Icma.az
close
up
RU
Vüqar Biləcərili, erməni sürücü və it sürüsü

Vüqar Biləcərili, erməni sürücü və it sürüsü

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Vüqar Vanın “Vüqarın Gürcüstan səfəri” adlı xatirə/hekayəsini təqdim edir.

Sonaya...

Evimiz aeroportun iki-üç kilometrliyində yerləşdiyi üçün bikar vaxtlarımda pəncərədən gəlib-gedən təyyarələrə baxmaq vərdişim çoxdan yaranıb. Təyyarələr o qədər yaxından uçur ki, hərdən mənə elə gəlir, damın üstünə çıxıb tullansam, onlara əlimi vura bilərəm. Gözümün qabağında daima harasa gedib-gələn adamlar olduğu üçün getmək fikri tez-tez məni qıcıqlandırır. Hər yarım saatdan-bir saatdan bir ev boğuq uğultuyla dolanda, pəncərələr silkələnəndə (təyyarələr bəzən elə yaxından uçur ki, ev silkələnir, az qalır pəncərələr sınsın) görmədiyim yerlərə səyahət etmək həvəsi yaxamdan əl çəkmir...

“Hardasa, olardı 13-14 yaşım” romanını yazıb bitirmişdim. Belə demək olarsa, həm də üç illik əzab-əziyyətli yazı prosesindən sonra bir az istirahət etmək, gəzmək istəyirdim. Və bu şirnikləndirici günlərin birində Tiflisə getməyə qərar verdim. İlk dəfəydi Tiflisə gedirdim. Necə deyərlər, həm qayğılı, həm də həyəcanlı halda bilet, hotel məsələlərini həll edib yola düşdüm. Səhər saat 11-də Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanından çıxanda qulağıma yavaş-yavaş yad, özgə səslər dəyməyə başlayırdı. Yanvarın əvvəlləri idi. Hava tutqun və soyuq idi. İstedadsız yazıçıların təbirincə desək, Tiflis məni xoş qarşılamadı.
Nömrə və internet məsələlərini him-cimlə, qırıq-qırıq ingilis diliylə bir təhər həll etdim, pulumu elə aeroportdaca dəyişdim. Deyəsən, nömrə satan satıcı məni aldatdı. İçimdə qəribə narahatlıqla taksi çağırıb hotelə getdim. Taksi sürücüsünün adına proqramda baxanda gördüm ki, ermənidir. Açığı, bir az qorxdum. Mən onun erməni olduğunu görmüşdümsə, o da mənim proqramda adıma baxmışdı. Yolboyu heç nə danışmırdı. Mən bir tərəfdən bayaq aeroportda nömrə alarkən aldadıldığımı götür-qoy edib təəssüflənir, bir tərəfdən erməni sürücüdən qorxur, bir tərəfdən də yol qırağında əsgərsayaq düzülmüş şam ağaclarına baxırdım.

Ehtiyat igidin yaraşığı olduğu üçün ehtiyatımı tutub, hər ehtimala qarşı, arxada oturmuşdum. Hərdən qabaq güzgüdən onun gözlərinə baxırdım. Ağlıma cürbəcür fikirlər gəlirdi. Birdən bu öz tanışlarına gizlicə xəbər verər və məni hansısa meşəyə aparıb başımı kəsərlər. Yaxud yenə hansısa meşədə bütün pulumu oğurlayar. Onda nə edərdim? Yaxşı, bəs bu birdən ermənicə "Sarı gəlin" mahnısını qoşdu, onda mən nə etməliyəm? Etiraz edib, "Sarı gəlin" mahnısının bizə aid olduğunu deməliydim, yoxsa yox? Desəydim, görəsən, erməni dostlarını çağırıb mənim başımı kəsməzdilər ki? Bəs vətənpərvərlik necə olsun?

Elə bu fikirlərlə aranı dağa, dağı arana daşıyırdım. Özüm-özümə deyinirdim ki, kaş tək gəlməzdim. İndi-indi dərk edirdim ki, dilini, yolunu, izini, çəmini bilmədiyim başqa bir ölkəyə gəlmişəm. İncəvara, erməni sürücü ilə aramızda heç nə baş vermədi, keçirdiyim narahatlıq və panika ilə hotelə gəlib çatdım.

Hoteli iki gürcü qadın işlədirdi. İkisinin də, hardasa, olardı 40-45 yaşı. Onlar mənim nə rusca, nə gürcücə, nə də ingiliscə bilmədiyimi görüb, tərcümə proqramı ilə izah etdilər ki, hotelə girişim saat üçdədir. Gürcü qadınlardan biri nəsə konfetfason bir şey sorurdu. Onun sorduğu şeyə maraqla baxdığımı görüb, cibindən bir dənəsini çıxarıb mənə verdi. Mən də məmnuniyyətlə konfetfason şeyi götürüb sormağa başladım. Bu qərib ölkədə gördüyüm qayğıdan o qədər sevindim ki, bir anda bütün narahatlığım yox olub getdi.

Hotelə girməyə hələ bir neçə saatım qalırdı deyə əşyalarımı orda qoyub bir az gəzməyə çıxdım. Qaldığım yer şəhərin mərkəzinə bir-iki kilometr uzaqlıqda idi.

Gəzərkən Tiflisin küçələri nə üçünsə mənə Zabratı xatırlatdı. Qəribə burasıydı ki, mən Zabratda yalnız bircə dəfə olmuşdum. Qaranlıqda maşınla Zabratda yaşayan bir dostumuzu evindən götürüb şəhərə getmişdik. Vəssalam. Amma indi Tiflisdə gəzərkən mənə elə gəlirdi ki, Zabratdayam. Bu assosiasiya hardan qaynaqlanırdı? Nə üçün yaddaşım mənə belə bir oyun oynayırdı baş aça bilmirdim. Cəmi-cümlətanı bircə dəfə qaranlıqda maşının pəncərəsindən baxdığım Zabratın yolları bu dəm beynimdə elə canlanırdı ki, elə bilirdim, bütün ömrümü Zabratda keçirmişəm.

***

Tiflisə gedib-gələn və Tiflisdə yaşayan dostların məsləhətləri ilə gəzməli-görməli bir xeyli yerin siyahısını hazırlamışdım. Piyada gəzməkdən zəhləm getsə də, daha oturmaq olmazdı. Dostlarımın tövsiyə etdiyi yerləri bir-bir gəzməyə başladım. Azadlıq meydanı, Metexi, Sülh körpüsü, məşhur Rustaveli prospekti, Tarix muzeyi, Botanika bağı, Tısbağa gölü, Çavçavadze prospekti, kilsələr, kafelər, gürcü yeməkləri, yenə kilsələr, kafelər, çaxırlar...

Hər şey yaxşı idi, di gəl, özümü çox tənha və kimsəsiz hiss edirdim. Mən bu tənhalığı bilə-bilə boynuma götürməmişdim. Əksinə ondan canımı qurtarmaq, üç-beş günlük bu səfərimdə bir az olsun sevinmək, “piyanıskalıq” etmək, dincəlmək, əylənmək istəyirdim. İntəhası, heç cür alınmırdı. Hər addımda kobudluq görürdüm, dil bilmədiyimə görə yad, özgə olduğum dərhal nəzərə çarpırdı. Bu qəriblik məndə daha çox ruh düşkünlüyü yaradır, hər addımda məni ümidsizliyə düçar edirdi. Bərk darıxmağa başlamışdım. O qədər xaçapuri yeyib çaxır içmişdim ki, elə bilirdim, artıq məndə “gürcüləşmə prosesi” getməlidir. Di gəl, bu proses getmirdi. Gürcülər məni nə üçünsə sevmirdilər. Taksi sürücüsündən ofisiantına qədər – hamı sanki məni tanıyır və məndən zəhləsi gedirdi.

Üçüncü gün bir də gördüm ki, Tiflis artıq qurtardı. Gəzməyə başqa yer qalmamışdı. Dostların dediyi yerlərə getmişdim, internetdə tövsiyə olunan hər yerə baxmışdım. Əlbəttə, mənim xəbərim olmayan nə qədər yer qalırdı qalmağına, üç-dörd günə bir şəhərin hər yerini gəzib qurtarmağı düşünmək sadəlövhlük olardı. Amma artıq hara gedəcəyimi bilmirdim. Üstəlik, Gürcüstanda prezident seçkilərinə görə ağır mitinqlər keçirilir, mərkəzi küçələrdə etirazlar, iğtişaşlar baş alıb gedirdi. Gecələr çölə çıxmaq bir az çətin məsələydi.

Dönüş vaxtımın çatmağını arzulayırdım ki, tezliklə evə qayıda bilim. Tək idim, bəlkə, yanımda bir nəfər dostdan-filandan olsaydı, o qədər darıxmazdım.

Qayıtmağıma bir gün qalırdı. Fikirləşdim ki, son gecəmdir, heç olmasa gedib doyunca içim. Dostumun əvvəlcədən tövsiyə etdiyi bir məkana gedib yaxşıca vurdum. Gecə saat 1-2 olardı. Restoranla hotel arasında elə də çox məsafə yox idi deyə, qərara gəldim ki, hotelə piyada qayıdım.
Bir az kefli idim. Xəritəyə baxa-baxa qaranlıq küçələrlə hotelə gedirdim. Qəfildən bir it sürüsü yanımda peyda oldu. Hardasa, olardı 7-8 it. Onlarla aramda bir neçə metr məsafə vardı. Hamısı zillənib quyruqlarını tərpədə-tərpədə mənə baxırdı. Qaçmağı, yoxsa daş götürüb onları qorxutmağı fikirləşərkən itlərdən biri üstümə cumdu. Cəld kənara hoppansam da, it şalvarımın balağından tuta bildi. Tutan kimi də şalvarımı cırıq-cırıq elədi. Şalvarımı Tiflisə gəlmək münasibətilə təzə almışdım. Ayağımı dartıb onun əlindən çıxdım və var-gücümlə qaçmağa başladım. Qaranlıq küçələrdə ora-bura girib, nəhayət, it sürüsünü azdıra bildim və şəhərin nisbətən insan, işıq, mağaza olan hissəsinə çıxdım. İşıqda kədərli şalvarıma baxdım. Şalvarımın sol ayağı cırıq-cırıq idi. Nə etməli? Təzə şalvarım da belə getdi. Əfsuslar olsun...

Böyük həyəcan, qüssə və kədər içində birtəhər özümü hotelə çatdırdım. Elə paltarlı-paltarlı yerimə uzanıb bir müddət tavana baxdım. Otağımda iki litrlik pivə vardı. Durub onu içdim ki, bir az sakitləşim. Ancaq mən o pivəni gərək içməyəydim. Elə pivəni içən kimi uşaqlıqdan canımda qalan yazıqlıq, əskiklik kompleksi məni yaxaladı. Axı nə üçün bu boyda şəhərdə itlər məhz mənə hücum etməliydi? Niyə təzə aldığım şalvarım cırılmalıydı? Allah niyə məni belə bəxtsiz, talesiz, bədbəxt yaradıb? Etiraf edim, çox ağlamalı vəziyyətdəydim.

Amma ağlamadım. Handan-hana bir azca özümə gələndən sonra gördüm ki, yata bilməyəcəm. Əhvalım o qədər pis idi ki, elə bilirdim, bir az da bu otaqda qalsam, ölə bilərəm. Durub şalvarımı dəyişdim və havalı adam kimi çölə çıxdım. İki saatdan çox Azadlıq meydanında o baş-bu baş gəzib mitinqə tamaşa elədim. Heç cür özümə gələ bilmirdim. Həm bu neçə günün dərin ümidsizliyi, həm də bayaq itlərlə aramda baş verən münaqişə məni özümdən çıxarmışdı. Ürəyim çırpınır, özümə izah edə bilmədiyim duyğular məni ağuşuna alıb qüssəyə qərq edirdi.

Skamyada oturub siqaret çəkirdim. Bu an hardansa qulağıma rəhmətlik Vüqar Biləcərinin səsi gəldi. Vüqarın hansısa meyxanasıydı. Səs yavaş-yavaş mənə yaxınlaşırdı. Az sonra 25-30 yaşlarında bir oğlan qabağımdan keçdi. Əlində tutduğu telefonda Vüqarın meyxanasını qoşub harasa gedirdi.

Birdən Vüqarın səsi məni ayıltdı. Dirildim, yəni. Və elə o an mənə elə gəldi ki, tək-tənha Tiflisə gəlməklə düz iş görmüşəm. Bəlkə də, ilk dəfə dərk etdim ki, tənhalıq insana özünü tapmaq, öz içində təcrübə aparmaq üçün ən lazımlı şeylərdən biriymiş.

"Kasıblar səyahət etməsin!" Tıq-tıq xanım özünə pullu ər axtarır Lalə Azərtaş düz deyir, qadın kişinin ayağını yumalıdır
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://kulis.az
archiveBu xəbər 21 Aprel 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see369

Moskva 400 km hündürlükdən belə görünür

14 Sentyabr 2026 02:54see367

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see342

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see341

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see340

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see317

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see312

Bundesliqa: Leypsiq darmadağına sevindi

14 Sentyabr 2026 03:24see311

ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri yüksək hazırlıq vəziyyətinə gətirilib

14 Sentyabr 2026 02:45see303

Fransa ABŞ dən insan haqları ilə bağlı açıqlamaya görə üzr istəyib

14 Sentyabr 2026 03:26see298

Premyer Liqa: Mançester Siti yə 1 qol bəs etdi

14 Sentyabr 2026 03:20see297

Almaniyanın Aşağı Saksoniya əyalətində keçirilən bələdiyyə seçkilərində CDU birinci olub

14 Sentyabr 2026 03:03see292

Bu beş amil ömrümüzü 11 il uzadırmış Araşdırma

14 Sentyabr 2026 03:19see280

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see245

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see235

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see232

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see215

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see206

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see196

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri