Icma.az
close
up
RU
Xeyirxahlıq mücəssəməsi

Xeyirxahlıq mücəssəməsi

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Hacı Mehman FƏRZULLAYEV

Ötən əsrin səksəninci illərinin ortaları idi, "Kommunist" qəzetində işləyirdim. Erməni məsələsi cəmiyyət üçün ortada yox idi, arada şayiələr gəzir, bəzi söhbətlər danışılırdı.

Zeydulla müəllim - filoloq alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Zeydulla Ağayev Xarici Dillər İnstitutunda kafedra müdiri işləyirdi. Tez-tez redaksiyaya gəlir, respublikanın ictimai-siyasi həyatında baş verən hadisələr, yeni elmi nailiyyətlər, xarici ölkələrdə yaşayan azərbaycanlılardan bəhs edən çox oxunaqlı publisistik yazılar gətirərdi.

1986-cı ilin sentyabrında isə demək olar ki, hər gün redaksiyaya gəlib əməkdaşlar və redaktor Rəşid Mahmudovla görüşsə də, qəzetdə yazısı görünmürdü...

Nəhayət ki, 27 sentyabr sayında üçüncü səhifənin aşağısında altı kalonda - "Publisistin qeydləri" rubrikası altında "Aşkarlıq" adlı bir padval yazısı işıq üzü gördü. Məqalə bəzi yuxarı dairələrdə bomba partlayışı effekti yaratmışdı.

Bu yerdə Zeydulla müəllimin "Aşkarlıq" məqaləsindən sonra baş vermiş hadisələri yada salmaq istərdim:

Moskvadan və Azərbaycan KP MK-dan zəng vurub ciddi narazılıq bildirmişdilər. Günün sonunda və daha bir neçə gün redaktorumuz Rəşid müəllimin üzü gülmür, çox qayğılı görünürdü. Bir qədər sonra Rəşid müəllimi "Kommunist" qəzetinin redaktorluğundan "Azərbaycan Kommunisti" - "Kommunist Azerbaydjana" ideoloji jurnalına baş redaktor göndərdilər.

"Aşkarlıq" yazısından bir neçə sətri yada salmaq istərdim...

"...Böyük binada qəflətən yanğın baş verməsi də, həmin gözlənilməz hadisələrdən biri oldu. Səhərisi milyon yarımlıq şəhər sakinlərinin hərəsinin ağzından bir avaz gəlirdi:

- Şəhərdə quldur dəstəsi var, nə istəyir onu da eləyir, milis də izə düşə bilmir...

Avtobusu da həmin dəstə partlatmışdı...

Səbr edin görək qəzetlər nə yazacaq...

Qəzetlər isə heç nə yazmadılar. Uzaq Çili, yaxın İran-İraq hadisələrindən gen bol yazılmışdı.

...Yenidənqurma, cəsarət pərdəsi altında problemlərin şərhində nöqsanların tənqidində ifratçılığın, qüsurların ümumiləşdirilib başqa məna verməyin əleyhinəyəm və buna yol verilə bilməz".

Zeydulla müəllimin yazısından gətirdiyim iqtibasda qırx il bundan əvvəl baş vermiş hadisələrdən söhbət getdiyindən yaşı altmışdan az olanlar üçün aydın olmaya biləcəyini nəzərə alıb kiçik bir şərh vermək istərdim...

Bir qədər əvvəl 106 saylı şəhərdaxili marşrutda işləyən, iri tutumlu avtobus indiki Milli Məclisin, o vaxtkı Ali Sovetin binasının önündə partladılmış, onlarla azərbaycanlı paytaxt sakini, erməni terrorçuları tərəfindən şəhid edilmiş, yenicə təmir edilmiş, Şərqdə ilk tikilmiş opera binası da təmirdən sonra ermənilər tərəfindən yandırılsa da, hadisəninin məhz kimlər tərəfindən və kimlərin sifarişi ilə, nə məqsədlə törədildiyi haqda mətbuatda bir cümlə də danışılmamış, günahkarlar tapılmamışdı....

Bu cür hadisələrə seyrçi münasibətimizi görən düşmən və mərkəzi mətbuat - "Şelskaya jizn", "Literaturnaya qazeta" və digər milyon tirajlarla çap olunan mətbuat səhifələrində Azərbaycan ərazilərini - Dağlıq Qarabağı Ermənistan ərazisi kimi göstərməklə Azərbaycan xalqı və dövlətinə qarşı açıq təxribat aparır, mərkəzi hökumət də onlara havadarlıq edirdi.

Zeydulla müəllim bu məsələlərə biganə qala bilmədiyindən "Aşkarlıq" məqaləsini yazmış və çətinliklə onu "Kommunist" qəzetində ixtisar və müəyyən düzəlişlərlə nəşrinə nail ola bilmişdi. Əslində Zeydulla müəllimin yazdıqları redaktorun və digər ziyalılarımızın qəlbinin səsi idi. Kimsə, hansısa hörmətli ziyalı sözünü deməli idi. Bu cəsarətli addımı atanlardan, erməni terrorizminə qarşı səsini ucaldanların birincisi, ilki məhz Zeydulla Ağayev oldu.

Rəşid müəllimlə sonrakı illərdəki görüşlərimizdə "Aşkarlıq" məqaləsi ilə bağlı belə deyirdi: "Sənin dostun da o vaxt mənim başıma iş açdı, deyər və qeyd edərdi ki, nə yaxşı ki, o yazını çap etdirdik"...

Mən Zeydulla müəllimi Bakıya gəldiyim ilk günlərdən tanımışam. Bakı Dövlət Universitetinin mətbəəsində işləyir, jurnalistika fakültəsinin qiyabi şöbəsində oxuyurdum. Çətinliyə düşən tələbələr universitetdə işlədiyimdən məni özlərinə hayan bilirdilər. Xarici Dillər İnstitutunda kəsri olan, təqaüdü kəsilən və digər problemləri olan tələbələr yanıma qaçırdılar. O vaxt Zeydulla müəllim Xarici Dillər İnstitutunda dərs deməklə "Bilik" qəzetinin redaktoru idi. Mən də gələcək jurnalist kimi ona müraciət edirdim. Heç vaxt yox deməzdi. Hamıya kömək etməyə çalışardı, həmişə üzündə təbbəsüm olardı. Tədricən tanışlığımız dostluğa çevrildi. Bir-birimizin evinə get-gəlimiz oldu. Tez-tez qəzetlərdə, tədbirlərdə, teatr tamaşalarında, operada və xeyir-şər məclislərində görüşərdik.

Ötən əsrin doxsanıncı illərinin əvvəllərində Amerikaya iki illik ezamiyyətə getmişdi. Amerikada ezamiyyətdə olduğu müddətdə zamanın bir anını da boşa vermədən gecə-gündüz çalışmış, dilimizdən və dilimizə tərcümələr edib nəşr etdirmişdi. Dünyanın ən böyük alimlərindən biri sayılan həmyerlimiz, Bakıda doğulmuş Lütfizadə ilə və dünya şöhrətli yazıçı bakılı, qırx il yaşadığı 37-ci mərtəbədəki evindən kənara çıxmayan yüzlərlə elmi fantastik kitabların müəllifi Ayzek Əzimovun evində qonaq olmuş və burada - vətəndə baş verənlərdən onları məlumatlandırmışdı.

Ezamiyyətdən qayıtdıqdan sonrakı görüşümüzdə mənə və dostlarımıza üstündə Amerika bayrağı çap olunmuş diyircəkli qələm bağışlayıb, baxın Amerika özünün dövlət atributlarını, xüsusi ilə bayrağını necə təbliğ edir. Hər bir məktəbli, əlinə qələm alıb, hər yazan adam sanki Amerikanın bayrağını daşıyır. Bu, çox gözəldir. Biz də öz dövlətçiliyimizi, dövlət atributlarımızı belə təbliğ etməliyik.

Zeydulla müəllim bu sözləri deyərkən, müstəqil deyildik, ancaq bayrağımız və gerbimiz var idi. Bu gün artıq 30 ildən artıqdır ki, müstəqilik. İş adamlarımız Çin, Türkiyə və digər ölkələrdən qələm gətirib satışa verirlər, üstündə istehsal ölkəsi yazıldığından həmin ölkələr təbliğ olunur.

50 ildən artıq mətbəə və nəşriyyatlarda işlədiyim vaxtlarda 30-40 kvadratmetrlik otaqlarda istehsal sahələri yaratmış və işçilərə yüksək əmək haqqı verməklə böyük gəlir əldə etmişik. Üçrəngli bayrağımızın və gerbimizin üstündə həkk olunduğu məktəbli qələmi və ümumiyyətlə bütün istifadəçilər üçün gözəl dizaynla çox da baha olmayan qələmlərin istehsalı üçün nə böyük ərazi, nə də böyük vəsait tələb olunar. Bu cür qələmləri bizim xaricdə yaşayan milyonlarla həmvətənlərimiz ölkəyə gəlib-gedəndə yaşadıqları yerlərdəki soydaşlarımıza və dostlarına ən yaxşı hədiyyə kimi təqdim edəcəklər.

Zeydulla müəllim Amerikada çalışdığı illərdə dövlətlərarası və xalqlararası xidmətlərinə görə Luiziana ştatının "Fəxri vətəndaşı" adına layiq görülmüşdü.

Bu illərdə Artur Heylinin ingilis dilindən birbaşa ilk tərcümə hesab olunan irihəcimli "Aeroport" romanı böyük tirajla çap olunmuşdu. İki ay sonra kitabdan bir nüsxə belə tapmaq müşkül məsələ idi. Zeydulla müəllimin dili çox gözəl və oxunaqlı idi. Oxuduqca yazılarından ayrılmaq olmurdu. Mən ingilis və rus dilindən müxtəlif tərcüməçilər tərəfindən dilimizə çevrilmiş yüzlərlə kitab oxumuşam. Və bunların içində ən oxunaqlısı və orijinala yaxın olanı Zeydulla Ağayevin tərcümələridir desəm, yanılmaram.

Hərbi nəşriyyatda işlədiyim vaxt ordu zabitlərimiz Türkiyədə türk və ingilis dillərindən hərbi-texniki ədəbiyyatların bir neçəsini ordumuzda istifadə olunması üçün tərcümə etmiş, üç dilli hərbi terminlər lüğəti hazırlamışdılar. Zeydulla müəllim tərcümələri çox qısa bir müddətdə redaktə etdi. Kitablar işıq üzü gördü, ordumuz onlardan bəhrələnir.

Azərbaycan Dövlət Konstitusiyasını ilk dəfə ingilis dilinə təmənnasız tərcümə etmiş və bu sənəd Hərbi nəşriyyatda nəşr olunmuşdu.

Amerikanın müdafiə nazirinin Bakıya gəlişi gözlənilirdi. Nazirlikdən mənə tapşırıldı ki, Castin Makkartinin "1918-1920-ci illərdə Türk-müsəlman əhalisinə qarşı həyata keçirilən soyqırım problemi" adlı ermənilərin iç üzünü ifşa edən kitabı ABŞ-ın müdafiə nazirinə və respublikamıza gələn digər xarici qonaqlara təqdim etmək üçün təcili axtarış aparım.

Zeydulla müəllimə müraciət etdikdən bir həftə sonra kitabın əlliyə yaxın nüsxəsini Amerikadan gətizdirdi və kitab olduğu kimi burada 1000 nüsxə tirajla çap olunaraq Müdafiə Nazirliyinə və digər orqanlara verildi. Zeydulla müəllim böyük vətənpərvər ziyalı, xalqını sevən idi.

Daim axtarışda idi. Avropada ən çox tanınmış azərbaycanlı yazıçı, 30-dan çox romanın müəllifi Muhəmməd Əsəd bəy Qurban Səid - Lev Nissenbaum imzasıyla yazan həmyerlimizi Azərbaycan oxucusuna tanıdan, onun əsl müsəlman və azərbaycanlı olduğunu bizə çatdıran Zeydulla Ağayev olmuşdur.

Muhəmməd Əsəd bəyin ölümündən əvvəl can üstə olduğu vaxt dostu tərəfindən oxunan Quran sədaları altında haqqa qovuşmasını və İtaliyadakı müsəlman qəbiristanlığında əmanət dəfn olunduğunu da Zeydulla müəllimin yazılarından öyrənmişik.

Muhəmməd Əsəd bəyin "Şərqdə neft və qan" əsəri barədə mətbuatda çıxışı Müdafiə Nazirliyinin rəhbərliyini maraqlandırmışdı. Nazirlik tərəfindən mənə əsərin Azərbaycan dilinə tərcümə edilib, çap olunması tapşırıldı. Zeydulla müəllimə müraciət etdikdən sonra o, alman dilində olan kitabın tərcümə edilməsi üçün məni professor Həsən müəllimlə tanış etdi. Əsər qısa müddətdə tərcümə olunaraq 1000 nüsxə tirajla çap olunaraq Müdafizə Nazirliyinə təhvil verildi və yayıldı.

Zeydulla müəllim Xalqını, müstəqil Azərbaycan Dövlətini canından əziz bilir, dövlətçiliyimizi qorumağı, Ulu öndər Heydər Əliyevə və Prezidentimiz Ali Baş Komandan möhtərəm cənab İlham Əliyevə sədaqətli və dəstək olmağı həmişə bizlərə tövsiyə edərdi. Zeydulla Ağayev ruhu, cismi və bütün varlığı ilə xeyirxahlıq mücəssəməsi idi.

Ruhu şad olsun!

Ötən ay - mübarək Ramazan günlərindən birində Bakıda Nizami kino mərkəzində Zeydulla Ağayevin 80 illik yubileyi təntənə ilə keçirildi. Tədbir çox gözəl keçdi: Zeydulla müəllimi sevənlər, Milli Məclisin deputatı, Elm və Təhsil Komitəsinin sədri, professor Anar İskəndərov, deputat Məşur Məmmədov, Respublika Ağsaqqallar Şurasının üzvü İmran Əbilov, professor Qəzənfər Paşayev, Əsədulla Cəfərov, yazıçı-tədqiqatçı Nurəddin Ədiloğlu, Ağacəfər Həsənli və digərləri, bu sətirlərin müəllifi ürək sözlərini, xatirələrini Zeydullasevənlərlə bölüşdülər.

Zeydulla Ağayev uzun illər xatirələrdə, onu tanıyanların, yetişdirdiyi tələbələrinin, yazdığı və tərcümə etdiyi kitabların səhifələrində yaşayacaq, seviləcək və xatırlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see11258

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see647

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see269

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see238

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see201

Miri Yusiflə Aiseldən yeni layihə

15 Noyabr 2025 09:40see160

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see153

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see149

2026 cı ildə dünyanın hansı bölgələrində müharibə gözlənilir?

15 Noyabr 2025 16:37see142

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see139

Astarada Eko Festival keçirilib, yerli turizm məhsulları tanıdılıb

15 Noyabr 2025 14:26see133

İsrail klubunun futbolçusu 99 illik futboldan kənarlaşdırıldı

15 Noyabr 2025 14:43see131

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see130

Politoloq: Özbəkistanın Qarabağın bərpasındakı rolu Bakı Daşkənd tərəfdaşlığının strateji dəyərini artırır

15 Noyabr 2025 15:49see130

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see128

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see127

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see126

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see124

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see124

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri