Dünyanın üç nüvə gücü eyni masa arxasında: Tramp, Si Cinpin və Putin görüşə hazırlaşır
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Beynəlxalq siyasətin diqqəti qarşıdakı günlərdə Çinə yönələcək. Dünya nizamının formalaşmasında mühüm rol oynayan üç böyük dövlətin - ABŞ, Çin və Rusiyanın liderləri Donald Tramp, Si Cinpin və Vladimir Putin ilk dəfə üçtərəfli formatda bir araya gəlməyə hazırlaşırlar. Noyabrın 19-da Çinin Şençjen şəhərində Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində keçirilməsi planlaşdırılan görüş beynəlxalq münasibətlər sistemində əlamətdar diplomatik hadisə kimi qiymətləndirilir.
“Associated Press” (AP) agentliyinin yaydığı məlumata görə, ABŞ Prezidenti Donald Tramp Asiyaya səfəri çərçivəsində Çin və Rusiya liderləri ilə nüvə silahlarının azaldılması, beynəlxalq təhlükəsizlik və İran ətrafındakı vəziyyət barədə müzakirələr aparmağı planlaşdırır. Ağ Ev rəsmiləri daha əvvəl üçtərəfli danışıqlarda konkret razılaşmaların əldə olunmasının gözlənilmədiyini, görüşün nüvə tərksilahı istiqamətində ilkin dialoqun başlanğıcı ola biləcəyini bildiriblər.
Lakin Trampın son açıqlaması danışıqların gündəliyinə yeni məqam əlavə edib. ABŞ Prezidenti Ukraynada davam edən müharibənin də Si Cinpin və Vladimir Putinlə müzakirə olunacağını istisna etməyib. Bu isə görüşün əvvəlcədən elan edilmiş gündəliyinin genişlənə biləcəyini göstərir. Xüsusilə müharibənin davam etdiyi bir vaxtda Vaşinqton, Moskva və Pekin arasında aparılacaq müzakirələrin hansı nəticələr doğuracağı beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.
Görüşün ən mühüm istiqamətlərindən biri nüvə təhlükəsizliyi məsələsidir. ABŞ və Rusiyanın nüvə arsenallarına dair əvvəlki məhdudlaşdırıcı razılaşmanın qüvvədən düşməsi qlobal təhlükəsizlik sistemində yeni narahatlıqlar yaradıb. Vaşinqton daha geniş formatda, Çinin də iştirak edəcəyi nüvə silahlarına nəzarət mexanizminin yaradılmasında maraqlıdır. Bununla belə, Çinin nüvə arsenalının ABŞ və Rusiyanın arsenallarından xeyli kiçik olması Pekinin belə bir razılaşmaya yanaşmasında müəyyən fərqlər yaradır.
Çin tərəfi də qarşıdakı görüşə xüsusi əhəmiyyət verir. Pekinin mövqeyinə görə, üç ölkənin liderlərinin bir araya gəlməsi beynəlxalq sülhün qorunması və sabitliyin möhkəmləndirilməsi istiqamətində mühüm dialoq imkanıdır. Rusiya isə bu görüşü ABŞ və Çinlə münasibətlərdə yüksək səviyyəli siyasi təmasların genişləndirilməsi baxımından əhəmiyyətli hesab edir.
Bununla yanaşı, Ukrayna məsələsinin müzakirə olunması ehtimalı xüsusi diqqət doğurur. Ukrayna Prezidenti Volodimir Zelenskiy üç böyük dövlətin liderləri arasında keçiriləcək danışıqların Kiyevin iştirakı olmadan ölkəsinin gələcəyinə dair qərarların müzakirəsinə çevrilməsindən narahatlığını ifadə edib. Bu məqam bir daha göstərir ki, beynəlxalq təhlükəsizlik məsələlərində maraqlı tərəflərin mövqeyinin nəzərə alınması nə qədər vacibdir.
Şençjendə keçiriləcək görüşün əhəmiyyəti yalnız üç ölkənin münasibətləri ilə məhdudlaşmır. ABŞ, Çin və Rusiya dünya iqtisadiyyatına, enerji bazarlarına, hərbi-siyasi təhlükəsizliyə və beynəlxalq təşkilatların fəaliyyətinə təsir imkanlarına malik dövlətlərdir. Bu ölkələrin liderləri arasında əldə ediləcək hər hansı anlaşma və ya dialoqun genişlənməsi qlobal siyasi mühitə təsirsiz ötüşməyəcək.
Müasir dünyanın qarşılaşdığı müharibələr, geosiyasi rəqabət, nüvə silahlarının yayılması və iqtisadi qeyri-sabitlik böyük dövlətlər arasında məsuliyyətli əməkdaşlığı zəruri edir. Şençjendəki görüşün real nəticələrinin nə olacağını indidən söyləmək çətindir. Ancaq aydındır ki, dünyanın üç nüvə gücünün liderlərinin eyni masa arxasında əyləşməsi beynəlxalq münasibətlərdə yeni diplomatik mərhələnin başlanğıcı ola bilər. Bəşəriyyətin gözləntisi isə güc nümayişindən deyil, sülhü, təhlükəsizliyi və qarşılıqlı etimadı möhkəmləndirən qərarlardan ibarətdir.
N.Adilqızı
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Noyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















