Icma.az
close
up
RU
Türkmənistan qazı da qardaş Türkiyədə alovlanacaq

Türkmənistan qazı da qardaş Türkiyədə alovlanacaq

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Xəbər verildiyi kimi, bu il martın 1-dən Türkiyə Mərkəzi Asiyanın zəngin qaz ölkəsi olan Türkmənistandan qaz idxalına başlayacaq. Bununla bağlı “BOTAŞ” və “Türkmənqaz” arasında türkmən qazının Türkiyəyə tədarükü ilə bağlı razılıq əldə olunub. Beləliklə, iki ölkə arasında təbii qaz ticarəti ilə bağlı 1998-ci ildə başlayan danışıqlar 27 ildən sonra məntiqi sonluqla nəticələnib. 
Türkmənistan qazının İran üzərindən Türkiyəyə svop sxemi ilə nəqli nəzərdə tutulur. Təbii qazın Türkiyəyə tədarükü sutkada 28 milyon kubmetr qazötürmə qabiliyyətinə malik İran – Türkiyə boru kəmərinin istifadə edilməyən gücü hesabına təmin olunacaq. Svop-sazişə əsasən, rəsmi Tehran Türkiyəyə gündəlik ixrac edilən ilk 5 milyon kubmetr “mavi yanacağı” “türkmən qazı” kimi tanıyır. Türkiyədə nəşr olunan “Sabah” qəzetinin yazdığına görə, bu, ən ucuz idxal qazı olacaq. Qeyd olunur ki, ilin sonunadək Türkmənistandan 1,3 milyard kubmetr qazın tədarükü Türkiyədə bir milyon yarım abonentin tələbatını ödəyəcək.

Məlum olduğu kimi, 2017-ci ilin yanvarında “Türkmənqaz” və “NIGC” arasında yaranmış mübahisəyə görə, Türkmənistan İrana qaz nəqlini dayandırıb. Bir il sonra tərəflərin bir-birilərinə qarşı qaldırdıqları iddialara baxan Beynəlxalq Arbitraj Məhkəməsi 2020-ci ildə Türkmənistanın xeyrinə qərar çıxarıb. 2023-cü ilin avqust ayında İran tərəfi 1,8 milyard dollarlıq borcunu ödədikdən sonra qaz nəqli yenidən bərpa olunub. 

Son illər isə Türkiyə ilə Türkmənistan arasında qaz alqı-satqısına dair danışıqlar xeyli intensivləşib. Xatırladaq ki, 2023-cü il dekabrın 6-da iki ölkənin iqtisadi əməkdaşlığın inkişafı sahəsində hökumətlərarası komissiyalarının iclasında Türkmənistandan qazın İran ərazisindən Türkiyəyə tranzitinin mümkünlüyü müzakirə olunub. Danışıqların nəticəsi olaraq birinci mərhələdə 2 milyard kubmetr qazın İran üzərindən svop yolu ilə tədarükü razılaşdırılıb. Uzunmüddətli perspektivdə isə Xəzər dənizi üzərindən Azərbaycana illik ötürücülük gücü 15 milyard kubmetr olan qaz kəmərinin çəkilişi nəzərdə tutulur. Sözügedən kəmərlə Türkiyə Türkmənistandan 20 ildə 300 milyard kubmetr qaz almağı hədəfləyir.

Xatırladaq ki, ötən ilin mart ayında Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar mətbuata açıqlamasında Türkmənistan qazının Türkiyəyə ixracı üçün üç variantın nəzərdən keçirildiyini bildirmişdi. Həmin variantlardan biri türkmən qazının İran vasitəsilə Türkiyəyə svop yolu ilə nəql edilməsindən ibarət olsa da, türkiyəli nazir “mavi yanacağ”ın İran və Azərbaycan vasitəsilə tədarük ediləcəyini, hətta təbii qazın alternativ olaraq Xəzər dənizindən keçəcək boru kəməri ilə nəql edilə biləcəyini də istisna etməmişdi. 

Yeri gəlmişkən, “BOTAŞ” və “Türkmənqaz” arasında enerji sahəsində əməkdaşlıqda yeni mərhələnin başlanğıcı sayılan həmin razılaşma ilə əlaqədar bugünlərdə “X” sosial media hesabında paylaşım edən nazir Alparslan Bayraktar Türkiyə ilə Türkmənistan arasında enerji əməkdaşlığında tarixi bir addım atıldığını bildirib. “Türkmənistandan təbii qaz tədarükü 2025-ci il martın 1-də başlayacaq”, – deyən türkiyəli nazir bu addımın bölgənin enerji təhlükəsizliyinə mühüm töhfə verəcəyini və iki türk dövləti arasında strateji qarşılıqlı əlaqələri gücləndirəcəyini vurğulayıb. 

Türkiyədə türkmən qazına olan tələbatın artması öz növbəsində “mavi yanacağ”ın Mərkəzi Asiyadan Azərbaycan ərazisi ilə qardaş ölkəyə nəqlini nəzərdə tutan Transxəzər qaz kəməri ideyasını aktuallaşdırır. Azərbaycan dövlətinin mövqeyi isə bu məsələdə dəyişməz olaraq qalır. Bu məqamda onu da xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il iyulun 21-də Şuşa Qlobal Media Forumunun açılış mərasimində italiyalı jurnalistin Türkmənistan qazının Azərbaycan üzərindən nəql imkanları ilə bağlı sualını cavablandırarkən bildirmişdi ki, Transxəzər qaz kəməri ölkəmizin təşəbbüsü ilə başlayacaq bir layihə deyil. Dövlətimizin başçısı bu layihənin bir ideya olaraq Türkmənistanın qaz ehtiyatlarına əsaslandığını diqqətə çatdıraraq həmin təşəbbüsün irəli sürülməsinin və yaxud ona sərmayə yatırılmasının Azərbaycandan asılı olmadığını vurğulamışdı. Bununla belə, Prezident İlham Əliyev bu ideyanın gerçəkləşməsi üçün ölkəmizin mövcud infrastrukturunu və yaxud yeni infrastrukturun inşası üçün müəyyən ərazi təklif etməyin mümkünlüyünü bildirmişdi. 

Azərbaycan Prezidenti Xəzər dənizinin Şərq sahillərindən əlavə qaz ehtiyatlarının ölkəmizin ərazisindən Türkiyə və Avropa bazarlarına  çatdırılması üçün Transxəzər sualtı qaz boru kəmərinin çəkilişinin, eləcə də  Bakıdan Avropa istiqamətində Cənub Qaz Dəhlizi kimi yeni infrastrukturun yaradılmasının vacibliyini önə çəkərək demişdir: “Kimsə Transxəzər boru kəmərini inşa etmək istəsə, biz şad olarıq. Nəticədə, bizə əlavə tranzit rüsumları ödəniləcək və yeni əməkdaşlıq imkanları yaranacaq”.  

Bununla belə, boru kəməri layihəsinin həyata vəsiqə alacağı təqdirdə onun hansı vəsait hesabına maliyyələşdiriləcəyi sual olaraq qalır. Bu isə hazırkı enerji keçidi dövründə Avropa banklarının mədən yanacağı ilə əlaqədar layihələri maliyyələşdirməkdən imtina etdikləri bir şəraitdə çox çətin görünür.

Qeyd edək ki, təbii qazın Azərbaycan ərazisi ilə Türkiyəyə nəqlini nəzərdə tutan  Transxəzər qaz kəməri ideyası ilk dəfə 1997-ci ildə irəli sürülüb. Bundan da məqsəd Xəzərin Azərbaycan və Türkmənistan sahillərini birləşdirəcək həmin kəmərlə Türkmənistan qazının Türkiyəyə nəqlindən ibarət olub. Həmin vaxt Türkiyənin “Botaş” şirkəti ilə Türkmənistanın “Türkmənqaz” Dövlət Konserni arasında illik 30 milyard kubmetr olmaqla qazın alqı-satqısına dair kommersiya sazişi imzalanıb. Sözügedən sazişə görə, “Botaş” Türkmənistan qazını tam həcmdə almağı və bunun 10 milyard kubmetrini Türkiyənin daxili bazarında satmağı planlaşdırırdı. Digər həcmləri isə Avropaya ixrac etməklə bu infrastrukturun yaradılması və özünün xərclərini kommersiya baxımından qarşılıqlı faydalı bir şəraitdə çıxarmalı idi. Bununla bağlı 30 milyard kubmetr ötürmə qabiliyyəti olan boru kəmərinin Türkmənistandan Bakı yaxınlığına, Səngəçal terminalına çəkilməsi, Azərbaycan və  Gürcüstan ərazisindən keçməklə Türkiyə ərazisinə daxil olması nəzərdə tutulurdu. 

Daha sonra layihənin müzakirəsi və tranzit ölkələrlə bu prosesin tənzimlənməsi ilə bağlı danışıqlara başlanılıb. Lakin uzun illər keçməsinə baxmayaraq, Transxəzər qaz kəməri layihəsi, hələ ki, zəif müzakirə mərhələsindən o yana keçə bilmir. 

Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsinə gəlincə isə, 2021-ci ilin sonunda bununla bağlı saziş imzalanıb. Ölkəmiz Türkmənistandan qazı 2022-ci ilin yanvarından almağa başlayıb. Həmin il 0,9 milyard kubmetr, 2023-cü ildə isə 2,6 milyard kubmetr qaz alınıb. 2024-cü ilin yanvarında qiymətlə bağlı ziddiyyətlər üzündən alış bir müddət dayansa da, tezliklə bərpa olunub. Bununla belə statistikadan aydın olur ki, 2024-cü ilin 11 ayında Azərbaycan Türkmənistandan cəmi 372 milyon kubmetr qaz alıb. Halbuki ötən ilin əvvəlində bu həcmin 3 milyard kubmetrə qədər artırılması nəzərdə tutulurdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see199

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see185

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see161

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see158

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see135

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri