Icma.az
close
up
RU
Xəzərin o tayında qardaş Türkmənistan

Xəzərin o tayında qardaş Türkmənistan

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Ceyhun ilə bəhri Xəzər arası
Əsər çöl üstündə yeli türkmənin.
Gül-qönçəsi qara gözüm qarası
Qara dağdan gələr yeli türkmənin.

Türkmən xalqının böyük şairi və mütəfəkkiri Mahtumqulu Fəraqinin bu misraları qardaş xalqın tarixi coğrafiyasını, iqlimini, həyat tərzini özündə elə dəqiq əks etdirir ki, onun iti zəkasına və qələminin qüdrətinə sadəcə heyran qalırsan. Qoy həmişə Qara dağdan (Kopetdağ) selin gəlsin, qoy həmişə çölün üstdən yelin əssin, torpağın bərəkətli, ruzin bol olsun, doğma Türkmənistan!

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və partiyanın Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsində iştirak etmək üçün qədim paytaxtımıza doğru irəliləyərkən birdən telefonuma zəng gəldi. Bildirdilər ki, iyun ayının 4-8-də Türkmənistanda keçiriləcək Azərbaycan mədəniyyəti günlərində iştirak etmək üçün adınız siyahıya daxil edilib. Gəncəyə çatana qədər bu şad xəbər qulaqlarımda Axaltəkə və Qarabağ atlarının qoşa kişnərtisi kimi əks-səda verdi.

Bir gün sonra səhər tezdən dəmir atımız qoşa qanadlarını gərərək Xəzərin üstündən türkmən ellərinə tərəf şığımağa başlayanda qulağıma hələ də türkün döyüş atlarının qoşa kişnərtisi gəlirdi. Təyyarədə xəyala dalarkən bu kişnərti məni uzaqlara, lap uzaqlara, eradan əvvəl 7-ci əsrə qədər apardı. O zaman biz hələ türkmən, azərbaycanlı, özbək, qazax, qırğız yox, sadəcə bir adla tanınan skiflər – işquzlar – saklar idik. Herodotun tarix kitabında yazdığı kimi, eradan əvvəl 7-ci əsrdə bütün türklər Alp Ər Tunqanın rəhbərliyi altında bir arada yaşayırdılar. Alp Ər Tunqa (Firdovsinin “Şahnamə” əsərində Əfrasiyab) demişdi ki, at irigə ol dağ gibi gokkə ay, yəni göy üçün ay nədirsə, igid üçün də at odur!

Elə 21-ci əsrdə də Alp Ər Tonqanın davamçıları olan iki böyük türk lideri, Azərbaycan Prezidenti İlham Əliyev və Türkmənistanın milli lideri Qurbanqulu Berdiməhəmmədov da bir-birinə məhz at bağışlayaraq ən azı 3 min illik türk adətinə sadiq qaldıqlarını nümayiş etdirmişdilər!

Bizim ailəmiz Türk dünyasıdır

Birdən mənə elə gəldi ki, biz bu səfərlə əslində miladdan öncə 7-ci əsrə qayıdırıq. Yenidən Türk Dövlətləri Təşkilatının çətiri altında düz Alp Ər Tunqa zamanında olduğu kimi birlikdə ortaq gələcəyimizi quracağıq. Ancaq müasir şərtlər içərisində. Nazim Hikmətin dediyi kimi – bir ağac kimi hürr, bir orman kimi qardaşcasına – yəni hər birimiz ayrıca müstəqil dövlət, ancaq həm də bir ittifaq içərisində qardaşcasına! Azərbaycan Prezidenti İlham Əliyevin bütün Türk dünyasına xitab edən möhtəşəm çağırışında dediyi kimi: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır. Əgər kimsə hesab edir ki, biz başqa yerdə ailə axtarmalıyıq, deyə bilərəm ki, bizi heç yerdə gözləmirlər”. Bu tarixi fikirlərin təsiri altında biz tam da Türk ailəsinin coğrafi mərkəzinə, gözlənildiyimiz, sevildiyimiz, öz ailəmizə doğru uçurduq.

Mahtumqulu Fəraqi də hələ 18-ci əsrdə Azərbaycana gəlib həqiqət və hikmət arayanda öz ailəsinə gəlmişdi. Azərbaycanın klassik ədəbi mühiti, xüsusilə də klassik şeirimiz və Füzuli məktəbi onun yaradıcılığına dərindən təsir etmişdi. Şair Azərbaycan ərazisində Bakı, Gəncə, Şamaxı və Quba kimi bölgələrimizə səfər etmiş (1750-1760-cı illər), bir müddət qalaraq yerli ədəbi mühitlə yaxından tanış olmuş, Nohur gölü və onun ərtaf kəndlərində yaşayan nohur türkmənləri ilə görüşmüş, sufi-təsəvvüf şairi olaraq bu bölgədəki müqəddəs yerləri ziyarət etmiş, müxtəlif təriqət nümayəndələri və alimlərlə elmi-fəlsəfi müzakirələr aparmışdı. Onun bu səfəri həm türkmən, həm də Azərbaycan ədəbi əlaqələrinin inkişafında mühüm rol oynamışdı:

Könüllər, ürəklər bir olub başla,
Dartsa yığın ərir torpaqlar, daşlar.
Bir süfrədə təyyar qılınsa aşlar,
Qalxacaqdır ol iqbalı türkmənin.

Onun məqsədi bütün türkmən ellərinin ortaq ədəbi “süfrəsini”, söz-sənət süfrəsini birləşdirərək bir etmək idi. Biz də eyni məqsədlə yola çıxdığımız səfərdə artıq eşqin abad etdiyi Aşqabada çatmaq üzrə idik. Təyyarədə bütün söhbətimiz Türkmənistan-Azərbaycan münasibətlərinin tarixi, dünəni, bugünki səviyyəsi ilə bağlı idi. Şübhəsiz ki, hər iki dövlətin başçılarının qarşılıqlı hörməti və səyləri nəticəsində Türkmənistan-Azərbaycan münasibətləri öz tarixinin ən yüksək səviyyəsinə çatmışdır.

Mədəniyyət nazirimiz Adil Kərimov Türkmənistanda keçiriləcək Azərbaycan Mədəniyyəti günlərindən danışarkən dövlətlərarası münasibətlərimizin hazırkı səviyyəsinə xüsusi vurğu edir, mədəniyyət təmsilçilərimizi uğurlu iştirak üçün ruhlandırırdı. Hər şeydən görünürdü ki, bu səfərə xüsusi diqqət və həvəslə hazırlaşmışdı. Onun bu diqqəti və həssaslığı təyyarədə olan 160 nəfərlik mədəniyyət və incəsənət xadimlərinin hamısına sirayət etmişdi. Bu isə ümumi ovqatımıza bir az da həyəcan qatır, səfəri daha da maraqlı edirdi.

Eşq ilə abad olan, ağ mərmərli Aşqabad şəhəri

Aşqabad şəhəri qızılı səhranın bəyaz incisi kimidir. Eşqin abad etdiyi bu şəhəri indi qardaş türkmən xalqının milli lideri Qurbanqulu Berdiməhəmmədov və Prezident Sərdar Berdiməhəmmədov abad edir. Böyük zövq və xüsusi layihə əsasında tamamilə yenidən qurulan şəhər özündə həm də Səlcuqlu memarlığının ən incə ornamentlərini birləşdirir.

Milli simvollarımıza və ortaq əcdadımıza olan doğma münasibət hər addımda adamın qarşısına çıxır. Oğuz xanın möhüründə və müstəqil Azərbaycanın bayrağında əksini tapan, dünyaya hökmranlıq etmək (dörd cəhət və dörd yarımcəhət) rəmzi olan səkkizguşəli ulduzun şəhərin simvolu olaraq hər yerdə qarşıya çıxması insanın milli qürurunu oxşayır. Bir qədər sonra qarşınıza Dədə Qorqudun heykəli, daha sonra müqəddəs qopuzun abidəsi, daha sonra Mahmud Qaşqarinin dediyi kimi türkün qanadı olan atların heykəli çıxır.

Bütün bunlar qardaş ölkənin milli liderinin tariximizə, mədəniyyətimizə, milli irsimizə olan münasibətinin göstəricisi kimi insanda dərin rəğbət hissi yaradır. Ona görə də bu qədər doğmalıq arasında istəsən də özünü qəriblikdə hiss edə bilmirsən.

Kopetdağın ətəyində Arxadağ

Türk millətinin mentalitetində dağ və dağ kultu olduqca əhəmiyyətli bir yer tutur. Biz dağı arxa bilir, ona güvənirik. Bəzən güvənimiz sarsılanda, “Sənə güvəndiyim dağlar, sənə də qar yağdı” deyirik. Bəzən Aşıq Ələsgər kimi dağın ədalətinə və hamıya bərabər davranmasına görə ona qibtə edib, “Yoxsulu, ərbabı, şahı, gədanı, tutmaz biri-birindən aralı dağlar” deyərək dağın bu ədaləti qarşısında baş əyirik. Bəzən dağı xəstə üçün sinəsində qar saxlayan şəfaverici kimi görürük. Bəzən də deyirik, arxanda dağ kimi dayanmışam. Bu günün dərin siyasi kataklizmləri kontekstində hər bir xalqın ağıllı və müdrik liderə ehtiyacı var. Belə liderlər, sözün əsl mənasında, millətinin təhlükəsizliyini, rifahını təmin etməklə ona arxa olur.

Türkmən və azərbaycanlı mentaliteti eyni mənəvi kodlara malik olduğu üçün qardaş türkmən xalqı öz milli liderini həm də Arxadağ adlandırır. Aşqabaddan yarım saatlıq məsafədə, Kopetdağın düz ətəyində yeni salınan bu gözəl şəhər də elə onu böyük zəhmətlə inşa etdirən liderin adına uyğun olaraq Arxadağ adlandırılıb. Arxadağ şəhəri səhra içərisində yaşıllıqlara bürünmüş bir cənnət parçasına bənzəyir. Olduqca gözəl binalar, yamyaşıl parklar, inşa edilməkdə olan möhtəşəm bir məscidlə bərabər bu şəhərdə həm də möhtəşəm bir kitabxana inşa edilib! Yəni kitabxana məsciddən əvvəl tikilib.

Doğrudan da, ibadət etmədən öncə nə üçün və necə ibadət etməyin lazım olduğunu yalnız kitab oxumaqla öyrənmək olar. Çünki elə müqəddəs kitabımız da “Oxu” nidası ilə başlayır! Qardaş ölkədə kitaba və oxumağa verilən əhəmiyyət həqiqətlən də olduqca təqdirəlayiqdir. Tədbirlərimizdən birini də bu kitabxanada keçirdik. Eyni zamanda, Milli Kitabxanamızın direktoru, professor Kərim Tahirovun xüsusi olaraq bu kitabxana üçün gətirdiyi çoxsaylı kitabları Arxadağ Dövlət Kitabxanasına hədiyyə etdik.

Milli geyimləri ilə səhra laləsinə bənzəyən türkmən qızları

Türkmənistanda milli irsə olan münasibət, sözün əsl mənasında, insanda heyranlıq yaradır. Milli naxışlarla bəzədilmiş rəngarəng geyimləri ilə səhranın ortasında açan çiçək vadisini xatırladır türkmən qızları. Türkmənistanda gender problemi yoxdur. Bütün elmi konfranslarda, ictimai-mədəni tədbirlərdə, idarəetmədə kişilərlə bərabər qadınlar da çox fəal iştirak edir. Hazırladıqları ləziz mətbəx nümunələrinə isə söz ola bilməz!

Al-yaşıl bürünüb çıxar pərisi,
Kükrəyib bərq vurar ənbərin iysi.
Bəy, törə, ağsaqqal yurdun yiyəsi
Kürən tutar gözəl eli türkmənin.

Türkmənlər bizi doğma qardaş hesab edirlər

Türkmənistanda istənilən kitabxanada Nəsiminin, Füzulinin, Nizaminin türkmən dilində kitablarını görmək mümkündür. Məsələ ondadır ki, onlar bu ortaq klassiklərimizi elə türkmən hesab edirlər. Xüsusən Nəsimini özlərinin şairi kimi tanıyırlar. Mən onun Azərbaycanda, Şamaxıda doğulub, Suriyada, Hələbdə öldüyünü söyləyəndə buna çox təəccübləndilər. Çünki Nəsiminin türkmən olduğuna qəti əmindirlər. Əslində onların bu yanaşmalarında bir həqiqət də var. Tədbirlərin birində qardaş ölkənin təmsilçisi rusca danışdı. Sonrakı çıxışçı mən olduğum üçün bu fürsətdən ən səmərəli şəkildə faydalanmağa çalışdım. Birincisi, eyni dildə danışıb bir-birimizi təqribən 90 faiz başa düşdüyümüz halda çıxışçının rus dilində olmasına etiraz etməli, ikincisi isə Nəsiminin türkmən olması ilə bağlı onların mövqeyinə münasibət bildirməli idim. Kürsüyə çıxıb sözlərimə Nəsiminin iki misrası ilə başladım. Dedim ki, Nəsimi yazır:

Ərəbi, farsı bilmənəm
Çün türkmən oğlu türkmənəm!

Mən də deyirəm ki, rusu, ingilisi bilmənəm, çün mən də türkmən oğlu türkmənəm. Sözlərimi bitirər-bitirməz zaldan gurultulu alqışlar qopdu! Çünki mən həm rus dilində nitqə etiraz etmişdim, həm də ən əsası onların Nəsimini türkmən saymaqlarına bəraət verərək Nəsiminin öz şeiri ilə bunu təsdiq etmişdim! Məsələnin həqiqət tərəfi isə odur ki, birincisi, Səlcuqlulardan başlamış Qaraqoyunlu və Ağqoyunlu dövlətlərimizə qədər, tarix onları türkmən dövləti kimi təqdim edir. İkincisi, əgər Nəsimi, ya da orta əsr dövlətlərimiz bizi birləşdirirsə, onda bu ortaq dəyəri və ortaq mirası elə ortaq da qəbul etməliyik! Çünki belə yanaşma bizi daha da doğmalaşdırır və bu gün ehtiyac duyduğumuz müttəfiqlik üçün tarixi şüur kontekstində real zəmin yaradır.

Ulu Nizamidən üzübəri gələn Mərv həsrəti

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində Mərv şəhəri xüsusi coğrafi və mədəni mərkəz kimi təsvir olunur. Şair məşhur poemalarında bu qədim şəhərin adını çəkərək dövrün siyasi və ictimai hadisələrini canlandırır. “Sirlər xəzinəsi” poemasında Mərv şəhəri Sultan Səncərin hökmranlıq mərkəzi kimi təqdim olunur. Şair burada məşhur ədalət və dövlət idarəçiliyi mövzusuna toxunur. Elə biz də Mərvdən gələn tədbir iştirakçıları ilə doyunca Mərvdən, Dəndənəkan savaşından, Alp Arslanla, Sultan Səncərdən, Sultan Toğruldan və nəhayət, Azərbaycanda Səlcuqluların hakimiyyəti dövründən danışdıq.

Mən Səlcuqluların Azərbaycan hakimi olan Taparı xatırladım, Qızıl Arsandan söz açdım və Səlcuqluların davamı olaraq Naxçıvanı paytaxt edən Eldəgəzlər dövründə inşa edilmiş, bu gün də dimdik ayaqda olan, səlcuqlu memarlığının ən gözəl incilərindən biri olan Möminə Xatun türbəsindən bəhs etdim. Əcəmi Naxçıvanini qardaşlarımıza bir daha tanıtdım. Belə söhbətlər bizi daha da doğmalaşdırır, bəzən gözlərimiz yaşaracaq qədər kövrəldirdi. Bu zaman eyni millət olduğumuzu bir daha dərindən idrak edirdik. Məncə, elə mədəniyyət günlərinin keçirilməsində məqsədlərimizdən biri də bu idi.

Qafil qalmaz, döyüş günü xar olmaz,
Qarğışa, nəzərə giriftar olmaz,
Bülbüldən ayrılıb solub saralmaz
Daim ənbər saçar gülü türkmənin.

Qoy əbədi yaşasın, daim var olsun eli türkmənin!

Azərbaycan və Türkmənistan bir millətin iki ulu yurdudur!

Türkmənistanda dörd günlük Azərbaycan mədəniyyəti günləri elə sürətlə keçdi ki, sanki cəmi dörd saat çəkdi. Ancaq bu qısa müddətə incəsənət xadimlərimiz, bir-birindən dəyərli müğənnilərimiz bir ömür boyu sürəcək qədər xatirələr və doğmalıq sığışdırdılar. Azərbaycan mədəniyyətini həm tarixi, həm də bugünkü reallıqlar kontekstində ən layiqli şəkildə qardaş xalqa təqdim edə bildilər. Onsuz da türkmən qardaşlarımız bizim musiqimizi, incəsənətimizi çox sevirlər.

Nəticədə, eyni mənəvi-estetik kodların daşıyıcısıyıq və bu belə də olmalıdır. Azərbaycanın xalq artisti və Türkmənistanın qızıl medal laureatı Gülyanaq xanım Məmmədova və Türkmənistanın Xalq artistinin birgə ifa etdikləri “Mən yarıma gəldim, mən sənə gəldim” mahnısı isə sözün əsl mənasında Azərbaycan və türkmən musiqisinin ortaq ahənginin və melodiyasının mükəmməl sintezi idi. Türkmən xoreoqraflarının ifa etdiyi xalq oyunu “Quştəpdi” rəqsi isə tam bir sufi ibadəti kimi idi. Elə sufi eşqi ilə də Türkmənistandan ayrıldıq. Ayrıldıq yenidən görüşmək üçün!

(şeirlər Mahtumqulu Fəraqinindir)

Hikmət BABAOĞLU
Bakı-Aşqabad-Arxadağ-Bakı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyun 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see392

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see308

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see236

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see231

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see220

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see213

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see211

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see210

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see207

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see199

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see199

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see194

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see193

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see191

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see181

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see175

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see175

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri