Xalq rəssamı: Estetik əməliyyatdan sonra xanımların portretlərini çəkə bilmirəm
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Hesab edirəm ki, rəssamlıq, musiqi və ədəbiyyat bir yerdə olmalıdır, çünki bunların üçü də vəhdət təşkil edir. Bu gün rəssamlar var ki, heç bir muğamı bir-birindən ayıra bilmirlər və ya musiqiçilərin, ədəbiyyatçıların əksəriyyəti rəsm əsərləri barədə heç nə bilmirlər.
Baxırsan ki, tanınmış yazıçıdır, şairdir, musiqiçidir, rəsm əsərinə baxır, amma heç nə görmür, anlamır. Belə yaradıcı insan olar ki, rəngi anlamasın? Deyəndə də deyirlər, mənim başım çıxmır. Başın çıxmaya bilər, bəs sevmək? Sevmək ayrı şeydir axı. Məgər bir xanımı sevəndə biz onun bütün xarakterini bilib sevirik? Yavaş-yavaş öyrənirik də hər şeyi. Bundan əlavə, öyrənmək üçün gərək sual verəsən, öyrənmək istəyəsən axı. Yoxsa sərgiyə gəlib, elə kor-koranə baxıb, çıxıb getməklə və yaxud əsərə şəkil deməklə nə öyrənəcəksən, necə başın çıxacaq?"
Bunu Oxu.Az-a müsahibəsində Xalq rəssamı, UNESCO Rəssamlar Birliyinin üzvü, akademik Sakit Məmmədov deyib.

- Sakit bəy, neçə ildir rənglərin sehri ilə yol gedirsiniz?
- Mən uşaq vaxtından, demək olar ki, altı yaşından nələrsə çəkirdim. Baxmayaraq ki, o vaxtlar çəkməkdən daha çox oxumağı sevirdim, musiqi, ədəbiyyat, tarixlə daha çox maraqlanırdım. Amma valideynlərim bilirdilər ki, mən rəssam olacağam.
- Sizdən başqa nəslinizdə rəssam var?
- Xeyr, mənə qədər nəslimizdə rəssam olmayıb. Özüm balıqçı oğluyam. Ona görə evdəkilərə də maraqlı gəlirdi ki, görəsən rəssam necə olmalıdır və ya necə ola bilər? Məsələn, indi artıq ailəmizdə rəssam var, qohumlarda var, dostlarda var. Yəni ailədə, ətrafında rəssam olanda ona artıq qeyri-adi adam kimi baxmırsan. Amma rəssam olmayanda sənə qəribə baxırlar ki, bu niyə belədir? Yəni, olurdu ki, mən başqalarının diqqətini çəkməyən adi bir şeyə, məsələn, kolun üstündəki tikana saatlarla oturub baxırdım. Yaxud həyətdəki toyuq-cücəyə, saatlarla baxırdım. Hamı düşünürdü ki, görəsən bu, onlarda nə görür? Dəniz kənarına gedərdik, camaat gedib çimərdi, əylənərdi, mən qumdan heykəllər düzəldərdim. Ona görə də mənə el dilində desəm, bir az maymaq kimi baxırdılar (gülür). Bəzən deyirdilər ki, bu uşağı bəlkə bir həkimə aparaq? Adam bir şeyə oturub niyə saatlarca baxsın? Bəlkə psixoloji xəstəliyi var? Mən isə əslində hamını və hər şeyi görürdüm".
- Bu, müşahidə qabiliyyətindən doğan bir şey idi?

- Bəli, bu, müşahidə qabiliyyəti idi, amma valideynlərim və ətrafımdakılar bunu başa düşə və qəbul edə bilmirdilər. Deyirdilər, bir şeyə beş dəqiqə baxdın, bəsdir də. Çəkirsənsə çək, çəkmirsənsə, niyə saatlarca zillənirsən? Mən də səbəbi izah edə bilmirdim (gülür). Olurdu ki, evimizə qonaq gəlirdi, evdə hamı söhbət edirdi, mən sadəcə onun üzünə baxırdım. Hətta olurdu ki, qonaq nəsə deyirdi, eşitmirdim. Qardaşlarım deyirdilər ki, gözü səndə olsa da, fikri başqa yerdədir (gülür). Deyirdilər, sən diqqətsizsən. Əslində isə mən onlardan daha diqqətli idim. Sadəcə onun nə dediyi mənim üçün maraqsız idi. Mənə maraqlı olan onun siması, mimikası, əlinin quruluşu, hərəkətləri və s. idi.
- Əlinizə ilk qələm aldığınız gündən bu günə kimi neçə il keçib?
- Demək olar 60 il.
- 60 ildir ki, rənglərlə yol gedirsiniz...
- Birbaşa rənglərlə deməyim. Əsas sənətə mən başlamışam 1987-ci ildə Repin adına Sankt-Peterburq Rəssamlıq Akademiyasını bitirib Bakıya dönəndən sonra. Həmin vaxt da çətin dövrə təsadüf etdi. Qarabağ hadisələri, məcburi köçkün məsələsi başlandı, müəyyən problemlər yarandı, amma hər halda yavaş-yavaş emalatxanada işləməyə başladım.
- Sakit bəy, necə düşünürsünüz, bu istedad, bu fərqlilik yaradılışdan hamıya verilir, yoxsa Yaradan tərəfindən kimlərəsə ərmağan edilir?

- Mən hesab edirəm ki, istedad Yaradan tərəfindən insana verilir. Düşünürəm ki, sənətdə müəyyən şeyləri öyrətmək olar. Kiməsə çəkməyi öyrətmək olar, amma rəssamlığı öyrətmək olmaz. Necə ki, şairliyi, yazıçılığı öyrətmək olmaz, eləcə də rəsm əsərini də yaratmaq olmaz, əgər o Yaradan tərəfindən insana verilməyibsə.
- Bəs bəxt, şans hansısa rol oynayır insanın həyatında?
- Hesab edirəm ki, bəxti də, şansı da insan özü özünə gətirə bilir. Mən özüm Neftçalada doğulmuşam, dediyim kimi, balıqçı ailəsində, atam da, qohumlarım da balıqçı idilər. Təsəvvür edin ki, bir tərəfimiz Xəzər, bir tərəfimiz Kür. Mənə sual verdilər ki, alın yazısına inanırsan? Dedim, bəli, inanıram, amma mən alın tərimlə alın yazımı silib, onu təzədən yazmışam. Bəxti də, şansı da insan özü yaxalamalıdır. Şans hər bir insana verilir, bir dəfə verilir, iki dəfə verilir, ya beş dəfə verilir deyə bilmərəm, amma mütləq verilir, sadəcə onu tutmaq lazımdır. Elə insan tanımıram ki, həyatda ona şans verilməsin, sadəcə o şansdan düzgün istifadə edə bilmirik çoxumuz.
- Sizcə bir rəssamın yaratdığı əsər onun intellektindən doğur, yoxsa daxili dünyasından?

- Daxili dünyasından. İntellekt tam ayrı bir şeydir - onu insan özü qazanır, oxuyur, öyrənir. Daxili aləm isə ancaq oxumaqla formalaşmır. Məsələn, baxırsan ki, adam gedib az qala 20 il ali təhsil alıb, amma əxlaq anlayışından xəbəri yoxdur. İnsan da var ki, heç bir yerdə oxumayıb, o qədər zəngin daxili dünyası, əxlaqı var ki, o 20 il oxuyan onun yanında heç kimdir. Təbii ki, intellekt də insanın bəzəyidir, olsa nə gözəl. Real həyata gələndə isə iş prosesində hər hansı portreti yaradanda orada mənim oxuduqlarım artıq mənə lazım olmur. İçimdən nə gəlirsə, onu çəkirəm və bütün öyrəndiyim qanunların, yəni "olmaz" deyilən şeylərin tam əleyhinə gedirəm. Rəssamlıq nədir? Rəssamlıq ağ kətanın üstünə öz ideyanı çəkib onun varlığını sübut etməkdir.
- Hesab edirsiniz ki, o "olmaz" deyilənlərə "olar" deyə verdiyiniz qərarlar elə müəyyən bilginin, bazanın özündən doğmur? Əgər nəyisə bilməsəniz, o bazaya sahib olmasanız, onun əleyhinə necə gedə bilərsiniz?

- "Əksinə getmək" ifadəsini o anlamda demədim. Yəni həmin an içimdən nə gəlirsə, onu kətana köçürməyə çalışıram. Rəssamın ruhu necədirsə, siz kətanda o ruhun əksini görəcəksiniz. Ümumiyyətlə, hər bir işdə olduğu kimi rəssamlıqda da ilk növbədə peşəkarlıq lazımdır. Bunun üçün insan oxuyur və ruhunu formalaşdırır, ruh da şəxsiyyəti formalaşdırır. Bu zəncirin sonunda insan şəxsiyyət ola bilmirsə, demək ki, nəyisə düzgün etməyib. Şəxsiyyətin formalaşmasında əsas məsələ insanın özünə güvənməsidir. O özünə güvənəndən sonra nə çəksə, nə ortaya qoysa baxılacaq. Məsələn, dünyaca məşhur Pablo Pikassonu götürək. Görürsünüzmü, bütün dünyaya sübut etdi ki, mən belə çəkirəm, belə görürəm. Eləcə də başqa məşhur rəssamlar. Demək istəyirəm ki, kətana çəkilənlər rəssamın özünüifadə tərzidir, çalışırsan ki, içindəkiləri necəsə o kətana köçürəsən".
- Sakit bəy, atanız balıqçı olub, nəslinizdə də rəssam olmayıb. Özünüzə nə vaxtsa "Sakit, sən niyə rəssam oldun?" sualını verdinizmi?
- Deyəsən verməmişəm (gülür). Əslində mənim böyük qardaşım da rəsm çəkirdi. Deyim sizə, o məndən qəşəng çəkirdi. Mən ondan öyrənirdim. Hətta biz yarışırdıq, görək kim daha yaxşı çəkəcək.

Sizinlə bir xatirəmi bölüşüm: günlərin bir günü atamdan xahiş etdim ki, mənə rəngli qələmlər alsın. O vaxt da rəngli qələmlər adətən ya altı, ya 12 rəngdə olurdu. Atama dedim ki, bu rənglər mənə bəs etmir, rənglər azdır. Atam getdi ən çox rəngləri olan qələm qutusu sifariş etdi və bir gün içində 96 rəngdə qələm olan o qutunu gətirdi qoydu qarşıma. O gün mən dünyanın ən xoşbəxt adamı idim. O qələmləri mən tam bitənə kimi işlətdim. Yəni o qədər ki, artıq barmaqla tutmaq mümkün deyildi. O 96 rəngli qələm qutusu mənim həyatımda aldığım ən böyük, ən qiymətli, ən dəyərli hədiyyəm idi. İkinci ən böyük hədiyyəm isə atamın mənin üçün aldığı musiqi alətləri idi. Bu iki şeydən başqa heç bir hədiyyə məni o qədər sevindirmir, xoşbəxt etmirdi. Beləcə özüm-özümü formalaşdırmağa başlayırdım.
Bir dəfə jurnalların birində Xalq rəssamımız Mikayıl Abdullayevin bir əsərini gördüm, inanırsınız ki, sabaha qədər yata bilmədim? Əsər o qədər gözəl idi ki, heç cür gözümü çəkə bilmirdim.
- Sizin bir Mikayıl Abdullayev sevginiz də var, bildiyim qədər. O sevgidən doğmuş olmasın bu diqqət?
- Bəli, var. Amma tək Mikayıl Abdullayev deyil. Tahir Salahov, Böyükağa Mirzəzadə və digər Azərbaycan rəssamlarının hər birinə mənim xüsusi hörmətim var. Yəni, mənim üçün ən birinci yerdə özümüzünkülər dururlar. Çünki Azərbaycan mədəniyyətini bu insanlar tanıdıblar dünyaya. Onlar olmasa idi, nə Azərbaycanı, nə mədəniyyətini dünyada tanımazdılar. Təbii ki, dünya rəssamları da öz yerində, amma əvvəlcə bizimkilər.

- Sakit bəy, necə olur ki, birdən fırçanı əlinizə alıb rəsm çəkmək qərarı verirsiniz?
- O prosesin nə vaxt başladığını heç insan özü də bilmir. Bir də gözünü açıb görürsən ki, sən artıq çəkirsən (gülür).
Bir maraqlı xatirəmi də bölüşüm sizinlə: O vaxt təkcə ailəmizdə yox, məktəbdə də hamı bilirdi ki, mən rəssam olacağam. Bir dəfə müəllimlərimdən biri gördü ki, mən dərs zamanı rəsm çəkirəm, uşaqlar da təbii ki, dönüb baxırlar, görək nə çəkirəm. Müəllim buna görə mənim sinifdən çıxmağımı istədi. Soruşdum ki, məni niyə çıxarırsınız? Dedi ki, sən dərsə mane olursan. Dedim ki, müəllim, mən sizə bugünkü dərsi də, sabahkı dərsi də, hətta bir aydan sonra keçəcəyiniz dərsi də danışa bilərəm. Dedi, o necə olur elə? Dedim, çünki mən il boyu rəsm çəkməyə vaxtım olsun deyə, bütün yayı oturub dərsləri oxuyuram.
Bu məsələdə də üstünlüyüm onda idi ki, qardaşım məndən böyük olduğu üçün o dərslərini oxuduğu zaman mən də hamısını öyrənirdim. İstəyirdim hamısını öyrənim, sonra rəsm çəkmək istəyəndə vaxt məni sıxmasın. Musiqi məktəbinə də gedirdim, amma rəssam olmaq arzum daha böyük idi.
- Sakit bəy, bu həyatda hamımız həqiqət axtarırıq və hər kəsin də öz həqiqəti var. Aydın məsələdir ki, insanın savadı, dünya görüşü, baxış bucağı, olduğu ortama görə formalaşan həqiqət mütləq anlayış ola bilməz, nisbi anlayışdır. Maraqlıdır, rənglər dünyası ilə qidalanan bir insan kimi sizin üçün həqiqət nədir?

- Çox gözəl sualdır əslində... Bəli, hamı deyir ki, həqiqət axtarıram, amma o həqiqəti heç kim özündə axtarmaq istəmir. Həqiqəti də, qüsuru da, səhvi də kənarda axtarırıq, özümüzdə axtarmırıq.
Mənim üçün həqiqət onu özündə tapanların fikirləridir. Həqiqət odur ki, etdiyin yanlışları deyə biləsən, səhvlərinə sahib çıxa biləsən, öyrənməyə çalışasan. Həqiqət elə insanın özünüdəkidir. Hamı ədalət, hamı haqq axtarır. Haqq, ədalət ancaq insanın özünə sərf edənlərlə razılaşması deyil axı.
Dünyada nə haqq, nə ədalət, nə mütləq həqiqət yoxdur, sadəcə insan var. Çingiz Aytmatovun çox gözəl bir sözü var, qəbrinin üstündə də yazılıb - o deyir ki, insan üçün ən çətin şey hər gün insan olmaqdır.
Bir də belə bir şey var - deyirlər ki, mədə ağıldan daha ağıllıdır. Çünki mədə artıq şeyləri qaytara bilir, ağıl isə qaytara bilmir, lazımlı, lazımsız hər şey yığılır beyində. Yığılır, yığılır, yığılır və haradasa bir yerdə o fəsad vurub üzə çıxır. Ona görə çalışmaq lazımdır ki, ədaləti də, həqiqəti də, haqqı da özündə axtarasan.
Dünyanın ən ədalətli sultanı Süleyman sayılır, deyirlər. Hətta ABŞ-də məhkəmə salonunun başında onun portreti asılıb. Əslində Sultan Süleyman ədalətli idimi? Bu, özü də bir sualdır.

- Sakit bəy, olurmu ki, gözünüzün gördüyü ilə beyin fəlsəfəniz üst-üstə düşmür?
- Olur, əlbəttə. Rəssamlar hərdən uşaq kimi olurlar. O qədər saf olurlar ki, kənardakılara qəribə gəlir. Ətraf qoymur ki o saflıq səndə qalsın. "Sən nə qədər safsan" deyib üzə vururlar bunu durmadan. Anlamırsan ki, bəs necə olmalıyam?
Gözüm görənlə fəlsəfəm üst-üstə düşmür, bir də ona görə ki, fırça tutan əllə fikrin, ruhun bir araya gələ bilmir. Onlar isə mütləq bir-birinə uyğun gəlməlidir. Elə şey var ki, istəyirsən çəkəsən, amma çəkmirsən... bu da var.
- Nədən doğur bu tərəddüd?
- Bəzən mentalitetdən, bəzən cəmiyyətin reaksiyasından. Hansısa sözü demək istəyirsən, deyə bilmirsən. Min dəfə ölçüb biçirsən, deyirsən ayıbdır, bunu deyərəm, birdən səhv başa düşülərəm, kiminsə xətrinə dəyərəm, qəlbini qıraram. Məsələn, baxırsan, hansısa məmurdur, boş-boş danışır, dedikləri ilə ətrafdakıların beynini zəhərləyir, amma cəmiyyət səni anlamayacaq deyə nəsə deyə bilmirsən, qalırsan tərəddüd içində.
Beyin zəhərlənməsi çox qorxulu şeydir. Hesab edirəm ki, nə edirlər etsinlər, yesinlər, içsinlər, bircə ətrafdakıların beynini zəhərləməsinlər.
- Bəs zaman anlayışı? Sizcə, sənət zamanın önünə keçə bilir?

- Əlbəttə keçə bilir. Zaman dünyada ən qiymətli meyardır. Onu doğru-düzgün dəyərləndirəndə o getmir, yox olmur, olduğu yerdə qalır.
Məsələn, baxırsan ki, biri gedir 30 manatlıq, o biri 10 min manatlıq saat alıb taxır qoluna. Əslində saat nədir? Ölüm aparatı. Sən hər ona baxdıqca, o səni sona tərəf aparır. Özlüyündə isə zaman olduqca qiymətlidir. Baxın, qarşınızdakı bu əsəri deyək ki, bir aya çəkib ərsəyə gətirmişəm. O zaman olmasaydı, bu əsər də olmayacaqdı. Demək bu əsərin yarandığı zaman keçib gedə bilməyib, qalıb yerində. Çünki mən bu əsərlə onu əbədiləşdirmişəm və saxlamışam. Yaradıcı insanların - rəssamın, şairin, yazıçının, musiqiçinin və s. böyüklüyü də ondadır ki, zamanı saxlaya bilirlər.
- Sizi nə bezdirir?
- Bekarçılıq. Onun qədər məni bezdirən ikinci bir şey yoxdur. Bəlkə inanmazsınız, amma bulvara getdiyim yadıma gəlmir. Yaxud gedim Antalyada dənizə baxım, ya da hansısa rayonda dağa gedim, oksigen qəbul edim, dincəlim məsələsi mənə yaddır.
- Bəs necə dincəlirsiniz?
- Mən bir kitab oxuyanda, musiqi dinləyəndə və bir də ən çox əsər çəkəndə tam dincəlirəm. Ona görə də çalışıram ki, zamanımı bir an da olsun itirməyim. Məsələn, emalatxanadayam, görürəm ki, çəkməyə həvəsim yoxdur, açıram bir maraqlı kitab oxuyuram, yaxud kiminsə haqqında bir filmə baxıram, musiqi dinləyirəm... Yəni həyat məndə tam başqa cürdür, fərqlidir. Bu, heç bir halda dəlilik deyil (gülür), dəli kimi yaşamıram. Dəlilik hissiyyatsızlıq deməkdir. Bu, sadəcə mənim zamana verdiyim dəyərdir, onu qiymətləndirmək istəyimdir.
- Sakit bəy, çox yaşamaq, yoxsa az yaşamaq?

- Belə bir meyarım yoxdur. Dediyim kimi, insan ilk olaraq zamana qiymət verməlidir. Bəzən çox dərin olmayan insanlar deyir ki, filankəs 80 il yaşadı, filankəs 60 il yaşadı, filankəs 100 il yaşadı, bu, ədalətsizlikdir.
Ola bilər ki, kimsə 100 il yaşadı, bəs istifadə edə bildimi? Amma deyək ki, Müşfiq istifadə edə bildi, neçə il yaşadı ki, cəmi 28 il və yaxud Van Qoq, Rafael və digər dühalar istifadə edə bildilər. Onlar həyatdan çox tez köçüblər, amma sanki hərəsi 100 il yaşayıb.
- Rəssamlar gözəlliyi daha yaxşı görür, deyirlər. Gözəllik də həqiqət kimi mücərrəd məfhumdur. Sizin üçün gözəllik nədir?
- Mənim üçün gözəllik tam başqa bir anlam daşıyır. Əgər insan hamının gözəl dediyi bir şeyə gözəl deyirsə, demək şüur altında ona nəsə təsir edib. Yəni, bir adamı o qədər tərifləyirlər ki, sənə elə gəlir ki, o doğrudan da gözəldir. Bir rəssamın, şəxsən mənim gözümdə isə gözəllik tamam başqa bir məfhumdur. Mən gözəl deyilən insanın ilk növbədə zövqünə baxıram, nəyə gözəl dediyinə baxıram.

Məsələn, baxırsan gözəl deyilməyən bir xanım gəlir, elə gözəl əyləşir ki, valeh olursan. O, mənim gözümdə daha gözəldir, nəinki hamının gözəl dediyi, amma oturuşunu, duruşunu bilməyən adam.
Portretlərə gələndə, olub ki, yaşlı bir xanımın portretini çəkmişəm və o, mənə çox gözəl görünüb. Gözəllik var ki, insan yaşlandıqca itir, gözəllik də var ki, cavanlığında heç hiss olunmayıb, amma gəlib 60-70 yaşına çatanda baxırsan ki, nur tökülür üzündən. Yaxud baxırsan, biri elə gözəl geyinib ki, içəri girən kimi o şarm səni çəkir. Di gəl, ağzını açan kimi bütün gördüyün gözəlliklər yoxa çıxır. Mənim üçün gözəllik oturuşdur, duruşdur, mədəniyyətdir, danışıq tərzidir, yemək tərzidir, etdiyi söhbətidir, ağlıdır.
- Sakit bəy, bu gün gözəl görünmək uğrunda xanımlar arasında sanki bir rəqabət gedir. Bir rəssam kimi estetik əməliyyatdan sonrakı gözəlliklə bağlı fəlsəfəniz nə deyir?
- Məncə, estetik əməliyyatı özündən narazı olan insanlar edirlər. Düzdür, mən xanımların işinə qarışmaq istəmirəm, amma istənilən halda hesab edirəm ki, heç nəyi əndazədən çıxarmaq olmaz.
- Siz onları gözəl kimi görmürsünüz?

- Əlbəttə xeyr. Mən artıq onları gözəl kimi görə bilmərəm, çünki üzlərindəki bütün mimikalar, üz cizgiləri itir. O cür xanımlar gəlib portret sifariş verəndə mənə qəribə gəlir, çəkə bilmirəm. Çəkə bilmirəm, çünki üzün bir ayrı, gülüşün bir ayrı mimikası var. Bütün mimikalar yerində olmalıdır ki, rəssam ondan nəsə yarada bilsin. Bu gün, inciməsin xanımlar məndən, əksər xanımlar inkubator cücəsi kimi bir-birlərinə oxşayırlar. Cavan qızlara baxırsan, burnunu o qədər xırda etdirib ki, nəfəs ala bilmir, fısıldaya-fısıldaya gəzirlər. Adam özünə niyə bu qədər əziyyət versin? Axı bu, gözəllik deyil.
Rəssam üçün obrazsızlıq yaranır. Ətrafa baxırsan, amma obraz tapa bilmirsən. Ekran qarşısına keçirsən, müğənnilər hamısı bir-birinə oxşayırlar, artıq heç birini ayırd edə bilmirəm ki, kim kimdir. Hamısı eyni adam təsəvvürü yaradır.
- Sakit bəy, hüzurunuza sığal çəkən rəng var?
- Əlbəttə var, amma bir rəng deyil, dəyişikdir. Bəzən olur ki, qırmızıya baxanda olduqca rahat oluram, bəzən olur ki, qırmızıdan bezirəm, tutaq ki, yaşıl rəng xoşuma gəlir, bir də baxırsan, qara və ya ağ xoşuma gəlir. Əhvalıma görə dəyişir yəni. Rəssam üçün ən böyük hüzur elə rənglərlə oynamaqdır.
- Bu arada sizin yeni bir məktəbiniz, bir üslubunuz var - opalizm. Niyə opalizm?
- Opalizm - opal daşının adı ilə bağlıdır və əsərin təsvir üslubudur.

- Nə bağlayıb sizi opal daşına?
- Bir xanım gəlmişdi Avstraliyadan yanıma. Boynunda medalyonu vardı. Uzaqdan elə göründü ki, mənim əsərimdir -rənglər o qədər gözəl idi. Xahiş etdim ki, olar baxım ona? Çıxartdı verdi və dedim ki, opal daşıdır. İlk dəfə opal daşını mən onda gördüm. Süjet yox idi, sadəcə rənglər. Ona görə də indi dünyanın hər yerində çıxan kitablarda rəssamlıq janrları arasında opalizm də yazılır, mötərizədə də Sakit Məmmədov imzası qeyd edilir. Mən öz rənglərimi ancaq o daşda görmüşəm.
- Rəssam olmasaydınız, kim olardınız?
- Musiqiçi olardım. Əksər alətlərdə çala bilirəm - saz, tar, ud, gitara, zərb aləti, piano, qarmon və s.
- Hansı alətə üstünlük verərdiniz?
- Yəqin ki, uda. Qəlbimin səsini uddan eşidirəm sanki. Ümumiyyətlə, simli alətlərə üstünlük verirəm.
- Yaradıcılığın ən gözəl çağı hansı yaşda olur?
- Mənə görə rəssamın ən gözəl yaradıcılığı 60 yaşından sonra olur. Artıq çox fərqli düşünürsən, hər şeyi anlayırsan, yavaş-yavaş dünyanı dərk etməyə başlayırsan. Məsələn, əvvəllər mən ruh haqqında heç düşünmürdüm, indi isə ruh haqqında hətta kitab yazmaq istəyirəm.
- Sakit bəy, rəssamın hər hansı əsərinə qiymət qoyma meyarları hansılardır?

- Mən hesab edirəm ki, yaratdığı əsərlər rəssamın qız övladlarıdır, vaxtı çatanda köçüb getməlidirlər. Ona görə də qiymət qoymadan əvvəl rəssam da düşünür görəsən bu əsər hara düşəcək, ona necə baxılacaq, gələcək taleyi nə olacaq. Hər birinə bir növ övlad kimi yanaşdığın üçün birbaşa qiymət deməyə də utanırsan. Mən heç vaxt birbaşa qiymət deyə bilmirəm. Hər bir əsərin öz tarixçəsi var, ona görə onu hara gəldi və necə gəldi vermək olmur, bəzən lap nə qədər pul versələr də. Əsərlərin də taleyi bəzən insan taleyinə bənzəyir.
Məsələn, əsər var o qədər xoşbəxtdir ki, onu aparıb Vatikanda kral sarayında asıblar və yaxud məşhur Tretyakov qalereyasında asıblar, əsər də var ki, onu alıblar, amma baxımsızlıqdan əsər deşilib. O gün bir əsərimlə bağlı bunu mənə dedilər, çox pis təsir etdi. İndi gərək mən gedim onu olduğu yerdən götürüm və bərpa edim. Əsəri almaq şərt deyil, əsərə əsər kimi baxmaq, onu qorumaq şərtdir.
- Hədiyyə verə bilirsiniz əsərlərinizdən?
- Bəzən olur, amma baxır hara. Məsələn, Beynəlxalq Millətlər Təşkilatının binasında mənim əsərim asılıb, onu hədiyyə etmişəm. Avropa Şurasına əsərlərimdən hədiyyə vermişəm ki, bu, mənim ölkəmin, xalqımın, millətimin adınadır.
Daha çox foto burada: PhotoStock.az
Əzizə İsmayılova


