Varlığımızın ən mühüm atributu
Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı, 17 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley mərasimi həm də onunla yadda qaldı ki, tədbirdə dövlətimizin başçısı İlham Əliyev iştirak etdi, Azərbaycan elm və təhsilinin qarşısında dayanan təxirəsalınmaz vəzifələrdən danışmaqla yanaşı, elm adamlarına zamanın yeni tələblərindən doğan ismarıclarını çatdırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın “Varlığımızın ən mühüm atributu” məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Yubiley mərasimində çıxış edən Prezident AMEA-nın keçdiyi şərəfli yolda qazandığı uğurlardan danışmaqla yanaşı, buraxılmış şanslardan söhbət açdı, qurumun ölkəmizin elmi inkişafında oynadığı aparıcı roldan, hər bir elmi tədqiqatın maddiləşən nəticəyə hesablanmasının zəruriliyinə toxundu. Çıxışını 1945-ci ildə təşkil edilən Azərbaycan Milli Elmlər Akademiyasının ötən 80 ildə keçdiyi yoldan, Azərbaycanda elmin inkişafında oynadığı aparıcı rol mövzusu üzərində quran Prezident müxtəlif ictimai-siyasi quruluşların diktə etdiyi şəraitdə Azərbaycanda hər zaman elm və təhsilin inkişafına böyük diqqət yetirildiyini xatırlatdı: “Sirr deyil ki, Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat institutu yaradıldı, elmin inkişafına böyük vəsait ayrılırdı. Faktiki olaraq bu siyasət müstəqillik illərində də davam etdirilirdi. Ulu Öndərin təşəbbüsü ilə keçən əsrin 70-ci illərindən başlayaraq yüz minlərlə Azərbaycan gənci o vaxt Sovet İttifaqının aparıcı ali məktəblərinə göndərilmişdir və beləliklə, ölkəmizdə intellektual potensial daha da güclənmişdir. Eyni siyasəti biz müstəqillik illərində də aparırıq. Bu gün də on minlərlə Azərbaycan gənci artıq dünyanın aparıcı ali məktəblərinə ezam olunur. Onların böyük əksəriyyəti oxuyub Vətənə qayıdırlar və beləliklə, ölkəmizin inkişafına öz dəyərli töhfələrini verirlər”.
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə qayıdışından sonra 1993-cü ildə ziyalılar, ümumiyyətlə, ictimaiyyət nümayəndələri ilə ilk görüşünün məhz Milli Elmlər Akademiyasında baş tutduğunu qeyd edən Prezident İlham Əliyev ölkədə böyük iqtisadi, maliyyə çətinliklərə baxmayaraq Akademiyanın işinə, qorunmasına göstərilən diqqəti, alimlərin fəaliyyəti üçün vəsait ayrılmasını xatırlatdı.
Bununla bərabər, ölkə rəhbəri “hər bir ölkənin inkişafını təbii resurslar yox, məhz cəmiyyətin intellektual potensialı, texnoloji inkişaf, elmin inkişafı müəyyən edir”- sözləri ilə dövlət və cəmiyyətin qarşısında dayanan strateji vəzifələrdən söz açdı: “Təbii resurslar bizim üçün sadəcə olaraq bir vasitədir, bir imkandır ki, biz təbii resursların ixracından əldə etdiyimiz vəsaiti insan kapitalına, texnoloji inkişafa yönəldək ki, gələcəkdə bizim inkişafımız dayanıqlı olsun. Hər kəs yaxşı bilir ki, təbii sərvətlər tükənən sərvətlərdir, gec-tez tükənəcək. Tükənməz sərvət isə intellektual potensialdır, amma o halda əgər buna sərmayə qoyularsa. O sərmayəni dövlət qoymalıdır. Ölkənin elm ictimaiyyəti, alimlər bu istiqamətdə öz səylərini göstərməlidirlər”.
Texnoloji inkişafın ayrılmaz hissəsi olan süni intellektin iqtisadiyyatda, texnologiyada tətbiqinin qaçılmaz reallığa çevrildiyini qeyd edən dövlətimizin başçısı Azərbaycan alimlərinin bu prosesdə fəal iştirakının gözlənildiyini vurğuladı: “Elm iqtisadiyyat, sənaye ilə sıx bağlı olmalıdır. Burada bu kürsüdən dövlət strukturlarına da göstəriş vermək istəyirəm ki, Azərbaycan alimləri ilə daha sıx işləsinlər”.
Azərbaycan elminin praktik nəticələrinə ümid etdiyini bildirən Prezidentin Azərbaycanın zəngin tarixinin Ermənistan dövləti, erməni diaspor təşkilatları tərəfindən uzun illər ərzində təhrif olunduğunu və bu istiqamətdə fəaliyyətin bu gün də davam etdiyini qabardaraq tarixçilərimiz qarşısında dayanan vəzifələrdən danışması sülh müqaviləsinin imzalanması ilə 250 illik münaqişənin bitdiyini düşünənlərə cavab sayıla bilər. Biz geopolitikanın sərt reallıqları ilə yaşayırıq və bu reallıqlar diktə edir ki, əsrlərlə sahibi olduğumuz torpaqların fundamental tarixi yazılsın. O tarixi yazmağı şərtləndirən amilləri Prezident İlham Əliyev belə təqdim edir: “Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır, Ermənistanda da yaşayıb, əminəm ki, yenə də yaşayacaq. ... Ona görə Azərbaycan tarixi ilə bağlı bax, bu istiqamətdə əlbəttə ki, əlavə addımlara ehtiyac var. Bütövlükdə müstəqil Azərbaycan dövlətinin tarixi ilə bağlı sanballı elmi əsərlərə də böyük ehtiyac var. Artıq 30 ildən çoxdur ki, biz müstəqil dövlət kimi yaşayırıq və Azərbaycan xalqının çoxəsirlik dövlətçilik tarixində Azərbaycan bugünkü qədər güclü olmamışdır. Ona görə müstəqil Azərbaycanın tarixini tədqiq edən, təbliğ edən bir çox əsərlərə ehtiyac var”.
Şübhə doğurmayan həqiqətlərdəndir ki, yaşadığımız regionda erməni “tarixçilərinin” fəallığının birinci mərhələsi 1828-ci il fevral ayının 28-dən, növbəti Rusiya-İran müharibəsinin nəticəsi olaraq Qərbi Azərbaycan ərazisinin əhəmiyyətli hissəsinin Rusiya imperiyasının tərkibinə qatılmasından sonra müşahidə olunub. İmperatorun cəmi bir ay sonra ilhaq edilmiş ərazilərdə Erməni vilayətinin yaradılması haqqında imzaladığı fərmanla, əslində, Güney Qafqazın yenidən formalaşdırılacaq konfiqurasiyasının ilkin cizgiləri cızılırdı. İmperiyanın regionda uzun müddətə hesablanan strategiyasında Türkiyə və İrandan bu yerlərə köçürülən ermənilər üçün xüsusi imtiyazlar nəzərdə tutulurdu. Bu fonda atılan addımlar ancaq Erməni vilayətinin yaradılması ilə məhdudlaşmırdı və ilk növbədə regionun “köklü sakinlərinin” Güney Qafqazda uzunmüddətli dövrü əhatə edəcək tarixi hazırlanmalı idi.
Məhz Rusiya imperiyasının cənub sərhədlərində forpostuna çevrilməli olan xristian ermənilərin regionda ən çirkin siyasətlərdə iştirakı üçün əsaslar yaradılırdı. O əsasların nəticəsi olaraq XIX əsrin ortalarında nəinki keçmiş İrəvan xanlığının inzibati ərazisində, həmçinin keçmiş Naxçıvan və Qarabağ xanlıqlarına aid yaşayış yerlərində də qonşu ölkələrdən cəlbedici imtiyazlar vəd olunaraq gətirilib yerləşdirilən ermənilərin sayı xeyli artmışdı. Bu amil və erməni millətindən olan şəxslərə xüsusi münasibətin nəticəsi imkan verirdi ki, nəinki erməni millətindən olan əhali arasından seçilən şəxslər yerli hakimiyyət orqanlarında müqayisəyəgəlməz şəkildə təmsil olunur, həmçinin paytaxtda imperatorun sarayına qədər gedib çıxa bilirdilər.
AMEA-nın yaradılmasının 80 illik yubileyində Azərbaycan Respublikasının Prezidenti, azından, 200 illik siyasətə ciddi elmi əsaslarla qarşılıq vermək üçün tarixçilərimizə çağırış edirdi.
Bu fikirləri səsləndirərkən milli siyasətin gələcəyə hesablanan strategiyasının fəlsəfəsinə dərindən bələd olan İlham Əliyev xalqımızın 35 il ərzində yaşadığı ağır faciələrin həm də “unutqanlıq” mərkəzindən qidalandığını xatırladır. Təcrübə dəfələrlə sübut edib ki, o unutqanlığı hər vaxt çiynimizin üstündə asılan Damokl qılıncı olaraq təhtəlşüurumuzda yer tutmasa, oxşar faciələrdən qaçmaq mümkün deyil. Getdikcə qəddarlaşan dünyanın fonunda aşınan bəşəri normalar bir də onu diktə edir ki, “Günəş altında yer axtaranlar” bütün zamanlarda marığa yatmış vəhşilər kimi niyyətlərini gerçəkləşdirmək fürsəti gözləyirlər. Dünya hər il beynəlxalq hüquq normalarının az qala, kağız parçasına çevrilmsəinin şahidi olur. Bu baxımdan dövlətimizin başçısının tarixçilərimizə müraciət etməsinin səbəbi aydındır. Bu yönümdən Prezident İlham Əliyevin tarixçilərlə bərabər, dilçilər, ümumiyyətlə, Azərbaycan dilini tədqiqat predmeti olaraq qəbul edən alim və tədqiqatçılara, onunla gündəlik işləyən digər peşə sahiblərinə- ədəbiyyat nümunələri yaradan yazıçı və şairlərə, həmçinin jurnalistlərə səslənməsi o insanlarda yaradıcılıqla bərabər, vətəndaş qeyrəti görmək hissindən irəli gəlir. Ölkə rəhbəri ən vacib saydığı məsələ barədə AMEA-nın yubiley tədbirində niyə mövzuya qayıtdığını belə izah edirdi: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti”.
Bu, ölkə rəhbərinin ancaq 50 milyondan artıq insanın danışdığı ana dili yox, Azərbaycan Respublikasının dövlət dili olan Azərbaycan dilinin təkcə qorunması deyil, inkişafı üçün hər birimizin borcunu yada saldı. Dil sadəcə ünsiyyət vasitəsi və ya məlumatın qeyd edilməsi və ötürülməsi deyil. Dil bir xalqın tarixi və mədəniyyəti ilə sıx bağlıdır. Dil xalqın mentalitetinin və kimliyinin əksidir və eyni zamanda, xalqın linqvistik təfəkkürü onun davranışını, əsas mədəni və ideoloji münasibətlərini müəyyən edir. Dilimiz vasitəsilə dünyanı dərk edir, öyrənir, öyrədir, həmçinin onun dünənlə bu gün və sabahla üzvi birliyi nəticəsində nəsillər arasında qırılmaz əlaqəni təmin etmiş oluruq.
Dünyada hələ də müxtəlif xalqlar arasında istifadədə olan 7000-dən çox dil var və həmin dildə danışan hər kəs inkişafın başlıca mənbələrindən hesab olunan dilin əsas funksiyasının ünsiyyət və informasiya mübadiləsi, informasiya yığımı, emalı, qorunması və həmin biliklərin nəsildən-nəslə ötürülməsi funksiyalarını əhatə etdiyini bilir. Dil, həmçinin düşüncənin formalaşması, sosial identifikasiya və emosional funksiya kimi digər vacib funksiyaları da yerinə yetirir. Bütün bu amillər Azərbaycan Respublikasının dövlət dilinin ancaq ünsiyyət vasitəsi yox, özündə xalqımızın min illər ərzində yaratdığı mənəvi sərvətlərimizin xəzinəsi olduğunu şərtləndirir. Ona görə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin keçən əsrin 70-80-ci illərində yeritdiyi fəal və ardıcıl dil siyasəti Azərbaycanda milli özünəqayıdış, milli özünüdərk və milli azadlıq ruhunu yüksəlişi tarixi kimi yaddaşlarda həkk olunub. O yaddaşda Prezident Heydər Əliyevin imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi - inkişafı haqqında” 2001-ci il 18 iyun tarixli, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 4 iyul tarixli, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi-qurulması haqqında” 2001-ci il 9 avqust tarixli, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun yetkin konsepsiyası, uzunmüddətli strategiyasını ehtiva edən tarixi qanunvericilik aktları olaraq qəbul edilir.
Bunlardan əlavə, onu qeyd etmək zəruridir ki, kifayət qədər geniş dövrü, 1969-2003-cü illəri əhatə edən həmin zamanlarda dilimizin inkişafı təkcə rəsmi sənədlərdə deyil, gündəlik sosial-siyasi həyatımızda öz layiqli yerini tutmaqla beynəlxalq müstəviyə keçməsi, dünyanın nüfuzlu platformalarında eşidilməsi Ulu Öndər Heydər Əliyevin ana dilinin inkişafına göstərdiyi qayğının, uzaqgörən dil siyasətinin real nəticəsi kimi qəbul edilirdi. Bu, Ümummilli Liderimizin hələ ötən əsrin 70-ci illərindən yürütdüyü azərbaycançılıq ideologiyasının özündə milli ruhun oyanmasına, nəticə olaraq milli özünüdərkin hüdudsuz kimi görünən sərhədləri daxilində o ruhun yaradıcılıq potensialının genişlənməsinə verilən imkan, qüdrətli Azərbaycan qurmağa çağırış idi.
Böyük dövlət və siyasət adamı xalqın formalaşaraq yaşamasında ana dilinin gücünü başlıca aparıcı xətt kimi görür və çıxışlarında bu amili belə dəyərləndirirdi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq bu dili yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.
Heydər Əliyev məktəbinin ən uğurlu məzunu Prezident İlham Əliyev buna görə də AMEA-nın 80 illik yubileyindəki nitqində “Azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış olur, diqqətdə saxlayır, lazımi tədbirlər görürəm”- deyərkən gərgin dövlət işləri sırasında doğma ana dilinin müşahidə etdiyi hər hansı həyəcanlı vəziyyətinə biganə qalmadığını vurğulayır, bunun nə qədər təxirəsalınmaz iş olduğunu müvafiq qurumların və qurumlara rəhbərlik edən insanların diqqətinə çatdırır. Bu fikirləri ilə dilimizin xalq olaraq hamımızın gələcək taleyində oynadığı həlledici amili bir daha xatırladır: “Biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhv, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.
Milli mədəniyyətlərin və ədəbiyyatların unudulması ayrı-ayrı fərdlərin şəxsində hər bir xalq üçün intellektual fəlakətə gedən yoldur. Bu, daha çox onunla xarakterizə olunur ki, müasirimiz insanlarımız Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Məhəmməd Hadi və digər onlarla yazıçı-şairlərin milli irsimiz hesab olunan əsərlərindən ayrı düşür, cılız ədəbiyyat və mədəniyyət nümunələri ilə formalaşırsa, bu, ümumən xalq olaraq deqradasya yoluna çıxmağımız deməkdir. Kütləvi informasiya vasitələrimizə (fərqi yoxdur, çap və yaxud elektron) ötəri nəzər salmaq bəs edər ki, həm də “dilin keşikçiləri” yükünü çiyinlərinə götürmüş kifayət qədər çoxluğu təmsil edən şəxslər dilimizi hansı vəziyyətə aparırlar. Reallığı vaxtında müşahidə edən dövlətimizin başçısı buna görədir ki, AMEA-nın 80 illik yubileyində söylədiyi nitqində mənzərənin gələcək üçün ürəkaçan heç nə vəd etmədiyini müvafiq qurumların və səlahiyyətli şəxslərin, ümumilikdə xalqımızın diqqətinə çatdırırdı: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni, dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər. Yenə də deyirəm, 10 il bundan əvvəl mən bu məsələni qaldırmışdım. Çünki bu, məni narahat edirdi. On il ərzində lazımi tədbirlər görüldü ki, biz dilimizi kənar kəlmələrdən qoruya bilək. Amma yenə də oradan-buradan eşidirəm, - həm televiziyalarda, həm yazılı mediada, həm bəzi insanların çıxışlarında, - buna heç bir gərək yoxdur. Yəni, biz xalq kimi, millət kimi öz dilimizi qorumasaq, onda yavaş-yavaş bizim milli kimliyimiz də sarsıla bilər. Əminəm ki, mənim sözlərim hər kəsə çatacaq və özüm də daim bu məsələ ilə bağlı məşğul olacağam, izləyəcəyəm, lazımi tədbirlər görəcəyəm. Azərbaycan alimlərindən də bax, bu məsələyə də öz münasibətini və dəstəyini göstərmək çağırışını edirəm”.
Bu fikir və tövsiyələr dilimizin saflığını qorumalı, onu gözləyən təhlükələrin qarşısında sipər olmalı hər bir təşkilat və ayrı-ayrı səlahiyyətli şəxslər üçün gələcək fəaliyyət proqramına çevrilməlidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 17 Noyabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















