yaxşı münasibət var idi. Allah ona qəni-qəni rəhmət eləsin. Bir gün dedi, səni əmim oğlu ilə tanış etmək istəyirəm. Açığı, kiminsə məni kiminləsə tanış etməsi xarakterimə yaddı, düşünürəm ki, insanlar özləri biri-biriylə tanış olmalıdırlar. Buna baxmayaraq, demək olar ki, hər gün mənə zəng edirdi, Vaqifə də zəng edib eyni sözləri deyirmiş. Qeyd edim ki, Vaqif mənim qardaşım, bəstəkar Mobil Babayevi tanıyırdı. Bacım isə "Dan Ulduzu" ansamblında skripka ifaçısı idi. Təəssüf ki, hər ikisini 2023-cü ildə itirdim...

- Vaqif müəllim sizdən xeyli böyük idi. Aranızdakı yaş fərqini açıqlamaq istərdinizmi?

- Aramızda kifayət qədər yaş fərqi vardı. Ancaq bu barədə danışmaq istəmirəm. Axı, hər şey nisbidir.

- Vaqif müəllimlə tanış olduqdan təxminən beş il sonra yollarınızı ayırmısınız, bir müddət ayrı qalmısınız, daha sonra yenidən birləşərək ailə qurmusunuz. Sizi yenidən bir araya gətirən nə oldu?

- Onda mən öz azadlığımı itirməkdən qorxdum və ayrılmaq qərarı verdim. Bilməzdim ki, ayrılıq mənə bu qədər təsir edəcək. Hər bir münasibətdə elə bir məqam yaranır, insan anlayır ki, ya bu münasibət inkişaf edəcək, ya da bir nöqtədə dayanacaq. Hər münasibətdə inkişaf olmalıdır, əks halda o münasibət bitir. Ayrı olduğumuz müddətdə də telefonla danışırdıq, zəngləşmələr olurdu. Nə gizlədim, mən də zəng edib "adboy" verirdim.

1994-cü ilin dekabr ayı idi. Bir gün bacım mənə zəng etdi və dedi ki, müğənni Xədicə Abbasova Türkiyədən ona zəng edib. Deyib ki, ötən gün yazıçı Anar Rzayev, Vaqif Səmədoğlu və başqa yazıçılar onların evində qonaq olublar. Söhbət əsnasında Vaqifdən soruşublar ki, niyə evlənmirsən? O da cavab verib ki, sevgilim məndən ayrılıb, danışmırıq. Xədicə soruşub ki, kimdir o? Cavab verib ki, sən onun özünü də, bacı-qardaşını da tanıyırsan. Adımın Nüşabə olduğunu deyib.

Xədicə deyir ki, sanki sənin obrazın gözümün qabağında durdu. Bu məsələdən bir müddət sonra, Yeni il axşamı idi, səhərə yaxın təxminən saat 4-5 olardı, Vaqif mənə zəng etdi, bayramımı təbrik etdi. Bir müddət keçmiş isə zəng edib, görüşməyi təklif etdi. Mən həmin vaxt artıq Türkiyəyə getməyə hazırlaşırdım, sənədlərim də hazır idi. Vaqiflə görüşəndə elə hiss etdim ki, sanki bir il yarım ayrılıq olmayıb. O doğmalıq hissi yenidən qayıtdı. Söz arasında dedim ki, yəqin bu yaxınlarda ölkədən gedəcəyəm. Beş illik münasibətdən sonra ayrılıq mənim qərarımla olmuşdu.

Bir gün mənə dedi ki, "ömür boyu elə bir insan axtarırdım ki, ona tam güvənə bilim, yükümü daşıya bilsin, hara getməyimdən asılı olmayaraq məni gözləsin". Onun sözləri mənə çox təsir etdi. Cavabımda bildirdim ki, mən yükdaşıyan deyiləm. Elə həmin an gördüm ki, onun səsi batdı. Başa düşdüm ki, Vaqif müəllimin qəlbinə dəymişəm. Mənə dedi ki, "sənlə mən iki ayrı çayıq və bu çaylar heç vaxt birləşə bilməz. Sağ ol". Dərhal anladım ki, onun xətrinə dəymişəm və könlünü almağa çalışdım. Nədənsə çoxları məndə bu gücü, qüvvəni görür. Amma nəticədə Vaqifin arzuladığı kimi də oldu (gülür).

- Vaiqf Səmədoğlu ilə ailə qurmazdan öncə siz də evli olmusunuz. Ayrılmağınızın səbəbi nə olmuşdu?

- Bəli, bu haqda danışmaq istəmirəm.

- İlk nikahınızdan bir qızınız var. Vaqif Səmədoğlu ilə nikahınızdan isə övladınız yoxdur...

- O, mənim qızımı həqiqətən də bir övlad kimi çox sevirdi. Bu, münasibətləri qarşılıqlı idi. Mən istəmədim ki, övladımız olsun. Hər ikimizin övladları vardı və bu, mənim şəxsi fikrimdir. Düşünürəm ki, uşaqlar həmişə ailəni birləşdirmir, əksinə, bəzi məqamlarda, xüsusilə yaradıcı insanlarda, vəziyyəti çətinləşdirə bilir. Vaqifin kitablarını mən hazırlayırdım, amma ana olsaydım, həmin işləri görə bilməyəcəkdim. Mənim bir xasiyyətim var - bir tərəfə getməliyəm, iki istiqamətə bölünə bilmirəm.

- Vaqif müəllim sizə neçə şeir həsr edib?

- Çoxdu. Evlənəndən sonra mənə şeirlər yazanda qısqanclıqlarla da qarşılaşırdı. Vaqif Səmədoğlunun kitabı yeni nəşr edilmişdi, 1996-cı il idi. Bir gün mənə dedi ki, Yazıçılar Birliyinə gedə bilmirəm, hamı üstümə düşür ki, bu nədir, həyat yoldaşına şeir yazırsan? Bizimki də deyəcək ki, neçə ildi ailəliyik, amma bircə şeir də görməmişəm.

Vaqif deyir cavab verdim ki, gedin, siz də yazın... Sizə bir xatirəni bölüşüm, Xalq şairi Ramiz Rövşən Vaqifin kitabını vərəqlədikcə deyir ki, mən bu kitabı evimə necə aparım?! Vaqif cavabında bildirir ki, sən də yaz!

- Ailə həyatınızda daha çox qısqanc tərəf kim idi?

- Təbii ki, yeni evlənəndə qısqanclıq olurdu, amma inam artdıqca bu hiss yavaş-yavaş bitdi. Mən qısqanc insanla yaşaya bilməzdim, mənə inam olmalı idi. Əlbəttə, o mərhələni keçəndən sonra da zaman lazım oldu.

Biz yenidən bir araya gələndən sonra Vaqif mənə etiraf etdi ki, şəklimi həmişə özüylə gəzdirirmiş və əlini ürəyinin üstünə qoydu. Və deyirdi ki, sənin ucbatından boş yerə 5 il vaxt itirdik. Amma bəlkə də itirmədik. Bəlkə də bilməli idim ki, bu insan mənim üçün nə qədər əzizdir. Vaqif şair idi, təbii ki, kimlərinsə xoşuna gələ bilərdi, onun da kimsə xoşuna gələ bilərdi.

Bir xatirə danışım, təzə evlənmişdik, Vaqif məni xalası oğlu, Abdulla Şaiqin oğlu Kamal Talıbzadə ilə tanış edəndə o dedi ki, “nə qəşəng xanımdı, amma sən şair adamsan, bu o demək deyil ki, gözün başqalarını görməməlidir”. Çox hirsləndim. Dedim, Vaqif, bu nə sözdür? Dedi, fikir vermə...

Amma dərindən düşünəndə, istər yazıçı olsun, istər şair, hamımız insanıq. Kimsə xoşuna gələ bilər. Bunu heç kim qabaqcadan bilmir. Mən bircə onu bilirəm ki, o həmişə deyirdi, “mən səni niyə bu qədər çox sevirəm?” Mən də zarafatla cavab verirdim ki, “niyə də sevməyəsən?..” Əsas məsələ ailədə etibar qazanmaqdır.

Elə ailələr var, insanlar illərlə bir yerdə yaşayır, sevgi keçsə də nəyinsə xətrinə davam edirlər. Mən şükür edirəm ki, o sevgi bizim ailədə sona qədər oldu. Düzü, Vaqiflə ailə quranda onu şair kimi tanımırdım. Yəqin məhz bu xüsusiyyətim onu cəlb etmişdi. İlk dəfə telefonla danışmışdıq. Həmin vaxt ona dedim ki, sizi tanımıram. Cavab verdi ki, bu, lap gözəl, bu, lap yaxşı.

Yaş artdıqca xəstəliklər başladı. Əvvəlcə gözü ilə bağlı problem yarandı, 2006-cı il idi. Daha sonra ürəyi ilə bağlı çətinliklər yaşadı. O, mənim qayğıkeşliyimi çətin vəziyyətlərdən çıxmaq bacardığımı görürdü. Və inamı, etibarı artırdı.

Vaqif çox alicənab insan idi. Xəstə olanda belə dəfələrlə üzr istəyir və deyirdi, “bağışla sənə əziyyət verirəm”. Onun bu sözləri mənə çox pis təsir edirdi.

Sonuncu dəfə səhhəti çox ağırlaşmışdı, Tel-Əvivdə idik. Oradakı həkimlər mənə deyirdilər ki, artıq özünüzü düşünün. Bu sözlər mənə çox ağır gəlirdi. Bir dəfə məndən soruşdular, “neçə ildir bir yerdəsiniz?” Cavab verdim ki, 25 il. Təəccüblə dedilər ki, bu qədər illər keçsə də, necə də gözəl ürəyi var və alicənab bir insandır.

Vaqif dünyadan çox tez getdi. Ümumiyyətlə, insan hansı yaşda dünyadan köçürsə köçsün, hər şey yarımçıq qalır. Həqiqətən də dünya bizim gördüyümüz dünya deyil. Vaqif müəllimin belə bir sözü var idi, “çox yaşadıqca bir şeyi anladım, suallarım artır, cavablarım isə azalır. Bir qapını açırsan, görürsən arxasında daha neçə qapı var...".

İndi elə bir dövrə qədəm qoymuşuq ki, cəmiyyətdə sevgi qıtlığı var. Bu, təkcə qadın-kişi münasibətlərində deyil, ümumilikdə həyatın bütün sahələrində özünü göstərir. Söhbət insanın insana münasibətindən, dənizə, təbiətə, ətraf aləmə olan münasibətindən gedir.

Biganəlik getdikcə artır. Məncə, insanların başına gələn bir çox faciələrin kökündə biganəlik dayanır.

- 2015-ci ildən 2022-ci ilə qədər Səməd Vurğunun ev muzeyinin direktoru oldunuz. Muzeydən getməyinizin səbəbi nə idi? Adətən, deyirlər ki, ev muzeyinin rəhbəri nəsildən gələn nəvə, nəticə və digər qohum olmalıdır. Bu haqda nə deyə bilərsiz?

- Xeyr, bu, düzgün yanaşma deyil. Mən muzeyə gələndə İqtisadiyyat Universitetində dosent işləyirdim. Vaqif müəllim dünyasını dəyişəndən sonra anladım ki, artıq universitetdə çalışmağa psixoloji baxımdan hazır deyiləm. İnsan yaxın adamının xəstəliyini, sonra isə vəfatını heç vaxt asanlıqla qəbul edə bilmir.

Bu vaxt mənə təklif gəldi. Ən çox da bunu istəyən Yusif Səmədoğlunun həyat yoldaşı Həmidə xanım idi. Bildirdi ki, Yusifin əşyalarını yalnız mənə etibar edə bilər.

O, mənim Vaqif Səmədoğlunun yaradıcılığına olan münasibətimi bilirdi. Bildiyiniz kimi Vaqif Səmədoğlunun da bütün kitablarını sağlığından bu yana mən çap etdirmişəm. Elə o vaxtdan bilirdim ki, bunu mən etməsəm, heç kim etməyəcək. Çünki Vaqif belə işlərə baş qoşan insan deyildi. Deyirdi, mənim işim yazmaqdır. Sovet dövründə yazdıqları çap olunmadığı üçün "sandıq üçün" yazmağa öyrəncəliydi.

Muzey təklifini qəbul etməkdə məqsədim Yusiflə, Vaqifin mövqeyini, ruhunu muzeydə yaşatmaq idi. Bu məqsədlə onların ekspozisiyasını yaratdım. Eyni zamanda Vəkilovlar nəslinin, şəcərəsinin böyük tablosu divarda həkk olundu. Bu işdə mənə dizayner Afaq Kərimova kömək etdi. Səməd Vurğun həmin evdə cəmi iki il yaşamışdı. Amma Vaqif 70-ci illərə qədər o evdə yaşayıb, yaradıb və ilk şeirlərini orada yazıb. Pianoçu kimi o evdə yetişib.

Muzeydə fəaliyyətə başlayanda, sabiq mədəniyyət naziri Əbülfəs Qarayevə də minnətdaram, mənə heç bir maneçilik törədilmədi. Həmin il muzeyin 40 illiyi idi. Xavər xanım və Aybəniz xanım üçün də ayrıca guşələr hazırladım. Bu mənim əsas məqsədlərimdən biri idi. Muzeyi daha da inkişaf etdi, bir neçə heykəl hazırlatdırdıq. Səməd Vurğunun "Vaqif" pyesinin, Yusif və Vaqifin əsərlərinin qəhrəmanlarının büstü hazırlandı. Muzey mənim üçün bir növ xilas oldu. 2015-2022-ci illərdə Səməd Vurğunun ev muzeyinin direktoru oldum. Sonradan müəyyən səbəblərdən muzeydən ayrılmalı oldum. Məndən sonra isə muzeyə şairin nəticəsi rəhbər təyin olundu.

Çoxlarına elə gəlir ki, muzey ölü məkandır, xeyr, sadəcə oranı canlandırmaq lazımdır. Muzeydə ayda bir dəfə poeziya gecələri keçirməyə başladım. Fransada - Parisdə Vaqif Səmədoğlunun fransız dilində kitabının təqdimatı baş tutdu. Həmçinin Piterdə, San-Peterburqda Fyodor Mixayloviç Dostoyevskinin ev muzeyində Vaqifin müəllimin çəkdiyi fotolardan ibarət fotosərgisi baş tutdu, şeirləri səsləndi və Moskvada isə 80 illik yubileyini qeyd edildi.

Eyni zamanda Qazaxda da yenilik etdik və Vaqif müəllimin və Yusif müəllimin, guşələrini yaratdıq, kitablarla, şəkillərlə zənginləşdirildi.

- 2019-cu ildə isə Vaqif Səmədoğlu Mərkəzini yaratdınız.

- Bəli, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəriyəm, amma təsisçi mənimlə yanaşı Səməd Vəkilovdur.

- Vaqif Səmədoğlunun ayrıca ev muzeyini yaratmaq ideyanız varmı?

- Vaqif Səmədoğlunun ev muzeyinin olması arzumdu. Mən Səməd Vurğunun ev muzeyindən gedəndən sonra düşündüm ki, yaşadığımız mənzili Vaqif Səmədoğlunun ev muzeyi edim, həm də burada yaşayım. Bu fikrim müsbət qarşılanmadı.

Evimiz üç otaqlıdır. Otaqlardan biri Vaqif müəllimin kabinetidir, onu olduğu kimi saxlamağa çalışdım. Bu ev bizə Vaqif millət vəkili olduqdan sonra verildi. Oranı ev muzey edə bilərəm, amma mənə deyirlər ki, yerləşdiyi məkana görə buraya kim gələcək? Hələ Vaqif müəllimin barelyefi də qurulmayıb. Rəhmətə gedən il zəng etdilər, mən də dedim ki, burada barelyef üçün yer yoxdur. Mən istərdim ki, barelyef muzeydə qurulsun. Bunun ona haqqı var.

- Vaqif Səmədoğlunun yoxluğuna necə alışdınız?

- Ölümündən sonra kitablarını daha çox oxumağa başladım, bir çox kitablarını nəşr etdirdim. O özü də sağlığında verdiyi müsahibələrdə bunu qürurla deyirdi. Bildirirdi ki, məni bu işlərdən həyat yoldaşım xilas edib. Deyirdi ki, həmişə rus şairlərinə qibtə etmişəm, onların ən böyük köməkçiləri həyat yoldaşları olub. Mən isə heç vaxt inanmazdım ki, bu, bir gün mənim də başıma gələr.

Bir dəfə otaqda yox idi. Mən isə onun mətnlərini makina ilə çap etməyi çox sevirdim. O səhnəni heç vaxt unutmuram, gördüm ki, əlini qapıya qoyub, dayanıb gülümsəyərək mənə baxır. Dedim ki, icazə verirsən? Cavab verdi ki, icazə nədir? Çox yaxşı etmisən.

- Aranızda konfliktlər olurdu?

- Xeyr. Vaqiflə konflikt etmək olardı!? Bəlkə daha cavan olsaydıq, hər ikimiz fərqli davranardıq. Amma elə bir yaşda ailə qurduq ki, bir çox şeyi mən qurban verdim. Çox sual verməyi sevmirdim. Bəzən indi də öz-özümə sual verirəm, axı, mən niyə bəzi məsələləri soruşmadım? Amma elə məqamlar olurdu ki, düşündüyüm sualı ona versəydim, onu incidə bilərdim.

- Çox ağır xasiyyəti var idi?..

- Bəli, xasiyyəti ağır idi. Əkizlər bürcü idi, tez-tez dəyişə bilirdi. Amma aramızda ən kiçik bir inciklik olanda belə, ilk addımı həmişə mən atırdım. Ona yaxınlaşırdım, başını sığallayırdım.

- Həyatınızdan film çəkilməsini istərdinizmi və bununla bağlı sizə müraciət olunubmu?

- Yox, müraciət olmayıb.

- Nüşabə xanım, bədii əsər yazmısınızmı?

- Şeir yazmışam. Amma Vaqif Səmədoğlu kimi şairin yanında bu haqda danışmaq mənim üçün qəbahətdir. Onun elə bir xarakteri vardı ki, sual verilməsindən xoşlanmırdı. Xavər xanımın ölümündən sonra bir mətn yazmışdım. Onun ölümü mənə çox ağır təsir etmişdi.

Xavər xanım çox gözəl, qayğıkeş, qeyrətli anaydı. Elə dövrlər olub ki, Vaqif işləməyib, xüsusən ailə qurduğumuz ilk illərdə. Amma Xavər xanım hər dəfə bizə gələndə mütləq Vaqifin cibinə pul qoyardı ki, gəlininin yanında oğlunun başı aşağı olmasın. Həmişə bizə azuqə gətirərdi – toyuq, ərzaq və sair. Deyərdi, oğlum, sənin sevdiyin ərzaqları gətirmişəm. Onun bu sözlərinə mən də gülürdüm... Vaqifə həmişə deyərdim ki, həyatda yeganə insansan ki, heç vaxt səndən incimirəm. Bilirdim ki, həyatı çox çətinliklərdən keçib. Hesab edirdim ki, onu incitməyə haqqım yoxdur.

- Müsahibənizin birində qeyd etmisiniz ki, ailə qurduqdan sonra xarakteriniz xeyli dəyişib.

- Əlbəttə. Evləndikdən sonra xarakterimi dəyişdim, özümü ona uyğunlaşdırdım. Başqa cür ola da bilməzdi. Özünə deyirdim ki, cavan vaxtı olsaydı, bəlkə də səndən qaçardım. Gənclik illərində hamımız bir az dikbaş oluruq. Üstəlik, mən ailədə ən kiçik ərköyün uşaq olmuşam.

- Bir-birinizdə ən çox sevdiyiniz xüsusiyyət nə idi?

- Məni valeh edən ilk növbədə onun yumoru idi. Elə ilk gündən danışarkən məni güldürməyə bacarmışdı. Sanki yüz ilin tanışı kimi danışırdıq.

Bu xüsusiyyət evlilikdən sonra da dəyişmədi. Bəzən elə bir replika atırdı ki, məni dərhal cəlb edirdi. Hətta xəstələnəndə belə yumor hissini itirmədi.

Tel-Əvivdə aptekə gedəndə oradakılar mənə deyirdilər ki, siz nə qədər xoşbəxtsiniz, belə bir həyat yoldaşınız var, sizə şeirlər yazır. Biz doğrudan da çox xoşbəxt idik. Xəstəlik dövründə belə xoşbəxt anlarımız olurdu. Xoşbəxtlik nədir? O anları tuta bilmək, sevdiyin insanın yanında olmaqdır.

İnsan həyatda kiməsə lazımdırsa, bu, artıq xoşbəxtlikdir. Biz bilirdik ki, bir-birimizə lazımıq. Axı, kim əbədi yaşayır? Və bilmək ki, bir an gələcək və hər şey bitəcək. Bu mənada itkiyə alışmağı bacarmaq lazımdır. Çətin də olsa insanın qədrini sağlığında bilmək vacibdir. Bilməlisən ki, yanındakı kimdir və arxanda kim dayanır.

- Ömrünün son vaxtlarında vəsiyyəti oldumu?

- Ümumiyyətlə, ömür boyu dedikləri, elə mənim qulağımdadır. Yazdıqları vəsiyyət deyilmi?!

- Hətta Vaqif Səmədoğlunun ömrünün son illərində belə sizə sevgi etirafları var...

- Akademik Milli Dram Teatrında 75 illik yubileyində çıxışında belə dedi: “Nüşabə, sən mənim həyat yoldaşım yox, sevgilimsən”. Bu onun son sevgi etirafları idi. Daha sonra, dünyadan köçməsinə üç-dörd ay qalmış, Nizami Muzeyində olanda bu mövzuya toxunmuşdu. Həm 80 illik yubileyi qeyd olunurdu və Amerikada nəşr edilən kitabının təqdimatı idi. Orada çıxış edəndə belə bir şeir dedi:

Bilmirəm ölüm yaxındır, ya uzaq,

Bilmirəm ölüm istidir, ya sazaq,

Ancaq onu bilirəm, mən ölsəm,

Nüşabə yazıqdır.

Sonra belə davam elədi ki, mən öləndən sonra bilmirəm orada sevgi varmı, yoxsa yox, olsa yaxşı olardı və mən öləndən 50 il sonra istəyərəm Nüşabə xanım, ora gəlsin, onu görüm, aşiq olum və deyim ki, mən səni sevirəm. Bundan böyük etiraf nə ola bilər?!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Yanvar 2026 10:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see239

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see230

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see179

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see176

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see164

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see163

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see158

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see153

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see147

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri