Vaqif Zeyidquliyev: İstanbuldakı fəaliyyətim rəssamlıqdan çox, tarixə toxunmaqdır
Icma.az bildirir, Azertag portalına istinadən.
İstanbul, 28 yanvar, Günel Karatepe, AZƏRTAC
Bəzi insanlar var ki, təsadüflər onları bir tərəfdən alıb, başqa bir yerə götürür. Bunu necə dəyərləndirmək isə bəzən bizdən, bəzən isə taleyin hökmündən asılı olur. Belə insanlardan biri də hazırda fəaliyyətini İstanbulda davam etdirən azərbaycanlı rəssam Vaqif Zeyidquliyevdir. İstanbula gələn rəssam Türkiyənin dünya üzrə ən məşhur tarixi məkanlarının restovrasiya işlərinə cəlb edilir.
Vaqif Zeyidquliyev həyat hekayəsini AZƏRTAC-a danışıb.
Rəssamlığa uşaq yaşlarımdan başladığını bildirən həmsöhbətimiz xatirələrini bizimlə bölüşüb: “Rəsmə olan həvəsim rəhmətlik atamın sayəsində oldu. Hər dəfə televizora baxanda bizi kitab oxumağa, şəkil çəkməyə, ya da başqa, bizim üçün daha faydalı işlərlə məşğul olmağa göndərirdi. O, rəsm çəkin deyəndə mən çox həvəslənirdim, evimizdə çikankalar var idi, onlara baxaraq bir şeylər çəkməyə çalışırdım. Sonra başladım dərnəklərə getməyə. Bakıda Tofiq İsmayılov adına Yaradıcılıq Mərkəzi var idi, rəssamlığa orada başlamışam. Bunun davamında təhsilimi ağac üzərində bədii oyma sənəti üzrə davam etdirdim. Əsgərlikdən sonra üç il hazırlaşdım və Moskvada Sergey Andriyaki adına Akvarel və Zərif İncəsənətlər Akademiyasına daxil oldum. Burada altı il təhsil aldım və 2018-ci ildə məzun oldum. Fəaliyyətimi bir il Moskvada davam etdirdim, sərgilərə qatılırdım. Sonra Vətənə qayıtdım və təsadüfən yolum Əməkdar rəssam, professor Məmmədhüseyn Hüseynovla kəsişdi. O məni Azərbaycanın Əməkdar rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, İstanbulun Yeditəpə Universitetinin professoru Teymur Rzayevlə tanış etdi və Türkiyədə də özümü sınaya biləcəyimi dedi. Bu fikir mənə olduqca maraqlı gəldi və beləliklə Teymur müəllimin də dəstəyi ilə İstanbula gəldim”.
Vaqif, onu İstanbula gətirən əsas səbəblərdən birinin sənətini daha da təkmilləşdirmək olduğunu deyir: “Əslində rəssamlığı Bakıda da davam etdirə bilərdim. Lakin bizim sənətimiz diqqət tələb edir. Mənə görə bu işi layiqincə yerinə yetirmək üçün ətrafındakı insanlardan bir az uzaqlaşmaq, fikrini toplamaq lazımdır. Elə bura gəlməyim də bu səbəbdən və ani oldu. Sadəcə hisslərimə güvənərək bir-bilinməzliyə doğru yola çıxdım. Heç kimi tanımırdım. Gəldiyimdə sadəcə mən və İstanbul var idi. Burada İstanbulun mənzərələrini çəkməyə başladım”.
O, həyatın təsadüflərdən ibarət olduğunu bildirərək fikirlərini belə izah edir: “Bir gün təsadüfən indi emalatxanamı qurduğum səmtə gəldim. Bura bir kafedir və mən müştəri olaraq kafenin bağçasında oturub tarixi Qalata qülləsini çəkməyə başladım. Buradan Qalata çox gözəl görünür. Yan masada oturan başqa bir müştəri də xəbərim olmadan məni izləyirmiş və çəkdiyim rəsmi ona satmağımı təklif etdi. Bu mənim üçün gözlənilməz olduğu qədər, həm sevindirici, həm də ruhlandırıcı hal oldu. O rəsmi təxmini 20 dollar kimi bir məbləğə satdım. Ertəsi gün eyni adam mənə daha üç rəsm sifariş etdi. Bunun ardından məkanın sahibi burada iş təklif etdi və mənim İstanbul macaram başladı”.
COVİD-19 pandemiyası dövründə buradakı işinə ara verib bir müddət qalereyalarla işlədiyini deyən rəssam sözlərinə belə davam edir: “Sonra yenə eyni adam məni eyni məkanda işləməyə dəvət etdi və hazırkı emalatxananı açdıq. Artıq dörd ildir fəaliyyətimi burada davam etdirirəm. Təbii ki, bu işin ticarət tərəfidir. Ara-sıra restovrasiya işlərinə, sərgilərə də qatılıram. İstanbulun Zincirlikuyu bölgəsində Sultan Əbdülməcidin Ov Köşkü var. O məkan zamanın şərtlərinə görə çox bərbad bir hala düşmüşdü və Türkiyə dövləti burada restovrasiya işlərinə başladı. Məni də ora dəvət etdilər. Köşkün tavanı kətan üzərində işlənmiş rəsmlərdən ibarətdir. Oranın qələm işlərinin texniki tərəfini sona qədər layihələndirib hazırladım və iki ay özüm də bir tavanın restovrasiyasında iştirak etdim. Sonra oradan ayrıldım. Lakin, bu, çox böyük bir yerdir və köşkün bərpası hələ də mənim hazırladığım texniki üslubla davam edir. Bunun ardından məşhur Sultan Ahmet Camiində aparılan restovrasiyaya daxil edildim və buranın da qələm işlərində iştirak etdim. Burada çox böyük, 100 nəfərdən artıq heyətlə işlədik. Əslində mənim restovrasiya ilə bağlılığım Moskvada yaşadığım illərdə başladı. Diplom işimi də restovrasiya üzərində qurmuşdum və dörd ilə yaxın bunu davam etdirdim. Lakin, İstanbulda gördüyüm işlər mənim üçün rəssamlıqdan daha çox, tarixə toxunmaqdır. Elə bu səbəbdən də bu iş məni özünə çəkir”.
Türkiyədə keçirilən rəsm yarışlarında iştirak edən Vaqif Zeydquliyev bu müsabiqələrin bəzilərindən qalibiyyət də əldə edib. Onun Türkiyədə ilk sərgisi ötən ilin iyul ayında İstanbulun tarixi Yeni Cami Hünkar Qəsrində “Tarixin rənglərində İstanbul” mövzusunda açılıb. İkinci sərgi isə İstanbulun Müstəqil Sənət Vəqfində baş tutub. Növbəti sərgi üçün rəssam Ankaraya dəvət alıb. Ötən il dekabrın 25-də açılan bu sərgi hələ də davam edir.
Hazırkı planları haqqında danışan rəssam deyib: “Türkiyədə yaşayan azərbaycanlı rəssamların əsərlərindən ibarət “Suverenliyimizə qovuşduran şanlı Zəfər” mövzusunda sərgi açılacaq. Sərgi Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin Ankara Rəsm və Heykəllər Muzeyi ilə birgə layihəsi əsasında Azərbaycanda “Konstitusiya və Suverenlik İli”, habelə Vətən müharibəsində qazanılan Zəfərin 5 illiyi münasibətilə təşkil olunacaq. Burada nümayiş olunacaq əsərlərin seçilməsi məqsədilə təşkilat komitəsi yaradılıb. Hazırda komitəyə təqdim ediləcək əsərlər üzərində işləyirik. İstanbul və Ankarada açılması nəzərdə tutulan bu sərgilərə təqdim olunacaq əsərlərin Azərbaycan və Türkiyənin muzeylərinə qalıcı eksponat kimi daxil edilməsi də nəzərdə tutulur. Bundan əlavə fikrimdə daha bir sərgi var. Fərqli bir şey olacaq, onu açmağı düşünürəm. Əlavə olaraq isə sifarişlə üzərində işlədiyimiz işlər də olur”.
Rəssam söhbət əsnasında yaradıcılığının unudulmaz məqamlarını da xatırlayır: “Moskvada hazırladığım diplom işi çərçivəsində qravür silsiləsi işləmişdim. Bu silsilədən olan bir işim Bakıda keçirilən “İçərişəhər” sərgisində nümayiş olunurdu. Sərgidən sonra isə İçərişəhər Qoruq Muzeyindən bu əsərin kolleksiyaya daxil edilməsi ilə bağlı mənə müraciət olundu, təbii ki, sevərək qəbul etdim. Bu silsilədən olan daha iki işim isə Çeçenistan Dövlət Muzeyinin kolleksiyasına daxil edilib. 2021-ci ildə Dağıstandan olan bir Xalq rəssamının qızı o silsiləni internet üzərindən satın aldı. 2024-cü ildə isə o işlərdən ikisinin Çeçenistan Dövlət Muzeyinin kolleksiyasına daxil edildiyinə dair məktub aldım. Bu mənim üçün çox böyük bir fəxr, qürur mənbəyidir. Çünki bir gün mən olmasam da o işlər daima yaşayacaq”.
Qeyd edək ki, rəssam 2020-ci ildə Türkiyədə iki qardaş ölkənin rəssam və heykəltəraşlarının əsərlərindən ibarət “Bir millət, iki dövlət” şüarı altında keçirilən onlayn satış aksiyasında da iştirak edib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 28 Yanvar 2026 11:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















