Icma.az
close
up
RU
Dövlətin qiymətli kağızı necə qiymətsiz ola bilər? Deputat deyir ki...

Dövlətin qiymətli kağızı necə qiymətsiz ola bilər? Deputat deyir ki...

Ayna saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Parlamentə kütləvi müraciət: vətəndaşlardan dövlətdən halal haqlarını istəyirlər

Ötən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu və problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar.

Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.

Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.

Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri vurğulayırlar ki, son illərdə onlarla deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.

“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, - deyə müraciətdə bildirilir.

Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi.

Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər. Müraciətə reaksiya verən millət vəkilləri əhalinin tələbini qanuni sayır və hökumətə, müvafiq qurumlara çağırışlar ünvanlayırlar ki, problem tezliklə və ədalətli şəkildə həll edilsin. Həmçinin, vətəndaşlara məsləhət görürlər ki, dələduzlara aldanaraq, əllərindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzinə “qara bazar”da satmasınlar.

(1-ci MÜRACİƏT, 2-ci MÜRACİƏT, 1-ci YAZI, 2-ci YAZI, 3-cü YAZI, 4-cü YAZI, 5-ci YAZI, 6-cı YAZI, 7-ci YAZI, 8-ci YAZI)

AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibətini öyrənməyə davam edir.

Yeni Azərbaycan Partiyasından deputat Elnarə Akimova:

“Bu məsələyə münasibət bildirərkən həm tarixi konteksti, həm hüquqi çərçivəni, həm də Azərbaycanın son 20 ildə əldə etdiyi real iqtisadi nailiyyətləri nəzərə almaq vacibdir. Özəlləşdirmə çekləri Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkənin ən mürəkkəb və həssas dövründə – planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid mərhələsində tətbiq olunmuşdu. Məqsəd vətəndaşların dövlət mülkiyyətinin bölüşdürülməsində iştirakını təmin etmək, eyni zamanda, özəlləşdirmə prosesinə ictimai legitimlik qazandırmaq idi.

Bu çeklər hüquqi baxımdan şərtsiz və müddətsiz maliyyə aləti yox, konkret mərhələlər və mexanizmlər çərçivəsində nəzərdə tutulmuş keçid dövrü instrumenti idi. Qanunvericilikdə onların tətbiq sahəsi, dövriyyə müddəti və özəlləşdirmə obyektləri aydın şəkildə müəyyən edilmişdi.

Dövlət bu proses çərçivəsində öz üzərinə düşən öhdəliyi yerinə yetirib: çeklər paylanıb, mexanizmlər yaradılıb, özəlləşdirmə mərhələləri həyata keçirilib. Bir çox vətəndaş bu hüquqdan istifadə edib, digərləri isə müxtəlif səbəblərdən – məlumat çatışmazlığı, bazar mexanizmlərinin yetkin olmaması və ya şəxsi qərarlar ucbatından bundan yararlana bilməyiblər. Bu isə hüquqi baxımdan dövlətin məsuliyyətini deyil, keçid iqtisadiyyatına xas obyektiv çətinlikləri əks etdirir.

Çeklərin yenidən dövriyyəyə qaytarılması məsələsinə gəldikdə isə, bu təşəbbüs təkcə hüquqi deyil, eyni zamanda, ciddi makroiqtisadi və fiskal risklər yarada bilər. Aradan onilliklər keçdikdən sonra dövlət mülkiyyətinin yenidən bölüşdürülməsi mülkiyyət münasibətlərində qeyri-müəyyənlik yaradar, investisiya mühitinə mənfi təsir göstərə və iqtisadi sabitliyi sarsıda bilər. Məhz bu səbəbdən dünya təcrübəsində də özəlləşdirmə vauçerləri keçid mərhələsi bitdikdən sonra bərpa edilmir.

Digər tərəfdən, Azərbaycan bu gün 1990-cı illərin iqtisadi reallıqlarından tamamilə fərqli bir mərhələdədir. Son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz enerji təhlükəsizliyini təmin edib, iqtisadiyyatını şaxələndirib, yoxsulluq səviyyəsini kəskin şəkildə azaldıb. Ümumi daxili məhsul dəfələrlə artıb, strateji valyuta ehtiyatları xarici borcu dəfələrlə üstələyir, dövlət büdcəsi sosial yönümlü layihələr hesabına davamlı şəkildə böyüyür. Böyük infrastruktur layihələri, regionların inkişaf proqramları, sosial paketlər və məşğulluq təşəbbüsləri vətəndaşların rifahının yüksəldilməsinə yönəlib.

Bu gün dövlət sosial ədaləti artıq özəlləşdirmə çekləri kimi dolayı mexanizmlərlə deyil, birbaşa və daha effektiv alətlərlə təmin edir: sosial müavinətlər, pensiya islahatları, minimum əməkhaqqının və sosial ödənişlərin mütəmadi artırılması, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri buna nümunədir. Yəni vətəndaşın dövlətin iqtisadi uğurlarından pay alması artıq sistemli və davamlı xarakter daşıyır.

Təbii ki, vətəndaşların müraciətlərinə hörmətlə yanaşmaq, onları dinləmək və hüquqi izah vermək bizim borcumuzdur. Lakin eyni zamanda, açıq və məsuliyyətli şəkildə deməliyik ki, keçmiş mərhələlərin alətlərini bugünkü iqtisadi reallıqlara mexaniki şəkildə tətbiq etmək nə hüquqi, nə də iqtisadi baxımdan məqsədəuyğundur. Dövlət maraqları, iqtisadi sabitlik və gələcək nəsillərin rifahı bu məsələlərdə əsas meyar olmalıdır.

Bu baxımdan, özəlləşdirmə çekləri ilə bağlı məsələ emosional çağırışlar yox, məhz hüquqi reallıqlar və Azərbaycanın qazandığı iqtisadi nailiyyətlər fonunda dəyərləndirilməlidir. Dövlətə və onun strateji qərarlarına etimad isə dayanıqlı inkişafın əsas şərtidir”.

Yeni Azərbaycan Partiyasından deputat Hikmət Məmmədov:

“Sözügedən məsələ ilə bağlı iqtisadçı deputatlarımız daha əhatəli danışa və mütərəqqi təkliflərini səsləndirə bilərlər. Ona görə də, bu barədə geniş nəsə demək istəmirəm.

Əlbəttə, zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən hər bir vətəndaşın özəlləşdirmədə iştirakının təmin olunması üçün çox mütərəqqi addım atıldı, fərman imzalandı. Bu proses ölkədə getdi və vauçerlərin dövriyyəsi bir neçə dəfə artırıldı.

Bütün hallarda, aidiyyəti qurumlar vətəndaşların müraciətinə baxmalı və lazımi qərar verməlidir. Problem varsa, şikayət varsa, hüquqi yolu nədirsə, o yolla da problem aradan qaldırılmalıdır və inanıram ki, hüquq çərçivəsində məsələ həllini tapacaq”.

Bitərəf deputat Azay Quliyev:

“Özəlləşdirmə çekləri Azərbaycan Respublikasında 1990-cı illərdə həyata keçirilmiş dövlət özəlləşdirmə proqramının tərkib hissəsi olub və həmin proses qanunvericiliklə müəyyən edilmiş müddət, mexanizm və şərtlər çərçivəsində icra edilib. Çeklərin dövriyyədə olması və istifadəsi konkret normativ hüquqi aktlarla tənzimlənib və bu proses hüquqi baxımdan bitmiş hesab olunur.

Hüquqi baxımdan qeyd edilməlidir ki, çeklər müddətli qiymətli kağız statusu daşıyıb və onların istifadəsi üçün müəyyən edilmiş vaxt çərçivəsi qanunvericiliklə məhdudlaşdırılıb. Səhv etmirəmsə, çeklərin etibarlılıq müddəti 2011-ci ildə başa çatıb. Bu müddət başa çatdıqdan sonra çeklərin dövriyyədən çıxarılması hazırkı mərhələdə avtomatik olaraq hüquq pozuntusu kimi qiymətləndirilə bilməz.

Bununla belə, sosial ədalət, vətəndaşların gözləntiləri və tarixi kontekst nəzərə alınmaqla, məsələyə yalnız hüquqi deyil, eyni zamanda, sosial-siyasi aspektdən də baxıla bilər. Parlament üzvü kimi hesab edirəm ki, bu mövzu ilə bağlı müvafiq icra hakimiyyəti orqanları tərəfindən mövcud normativ bazanın təhlili və mümkün alternativ mexanizmlərin araşdırılması nəzərdən keçirilə bilər.

Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, çeklərin yenidən dövriyyəyə qaytarılması geniş hüquqi, iqtisadi və institusional qiymətləndirmə tələb edir”.

QEYD

Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.

Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.

Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.

Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.

Əlavə qeyd

Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!

Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.

Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.

Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.

Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!

Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://ayna.az
archiveBu xəbər 11 Yanvar 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri