Icma.az
close
up
RU
“Xalq qəzeti”nin WUF13 müsahibləri

“Xalq qəzeti”nin WUF13 müsahibləri

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ümumdünya Şəhərsalma Forumunun Bakı sessiyası qlobal urbanizasiya proseslərinin idarə edilməsi, dayanıqlı şəhər infrastrukturunun formalaşdırılması və ekoloji-iqtisadi balansın təmin olunması istiqamətində mühüm strateji platforma rolunu oynayır. Forum yaşıl iqtisadiyyata keçid və daxili resursların optimallaşdırılması strategiyalarının qlobal miqyasda sintezi üçün effektiv dialoq məkanı formalaşdırır.

Yaxın gələcəyə yönəlik önəmli qərarlarının qəbulu mexanizmlərində birbaşa iştirak edən, beynəlxalq və regional siyasətin formalaşdırılmasına məsul rəsmi şəxslərdən eksklüziv müsahibələr aldıq.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax XQ-yə bildirdi:

– Forumda hökumət nümayəndələri ilə yanaşı, beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyəti institutları, ekspertlər, akademik dairələr və müxtəlif maraqlı tərəflər eyni platformada bir araya gəlirlər. Bu isə qlobal problemlərin yalnız siyasi və diplomatik çərçivədə deyil, praktiki və sosial reallıqlar kontekstində də müzakirəsinə imkan yaradır. Forumun əsas üstünlüyü məhz formal diplomatik yanaşmalarla şəhərsalma sahəsində mövcud olan vəziyyət arasında dialoq körpüsü yaratmasıdır.

Qlobal məskunlaşma böhranının fəsadları ölkələr arasında fərqlidir. Bəzi coğrafiyalar və icmalar daha ciddi problemlə üzləşirlər. Müəyyən regionlar və icmalar daha kəskin problemlərlə üzləşdiyi halda, onların mövcud potensialları da kəskin fərqlənir. Bu baxımdan, WUF13-ün imkanlarından, xüsusilə WUF Akademiyasından səmərəli istifadə edərək, vahid platforma yaratmalıyıq.

Bu birlik müştərək tədqiqat gündəliyi ətrafında formalaşmalı və ümumi potensialın artırılmasına xidmət etməlidir. Xüsusilə imkanlarla real ehtiyaclar arasındakı uyğunsuzluğun, məlumat və informasiya çatışmazlığının, eləcə də beynəlxalq yardım alətləri ilə onların praktik tətbiqi arasında mövcud olan fərqlərin aradan qaldırılması bu cür platformaların əsas prioritetlərindən biri hesab olunur.

Sözügedən istiqamətdə daha inklüziv dialoq mexanizmlərinin qurulması, yerli təcrübələrin qlobal qərarvermə proseslərinə inteqrasiyası və çoxtərəfli əməkdaşlığın praktiki nəticələrə yönəldilməsi mühüm əhəmiyyət daşıyır.

İlk dəfədir ki, biz liderləri – hökumət başçılarını, dövlət rəhbərlərini, keçmiş prezidentləri və keçmiş nazirləri bir araya gətirmişik. Biz siyasətçiləri, ekspertləri, düşüncə adamlarını və mütəxəssisləri eyni platformada birləşdiririk.

Açılış mərasimi məni xüsusilə heyrətləndirmişdi. Dövlət başçıları çıxış edərkən – demək olar ki, istisnasız olaraq hamısı dünyanın real problemlərindən danışırdılar. Onlar texniki mütəxəssislər kimi çıxış edir, məsələlərə praktik yanaşırdılar.

Bu mübarizə yalnız texniki həllərlə bağlı deyil. Bu, eyni zamanda, şəhərlərdə yeni məkanlar tapmaqla bağlıdır, liderliklə bağlıdır. Çirklənmə problemi var və planlaşdırma məhz burada ortaya çıxır. Əgər heç nə edilməzsə, bu, unuda bilməyəcəyimiz bir mübarizəyə çevriləcək.

Deməli, məsələ yalnız həll yolları tapmaq deyil. Eyni zamanda, liderlərdən və islahatçılardan siyasi dəstək almaq lazımdır. Əsas işin görülməli olduğu yer də məhz buradır. Və çoxtərəflilik burada mühüm rol oynayır.

Humanitar və inkişaf fondları üçün ayrılan vəsaitlər arasında ciddi uyğunsuzluqlar var. Məsələn, BMT, beynəlxalq QHT-lər və digərləri tərəfindən alınan humanitar fondlar mənzil təminatı üçün nəzərdə tutulmayıb. Bu fondlar həyat xilas etmək, təcili yardım göstərmək və bu kimi digər məqsədlər üçündür.

WUF13-ün milli koordinatoru, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev qəzetimizə açıqlamasında söylədi:

– Şəhərlər bir-biri ilə əlaqəli ekosistemlərdir və mənzil siyasəti nəqliyyat, əmək bazarı, ətraf mühit, enerji səmərəliliyi və sosial infrastrukturla birlikdə planlaşdırıldıqda daha effektiv olur. Çoxtərəflilik isə icrayönümlü əməkdaşlıq modelinə çevrilməlidir. Şəhərlərə maliyyələşmə, texnologiya transferi, institusional tərəfdaşlıqlar və bacarıq inkişafı lazımdır. Maliyyələşmə əsas çağırışlardan biridir. Dövlət resursları təkbaşına kifayət etmir, buna görə dövlət-özəl tərəfdaşlıqları və innovativ maliyyə mexanizmləri vacibdir. Xüsusi nümayəndəlik institutu azad olunmuş ərazilərdə koordinasiyanı təmin edərək bu sahədə effektiv model yaradıb.

Azərbaycan Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasını həyata keçirərək onları yerli planlaşdırmaya inteqrasiya edir. Bugünkü müzakirələr çoxşaxəli əməkdaşlığın gücləndirilməsi və qlobal urban çağırışlara daha effektiv cavab verilməsi üçün mühüm imkan yaradır.

Mənzil böhranı artıq yalnız sosial məsələ deyil, iqtisadi məhsuldarlıq, sosial həmrəylik, iqlim dayanıqlılığı və siyasi sabitliyə təsir edən çoxölçülü inkişaf çağırışıdır. Sürətli urbanizasiya, demoqrafik təzyiq, miqrasiya və iqtisadi bərabərsizlik nəticəsində bir çox ölkədə qeyri-rəsmi yaşayış məntəqələri genişlənir, torpaq əlçatanlığı azalır və şəhər xidmətlərinə çıxış qeyri-bərabər qalır.

Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı şəhəri üzrə Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riad Qasımovun açıqlaması:

– Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə şəhərsalma və memarlıq ölkənin milli inkişaf gündəliyinin əsas prioritetlərindən birinə çevrilib. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhərlərin iqtisadi inkişaf, ekoloji dayanıqlılıq və həyat keyfiyyətinin formalaşmasındakı rolunu bir daha ön plana çıxarır.

BMT-nin proqnozlarına əsasən, 2050-ci ilə qədər dünya əhalisinin təxminən 70 faizi şəhərlərdə yaşayacaq. Bu səbəbdən torpaq istifadəsi, infrastruktur, mobillik, ictimai məkanlar və ekoloji idarəetmə ilə bağlı verilən qərarlar gələcək nəsillərin həyatına birbaşa təsir göstərəcək.

Müasir şəhərsalma artıq yalnız tikinti və zonalaşdırma siyasəti ilə məhdudlaşmamalıdır. Şəhərsalma insanyönümlü, iqlimə həssas və məlumat əsaslı kompleks prosesə çevrilməlidir.

“Baku Master Plan 2040” məhz bu yanaşma əsasında hazırlanıb. Sənəd Bakının gələcək inkişafını sistemli şəkildə istiqamətləndirəcək uzunmüddətli strateji çərçivə kimi təqdim olunub. Bu çərçivədə parkların, piyada zonalarının, sosial infrastrukturun və ictimai xidmətlərin inkişafına xüsusi diqqət ayrılır.

Yeni sahilyanı məkanların yaradılması, şəhər bulvarı və rekreasiya zonalarının inkişafı, məhəllə infrastrukturunun yenilənməsi kimi layihələrin daha yaşanıla bilən şəhər vizyonunun tərkib hissəsidir. Bakı bir çox sahilyanı şəhərlər kimi ciddi ekoloji çağırışlarla üzləşir və buna görə yaşıl urbanizm, enerji səmərəliliyi, ekoloji bərpa və dayanıqlı mobillik prinsipləri baş planda əsas yer tutur.

“International Finance Corporation” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda yaşıl tikinti standartlarının hazırlanması istiqamətində işlər aparılır. Bu təşəbbüslər qlobal iqlim hədəflərinə və COP29, eləcə də COP30 kimi beynəlxalq tədbirlərdə aparılan müzakirələrə uyğun şəkildə həyata keçirilir.

Baş planın üçüncü əsas istiqamətinin isə inteqrasiya olunmuş və səmərəli nəqliyyat sistemi olduğu bildirilib. Qeyd olunub ki, müasir şəhər dayanıqlı və əlaqələndirilmiş nəqliyyat olmadan effektiv fəaliyyət göstərə bilməz.

Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov WUF13-ün qlobal önəmini XQ üçün belə dəyərləndirdi:

– BMT-nin Məskunlaşma Proqramı və Azərbaycan dövlətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq tədbir təhlükəsiz və dayanıqlı şəhərlər, yaşayış məskənlərinin gələcək inkişaf modeli ətrafında formalaşan qlobal müzakirələrin mühüm platformalarından biri kimi qiymətləndirilir. Bu gün dünyada urbanizasiya prosesi artıq yalnız şəhərlərin böyüməsi deyil, insanların təhlükəsiz, dayanıqlı və sosial baxımdan rahat yaşayış mühitinə çıxışı məsələsi kimi qəbul olunur.

Müzakirələr zamanı müxtəlif qitələri və dövlətləri əhatə edən təcrübələr təqdim edilir, şəhərsalma modelləri müqayisə olunur, müasir yaşayış məskənlərinin planlaşdırılması ilə bağlı yeni yanaşmalar diqqət mərkəzinə çıxarılır. Bu baxımdan tədbir həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də ayrı-ayrı ölkələrin öz uğurlu modellərini paylaşması üçün geniş imkan yaradır.

Azərbaycan tərəfi də bu platformada öz təcrübəsini təqdim edən ölkələr sırasında xüsusi maraq doğurur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma proqramları beynəlxalq mütəxəssislərin diqqətini cəlb edir. Dövlət tərəfindən qəbul olunmuş proqramlara uyğun olaraq şəhər, kənd və qəsəbələrin müasir standartlar əsasında yenidən qurulması, infrastrukturun yaradılması və “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın urbanizasiya siyasətində yeni mərhələ kimi dəyərləndirilir.

Hazırkı siyasətin əsas istiqamətlərindən biri də məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışının təmin edilməsidir. Hazırda azad olunmuş ərazilərdə aparılan tikinti və məskunlaşma prosesi təkcə fiziki infrastrukturun bərpası deyil, həm də sosial həyatın yenidən qurulması mənasını daşıyır. İnsanların illərlə uzaq düşdükləri tarixi yaşayış məskənlərinə mərhələli şəkildə qayıdışı regionun sosial-iqtisadi dirçəlişinin əsas göstəricilərindən biri hesab olunur.

Azərbaycanın bu istiqamətdə formalaşdırdığı təcrübə beynəlxalq platformalarda maraqla qarşılanır. Çünki burada söhbət yalnız şəhərsalma layihələrindən deyil, postmünaqişə dövründə dayanıqlı yaşayış modelinin qurulmasından, təhlükəsiz məskunlaşmanın təmin edilməsindən və insan amilinin mərkəzdə saxlanılmasından gedir.

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova XQ-yə bildirdi:

– Forumun əsas məqsədi uşaqların, gənclərin və ümumilikdə, insanların şəhərsalma ilə bağlı problemlərinin siyasət, planlaşdırma, tikinti və quruculuq proseslərində daha çox nəzərə alınmasına diqqət çəkməkdir. Bu sahədə dünyanın müxtəlif ölkələrində fərqli təcrübələr mövcuddur. Beynəlxalq təşkilatların ayrı-ayrı ölkələrlə, o cümlədən bu gün Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq forum çərçivəsində keçirdiyi müzakirələrin əsas məqsədi də həmin təcrübələri paylaşmaq, eyni zamanda, mövcud problemləri ön plana çıxarmaqdır.

WUF13 həm təcrübə mübadiləsi aparmaq, həm də problemlərin həlli yollarını tapmaq baxımından olduqca vacibdir. Çünki ölkələr bir-birinin uğurlu nümunələrindən istifadə etməklə şəhərsalma və mənzil məsələlərində daha effektiv yanaşmalar formalaşdıra bilirlər. Mənzil təminatı məsələsinə gəldikdə isə dünyanın bütün ölkələri üçün əsas hədəflərdən biri insanların layiqli yaşayış şəraiti ilə təmin olunmasıdır. Heç bir insanın evsiz-eşiksiz qalmaması bütün siyasi sistemlərin və hökumətlərin qarşısında duran ümumi məqsədlərdən hesab olunur. Bunun üçün genişmiqyaslı işlər görülməli, yeni yanaşmalar və müasir standartlar tətbiq olunmalıdır. Yeni şəhərlərin qurulması ilə birgə, həmin şəhərlərdə yaşayacaq insanların da yeni düşüncə tərzinə və davranış mədəniyyətinə uyğun formalaşdırılması vacibdir. Bu istiqamətdə məsuliyyət yalnız dövlətlərin üzərinə düşmür. Cəmiyyətin hər bir üzvü prosesdə iştirak etməlidir.

Hər hansı layihə dövlət tərəfindən həyata keçirilsə də, ondan istifadə edən yenə insanlardır, cəmiyyətin özü, uşaqlar və gələcək nəsillərdir. Çünki şəhər infrastrukturu dağıdılmaq və ya məsuliyyətsiz şəkildə istifadə edilmək üçün deyil, insanların rifahına xidmət etmək üçün qurulur.

WUF13 kimi beynəlxalq forumlar müxtəlif ölkələrin nümayəndələrinə real vəziyyəti yerində görmək və konkret problemlər əsasında qərarlar vermək imkanı yaradır. Məsələn, güclü yağışların yaratdığı fəsadlar gələcəkdə hansı addımların atılmalı olduğunu müəyyənləşdirmək üçün praktiki nümunə rolunu oynayır. Buna görə də siyasət mümkün ehtimallara deyil, real hadisələrdən çıxarılan nəticələrə əsaslanmalıdır.

Hazırladılar:
Fidan ƏLİYEVA,
Ləman TƏHMƏZ,
Cavid QAÇAYEV (foto)
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:126
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 May 2026 10:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri