Milli varlığımızın alınmaz qalası
Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dil elə bir nemət, elə müqəddəs əmanətdir ki, onu itirən xalq öz kökündən qopub yad küləklərin önündə xəzan yaprağıtək sovrulur. Ana dili Vətən torpağı kimidir, hər bədniyyət ayaq basanda yerində sızlayan yarası qalır.
Tarixin keşməkeşli yollarında dilimiz qılınc gücü ilə sıxılmış, fərmanlar içində boğulmuş, mədrəsə divarları arasında dustaq qalmışdır. Lakin bu xalq doğma dilini ana laylasında yaşatmış, bayatılarında qorumuş, ədəbi irsi ilə nəsildən-nəslə vəsiyyət kimi ötürmüşdür. Odur ki, dilimizin paklığını qorumaq hər birimizin borcudur.
Zamanla haqq öz yerini tapıb, doğma dilimizdə danışmağı yasaqlayan qadağalar tarixin arxivinə gömülüb. İndi də laqeydlik adlanan daha vahiməli bəla baş qaldırıb. Sözümüzə biganəlik, ifadəmizə etinasızlıq ruhumuzu incidir. Bəziləri elə zənn edir ki, saf kəlmələrimiz özgə sözlərlə qarışsa, daha “müasir” görünər. Lakin ana dilində qarşılığı ola-ola yad sözlər işlətmək öz evində yadları başa keçirməyə bənzəyir. Belələrinə ulu Şəhriyar zamanında xatırladıb: “Türkün dili tək sevgili, istəkli dil olmaz, özgə dilə qatsan, bu əsil dil əsil olmaz”.
Deyirlər, söz öz urvatı ilə yerində gözəldir. Min illərin hikmətini daşıyan söz sandığımızda unudulmuş neçə-neçə kəlmələrimiz var. Onları qorusaq, yenidən gündəlik danışıq dilinə qaytarsaq, bu dil kökü dərin olan çinar kimi heç bir yad “külək”dən yıxılmaz. Bütün bunlar barədə ana dilinin saflığı uğrunda mübarizədə bu gün də səngərdə olan Xalq şairi, görkəmli ictimai xadim Sabir Rüstəmxanlı ilə həmsöhbət olduq.
- Sabir müəllim, tarix boyu ziyalılarımız dilin keşiyində dayanıblar, yad sözlərin, yabançı təfəkkürün dilimizə əlməsinin qarşısında sipər olublar. Sizcə, bu ün informasiya seli və sosial şəbəkələrin nizamsız axını bu mənzərəni dəyişibmi?
-Azərbaycan Prezidenti İlham Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində apardığı ardıcıl və düşünülmüş siyasəti bütün ziyalılarımız dərin minnətdarlıq hissi ilə qarşılayıblar. Dövlət başçısının istər Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda, istərsə də yanvarın 5-də mətbuat nümayəndələri ilə görüşdə səsləndirdiyi dəyərli fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan dilinə münasibət yalnız ədəbiyyatçıların, dilçilərin və ya ayrı-ayrı ziyalıların məsuliyyətinə buraxılacaq məsələ deyil. Bu, bilavasitə dövlətin milli varlığımızla bağlı siyasəti, onun nəzarətində və himayəsində olan sahədir.
Əslində, müstəqil və suveren dövlət üçün mədəni irsin qorunması nə qədər vacibdirsə, həmin mədəniyyətin onurğa sütunu olan ana dilinin yaşadılması və inkişafı da bir o qədər həyati əhəmiyyət daşıyır. Çünki dil yalnız gündəlik ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, düşüncə tərzi, tarixi təcrübəsi və milli kimliyidir. Prezident İlham Əliyev bu həqiqəti həm çıxışlarında dilə verdiyi yüksək qiymətlə, həm də Azərbaycan dilindəki səlis, dəqiq və nümunəvi nitqi ilə nümayiş etdirir.
Dilin təmizliyi məsələsinə gəldikdə isə etiraf etməliyik ki, müasir dövrdə sosial şəbəkələrin sürətlə genişlənməsi ünsiyyət mədəniyyətinə müəyyən təsirlər göstərir. Şübhəsiz, bu ictimai yayımların özünəməxsus ifadə tərzi, şərti desək, öz “dil” mühiti formalaşır. Lakin bu, daha çox texniki imkanların diktə etdiyi yığcamlıq, sürət və bəzən də sadələşmədir. Bu cür meyilləri dilin mahiyyətcə dəyişməsi kimi qəbul etmək doğru olmaz. Bunlar keçici axınlar, epizodik hallardır. Belə təsirlər dili öz kökündən qopara, onun əsrlər boyu formalaşmış əsas məcrasını dəyişə bilməz.
Məhz bu zaman ziyalıların üzərinə böyük məsuliyyət düşür. Bizim əsas vəzifəmiz dili yüzilliklər boyu qoruyub yaşadan, nəsildən-nəslə ötürən o sağlam ana xətti olduğu kimi saxlamaq və gələcək nəsillərə ötürməkdir. Həmin xətt “Kitabi-Dədə Qorqud” dastanlarından başlayaraq folklorumuzdan, ozan və aşıq poeziyasından süzülüb gələn dildir. Yazılı ədəbiyyatımızda isə bu yol İzzədin Həsənoğludan başlayaraq İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Səməd Vurğun kimi dahilərin yaratdıqları yüksək bədii dil nümunələri ilə zirvəyə çatıb. Bu irs bizim mənəvi sərvətdir.
Əsrlər boyu milli dili yaşadan da məhz bədii ədəbiyyat nümunələri, bu dildə yazılmış ölməz əsərlərdir. Biz, bəlkə də, yüzillər əvvəl insanların gündəlik məişətdə necə danışdığını dəqiq bilmirik, lakin yazılı ədəbiyyat nümunələri sayəsində həmin dövrlərdə Azərbaycan dilinin hansı ucalıqda, hansı ifadə gücündə olduğunu aydın görürük. Elə buna görə də ziyalılarımız, xüsusən də yazıçı və şairlərimiz bu ənənəni eyni məsuliyyət və şövqlə davam etdirməlidirlər. Nə qədər çox sanballı bədii mətn, dərin məzmunlu və oxunaqlı ədəbi əsər yaranarsa, dilə maraq da bir o qədər artar. Dilin təhsil, elm və ünsiyyət dairəsi genişlənər, ifadə imkanları zənginləşər. Axı dil yalnız qanun və fərmanlarla yaşamır onun canlı nəfəsi olmalıdır. Dildə elə daxili hərəkət, elə yaradıcı proses getməlidir ki, o daim yaşasın.
Xüsusilə sevindirici haldır ki, Azərbaycan dili artıq 4 onillikdir ki, tamhüquqlu rəsmi dövlət dilidir. Bu dildə qanunlar yazılır, dövlət sənədləri tərtib olunur, rəsmi ünsiyyət aparılır, ondan protokol dili kimi istifadə edilir. Bütün bunlar dilimizin imkanlarını daha da genişləndirir, onun leksik, üslubi və terminoloji baxımdan zənginləşməsi üçün hərtərəfli şərait yaradır. Və bütün bunların fonunda bir daha aydın olur ki, Azərbaycan dili bu torpağın ruhu kimi yaşayır, inkişaf edir və gələcəyə doğru inamla yol alır.
- Tarixin müxtəlif dövrlərində torpaqlarımızın bölünməsi və siyasi sərhədlərin daralması xalqımızın birliyinə necə təsir edib, bu prosesdə Azərbaycan dili nə itirib, nə qazanıb?
- Mən hələ sovet dönəmində yazmışdım ki, “Torpağım ikiyə bölünən zaman, bu dil bölünməyən torpağım oldu”. Bu, tarixi həqiqətin etirafı idi. O illərdə də sərhədlər var idi, fərqli sistemlərdə yaşayırdıq, yurdumuzun o tayı ilə aramıza ideoloji sədlər, dəmir pərdələr çəkilmişdi. Lakin bütün bu maneələrə baxmayaraq, ana dilimiz ayrılığa boyun əyməmişdi. Radio dalğaları ilə, sonralar televiziya vasitəsilə şahid olduq ki, dilimiz bizi bir arada saxlayır, dünyanın dörd bir yanında yaşayan azərbaycanlıları birləşdirir. Azərbaycan dili İranda, İraqda dünyanın hər yerində yaşayan soydaşlarımızla, Türkiyə türkləri ilə, Krımda, Qaraçayda, Kazanda, ümumilikdə, Türk dünyasının ayrı-ayrı mərkəzlərində yaşayan qardaş xalqlarla aramızda əsas körpüdür. Siyasi xəritələr dəyişirdi, sərhədlər çəkilirdi, lakin dilin coğrafiyası bu çərçivələrə sığmırdı.
Bu gün Türk Dövlətləri Təşkilatının fəaliyyəti də həmin tarixi gerçəkliyin çağdaş davamıdır. Zaman keçdikcə, qıpçaq və Oğuz qrupları arasında müəyyən məsafələr yaranıb, dillər arasında fərqlər formalaşıb. Lakin bütün bunlara baxmayaraq, məsələn, Türkiyə ilə Azərbaycan arasında ciddi bir dil səddi yoxdur. Biz bir araya gələndə eyni dildə danışırıq. Bu anlaşma yalnız sözlərin oxşarlığından yox, ortaq yaddaşdan, ümumi mədəni koddan qaynaqlanır.
Özbəkistanda kitabım çap olunmuşdu. Azərbaycan Mədəniyyət Mərkəzində təqdimat keçirilirdi. Özbəklər öz dillərində danışırdılar, biz öz dilimizdə. Amma maraqlı və eyni zamanda, qürurverici idi ki, hamı bir-birini anlayırdı.
Tarixən Rusiya və İran arasındakı müharibələr, sonradan çəkilən sərhədlər torpaqlarımızı böləndə, sanki dilimizin bir budağı o tayda, bir budağı da bu tayda qaldı. Amma onun kökü ayrılmadı. Bu gün də Azərbaycan Respublikasının sərhədlərindən kənarda on milyonlarla soydaşımız yaşayır və onlarla əsas ünsiyyət vasitəmiz məhz ana dilimizdir. Məhz buna görə də ana dilinin taleyi yalnız Azərbaycan Respublikasının inzibati hüdudları ilə məhdudlaşmır. Bu dilin coğrafiyası daha genişdir, onun nəfəsi daha uzaqlara çatır, səsi hər yerdən eşidilir.
Uzun illər İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin parlament qurumlarında ölkəmizi təmsil etmişəm. Qahirədə, İstanbulda, İndoneziyada, Sudanda, Liviyada və digər ölkələrdə millət vəkili kimi parlamentlərarası qrupların üzvü olmuşam. Hər yerdə Azərbaycan türkcəsində danışmışam. Bu baxımdan “beynəlxalq dilləri bilməsən, böyük addımlar atmaq mümkün deyil” düşüncəsi müəyyən qədər yanlış təsəvvür yaradır.
Müasir dünyada imkanlar genişdir. Əsas olan fikrin mənası dəyəridir. Əgər sözün varsa, mövqeyin varsa, onu hər dildə deyə bilərsən. Dil vasitədir, məqsəd isə düşüncənin, kimliyin və haqq səsinin dünyaya çatdırılmasıdır. Azərbaycan dili də bu missiyanı tarix boyu ləyaqətlə daşıyıb və bu gün də daşımaqda davam edir.
- Sovet dövründən bu yana Azərbaycan dili hansı sədləri aşıb Sizcə, belə təhlükə yenə yaşanırmı?
- Təhlükə məsələsi, əslində, daha geniş və ciddi müzakirə olunmalı mövzudur. Sovet İttifaqı dövründə, Azərbaycan həmin sistemin tərkibində olduğu zaman ana dilimizin respublika daxilində qorunması formal olaraq təmin edilirdi. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə, 1978–ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması mühüm və tarixi addım idi. Bu qərar hüquqi baxımdan Azərbaycan dilinə rəsmi status qazandırmışdı. Lakin reallıqda vəziyyət daha mürəkkəb idi. Moskvanın güclü təsiri, eləcə də cəmiyyət daxilində formalaşmış rusdilli elitanın apardığı siyasət nəticəsində, Azərbaycan dili kağız üzərində dövlət dili olsa da, xüsusən Bakıda gündəlik və rəsmi ünsiyyətdə rus dili üstünlük təşkil edirdi.
Sovet ideoloji axınları və mərkəzdən gələn təzyiqlər fonunda dilimizin bu proseslərdən kənarda qalması mümkün deyildi. Azərbaycan dili, əsasən, kənd məktəblərində, milli ədəbiyyatın və bədii-sənədli yaradıcılığın hesabına yaşayırdı. Hətta dil məsələsinə həsr olunmuş rəsmi iclaslarda belə, çox zaman rus dilində çıxışlar edilirdi.
Bu gün isə vəziyyət köklü şəkildə dəyişib. Azərbaycan müstəqil dövlətdir və şükürlər olsun ki, dövlət dilimiz real və sistemli təhlükə ilə üz-üzə deyil. Azərbaycan dili dövlət idarəçiliyində, qanunvericilikdə, təhsildə və ictimai həyatda aparıcı mövqedədir. Lakin bölgədə fərqli mənzərələr də mövcuddur. Məsələn, İranda Azərbaycan dilinə münasibətdə vaxtilə Sovet İttifaqında tətbiq edilən ruslaşdırma siyasətini xatırladan farslaşdırma xətti yürüdülür. Orada şah zamanında olduğu kimi, indi də Azərbaycan dilində məktəblərin açılmasına imkan verilmir, bu sahədə ciddi məhdudiyyətlər mövcuddur.
Bunun əksinə olaraq, ana dilimiz ildən-ilə daha da inkişaf edir və bu prosesin təsiri güneydə də hiss olunmağa başlayıb. Lakin ən ciddi problem xarici təsirlərdən deyil, öz içimizdən qaynaqlanır. Ailələrdə hələ də köhnə ətalətlə uşaqları rusdilli məktəblərinə yönəltmək meyli qalmaqdadır. Ali məktəblərdə, demək olar ki, bütün fakültələrdə Azərbaycan bölməsi ilə yanaşı, rus bölməsinin saxlanılması özgə dildə oxumağı təşviq edir. “Nə olur-olsun, mütləq rus dilində oxumalıdır” düşüncəsi bir növ zehni asılılıq təsiri bağışlayır.
Bu gün Rusiya belə bir tələb irəli sürmür əksinə, keşmiş SSRİ-dən ayrılmış bir sıra respublikalar rus dilinin rəsmi və ictimai istifadəsini ciddi şəkildə məhdudlaşdırıblar. Bizdə isə açıq, liberal və demokratik yanaşma mövcuddur. Öz dilimizin qeyrətini çəkmək, onun inkişafını düşünmək, uşaqların ana dilində oxuyaraq bu dildən güc alıb dünyaya ayaq açması məsələsinə lazımi həssaslıq göstərilmir. Dil insanın düşüncəsini formalaşdırır və ana dilində formalaşan düşüncə daha sağlam, daha dayanıqlı olur.
- Qloballaşma və hüquqi dil mühitində ana dilinin mövcudluğunun qorunması və Türk dünyasına inteqrasiya arasında balans necə olmalıdır?
- Mən dəfələrlə qanunlarımızın dilini tənqid etmişəm. Çünki qanun dili “yoluxucu”dur. Qəbul olunduğu andan etibarən bütün idarələrə, rəsmi yazışmalara, gündəlik iş proseslərinə və demək olar ki, cəmiyyətin bütün təbəqələrinə sirayət edir. Təəssüf ki, bu gün qanunları ana dilini yetərincə bilməyən müəyyən zümrə hazırlayır. Xarici ölkələrin qanunvericilik təcrübəsindən mexaniki şəkildə istifadə olunur və nəticədə, Azərbaycan dilinə heç bir məna və üslub baxımından dəxli olmayan sözlər, ifadələr daxil edilir. Bunun qarşısı mütləq alınmalıdır.
Bir sıra ölkələrdə, məsələn, Kanadada dil gömrüyü, hətta dil polisi fəaliyyət göstərir. Çünki həyatın müxtəlif sahələrinə fasiləsiz şəkildə yeni terminlər, anlayışlar daxil olur. Əgər biz qarşılıq olaraq öz dilimizdə söz axtarmaq əvəzinə, mexaniki şəkildə nə gəlirsə qəbul etsək, bu artıq təhlükəli hala çevrilər. Terminologiya Komissiyası daha ciddi işləməli, dövlət qurumları bu məsələyə yüksək məsuliyyətlə yanaşmalıdır.
Bununla belə, ümumi mənzərəyə baxanda dilimizin gələcəyi ilə bağlı bədbin deyiləm. Əksinə, dilimizin inkişafının çox böyük gələcəyi var. Güney Azərbaycanda da bir gün ana dilinə qayıdış baş verəcək. Orada hələ ədəbi dilimizə tam qoşulmayan çoxsaylı ifadələr mövcuddur ki, zamanla onlar da ədəbi-bədii dilimizin tərkibinə daxil olacaq, onu daha da zənginləşdirəcək. Türkiyə ilə əlaqələrin genişlənməsi də bu prosesə müsbət təsir göstərir.
Türkiyə türkcəsindən Azərbaycan dilinə daxil olan sözlərin bir çoxu bizə yad deyil. Bunlar ya qədimdə istifadə etdiyimiz, lakin zaman-zaman unudulmuş sözlər, ya da ortaq türk leksikasının bərpa olunmuş formalarıdır. Bəzən Avropa mənşəli sözlər də gəlir, lakin bu, əvvəllər rus dili vasitəsilə də baş verirdi. Türkiyədən gələn sözlərin isə əksəriyyəti dilimizin köklərinə bağlıdır və bunun heç bir ziyanı yoxdur.
Bəzən “dilimizi qoruyaq” çağırışı ediləndə, sanki bunu Türkiyə türkcəsindən qorunmaq kimi anlayanlar olur. Bu, yanlış yanaşmadır Təhlükə başqa istiqamətlərdən gələ bilər. Türkiyə ilə və digər türk dövlətləri ilə əlaqələrin genişlənməsi Azərbaycan dili üçün yeni üfüqlər açır. Türk dövlətlərinin birliyi dilimizin zənginləşməsi və inkişafı üçün böyük imkanlar yaradır və bu amil mütləq nəzərə alınmalıdır.
Ümumiyyətlə, dil olmasa, xalq da olmaz. Dil millətin varlığı, onun mövcudluğudur. Türk xalqları isə dünyanın ən qədim xalqlarından biridir və türk dili də ən qədim dillər sırasındadır. Min illər boyu bu dil müxtəlif təzyiqlərlə üz-üzə qalıb. “Sağ ol, ana dilim” şeirində qeyd etmişdim: “ Üstünə yüyürdü Quran dilləri, Peyğəmbər dilləri, qanun dilləri”. Dilimizin üzərinə yürüyənlər arasında qanun dilləri də olub, dini dillər də. Burada yalnız İslamı nəzərdə tutmuram – müxtəlif dövrlərdə fərqli dini və ideoloji axınlar, məzhəbçilik adı altında gələn yad dil elementləri mövcud olub. Amma bütün bunlar Azərbaycan dilini sarsıda bilməyib, dilimiz bu sınaqlarda daha da möhkəmlənib.
Müqavimət gücləndikcə, dil də güclənir. Ona görə də mən dilimizin gələcəyindən qətiyyən bədgüman deyiləm. Mən dövlət qurumu olmayan Azərbaycan Dil Qurumunun rəhbəriyəm. Bu, maarifləndirici bir missiyadır. Böyük imkanlarımız yoxdur, amma mövqeyimizi bildirir, müzakirələr aparır, dilimizdə gedən prosesləri daim izləyir və cəmiyyətlə bölüşürük.
- Bu gərəkli işinizdə sizə uğurlar arzulayırıq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 22 Yanvar 2026 16:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















